Məhkəmə qərarları › İş №2(103)-1983/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1983/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1983/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-5738/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan X1 üçün cavadehdən tutulan aliment miqdarının məbləği artırılaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahlarından olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadehdən hər ay 63 manat sabit pul məbləğində aliment və cavabdehin qazancının 1/4 hissəsi məbləğində aliment, həmçinin xx.xx.2015 ci il tarixdən başlayaraq Cavabdeh uşaq 3 yaşına çatanadək ananın saxlaması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda X2 6 yaşı var. Sabunçu rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği artıq uşağın tələbatlarının ödənilməsinə yetmir. Cavabdeh uşağın təlim-tərbiyəsi ilə maraqlanmır və qayğısına qalmır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9807/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində və qazancının (gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-5738/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9807/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində və qazancının (gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli,2(008)-5738/2020 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətində qeyd olunur ki, o, Bakı Dövlət Sirkində mühafizəçi işləyir və əmək haqqı 262 manatdır. Bundan başqa, cavabdeh yeni ailə qurub və həyat yoldaşı hal-hazırda hamilədir. Alimentin artırılması halında, o, hal-hazırda qurduğu ailənin-həyat yoldaşının və gələcək övladının saxlanılması üçün əhəmiyyətli dərəcədə çətinliklə üzləşir. Hesab edir ki, alimentin artırılması nəticəsində öz ailəsinin ehtiyaclarını ödəmək imkanına malik olmur. Bu da cavabdehin ailəsinin dolanışığı üçün minimum yaşayış həddinin pozulmasına səbəbdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli,2(008)-5738/2020 saylı qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Belə ki, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 350134 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-ci ildə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 270925 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 355 nömrə ilə qeyd edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9807/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 336 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 63 manat sabit pul məbləğində aliment və cavabdehin qazancının (gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment, həmçinin xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh uşaq 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMTnin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh Bakı Dövlət Sirkində işləməklə, aylıq əmək haqqı 260 manat təşkil edir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-9807/2015 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşağa görə qazancının 1/4 hissəsi və hər ay sabit pul məbləğində 63 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən, həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 9807/2015 saylı qətnaməsi ilə cavabdehdən alimentin tutulması müəyyən olunandan sonra, alimentin miqdarı artırılmamışdır. 2015-cı ildən hal-hazıra kimi həyat şəraiti dəyişməklə, yaşayış minimumda hər il artımlar baş vermişdir. Göründüyü kimi, cavabdehin hazırki maddi vəziyyəti onun öz övladına baxmasından, onun maddi və mənəvi ehtiyaclarının qarşılamasından azad etmir. Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə uşağa görə sabit pul məbləğində 63 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edib, alimentin miqdarını 1/4 hissə və sabit pul məbləğində 125 manat artıraraq, düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd olunan halda, alimentin məbləği 190 manat təşkil etmiş olur (260 : 1/4 + 125= 190). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq, cavabdehin qazancının 1/4 hissəsi və sabit pul məbləğində 105 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(008)-5738/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli,2(008)- 5738/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın, xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 105 (yüz beş) manat sabit pul məbləğində və qazancın 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar