Məhkəmə qərarları › İş №2(103)-1997/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1997/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1997/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 05 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 5.535,10 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (Birliyə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən küçəsində yerləşən 422 №-li evdə yaşayan cavabdeh ilə iddiaçı Birlik arasında 13.03.2020-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 07-17 nömrəli müqaviləyə əsasən Birlik cavabdehə məxsus həmin yaşayış sahəsini təbii qazla təchiz etmişdir. Bununla əlaqədar olaraq cavabdehə **********0000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********83 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1” 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl qaz xəttinə özbaşına olaraq qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri qaz xəttinə və sayğaca baxış keçirən zaman bu faktı aşkar etmiş, bu halı təsbitləyən foto çəkilişlər çəkmiş, müvafiq olaraq “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 19.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 801,60 manat, 26.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 415 manat, 30.03.2018-ci il tarixli, 580909 saylı akt əsasında 215 manat, 25.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 174,60 manat, 29.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 23.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, 28.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, 28.12.2018ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 396 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 13.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat, 30.06.2020-ci il tarixli, ******* saylı akt əsasında 684 manat, 30.07.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, cəmi isə 5271,10 manat məbləğində Birliyə ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 82,30 manat, əvvəlki illərdən isə 181,70 manat borcu qalmışdır. Cavabdehin iddiaçı Birliyə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumilikdə 5.535,10 manat təşkil edir. Birliyin nümayəndələri tərəfindən cavabdehə yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün Birlik iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə 222,70 manat və ödənilmiş dövlət rüsumun bir hissəsinin – 1,20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, təbii qazdan sayğacdan kənar, yəni qanunsuz olaraq istifadə etmiş cavabdeh iddiaçı Birliyə ziyan vurmuşdur. Bu hal işdə olan sənədlər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsi iddia tələbinin bir qismini qanunsuz olaraq təmin etməmişdir. İş üzrə iddiaçı Birliyin nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbinin bir qismi təmin edilsə də, iş üzrə cavabdeh qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti iddiaçı Birlik vermişdir. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik, yalnız iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır və yalnız bu nəticəni mübahisələndirir. Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “Təbii X1 pozulması haqqında” 19.01.2018-ci il tarixli akta əsasən cavabdehə hesablanmış 801,60 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbi təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək qeyd edilən tələb təmin edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə isə dəyişdirilmədən saxlanımalıdır. Belə ki, iddiaçı Birlik ilə cavabdeh arasında 13.09.2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 07-17 saylı müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı Birlik cavabdehin yaşadığı yaşayış sahəsini təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı Birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini Birliyə ödəməyi öhdələrinə götürmüşlər. Bununla əlaqədar olaraq cavabdehə **********0000 nömrəli abonent kodu verilmişdir. Birlik tərəfindən cavabdehə aid tərtib edilmiş “Abonent saldosundan” görünür ki, 2010-cu il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 152 kub.m, sərfin məbləği 15,20 manat, ödəniş 5 manat, 2011-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 816 kub.m, sərfin məbləği 81,60 manat, ödəniş 20 manat, 2012-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 736 kub.m, sərfin məbləği 73,60 manat, ödəniş 5 manat, 2020-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfinin məbləği 82,30 manat təşkil edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş 19.01.2018, 26.02.2018, 30.03.2018, 25.04.2018, 29.05.2018, 29.06.2018, 23.07.2018, 28.08.2018, 28.09.2018, 31.10.2018, 30.11.2018, 28.12.2018, 31.01.2019, 28.02.2019, 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019, 31.07.2019, 30.08.2019, 30.09.2019, 30.10.2019, 29.11.2019, 30.12.2019, 30.01.2020, 28.02.2020, 13.03.2020, 30.06.2020 və 30.07.2020-ci il tarixli “Təbii X1 pozulması haqqında” aktlardan görünür ki, iddiaçı Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulmanın mövcud olduğu aşkar edilmişdir. Aktlardan görünür ki, aktlar cavabdehin iştirakı olmadan tərtib edilmiş, aktlarda cavabdehin imzası yoxdur. İş materiallarından görünür ki, Birliyin əməkdaşları ilk dəfə qaz xəttinə sayğacdan kənar qoşulma xəttini aşkar etdikdən sonra onu ləğv etmiş, bu halı aktlaşdırmış və müvafiq fotoşəkillər çəkmişlər. Sayğacdan kənar olan digər tarixlərdə aşkar edilmiş qanunsuz xətlərin ləğv edilməsi barədə işdə aktlar yoxdur. Bunu nəzərə alan Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və fotoşəkillər ilə 19.01.2018-ci il tarixli akt əsasında cavabdehin qazdan qeyri qanuni istifadə etməsi faktı öz təsdiqini tapır. Digər tarixli aktlarda qeyd edilən faktlar isə öz təsdiqini tapmır. Belə olan halda yalnız 19.01.2018-ci il tarixli akt sübut kimi qəbul edilməli və bu akt əsasında cavabdehə hesablanmış 801,60 manat məbləğində əlavə sərfiyyat cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, digər aktlar isə əsassız hesab edilməlidir. Belə ki, MPM-nin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2.). Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı Birlik öz mövqeyini 19.01.2018-ci il tarixli akta münasibətdə kifayət qədər sübuta yetirsə də, digər aktlara münasibətdə sübuta yetirə bilmir. İkinci növbədə sübutetmə yükünü daşıyan cavabdeh isə əksinə, 19.01.2018-ci il tarixli akta münasibətdə sübuta yetirə bilməsə də, digər aktlara münasibətdə sübuta yetirə bilir. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi “Təbii X1 pozulması haqqında” 19.01.2018-ci il tarixli akta əsasən cavabdehə hesablanmış 801,60 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbi təmin etməklə işin hallarına uyğun olmayan və səhv nəticəyə gəlmiş, digər aktlar əsasında cavabdehə hesablanmış əlavə sərfiyyatın tutulmaması barədə tələbi təmin etməməklə əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 05 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “Təbii X1 pozulması haqqında” 19.01.2018-ci il tarixli akta əsasən cavabdehə hesablanmış 801,60 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbi təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək qeyd edilən tələb təmin edilsin. Cavabdeh təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 801 (səkkiz yüz bir) manat 60 (altmış) qəpik məbləğində borc İddiaçı xeyrinə tutulsun. Binəqədi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qətnamənin “təbii qazdan istifadəyə görə 222 (iki yüz iyirmi iki) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumun bir hissəsinin – 1 (bir) manat 20 (iyirmi) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi” barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar