Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1987/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadından "xxxx" MTK tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 08 dekabr 2021-ci il tarixli məhkəmə iclasında “VMS - İnşaat» MTK-nin nümayəndəsi X1 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində "VMS - İnşaat» MTK-nın adından iddia ərizəsi təqdim edərək, ünvan 3 ünvanda yerləşən 57.8 kvm-dən ibarət mənzil və özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, həmin 1000 kvmdən ibarət yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılaraq "xxxx" MTK-nə təhvil verilməsi (qalan pul vəsaitinin əvəzinə isə həmin ərazidə “VMS–İnşaat» MTK tərəfindən inşa ediləcək binalardan yaşayış sahələri verilmək şərti ilə) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə (Hakim N.Tağıyeva, iş № 2(006)-5683/2021) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi S.Nəsibov şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, MTK məhkəmə tərəfindən üçüncü şəxs kimi ilkin mərhələdə cəlb edilməli idi və mübahisəyə münasibəti öyrənilməli idi. MTK-nın qeydiyyat sənədindən də göründüyü kimi MTK-nın hüquqi ünvanı mübahisələndirilən ünvan olmuşdur, belə olan halda MTK müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməli idi. Bundan başqa, birinci instansiya məhkəməsində iddia ərizəsini təqdim edərkən etibarnaməni də təqdim etmiş, lakin vəkil orderi Büroda qaldığı üçün 1 saatlıq fasilə elan edilməsini xahiş etsə də, məhkəmə bu halı nəzərə almamış, yekun məhkəmə aktını elan etmişdir. Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini iki əsasla geri qaytarmışdır: 1) iddia ərizəsi hazırlıq iclasında deyil, məhkəmə baxışı yekunlaşarkən, məhkəmə çıxışları mərhələsində verilmişdir. 2) etibarnaməni imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. Birinci əsasa münasibətdə şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə özü MTK-nı üçüncü şəxs qismində cəlb etməli olduğu halda, bunu etməmişdir. Mübahisəyə münasibətləri öyrənilməmişdir. Məhkəmə kollegiyası bu əsasa münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı işin predmeti baxımından məhkəmə MTK-nı müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb etməyə zərurət görməmişdir və ümumiyyətlə bu məhkəmənin vəzifəsi deyil, hüququdur. Bu hüquq məhkəməyə MPM-nin 57.1-ci maddəsi ilə verilmişdir və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə münasibətdə tətbiq edilir. İddia predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər isə özləri prosesə iddia qaldırmaq yolu ilə qoşulurlar. Həmin iddianın qaldırılma mərhələsi isə qanunla müəyyən edilmişdir. MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Göründüyü kimi, iddia ərizəsi nəinki hazırlıq iclası yekunlaşanadək təqdim edilməmiş, iş mahiyyəti üzrə yekunlaşarkən təqdim edilmişdir. Şikayətin digər dəlilinə görə nümayəndə tərəfindən etibarnamə təqdim edilmiş, lakin vəkil orderi təqdim edilməmiş, vaxt istənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərardadında da etibarnamənin təqdim edilməsi göstərilir, sadəcə həmin etibarnaməni imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlərin olmadığı bildirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: "xxxx" MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1987/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1987/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver