Məhkəmə qərarları › İş №2(103)-1974/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1974/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1974/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(011)-3149/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh müxətlif vaxtlarıda ümumilikdə 30000 manat borc pul verdiyini, lakin cavabdehin həmin pulu qaytarmadığını bildirərək hazırki tələblə məhkəməyə mütraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat pul vəsaitinin və 180 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh müxtəlif vaxtlarda, 2022-ci ilin dekabr ayından başlayaraq ümumilikdə 30.000 manat borc pul verilmişdir. Cavabdeh həmin borc məbləğini 2023-cü ilin sonunadək qaytarmalı olduğu halda dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günki tarixədək borclu olduğu məbləği qaytarmamışdır. Cavabdehə rəsmi məktubla xəbərdarlıq olunmuş, lakin heç bir nəticəsi olmamışdır. 4.İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmiş, əlavə sual-cavab zamanı o bildirmişdir ki, tərəflərin istər borc pulun verilməsi, istər müxtəlif malların mübadiləsi ilə bağlı uzun illər ərzində etibar əsasında yaranmış münasibətləri olub. 5.Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, onun iddiaçıya heç bir borcu qalmamışdır. O bildirmişdir ki, İddiaçı müxtəlif vaxtlarda faizə pullar almışdır və aldığı borcları tam şəkildə geri qaytmarmışdır. Hazırda borcu yoxdur. O, heç bir vaxtiddiaçıdan 30.000 manat borc almamışdır. İddiaçı şişirdilmiş məbləğ yazıb. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 dekabr 2024-cü il tarixli, 2(011)-3149/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Aynur Abdullayeva) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsmunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən Cavabdeh (bank çıxarışlarında “Solmaz” qeyd edilmişdir) tərəfindən İddiaçı (bank çıxarışlarında “Aygül Zeynəb” qeyd edilmişdir) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə 21.718,36 manat məbləğində köçürülmələrin edildiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən İddiaçı tərəfindən (bank çıxarışlarında “Aygül Zeynəb” qeyd edilmişdir) Cavabdeh (bank çıxarışlarında “Solmaz" qeyd edilmişdir) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə 26.525,0 manat məbləğində köçürülmələrin edildiyi müəyyən edilir. 8.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında nağdsiz qaydada müxtəlif vaxtlarda pul köçürmələri olmuşdur. Onlar kart hesabları, o cümlədən “birbank” tətbiqi və “million” terminalı vasitəsilə ödəmələr həyata keçirmişlər. 9.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətləri olmuş, yaranmış borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. Tərəfələrin razılaşdığı müqavilə (şifahi borc) şərtləri, alınmış və qaytarılmış pul məbləğləri iş materiallarına əsasən dəqiqliklə müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 30.000 manat pulu faizsiz verdiyini bildirir, cavabdeh isə bu məbləğlə razılaşmayaraq, iddiaçıya müxtəlif vaxtlarda borca aldığı pulları hissə-hissə tam qaytardığını bildirir. İş materialları ilə müəyyən edilir ki, tərəflərin təqdim etdiyi bank sənədlərində əks olunmuş nağdsız hesablaşmalar “vəsaiti göndərən və alan şəxsi” bütün əməliyyatlar üzrə eyniləşdirməyə imkan vermir. Bir sıra əməliyyatlar “vəsaiti göndərən və alan şəxsi” eyniləşdirməyə imkan verməyən qeydlərlə (“birbank”, “million”) müşayiət edilmişdir. Bununla da iş materialları ilə tərəflərin arasında aparılmış bütün nağdsız hesablaşmaların həcmini müəyyən etmək mümkün olmamışdır. 10.Tərəflər arasında ümmumilikdə borc münasibətlərinin olması müəyyən edilsə də, ödənilməmiş borcun dəqiq həcmi müəyyən edilmir. Borcun verilməsi ilə bağlı sübutetmə yükünü daşıyan iddiaçı ümumilikdə 30.000 manat borcun verilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 11.Məhkəmə iş üzrə verilmiş ekspert rəyinə hüquqi qiymət verərək, hesab etmişdir ki, verilmiş ekspert rəyi də işdə olan materialların tədqiqinin nəticəsi olaraq tərəflər arasında olan bütün pul hərəkətlərini əhatə etmir. 12.Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin ona 30.000 manat borclu olduğunu iddia etsə də, həmin hal iddianın dəlilləri ilə tam şəkildə öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci; Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 107 və 119.1cimaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, tərəflərindən məhkəməyə bank hesabları üzrə çıxarışlar sübut olaraq təqdim edilmişdir. İş üzrə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən İddiaçı Fərruz qızı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdənxx.xx.2023-cü il tarixinədək olan dövr ərzində ayrı-ayrı tarixlərdə ümumilikdə 26.525.0 manat məbləğində pul köçürülmüşdür. Qeyd edilən ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh tərəfindən isə X2 ayr-ayrı tarixlərdə olmaqla ümumilikdə 21.718.36 manat pul köçürülmüşdür. Faktiki olaraq ekspert rəyindən görünür ki, bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən cavabdeh tərəfindən İddiaçı Fərruz qızına 4 796.64 manat ödənilməmiş borc pul qalmışdır. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə tərəflər arasında aparılmış bütün nağdsız hesablaşmaların həcmini müəyyən etmək mümkün olmamışdır. Bildirir ki, məhz yuxarıda qeyd edilən səbəbdən dəqiq rəqəmlərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və dəqiq rəqəmlər müəyyən edilmişdir. Güründüyü kimi cavabdeh tərəfindən borc olaraq aldığı pul vaxtında və tam həcmdə ödənilməmişdir. İş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində dəqiq rəqəmlər müəyyən edilmiş, ödənilmiş pullar arasında olan fərq dəqiqləşdırilmişdir. Bildirir ki, tərəflərindən məhkəmədə keçirilmiş ekspert rəyi ilə razı olmaqları bildirilmış,lakin məhkəmə bu mövqeyinə hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində tərəflərindən 30 000 manat borc pulun tam sübuta yetirilmədiyini bildirir, lakin tələb etdiyi pulun əksər hissəsinin sübutu olaraq bank hesablaşma sənədlərini təqdim etməyini nəzərə almır. Halbuki, qətnamədə birbaşa olaraq qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin olması müəyyən edilir, lakin ödənilməmiş borcun dəqiq həcmi müəyyən edilmir. Ekspert rəyi ilə əlaqədar isə bildirir ki, məhkəmə ekspertizanı məhz onların verdiyi sənədlər əsasında təyin etmiş və dəqiq rəqəmlər almışdır və bu əsasla da qərar qəbul edə bilərdi. İddiaçı tərəfindən ekspert rəyi qəbul edilmiş və heç bir etiraz edilməmişdir. Məhkəməyə təqdim edilmiş bank hesabı üzrə hesablaşma sənədləri mötəbər sübutlardır. Qeyd edilən mötəbər sübutlar əsasında ekspertiza keçirilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininxx.xx.2024-cü il tarixli ekspert rəyində dəqiq rəqəmlər ifadə edilmişdir. Qeyd edilən mötəbər sübutlar məhkmə tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Ekspert rəyinə əsasən ödənilmiş və verilmiş pullar arasında olan fərq dəqiq müəyyən edilməsinbə baxmayaraq məhkəmə bu halı nəzərə alamamışdır. Məhkmə iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi qənaətinə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 18.İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 20.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.Maddə 739. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 27.Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 28.Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 32.İşin araşdırılmış və faktiki halları ondan ibarətdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Yaranmış borc münasibətlərinin şərtləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən tənzimlənmişdir. İddiaçı cavabdehə müxtəlif vaxtlarda (işin müəyyən edilmiş hallarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində) hər dəfə məbləği 3000 manatdan yuxarı olmayan məbləğlərdə 26525,0 manat mbləğində borc pul vermişdir. Cavabdeh isə xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 21718,36 manat məbləğində pul qaytarmışdır. 33.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 35.Hazırki halda işin faktiki halları, iddia tələbinin hüquqi əsası olan borc müqaviləsinin dispozisiya şərtlərinə uyğunluq təşkil edir. 36.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən Cavabdeh (bank çıxarışlarında “Solmaz” qeyd edilmişdir) tərəfindən İddiaçı (bank çıxarışlarında “Aygül Zeynəb” qeyd edilmişdir) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə 21.718,36 manat məbləğində köçürülmələrin edildiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş bank hesabları üzrə hesablaşma sənədlərinə əsasən İddiaçı tərəfindən (bank çıxarışlarında “Aygül Zeynəb” qeyd edilmişdir) Cavabdeh (bank çıxarışlarında “Solmaz" qeyd edilmişdir) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində ayrı-ayrı tarixlərdə olmaqla ümumilikdə 26.525,0 manat məbləğində köçürülmələrin edildiyi müəyyən edilir. 37.Məhkəmə iddianı rədd edərkən tərəflər arasında ümmumilikdə borc münasibətlərinin olması, ödənilməmiş borcun dəqiq həcminin müəyyən edilmədiyini qeyd etsə də, ekspert rəyindən göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh 26.525,0 manat məbləğində köçürülmələrin edilməsi, habelə Cavabdeh tərəfindən İddiaçı isə 21.718,36 manat məbləğində köçürülmələrin edildiyi müəyyən edilmişdir. 38.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 39.Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin qeyd olunan müddəalarına əsasən qeyd edir ki, hazırki mübahisə tərəfələr arasında borc müqaviləsindən irəli gələn öhdəliyin yerinə yeririlməməsi ilə bağlı yaranmış, cavabdeh tərəfindən borc məbləğinin bir hissəsinin qaytarılmadığı müəyyən edildiyindən, iddiaçı hazrıki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 40.Beləliklə məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq hesab edir ki, iş üzrə İddiaçı tərəfindən Cavabdeh 26.525,0 manat məbləğində borcun verilməsi, cavabdeh tərəfindən isə həmin borc məbləğinin 21.718,36 manat hissəsinin qaytarılması təsdiq edildiyindən, cavabdehin iddiaçıya 4806,64 manat (26525-21718=4806,64) ödənilməmiş borcunun qalması müəyyən olunur. 41.Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun olmamışdır. 42.Kollegiya cavabdeh tərəfindən qaytarılmayan borc məbləğinin 4806,64 manat həcmində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı 30000 manat məbləğində borc verdiyini iddia etsə də, təqdim edilən sənədlər əsasında həyata keçirilmiş ekpertiza əsasında verilmiş borc məbləğinin miqdarı 26525 münat müəyyən edilmiş iddiaçı tərəfindən ümumilikdə 30000 manatın borc verildiyini təsdiq edən hər hansı başqa mötəbər sübut təqdim edilməmişdir. 43.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 44.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 45.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 46.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 47.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şifahi borc müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etmədiyindən İddiaçı xeyrinə 4806,64 manat pul tutulmaqla iddia tələbi qismən təmin edilməlidir. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 180 manat dövlət rüsumunun 29 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 49.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(011)-3149/2024 saylı qətnaməsiləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 4806,64 (dörd min səkkiz yüz altı manat,altmış dörd qəpik) manat borc və 29 (iyirmi doqquz) manat dövlət rüsmunun əvəzi olmaqla, cəmi 4835,64 (dörd min səkkiz otuz beş manat, altmış dörd qəpik) manat pul tutulmalıdır. 50.Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 16 (on altı) manatı Cavabdeh, 84 (səksən dörd) manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(011)-3149/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4806,64 (dörd min səkkiz yüz altı manat, altmış dörd qəpik) manat borc və 29 (iyirmi doqquz) manat dövlət rüsmunun əvəzi olmaqla, cəmi 4835,64 (dörd min səkkiz otuz beş manat, altmış dörd qəpik) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 16 (on altı) manatı Cavabdeh, 84 (səksən dörd) manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən cavabdeh tərəfindən yox, iddiaçı tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar