Məhkəmə qərarları › İş №2(103)-1985/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1985/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1985/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3645/2022 saylı qətnaməsindən cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına 222 ay müddətinə, illik 12% dərəcəsi ilə faiz ödəmək şərti ilə 46.209,23 manat məbləğində kredit xəttinin açılması, cavabdeh isə həmin məbləğdə krediti qəbul etməyi, müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizləri ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşdülər.

2. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 222 ay ərzində, yəni ilk ödənişi xx.xx.2012-ci il tarixdə sonuncu ödənişi isə xx.xx.2031-ci il tarixdə həyata keçirməklə hər ay 519.10 (sonuncu ay 519.05) manat məbləğində ödəniş etməli idi.

3. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 120 ay ərzində, yəni ilk ödənişi xx.xx.2012-ci il tarixdə sonuncu ödənişi isə xx.xx.2022-ci il tarixdə həyata keçirməklə hər ay 662,97 (sonuncu ay 662,79) manat məbləğində ödəniş etməli idi.

4. "xxxx" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsinə əsasən borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC borcalan İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ilə "xxxx" ASC qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür.

5. "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına və eyni zamanda hesabdan çıxarış məlumatlarına əsasən 46.209,23 manat məbləğində pul vəsaiti İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının hesabına köçürülmüşdür, xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsi üzrə 10.894,69 manat məbləğində əsas, 1.484,96 manat məbləğində faiz, cəmi 12.379,65 manat məbləğində borc yaranmışdır.

6. "xxxx" ASC tərəfindən cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişə əsasən cavabdehlərə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi ondan tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

7. "xxxx" ASC cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 127,14 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, 2595 nömrəli məhəllədə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilən, 8 nömrəli binanın, blok 1, ümumi sahəsi 67.2 kv.m olan 1 otaqlı, 137 nömrəli mənzilin alınması üçün 222 ay müddətinə 12 faiz dərəcəsi ilə 46.209,23 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2012-ci il tarixli, HEY-İ- 12/34 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 10.894.69 manat, faiz borcu üzrə 1484.96 manat, cəmi 12.379.65 manat borcu mövcuddur. Eyni zamanda, onlar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127,14 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3645/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcunun, 228,44 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması qət edilmişdir. (hakim X7)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, məhkəmə iddia üzrə tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməlidir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC borclunun öhdəliyi lazıminca icra etmədiyi halda kredit borcunun ödənilməsi öhdəliyini öz üzərinə götürdüyündən borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 477.0.4-cü, 739-cu və 743-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, Rəsulova Səfiyyə Telman qızına kredit 222 ay müddətinə verilmişdir. Cavabdeh tərəfindən kredit məbləği qaytarılarkən, kreditin daha tez ödənilməsi üçün 10 illik qrafiklə ödənişlər edilmişdir. Hazırda da kredit məbləği nəzərdə tutulduğundan xeyli müddət əvvəl ödənilmişdir. Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Lakin məhkəmə qeyd olunan qanun normasını göstərərkən xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 saylı kredit müqaviləsinin 5.4-cü bəndini nəzərə almamışdır. Həmin bənddə göstərilir ki, kredit vəsaitindən istifadə müddəti 02 yanvar 2031-ci il tarixində bitir. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və tərəflər bu müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Göründüyü kimi iddiaçı müqavilənin tələblərini pozmuş və müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddət (02 yanvar 2031-ci il) çatmamış cavabdehə əsassız olaraq əsas borc üzrə 10.894,69 manat, faiz borc üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat borc hesablamışdır. Bundan əlavə məhkəmə ilk öncə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırmalı idı. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn bərpa edilməsinə yol verilə bilər. Həmçinin iddia ərizəsində göstərilmişdir ki, “Yuxarıda adı çəkilən xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat borcu mövcuddur”. Lakin məhkəmə bu borcun hansı tarixdə və necə yaranmasını göstərməmişdir. Əgər məhkəmə 10 illik qrafiklə ödənişi nəzərdə tutursa, bu qrafik cavabdeh tərəfindən borcun daha tez bağlanması üçün nəzərdə tutulmuşdur. Bu qrafik o demək deyil ki, cavabdeh mütləq həmin qrafik üzrə ödənişlərini həyata keçirməlidir. Cavabdeh bunu sadəcə kreditin tez bağlanması üçün təklif etmişdir. Bundan əlavə, iddiaçı "xxxx" ASC kredit vəsaitindən istifadə müddəti tamam olmamış və öhdəliyin icrası üçün müəyyən olunmuş son günü gözləmədən məhkəmədə iddia qaldırmışdır. Bu da iddiaçıya həmin iddia tələbi ilə iddia qaldırmaq hüququ vermir. Ona görə hesab edirlər ki, iddiaçının bu iddianı irəli sürmək üçün subyektiv hüququ belə olmamışdır. Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı 222 ay ərzində, yəni xx.xx.2012-ci il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 519.10 (sonuncu ay 519.05) manat ödəməli idi. Bu hal məhkəmə tərəfindən müəyyən edilmiş, lakin cavabdehin hazıradək ödədiyi məbləğin 01 mart 2029-cu il tarixədək ödənilməli olduğu nəzərə alınmamış və məhkəmə tərəfindən sübut edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankla müvəkkili arasında 222 aylıq kredit müqaviləsi bağlanılmışdır. Lakin İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı bankdan 120 aylıq, yəni 10 illik qrafik alaraq aylıq ödənişləri artıq məbləğdə ödəyərək, faktiki borc məbləğini azaltmışdır. Belə ki, bankın müştəridən tələb etdiyi məbləğ 10.894 manatdır. Tərəflər arasında bağlanmış 02 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən müştərinin 01 mart 2029-cu il tarixdə 10.894 manat qalıq borcu yaranır, ödəniş cədvəlinə əsasən müştərinin bugünkü tarixə qalıq borcu 32.000 manat təşkil edir. Qeyd olunanlardan da göründüyü kimi, İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı tərəfindən müqavilə şərtlərinin pozulması və üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi halı baş verməmişdir.

16. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bankla cavabdeh arasında bağlanmış 02 iyul 2012-ci il tarixli kredit müqaviləsi qüvvədədir. Həmin müqaviləyə əsasən kredit borcu 222 ay müddətində ödənilməlidir. Bununla bağlı cavabdehə ödəniş cədvəli də verilmişdir. Müqavilənin müddətlə bağlı bəndi hazırda da qüvvədədir. Müqaviləsinin şərtlərinin dəyişdirilməsi ilə bağlı müqaviləyə hər hansı əlavə və dəyişiklik edilməmişdir. Lakin cavabdeh bir neçə ay müqavilənin 8.1-ci bəndinin şərtlərini pozaraq aylıq ödənişləri tam həcmdə və vaxtlıvaxtında etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.1-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər; 428.3-cü maddəsinə əsasən əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan və tələb bölünməz olduğundan, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC apellyasiya şikayəti verməsə də, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında həmin kredit müqaviləsindən irəli gələn münasibətlər, o cümlədən öhdəliklər yaranmışdır. Həmin müqavilə çərçivəsində tərəflər kredit məbləğinin ödənilməsi müddətinin 222 ay (müqavilənin 5.4-cü bəndi), aylıq ödənişin isə 519,10 manat (sonuncu ay 519,05 manat) olması barədə razılığa gəlmişlər. Bunun nəticəsi olaraq, müqavilədə aidiyyəti bəndlər təsbit edilmiş və müqaviləyə əlavə tərtib edilmişdir.

25. Ötən dövr ərzində həmin müqavilənin hər hansı bəndinə hər hansı dəyişikliyin edilməsi ilə bağlı tərəflər biri digərinə müraciət etməmiş və bunun nəticəsi olaraq, hər hansı dəyişiklik edilməmişdir. İddiaçı özü də bu halı təsdiq edir və digər bəndlər kimi, müqavilənin 5.4-cü bəndinin də qüvvədə olduğunu bildirir. Belə olan halda, cavabdehə verilmiş və müqavilə üzrə müəyyən edilmiş kredit məbləğinin 120 ay ərzində ödənilməsini əks etdirən ödəniş cədvəlinin hər hansı hüquqi əhəmiyyəti yoxdur və bu ödənişin cədvəlinin mövcud olması müqavilənin 5.4-cü bəndi ilə müəyyən edilmiş müddətin dəyişdirilməsi (120 ay müəyyən edilməsi) kimi qiymətləndirilə bilməz.

26. Müqavilə üzrə aylıq ödəniş 519,10 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə, xüsusilə də vaxtından əvvəl tələb etmə hüququnu yaradan 8-ci bəndinin tələblərinə əsasən hər ay məhz bu məbləğdə ödənişin edilməsi şərti ilə maliyyə arayışında göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə (ödəniş cədvəlinə uyğun olaraq daha yaxın ödəniş tarixi, yəni xx.xx.2022-ci il tarixi əsas götürülməklə) 32.908,04 manat məbləğində kredit borcu qalmalıdır. Lakin bu məbləğdən 3 dəfədən də az, yəni hesablanmış faizlərlə birlikdə cəmi 12.379,65 manat məbləğində borc qalmışdır ki, bu göstərici də təxminən xx.xx.2028-ci il tarixə qalıq qalmalı olan borc məbləğidir.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı ödəniş cədvəlinə uyğun olaraq, yəni hər ay 519,10 manat məbləğində kredit ödədiyi təqdirdə müddətin sonuna onun tərəfindən ümumilikdə ödənilmiş faiz borcu məbləği 13.113,06 manat təşkil etmiş olur. Lakin cavabdeh məbləğ etibarı ilə bu cədvəli 3 dəfədən də çox qabaqlamasına baxmayaraq, ötən dövr ərzində ondan 33.145,46 manat məbləğində faiz borcu tutulmuşdur ki, bu ödəniş tempi qarşısında onun bu məbləğdə faiz borcunun yaranması qeyri-mümkündür. Bu qənaətə gəlmək üçün hər hansı xüsusi biliyə malik olmaq tələb edilmir (məhkəmə-muhasibat ekspertizasının təyin edilməsinə hər hansı zərurət yoxdur). Belə ki, həmin müqavilə üzrə xx.xx.2012-ci il tarixdən (xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2020-ci il tarixləri istisna olmaqla) xx.xx.2022-ci il tarixədək, yəni 10 ildən artıq müddət ərzində fasiləsiz şəkildə müqavilə üzrə müəyyən edilmiş məbləğdən artıq məbləğdə ödəniş edilmişdir. Göstərilənlər müqavilə üzrə faiz borcunun (müddətin sonuna 46.209,23 manat) 120 aylıq ödəniş cədvəli üzrə hesablanmasını təsdiq edir ki, bu da birmənalı şəkildə qanunsuzdur. Hüquqi nəticə etibarı ilə müqavilə üzrə öhdəliklərin icrasını cavabdeh deyil, borcun hesablanması ilə bağlı hissədə iddiaçı özü pozmuşdur.

28. Bununla belə, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri, o cümlədən ödənişlərin həyata keçirilməsi qaydasını və şərtlərini pozmamış, əksinə daha artıq məbləğdə ödənişlər edərək, kredit borcunun xeyli hissəsini vaxtından əvvəl ödəmişdir. Hazırki vəziyyət onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi kimi qiymətləndirilə bilməz. Onun tərəfindən bir neçə ay ödəniş edilməməsi və ya daha az məbləğdə ödəniş edilməsi müqavilənin 8.1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində bu cavabdehə qarşı irəli sürülmüş iddianın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.

29. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC zamin kimi cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıyır. Lakin cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını pozmadığından cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCnin də həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu münasibətlərin mahiyyəti və buna uyğun olaraq irəli sürülmüş tələbin bölünməzliyi baxımından, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına qarşı irəli sürülmüş tələbin əsasız olması, digər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə münasibətdə də öz hüquqi əksini tapır və ona qarşı da irəli sürülmüş iddianın rədd edilməsini şərtləndirir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3645/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-385-ci, 392-ci, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3645/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar