Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1980/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair 2(005)-1224/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbiətə vurduğu ziyana görə 136500 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz olaraq qum-çınqıl hasilatı aparılması faktı aşkar edilmişdir. Bu faktla əlaqədar 02 iyun 2020-ci il tarixində 61353 saylı akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunaraq 600 manat miqdarında cərimə olunmuşdur. İnzibati xəta nəticəsində təbiətə 136500 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərin təsdiq edilməsi haqqında” 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən hesablanmışdır. Cavabdeh təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı müraciət olunsa da, nəticəsi olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)- 1224/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Solmaz Ədilova) Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh İmişli rayonu Qaralar kəndi ərazisində Araz çayının məcrasında müvafiq icazə olmadan qanunsuz olaraq qum-çınqıl hasilatı aparması nəticəsində təbiətə 136500 manat məbləğində ziyan dəymişdir. Cavabdeh təbiətə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır və tələb olunan maddi ziyan onun tərəfindən ödənilməlidir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ərazidə Cavabdeh tərəfindən hər hansı qanunsuz hasilat işləri aparılmamışdır. O yalnız etibarnamə ilə bacısı oğlu X2 təmsil etmişdir. X1 isə həmin əraziyə sərəncam və dağ-mədən ayırması aktının olması orada hər hansı qanunsuz hasilatın aparılmamasının birbaşa sübutudur. Bundan əlavə, mübahisə X1 həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyinə görə bu işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı idi. Apellyasiya şikayətinə baxılarkən Cavabdeh nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğuna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı təşkilat məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)-1224/2021 saylı qətnaməsi ləğv ediməli, iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (qum-çınqıl hasilatı aparılması) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. "Yerin təki haqqında" Qanunun 46-cı maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı ümumi müddəaları özündə əks etdirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.0.109-cu bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək nazirliyin əsas vəzifələrindən biridir. Nazirlik öz vəzifələrini bilavasitə və ya strukturuna daxil olan qurumlar vasitəsilə həyata keçirir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Nazirliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzrində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətlərdir. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yaranan huquq münasibətlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “İnzibati icraat haqqında Qanunun 2.0.1 və 2.0.2-cı maddələrinə, həmçinin öz Əsasnaməsinin 3.0.109-cu bəndinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. İnzibati Prosessual Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbi yer təkindən düzgün istifadə edilməmə (qum-çınqıl hasilatı aparılması) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmədiklərindən və tərəflər arasında münasibətlər inzibati xarakterli olduğundan, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 384.0.5-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261.0.1, 384.0.5 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)-1224/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə izah olunsun ki, həmin tələblə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1980/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1980/2022
29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver