Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1988/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1988/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-7252/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 11 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13500 manat məbləğində pulun və 130,5 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X5 ilə 2020-ci ildə Bakı şəhərində tanış olmuşdur. Cavabdeh Qazaxstan Respublikası vətəndaşı olmaqla Azərbaycan Respublikasında Daimi yaşamaq icazəsi var. 2023-cü ilin təxminən əvvəlində cavabdeh bildirdi ki, o, elektron ticarətlə məşğuldur və bu sahədə yaxşı gəlir əldə etmək olar, iddiaçıya təklif etdi ki, ona müəyyən məbləğdə pul versin, o da ticarətini böyüdüb daha çox gəlir əldə etsin, bunun müqabilində iddiaçıya da gəlir versin və istənilən vaxtı iddiaçının ona verdiyi pulu geri qaytarsın. Bununla əlaqədar iddiaçı ona 2023-cü ilin aprel ayında 30000 manat pul verdi, may ayından 2023-cü ilin noyabr ayı qarışıq o, hər ay 1000 manat civarında qazanc verdi, həmçinin 3500 manat əsas məbləğdən qaytardı və iddiaçının onda 26500 əsas məbləğim qaldı. Bundan sonra 2023-cü ilin dekabr ayında o, bildirdi ki, onun hesabından ana məbləğ, yəni 26500 manat oğurlanıb və xahiş etdi ki, ondan qazanc istəməsin və o qısa müddətdə həmin əsas məbləği düzəldib qaytaracaq. Bundan sonra o, M10 vasitəsilə xx.xx.2024-cü ildə 500 azn və 500 azn, xx.xx.2024-cü ildə 800 azn və 200 azn, xx.xx.2024-cü ildə 3500 azn, xx.xx.2024-cü ildə 7500 azn cəmi 13000 manat qaytarmış, 13500 manat isə borclu qalmışdır. Dəfələrlə ondan qalan 13500 manat borcu istəsə də, o, bu günədək həmin borcu qaytarmamışdır. Bununla əlaqədar iddiaçı polis orqanına müraciət etmiş, orada araşdırma aparılmış və mənə cavab verilmişdir ki, mübahisə mülki xarakterlidir. Polisə aparılan araşdırma zamanı cavabdeh guya iddiaçıya olan borcunu tam qaytardığını qeyd etmişdir, halbuki bu, yalandır. Cavabdeh iddiaçı ilə arasında olan digər hesablaşmaları əsas götürərək hesab edir ki, borcu qalmamışdır, halbuki onun izahatında qeyd etdiyi məbləğlərin sırf ona verdiyi 30000 manata aidiyyəti yoxdur. Belə ki, cavabdeh özü xx.xx.2024-cü il tarixdə vatsap vasitəsilə yazaraq 13500 manat borcu olduğunu etiraf etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7252/2024 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi təmin edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091, 1092-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayında X5 dostu İddiaçı onun kriptovalyuta alveri ilə məşğul olmağını və pul qazanmağını görüb özü təklif etmişdir ki, onun pulunu da kriptovalyuta birjasında hərracda istifadə etsin və pul qazansın. Onunla razılaşmış və bu alverin riskləri barədə onu məlumatlandırmışdır. İddiaçı isə bütün şərtləri bilib və qəbul etdiyi üçün 2023-cü ilin mart ayında ünvan 1 ünvanında yerləşən birgə işlədikləri telefon satışı və təmir yerində İddiaçı 30 000 manat qəbul etmişdir. Razılaşmaya əsasən İddiaçı qazanc nə qədər olsa, hər ay hesablayıb verməli, istədiyi vaxt isə əsas məbləğini qaytaracağını demiş, həmin pulu işə yatırmış və mart ayının sonundan başlayaraq qazanc qaytarmış, hər ay Samirə 1200 manatdan az olmayan məbləğdə ödənişlər etmişdir. Həmin ödənişləri M10 hesabı və nağd olaraq Samirə vermişdir. Ümumilikdə həm qazanc, həm də əsas məbləğ də daxil olmaqla Samirə 45100 manat qaytarmış və həmin pulun qəbzinin surətlərini təhqiqata təqdim etmişdir. İddiaçı bəzən özünün vacib işi olmasını deyib, qazancdan əlavə də əsas pulundan qaytarmağını demiş və ona pul göndərmişdir. 2023-cü ilin dekabr ayında hesabından onlayn qaydada 30000 manat pul oğurlandığı üçün işində problem yaranmış və Samirə ödəniş edə bilməmiş, baş vermiş oğruluqla bağlı hazırda DİN BMCMİ-də müraciəti araşdırılır. Oğurluq baş verən zaman Samirin onda təxminən 20000 manatdan bir az artıq pulu olmuş, oğurluq barədə Samirə məlumat vermiş, hadisədən sonra isə ona əsas məbləğindən 12000 manatını qaytarmış, hazırda Samirə pul borcu qalmamışdır. “PashaPay” hesabından çıxarışlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən Şirinov Elvinin arqumentlərini təsdiq edən sübutlara münasibət bildirilməmişdir. Həmçinin göstərdiyimiz mövqedən də göründüyü kimi baş verən hadisə əsassız varlanma xarakteri daşımır. Belə ki, pul məbləği tam olaraq Şirinov Elvin tərəfindən İddiaçı ödənilmişdir. Bu halda ödənilmiş məbləğin təzədən Elvin Şirinovdan tutulması qanunsuz və əsassız xarakter daşıyır. Təqdim edilən “WhatsApp” yazışmaları Şirinov Elvin tərəfindən hər hansı məbləğdə pul əldə etməsini təsdiq etmir. Belə ki, sadəcə olaraq müvafiq hesablar aparılmış, lakin bu hesab əməliyyatlarının 13 500 manat məbləğində pulun Şirinov Elvinə verilməsi ilə bağlı iradə ifadəsini əks etmir. Məlumdur ki, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən “WhatsApp” yazışmalarının sübut kimi qiymətləndirilməsi üçün iradə ifadəsi aydın və konkret formada əks etdirilməlidir. Şirinov Elvinin borcununun olması və nə qədər borcunun olması, o cümlədən hansı müddətdən borcunun yaranması göstərilir, nə də Şirinov Elvin tərəfindən qeyd edilənlər bu və ya digər formada təsdiq edilir. Həmçinin “WhatsApp” yazışmalarının məzmunun tam aydın olmaması görünür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Cavabdeh apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçı apellyasiya baxışında iştirak edərək borcun 1000 manat olan hissəsinin cavabdehin mövqeyinə münasibətdə güzəştə gedilməsini qəbul etdiyini bildirmiş, şikayəti qalan hissədə qəbul etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada)
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
15. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
16. Maddə 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
17. Maddə 448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
20. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
21. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
31. Birinci instansiya məhkəməsi işin bütün mühüm hallarını aydınlaşdırmamış və iş üzrə təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
32. Kollegiya ilk növbədə mübahisəyə tətbiq edilməli olan maddi hüquq norması barəsində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri əsassız varlanma kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, Mülki Məcəllənin tərəflər arasındakı hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyasının 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
34. Göründüyü kimi iddiaçı cavabdehə verdiyini iddia etdiyi borcun məbləği üç min manatdan (13.500 manat) çox olduğundan tərəflər arasında borc müqaviləsi yazılı bağlanmalı idi. Lakin onlar arasında hər hansı yazılı borc müqaviləsi yoxdur.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
36. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
37. Göründüyü kimi işin halları da bunu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi mübahisəyə əsassız varlanmadan irəli gələn normaları tətbiq etməkdə düzgün mövqe nümayiş etdirmişdir.
38. Lakin birinci instansiya məhkəməsi iş üzrə tətbiq edilən sübutlara düzgün qiymət verməmiş, o cümlədən cavabdehin irəli sürdüyü dəlillərin həqiqiliyini araşdırmaq üçün zəruri addımları atmamışdır.
39. Belə ki, tərəflərin arasında kriptovalyuta alış-satışı ilə əlaqədar razılığın olması və iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pulun ödənilməsi iş materialları və tərəflərin izahatları ilə işin mübahisəsiz halını təşkil etmişdir. Cavabdehin mövqeyinə görə, mövcud borcun əvvəlcə 1000 manatı. Daha sonra isə qalan hissəsi iddiaçıya qaytarılmış, bu barədə Whatsapp yazışması və müəyyən çıxarışlar təqdim olunmuşdur.
40. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən çıxarışdan 6000 USDT məbləğində kriptovalyutanın sonuncunun müvafiq sistemdə mövcud olan cüzdanından başqa bir cüzdana köçürüldüyü əks olunsa da, köçürülən cüzdanın, həqiqətən, iddiaçıya məxsus olmasını müəyyən etmək mümkün olmadığından bu barədə müvafiq tədqiqatın aparılması zəruri olmuşdur. Bu məqsədlə apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankına mütəxəssis rəyinin alınması ilə bağlı müraciət edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu ilə mövcud mübahisə üzrə qoyulan sualların ekspertiza tədqiqatının həll edə biləcəyi məsələ olmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilmişdir.
42. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubunda isə qeyd edilmişdir ki, sorğuda qeyd edilən kodlu tranzaksiya Bep-20 şəbəkəsi üzərindən 2 sentyabr 2024-cü il tarixində keçirilmişdir. Qeyd olunan köçürmə 0xBD612a3f30dcA67bF60a39Fd0D35e39B7aB80774 kodlu cüzdandan 0x28A3799Da306a2eAFBd08326DB1B85d6ABb8d5Bd kodlu cüzdana həyata keçirilmiş, əməliyyatın statusu uğurlu kimi qeyd edilmişdir. 6000 USDT məbləğində kriptovalyuta Binance platformasına aid cüzdandan 0x28A3799Da306a2eAFBd08326DB1B85d6ABb8d5Bd cüzdanına BEP-20 şəbəkəsi vasitəsilə uğurla köçürülmüşdür. Təqdim olunan blockchain məlumatlarına əsasən, 0x28A3799Da306a2eAFBd08326DB1B85d6ABb8d5Bd kriptovalyuta cüzdanın İddiaçı məxsusluğunu texniki vasitələrlə müəyyən etmək mümkün deyil.
43. Aparılan tədqiqatın nəticəsində təqdim edilmiş cavablardan görünür ki, cavabdehə məxsus cüzdandan 6000 USDT məbləğində kriptovalyutanın məxaric olduğu görünsə də, həmin köçürmənin məhz iddiaçıya məxsus cüzdana aparılması hər hansı mötəbər dəlillə təsdiq olunmamışdır.
44. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə ədasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi tərəflərin arasında pulların vaxtında qaytarılmaması ilə bağlı gərginliyin və qeyri-sağlam münasibətin olduğu bir dövrdə cavabdehin pulun geri ödənilməsi ilə bağlı belə bir qeyri-müəyyən üsulu seçməsi və ödəniş, həqiqətən, mövcud olduğu halda bunu heç bir mötəbər dəlillə təsdiq edə bilməməsi inandırıcı görünmür. Cavabdeh bununla bağlı müvafiq yazışmaların olduğunu bildirsə və məhkəmə həmin yazışmaların təqdim edilməsini tərəfə təklif etsə də, cavabdeh həmin yazışmaların başqa bir platformada aparıldığını və silindiyini bildirmiş, nəticə etibarilə mülahizələrini yenə də təsdiq edəcək dəlillər təqdim etməmişdir.
46. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı apelyasiya baxışında cavabdeh tərəfindən borcdan 1000 manatın ödənilməsi ilə əlaqədar həmin hissənin güzəştə gedilməsini qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
47. Buna görə də iddiaçıya ödənilməli olan 13.500 məbləğində pulun 1.000 manat məbləğində olan hissəsi ilə bağlı iddiaçının tələbi olmadığından iddianın həmin hissədə təmin olunmasına hansısa zərurət qalmamış olur.
48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 12.500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130.5 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 120.83 (yüz iyirmi manat səksən üç qəpik) manat məbləğində olan hissəsinin əvəzi cavabdehdən alınaraq iddiaçıya, apellyasiya şikayəti ilə bağlı cavabdeh tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun 4.89 (dörd manat səksən doqquz qəpik) manat məbləğində olan hissəsinin əvəzi iddiaçıdan alınaraq cavabdehə ödənilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 7252/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 12.500 (on iki min beş yüz) manat pul və 120.83 (yüz iyirmi manat səksən üç qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş 66 manat məbləğində dövlət rüsumunun 4.89 (dörd manat səksən doqquz qəpik) manat məbləğində olan hissəsinin əvəzi İddiaçı alınaraq cavabdeh X3 ödənilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov