Məhkəmə qərarları › İş №2(103)-1989/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1989/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1989/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4279/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh3 biznes məqsədi ilə illik 21 faizlə 36 ay müddətinə 23.000 manat məbləğində kredit vermişdir.

2. Zaminlər Cavabdeh1 və Cavabdeh2 Yaşar qızı həmin kredit müqaviləsi üzrə borcalan tərəfindən bank qarşısında öz öhdəliklərinin icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 17424,74 manat əsas borc, 1184,53 manat faiz borcu və 30,26 manat cərimə borcu olmaqla ümumilikdə 18639,53 manat borcun və 145,92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4279/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yaşar qızından İddiaçı ASC-nin xeyrinə xx.xx.2021- ci il tarixli kredit müqaviləsi üzrə 17.189,89 manat əsas, 651,78 manat faiz borcu və 30,26 manat cərimə borcu olmaqla, ümumilikdə 17.871,93 manat borcun və 145,92 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

5. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, vergi ödəyicisidir və krediti un məmulatlarının istehsalı ilə bağlı götürmüş, atası xəstələndiyindən ödənişləri gecikdirmişdir.

8. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1, “Qeyd” hissəsi. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı: Bənd 11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4279/2022 saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

12. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə məğşul olduğuna görə onun adına 27 iyun 2014-cü il tarixdə, ********** saylı VÖEN açılmış və fəaliyyət istiqaməti kimi “un məmulatlarının istehsalı” göstərilmişdir.

13. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 verilmiş kreditin təyinatı biznes fəaliyyəti ilə bağlı olmuşdur.

14. Göründüyü kimi, iddiaçı hüquqi şəxs, Cavabdeh3 isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və hazırki mübahisə hər iki tərəfin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən yaranmışdır.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4279/2022 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar