Məhkəmə qərarları › İş №2(103)-1973/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1973/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1973/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-256/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3149.3 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3179.30 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-256/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddianı rədd etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 3149.30 manat qanunsuz qoşulmaya görə vurulmuş zərərin əvəzini tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfin 12.01.2017, 20.02.2017, 17.03.2017, 16.01.2018, 27.02.2018, 28.06.2018, 28.08.2018, 31.05.2020-ci ildə tərtib etdiyi aktlardan əlavə hər hansı bir qanunsuz əməl nəticəsində maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, apellyasiya şikayətində cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də bu halı təsdiqləyən yalnız işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkil əlavə edilmişdir(bax.i.v.37- 44). İddiaçının əməkdaşları tərəfindən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkiliş edilə bilərdi. Yəni, həqiqətən qanunsuz qoşulma faktı videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır. Baxmayaraq ki, iddia tələbinin əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. İkincisi, iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehə saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmiş, o cümlədən birinci instansiya məhkəməsi yerli müayinə keçirən zaman baxışda iştirak edən 28.08.2018-ci il tarixli aktı imzalamış Yaşar Əmiraslanov baxış keçirilərkən orada olmadığını, həmin aktı sonradan ona təqdim edildiyi üçün imzaladığını bildirmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavabdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-256/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar