Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1978/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(008)-1551/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 19350 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5789,80 ABŞ dolları faiz, 9670,23 ABŞ dolları cərimə, 3308,70 ABŞ dolları müqavilənin bitdiyi tarixdən 12.11.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 38118,73 ABŞ dolları kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus “JEEP PATRİOT” minik markalı (dövlət qeydiyyat nişanı: **-VU-***, buraxılış ili: 2008, ban: 1J8FF48W98D733492, rəngi: gümüşü metal) nəqliyyat vasitəsinə yönəldilməsi, əmlakın satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə qalan hissənin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 18 faiz hesablanmaqla 36 ay müddətinə 21500 ABŞ dolları məbləğində kredit verilmiş və bu müqavilə üzrə öhdəliklərin icrasının təminat üsulu kimi həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə görə, mülkiyyət hüququ ilə cavabdehə məxsus “JEEP PATRİOT” minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmiş və bu barədə AA 049499 saylı, ipoteka müqaviləsinin qeydiyyata alınmasına dair daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Bu səbəbdən də, 12.11.2019-cu il tarixədək tələbdə qeyd olunan məbləğlərdə borcu qalmışdır. Kreditin qaytarılması barədə dəfələrlə ona şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(008)- 1551/2020 saylı qətnaməsi ilə (hakim Anar Rzayev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin iddia müddətinin ötməsi əsası ilə iddianı rədd etməsinin əsassız olması, cavabdehə qarşı 12.06.2019-cu il tarixdə, yəni iddia müddətinin bitdiyi gün məhkəməyə müraciət etmələri, məhkəmə tərəfindən iddia ərizəsinin 19.06.2019-cu il tarixli qərardadla qaytarılmasına bamayararaq, ərizələrinə əlavə edilmiş kredit və ipoteka müqavilələrinin əsllərini yalnız 18.12.2019-cu il tarixdə əldə etmələri və həmin gün hazırkı iddianı vermələri və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və orada göstrilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2014-cü ildə kreditin ödənilməsi istiqamətində cavabdehlə aralarında şifahi formada razılıq əldə olunduğundan həmin vaxt verdikləri iddialarını geri götürmüşlər. Cavabdehin dediyinə görə, 02.04.2014-cü il tarixdə ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsini bankın işçisinə təhvil vermişdir. Lakin işdən görünür ki, bundan sonra 01.09.2014-cü il tarixdə avtomobilə dair başqa bir şəxsin adına etibarnamə vermiş, həmin şəxs tərəfindən banka 5000 ABŞ dolları ödəniş edilmiş və sonradan isə cavabdehin özü tərəfindən iki dəfə də ödəniş edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, hazırda sözügedən maşının yeri barədə bankda heç bir məlumat yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş təhvil-təslim aktı barədə də bankda heç bir sənəd yoxdur. İş üzrə borc məbləğlərinə dair verilmiş ekspert rəyi ilə razılaşırlar. Məhkəmə baxışında iştirak edən cavabeh isə, apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, 2014-cü ildə ipoteka qoyulmuş maşını banka təhvil vermiş, sonradan isə bankın nümayəndəsinin iştirakı ilə maşına dair üçünücü şəxsin adına etibarnamə vermişdir. Bank tərəfindən bildirilmişdir ki, bununla da onun borcuna xitam verilmişdir. Həmin vaxtdan sonra bu məsələ ilə bağlı hər hansı problemlə üzləşməmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM)372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, "xxxx" (əvvəlki Texnikabank) ASC-nin “Xəzər” filialı ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2013-cü il tarixli, 108/2013 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 19 % dərəcəsi ilə “JEEP PATRİOT” markalı minik avtomobilinin alınması məqsədilə istifadə etmək üçün 21.500 ABŞ dolları kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus “JEEP PATRİOT” minik markalı (buraxılış ili: 2008, Ban: 1JFF48W98D733462, rəngi: gümüşü metal, tip: universal) avtomobil 33.500 ABŞ dolları məbləğində qiymətləndirilməklə bank qarşısında ipoteka ilə yüklü edilmiş və AA 049499 saylı çıxarışa əsasən, ipoteka müqaviləsi daşınar əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. Bank tərəfindən tərtib edilmiş 24.11.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin banka 12.11.2019-cu il tarixə 19350 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5789,80 ABŞ dolları faiz, 9670,23 ABŞ dolları cərimə, 3308,70 ABŞ dolları müqavilənin bitdiyi tarixdən 12.11.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, ümumilikdə 38118,73 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə ünvanlanmış 26.09.2019-cu il tarixli bildirişlə tələbdə qeyd olunan məbləğlərdə borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmiş və bundan sonra 20.11.2019-cu il tarixli məktubla ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. Hazırda iddiaçı, cavabdehin sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyini iddia edərək, ondan qeyd olunan məbləğlərdə borcun tutulmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, 02.04.2014-cü il tarixdə ipoteka ilə yüklü edilmiş avtomobili banka təhvil verildiyini, bununla da bank qarşısında öhdəliyinə tam şəkildə xitam verildiyini bildirir. Birinci instansiya məhkəməsi, yalnız işin yuxarıda qeyd olunan faktiki hallarını sadalamaqla cavabdehin 12.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borclarının qaytarılmasına dair öhdəliklərini icra etmədiyi, lakin mübahisə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə əsaslanaraq iddianı rədd olunması qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə kredit müqaviləsi üzrə borcun olub-olmamadığı, müsbət halda məbləği barədə tərəflər arasında başdan bəri mövcud olmuş qarşılıqlı münasibətləri nəzərə almaqla hər hansı əsaslandırma aparmamış, sadəcə işin hallarını sadalamaqla kifayətlənmişdir. Ona görə də, Kollegiya bu xüsusatlar üzrə əlavə araşdırma aparmaqla mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 317.1-ci və 319.1-ci maddələrinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh 02.04.2014-cü il tarixli 01/218 saylı ipoteka predmeti olan avtomobilin təhvil-təslim aktına istinad edərək, bank qarşısında öhdəliklərinə xitam verildiyini bildirəsə də, həmin sənəd kserosurət olmaqla iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Əvvəla, ona görə ki, MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən, MM-in 528-ci maddəsinə əsaəsn, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 529-cu maddəsinə əasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (529.1.). Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir (529.3.). Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər (529.6.). Baxılan işdə isə, cavabdehin bank qarsışında öhdəliyinə xitam verildiyini təsdiqləyə biləcək normada qeyd olunan hüquqi formalardan hər hansı biri (borc sənədinin borcluda olması, kreditor tərəfindən verilmiş öhdəliyə xitam verilməsi barədə arayış və s.) müəyyən edilmir, eyni zamanda cavabdeh də məhkəməyə bu halı sübuta yetirən hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Əksinə, işdə olan özünün təqdim etdiyi 01.09.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, cavabdeh mülkiyyətində olan daşınar əmlakla bağlı onun adından bütün hüquqi hərəkətləri aparmaq, eyni zamanda idarə etmək səlahiyyətlərini 15.04.2019cu il tarixədək X3 etibar etmiş və sonuncu həmin tarixdə banka onun adından kredit ödənişi kimi 5000 ABŞ dolları ödəniş etmişdir. Eyni zamanda, cavabdeh özü də, 07.01.2015-ci il il və 18.02.2015-ci il tarixlərdə müvafiq olaraq 460 ABŞ dolları və 761 ABŞ dolları məbləğlərində kredit ödənişləri etmişdir. Göründüyü kimi, cavabdehin bankla aralarındakı razılığa əsasən ipoteka predmeti olan avtomobilin təhvil verilməsi nəticəsində öhdəliyə xitam verilməsi barədə mövqeyi ilə sonrakı hərəkətləri eyni məqsədə xidmət etməmişdir. Yəni, cavabdehin dediyi kimi, avtomobili banka təhvil verməklə öhdəliyinə xitam verildiyini hesab etdiyi halda, onun həmin kredit müqaviləsi üzrə sonradan heç bir ödəniş etməməsi lazım gəlir. Cavabdeh isə, əksinə istinad etdiyi təhvil-təslim tarixindən sonra da bankın xeyrinə kredit ödənişləri etməkdə davam etmişdir. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, tərəflər arasında ipoteka predmeti olan avtomobilin real təhvil-təslim olunması qəbul olunsa belə, bu fakt cavabdehin bank qarşındakı öhdəliklərinə xitam verilməsi qənaətinə gəlməyə imkan vermir. Faktiki vəziyyətin bu şəkildə olduğu halda isə, ipoteka predmetinin ipoteka saxlayanda olmasına hər hansı hüquqi əngəl də yoxdur. Bu hal özü-özlüyündə əsas öhdəliyin (hazırkı vəziyyətdə kredit öhdəliyi) xitamına səbəb olmur. Həmçinin nəzərə alınmalıdır ki, MM-in 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Beləliklə, Kollegiya, yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, hazırkı işin halları baxımından tərəflər arasında bağlanmış 12.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliklərinə xitam verilməsi üçün qanunda nəzərədə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda isə iddiaçı, cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulmasını və tutumanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Sözügedən öhdəliklərin həcminə münasibətdə isə, məhkəmə kollegiyası tərəfindən bu sahədə xüsusi bilik tələb edən sualların cavablandırılması məqəsədilə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş və daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2021-ci il tarixli, 9/3755 saylı rəyinə əsasən, cavabdehin banka 12.11.2019-cu il tarixə əsas borc üzrə 19770,32 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi 12.06.2016-cı il tarixə faiz borcu üzrə 5467,41 ABŞ dolları və müqavilənin müddətinin bitdiyi tarixdən 12.11.2019-cu il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda üzrə 3377,43 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Kollegiya, iddia tələbinin hədlərini də nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 12.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 19350 ABŞ dolları əsas və müqavilənin bitmə tarixinə hesablanmış 5467,41 ABŞ dolları faiz borcu tutulmalıdır. Cərimə borcuna münasibətdə isə qeyd olunmalıdır ki, MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Bu baxımdan, Kollegiya hesab edir ki, baxılan iş üzrə cavabdehdən tutulmalı olan 19350 ABŞ dolları əsas borca görə tələb olunan 9670,23 ABŞ dolları cərimə borcu tənasübsüz dərəcədə yüksək məbləğ sayılır. Ona görə də həmin məbləğ azaldılaraq 500 ABŞ dolları müəyyən edilməlidir. Müqavilənin bitdiyi 12.06.2016-cı il tarixdən 12.11.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğə aid hissədə isə iddia aşağıdakılara əsasən rədd olunmalıdır. MM-in 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Diqqətə alınmalıdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). İşin hallarından göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə icra müddəti başa çatdıqdan sonra da uzun müddət ərzində cavabdehə qarşı tələb irəli sürməmiş (2014-cü ildə iddia qaldırsa da, sonradan ərizəni geri götürmüş, bu səbəbdən də iddia baxılmamış saxlanmışdır), hərəkətsizlik göstərmiş, bu da tələb olunan faizlərin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq iddianın qeyd edilən hissədə təmin olunmaması nəticəsinə gəlir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası, rayon məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə gəldiyi qənaəti də əsaslı saymır. Belə ki, MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya qeyd edir ki, baxılan işdə tərəflər arasındakı münasibətlər 12.06.2013-ci il tarixli kredit müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. MM-in 377.1-ci və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı 12.06.2016-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 12.06.2019-cu il hesab olunur. Lakin işdə olan məhkəmə aktlarının surətindən görünür ki, iddiaçı cavabdehə qarşı sözügedən kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia müddətinin bitdiyi gün, yəni 12.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qərardadı ilə ərizəsi qaytarılmışdır. İddiaçı həmin qərardaddan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 04.09.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı 26.09.2019-cu il tarixli sorğu ilə rayon məhkəməsinə müraciət edərək, iddia ərizəsinə əlavə olunmuş sənədlərin (kredit və ipoteka müqavilələrinin əsllərinin) qaytarılmasını tələb etmişdir. Qeyd olunan sənədlər isə iddiaçının nümayəndəsinə yalnız 18.12.2019-cu il tarixdə məhkəmə qəbzi əsasında təqdim olunmuş və iddiaçı məhz həmin gün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəmə tərəfindən 15.01.2020-ci il tarixdə qeydiyyata alınsa da, iddiaçı tərəfindən təqdim edilmiş nüsxəsindən görünür ki, 18.12.2019-cu il tarxdə məhkəməyə təqdim olunmuş və həmin tarixdə məsul şəxs tərəfindən imzlaanmaqla məhkəmənin qəbul ştampı vurulmuşdur). Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla yanaşı, apellyasiya baxışı zamanı tələb olunaraq baxış keçrilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-2414/14 saylı mülki işin materiallarından aydın olumuşdur ki, iddiaçı hələ 2014-cü ildə cavabdehə qarşı analoji iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəməyə 21 fevral 2014-cü il tarixdə daxil olmuş, məhkəmənin 21 aprel 2014-cü il tarixli qərardadı ilə isə ərizə baxılmamış saxlanmış, beləliklə iddia 2 ay müddətində icraatda olmuşdur. MM-nin 381-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi ilə bağlı qənaəti iş materialları ilə təsdiq olunmamaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Məhkəmə həmin hissədə qeyd edilən halları tam və hərtərəfli araşdırmamışdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilərək, cavabehdən iddiaçının xeyrinə 12.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 19350 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5467,41 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borclu olmaqla, ümumilikdə 25317,41 ABŞ dolları məbləğində borc tutulmalı, tutma cavabdehə məxsus, ipoteka qoyulmuş “JEEP PATRİOT” markalı minik avtomobilə yönəldilməli və iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 200 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(008)-1551/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(008)- 1551/2020 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 12 iyun 2013-cü il tarixli, 108/2013 saylı kredit müqaviləsi üzrə 19350 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5467,41 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borclu olmaqla, cəmi 25317,41 (iyirmi beş min üç yüz on yeddi dollar, qırx bir sent) ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manata olan məzənnəsi ilə) kredit borcu tutulsun. Tutma Cavabdeh məxsus, ipoteka qoyulmuş “JEEP PATRİOT” minik markalı (buraxılış ili: 2008, Ban: 1JFF48W98D733462, rəngi: gümüşü metal, tip: universal) avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1978/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1978/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver