Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-199/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Həsənova Ləman Elmar qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-6005/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 65 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 85.512,67 manat əsas borc, 79.135,07 manat faiz borcunun, 28.086,45 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC-nin ləğv edilməsi və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun banka ləğvedici təyin edilməsi qərara alınmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 65 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % olmaqla, 36 ay müddətinə 86.500 (səksən altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir.Tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı qaydada rəsmi xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd edilən kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-6005/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 65 saylı kredit müqaviləsinə əsasən 85.512,67 manat əsas borc, 47.453,49 manat faiz borcu və 5.000 manat dəbbə pulu olmaqla, cəmi 137.966,16 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətləri işə borc məbləğlərinin düzgün hesablanmadığı, əsassız olaraq ondan cərimə borcunun tutulduğu və məhkəmə iclasında onun iştirakının təmin edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olman işə baxılmasını mükün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilmədiyindən, qətnamə iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. İş materiallarında olan № 65 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeharasında illik 20% olmaqla 36 ay müddətə cavabdehə 86.500 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İşdə olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 3.214,65 manat olmaqla xx.xx.2016-cı il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək hesablanmış 85.512,67 manat əsas borcu, 79.135,07 manat faiz borcu və 28.086,45 manat cərimə borcu olmaqla, cəmi 192.734,19 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixədək (müqavilənin müddətinədək) 85.512,67 manat əsas borcu, 47.453,49 manat faiz borcu və 15.634,14 manat cərimə olmaqla, cəmi 148.600,30 manat borcu olmuşdur. Birinci instansiya məhkəməsi sonuncu maliyyə arayışına uyğun olaraq cavabdehdən əsas və faiz borcunun tutulmasını qət etmişdir. Kollegiya aşağıdakılara əsasən məhkəmənin qeyd edilən borcun tutulması tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinəəsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinəəsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisələndirilməyən faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq öhdəliyi götürmüşdür. İddiaçı bank müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini icra etmiş, müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə ödəmişdir. Cavabdeh isə kredit müqaviləsi üzrə öhdəliklərini qismən icra etmiş, sonra isə Bankın dəfələrlə xəbərdar etməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçı banka əsas, faiz və dəbbə pulu üzrə borcu yaranmışdır. İşin mübahisələndirilən halı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi borcu hesablayarkən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına istinad etmiş, apellyator isə apellyasiya şikayətində borcun şişirdildiyini və düzgün hesablanmadığını olduğunu iddia etmişdir. Yaranmış vəziyyətdə sözügedən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka 69 158,60 manat əsas və 27 501,41 manat faiz borcu olmaqla, ümumilikdə 96 660,01 manat borcu vardır. xx.xx.2018-ci il tarixə isə 69 158,60 manat əsas və 66 337,81 manat faiz borcu olmaqla, ümumilkdə 135 496,41 manat borcu vardır. Ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış əsas və faiz borcu məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən faiz borcundan azdır. Ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Belə olan halda, əsas və faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həcmdə müəyyən edilməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya apellyatorun cərimə borcundan azad edilməli olması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, işə baxan məhkəmə apellyatordan tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddə qədər azaltmışdır, cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-6005/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən 85512,67 manat əsas və 47453,49 manat faiz borcunun tutulması hissəsində dəyişdirilsin. CavabdehLəğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 69158,60 (altmış doqquz min yüz əlli səkkiz manat 60 qəpik) manat və faiz borcu 27 501,41 (iyirmi yeddi min beş yüz bir manat 41 qəpik) manat, cəmi borcun məbləği 96660,01 (doxsan altı min altı yüz altımış manat 1 qəpik) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 145 (yüz qırx beş) manatın 100 (yüz) manatı Ləğv prosesində olan İddiaçı ASC-dən, 45 (qırx beş) manatı isə Cavabdehtutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Xumar Mərdanova Məmməd Məmmədov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-199/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-199/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver