Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-198/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı vəkili X4, Cavabdehnin direktoru X2, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair ilk iddiası, Cavabdeh MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1156, korpus 4-də yerləşən 103 və 108 saylı mənzillərdə təmir işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi, qanunsuz müdaxilələrə son qoyulması və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 11 avqust 2011-ci il tarixdə Cavabdeh MMC ilə iki müqavilə bağlayaraq həmin MMC tərəfindən inşa olunmuş Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1156, korpus 4-də yerləşən 103 və 108 saylı mənzilləri almış, mənzillərin pulu tam ödənilmiş və ona hər iki mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Lakin cavabdeh MMC həmin mənzillərdə təmir işlərinin görülməsinə maneçilik törədir və mənzillərə qanunsuz müdaxilələr edir. Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 108 saylı mənzilə dair aralarında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, tikilən binanın 24-cü mərtəbəsində yerləşən 108 saylı mənzilə görə alıcı İddiaçı ilkin pay kimi 10000 manat ödəməli, qalan məbləğ isə fiziki şəxs X5 tərəfindən həmin binada hörgü və mərmər işləri görülməklə ödənilməli idi. Lakin mənzilin dəyəri nə pul şəklində, nə də natura şəklində MMC-yə ödənilməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)- 5988/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının tam araşdırılmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh təşkilatın direktoru və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi, 1156 korpus 4-də yerləşən 103 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzilə dair həmçinin İddiaçı adına texniki pasport verilmiş və texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrndən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi, 1156 korpus 4-də yerləşən 108 saylı mənzil 108 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzilə dair həmçinin İddiaçı adına texniki pasport verilmiş və texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018ci il tarixli 2-1(82)-3761/18 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2-1(82)-4323/18 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan 11 iyul 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC 11 iyul 2019-cu il tarixdə İddiaçı pretenziya məktubu ünvanlayaraq, onunla Cavabdeh MMC arasında bağlanmış 11.08.2019-cu il tarixli 176 N-li müqavilənin ləğv edilməsini təklif etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər . Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1156, korpus 4-də yerləşən 103 və 108 saylı mənzillər İddiaçı mülkiyyətində olduğundan, Cavabdeh MMC tərəfindən həmin mənzillərdə təmir işlərinin aparılmasına maneçilik törədilməsi və mülkiyyətə hər hansı müdaxilə edilməsi qanunsuzdur. İddia tələbi əsaslı olduğuna görə birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh MMC qarşılıqlı iddiasını 108 saylı mənzilə dair aralarında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin şərtlərinə İddiaçı tərəfindən əməl olunmaması, müqavilə üzrə heç bir ödəniş edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Lakin iş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 17 may 2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 108 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. Məhkəmə baxışı zamanı da Cavabdeh MMC tərəfindən İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)- 5988/2019 saylı qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-198/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-198/2021
16.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver