Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1973/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdeh Ehtiram Rzayevin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Ehtiram Rzayevin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, cavabdehdən 20.930 manat alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 20.930 manat borc, habelə dövlət rüsumunun əvəzi kimi 153 manat cavabdehdən alınarq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və işə yenidən mahiyyəti üzrə baxılsın. Məhkəmə iclasında iştirak edən cavabdeh Ehtiram Rzayevin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı bildirir ki, 6-7 il bundan əvvəl cavabdehə 22.000 manat borc verib, həmin pulun 20.903 manatı indiyə kimi geri qaytarılmayıb. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirib ki, cavabdeh iddiaçıdan 8.500 manat alıb, həmin pulun 2.500 manatını qaytarıb, cavabehin iddiaçıya 6.000 manat borcu qalıb, həmin pulu qaytarmağa razıdır. Müəyyən olunur ki, iddiaçı cavabdehə 22.000 manat borc pul verib. Belə ki, cavabdeh iddiaçıdan 22.000 manat borc aldığına dair 2 yazılı qəbz verib. 1-ci qəbzdə (iş v. 21) cavabdeh etiraf edib ki, iddiaçıdan xx.xx.2021-ci ildə 17.000 manat borc alıb. 2-ci qəbzdə (iş v. 22) cavabdeh etiraf edib ki, xx.xx.2021-ci ildə iddiaçıdan 5.000 manat borc alıb. Hər 2 qəbz cavabdeh tərəfindən imzalanıb. Müəyyən olunur ki, həmin pulun 20.903 manatı geri qaytarılmayıb. Belə ki, iddiaçı pulun 20.903 manatının qaytarılmadığını bildirir. Pulun qaytarıldığını cavabdeh sübut etməlidir, lakin cavabdeh bu barədə sübut təqdim etməyib. Müəyyən olunur ki, həmin pul xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə verilib. İddiaçı pulun 6-7 il bundan əvvəl verildiyini bildirsə də, pulun həmin tarixdə verildiyini sübut edə bilməmişdir. Odur ki, qəbzlərdə göstərilən tarixlər (xx.xx.2021 və xx.xx.2021) pulun verilmə tarixi kimi müəyyən olunmalıdır. Müəyyən olunur ki, borc müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsızdır. Belə ki, qəbzlər yazılı müqavilə hesab olunmur, pul şifahi borc müqaviləsinə əsasən verilib. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa o, yazılı formada bağlanmalıdır. Hazırkı işdə borc verilən pulun məbləği 3.000 manatdan çoxdur. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır. İddianın əsası kimi borc müqaviləsinə istinad olunsa da, qətnamədə əsassız varlanmaya istinad olunması iddianın əsasının dəyişdirilməsi sayılmır. Çünki əqdin əhəmiyyətsiz sayılması üçün iddia verilməsinə zərurət yoxdur. Bunu Mülki Məcəllənin 337.3-cü maddəsinin göstərişi də təsdiq edir: “Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir”. İddianın əsaslandığı əqd (borc müqaviləsi) hüquqi fakt kimi iddianın əsasını təşkil edir. Əqd əhəmiyyətsiz olduqda yeni hüquqi fakt yaranmır, əvvəlki hüquqi fakt (əqd) iddianın əsası kimi qalmaqda davam edir, sadəcə hüquqi fakta qanuna uyğun qiymət verilir. Yəni iddiaçı hüquqi faktı “etibarlı borc müqaviləsi” adlandırsa da, məhkəmə onu “əhəmiyyətsiz borc müqaviləsi” adlandırır. Məhkəmənin bu hərəkəti iddianın mahiyyətinin dəyişəsində səbəb olmur, iddia “öhdəliyin icrası barədə” iddia kimi həll olunur. Belə ki, pulun qaytarılması öhdəliyin icrası kimi tələb olunub, əsassız varlanma isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir, həmin əsasla eyni pulun qaytarılması qət olunur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, iddiaçının borc müqaviləsini yanlış olaraq etibarlı əqd hesab etməsi iddianın rədd edilməsinə səbəb ola bilməz. Əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalı olmasını Konstitusiya Məhkəməsi də təsdiq edib. Həmin Məhkəmənin “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə görə, 354.1-ci maddə ilə müəyyən edilmiş 1 illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. İddiaçı 354.1-ci maddədə müəyyən edilmiş 1 illik müddəti ötürməyib. Pul xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə verilib, iddia ərizəsi isə xx.xx.2022-ci ildə, yəni 1 il keçməmiş verilib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. 20.930 (iyirmi min doqquz yüz otuz) manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (yüz əlli altı) manat X1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1973/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1973/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver