Məhkəmə qərarları › İş №2(103)-1996/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1996/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1996/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər X7, Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər X7, Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-343/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 21 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 33 000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.9 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzili (RX seriyalı, ******* nömrəli, **********08-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir.

3. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin - faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı BOKT ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 8542.99 ABŞ dolları əsas, 767.81 ABŞ dolları hesablanmış faiz, 17990.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 27300.89 ABŞ dolları kredit borcunun və 229.24 manat ödənilmiş dövlət rüsumunun tutulması; Kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.4 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzilə (RX seriyalı, ******* nömrəli, **********08-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi; Əmlakın dəyərinin 60 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi; Mənzildə yaşayanların - Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 21 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 33 000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsinin təminatı kimi xx.xx.2015- ci il tarixli, 0075/15/PB saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.4 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzili (RX seriyalı, ******* nömrəli, **********08- 05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Həmçinin tərəflər arasında xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 BOKT-a xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 8542.99 ABŞ dolları əısas, 767.81 ABŞ dolları hesablanmış faiz, 17 990.09 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 27 300.89 ABŞ dolları manat kredit borcu mövcutdur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. xx.xx.2018-ci il tarixli, 02/18/PB saylı İpoteka müqaviləsinə əsasən əmlakın dəyəri 47 000 manat dəyərində qiymətləndirilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən Forma 2 arayışından da görünür ki, ipoteka predmeti olan mənzildə - mülkiyyətçi ilə yanaşı ailə üzvləri, Cavabdeh2 Bayrm oğlu, Cavabdeh3, X9, Cavabdeh4 və Cavabdeh5 yaşamaqdadır.

6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-343/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 8542,99 (səkkiz min beş yüz qırx iki dollar 99 sent) ABŞ dolları məbləğində əsas borc, 767,81 (yeddi yüz altmış yeddi dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 932 (doqquz yüz otuz iki) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10242,8 (on min iki yüz qırx iki dollar səksən sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı kredit borcu və 229,24 (iki yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun X3 və Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 10242,8 (on min iki yüz qırx iki dollar səksən sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 229,24 (iki yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı BOKT ASC-yə ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin X7 və Cavabdeh2 alınaraq ““X10” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 17990.09 ABŞ dolları məbləğində dəbbə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbənin 17990.09 ABŞ dolları məbləğində deyil, 932 manat ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayır. Mülki Məcəllənin 467ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 317.1, 319.1, 385.1, 442, 443.1, 462.1, 467, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3, 59.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-343/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin dəbbə pulu borcu hissəsində tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Cavabdehlə bağlanan müqavilədə kredit borcuna görə dəbbə pulunun hesablanma qaydası yazılı şəkildə müəyyən edilmişdir. Həmçinin yuxarıda göstərilən pozuntu Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbini də pozmuşdur. Həmin maddəyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərəflərin iradə ifadəsini əks etdirən, notariat orqanı tərəfindən təsdiq edilən, müqavilənin nəzərə alınmadan dəbbə pulunun azaldılması mülki qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Mülki Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 462.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Həmin Məcəllənin 463.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. (Maddə 463.2)

18. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin dəbbə pulu borcu hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin dəbbə puluna aid təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəbbə pulunun məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, İddiaçı BOKT ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 8542.99 ABŞ dolları əsas, 767.81 ABŞ dolları hesablanmış faiz, 17990.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 27300.89 ABŞ dolları kredit borcunun və 229.24 manat ödənilmiş dövlət rüsumunun tutulması; kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.4 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzilə (RX seriyalı, ******* nömrəli, **********08-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi; Əmlakın dəyərinin 60 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi; Mənzildə yaşayanların - Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. İddia tələbi dəbbə pulu borcunun tutulması hissəsində qismən təmin edilmişdir.

26. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini dəbbə puluna aid hissədə mübahisələndirərək, tərəflər arasında bağlanmış müqavilənin pozulmasına görə 17990.09 ABŞ dolları hesablanmış dəbbə pulunun cavabdehlərdən tutularaq, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

27. İddiaçı apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə dəbbə pulunun hesablanması qaydası nəzərdə tutulmuş, bu səbəbdən məhkəmə tərəfindən tələb edilən dəbbə pulu borcunun azaldılması qanunvericiliyin tələbinə ziddir.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 33000 ABŞ dolları borc verilmişdir. 8542.99 ABŞ dolları borcun ödənilməsinin gecikdirilməsinə görə 17990.09 ABŞ dolları dəbbə pulunun tutulması cavabdehin əmlak mənafeyinə xələl gətirilməsi ilə nəticələnə bilər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəbbənin 17990.09 ABŞ dolları məbləğində deyil, 932 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayması ilə bağlı mövqeyini ədalətli hesab edir.

30. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən dəbbə pulunun tələb edilən məbləğdə tutulmayacağı təqdirdə əmlak mənafelərinə zərər dəyəcəyi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının Plenumunun 15 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, habelə bu hüquq normasının analogiya əsasında tətbiq edilməsi məsələsini təhlil edərkən, hər hansı bir hüquq normasının fərqli cins (generic) əlamətləri olan ictimai münasibətlərə, habelə fərqli prinsiplərə əsaslanan hüquq münasibətlərinə qanunun analogiyası əsasında tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edir. Mülki qanunvericilik mülki hüququn sahədaxili münasibətlərində qanunun və hüququn analogiyasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsində isə göstərilir ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Mülki hüquq münasibətləri əsasən tərəflərin iradələrinin bərabərliyinə əsaslanan hüquq münasibətləridir. Məhz ona görə mülki münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Belə münasibətlərin tənzimlənməsində qanunun və ya hüququn analogiya əsasında tətbiqi pozitiv funksiya daşıyır və mülki hüquq münasibətləri subyektlərinin maraqlarına zidd və etirazına səbəb olmur. Hüquqi məsuliyyətlə əlaqəli münasibətlərdə isə qanunun və ya hüququn analogiyasının tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 13.5-ci maddəsində cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz qadağası qoyulmuşdur.

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-343/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar