Məhkəmə qərarları › İş №2(103)-1974/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1974/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1974/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının - cavabdeh X3 (X1 3-cü şəxs kimi göstərilməklə) qarşı «tələbin ipoteka predmetinə yönəldilməsi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının və cavabdeh X2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı - cavabdeh X3 qarşı «tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2.141049,98 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev, məhəllə 342-də istifadədə olan 0,0964 ha torpaq sahəsində yerləşən 98 nömrəli 12 mərtəbəli binada 190 kv.m yaşayış sahəsindən ibarət 8 otaqlı 2a nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına «X6» ASC-nin xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə Mərkəzi Banka olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2 (009)-55/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Baş X4 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə məktub (ərizə) təqdim edərək qeyd etmişdir ki, LPO “X6” ASC-nin Mərkəzi Bank qarşısında olan kredit borcunun təminatı qismində çıxış edən digər ipoteka predmetləri hesabına tam olaraq ödənildiyindən hazırkı mülki iş hər hansı tələblri qalmamışdır.Ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə uyğun olaraq işə müvafiq qaydada baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Baş X4un xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə təqdim etdiyi məktub (ərizə) mahiyyət etibarı ilə iddiadan imtina olduğundan qəbul edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2 (009)-55/2019 saylı qətnaməsi ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 262.4.-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının iddiadan imtinası qəbul edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2 (009)-55/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının - cavabdeh X3 (X1 3-cü şəxs kimi göstərilməklə) qarşı «tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar