Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1998/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3182/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit üzrə yaranmış borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1898,93 ABŞ dolları əsas, 541,59 ABŞ dolları faiz, əsas borca illik 5 faiz hesablanmış 273,52 ABŞ dolları borcun, 1083,70 ABŞ dolları cərimə olmaqla, cəmi 3797,74 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3182/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1898 ABŞ dolları, 93 sent əsas, 541 ABŞ dolları, 59 sent faiz, 180 ABŞ dolları cərimə, əsas borca illik 5 faiz hesablanmış 273 ABŞ dolları, 52 sent olmaqla, cəmi 2894 ABŞ dolları, 04 sent məbləğində pul vəsaitinin ödəniş gününə olan manat məzənnəsi ilə pul və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Cavabdehlər apellyasiya şikayəti verməmişlər. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi iddia tələbini 1083,70 ABŞ dolları məbləğində cərimə borcu hissədə təmin etməməkdə haqlı olmamışdır. Bu səbəbdən, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 012 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 24 faiz ödənilməsi şərtilə 20 ay müddətinə 2770 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Babayev İbrahim Böyükkişi oğlu arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, İddiaçı ASC qarşısında borcalan Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Borclu Məmmədov Rəşad Məzahir oğlunun xx.xx.2020-ci il tarixli, **********270 saylı maliyyə arayışına görə banka əsas borcu 1898,93 ABŞ dolları, faiz borcu 541,59 ABŞ dolları, illik 5% olmaqla 273,52 ABŞ dolları, cərimə borcu 1083,70 ABŞ dolları olmaqla, cəmi 3797,74 ABŞ dolları borcu mövcuddur. Cavabdehlərə göndərilmiş xx.xx.2020-ci il tarixli, **********282 nömrəli bildirişə əsasən borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin 1083,70 ABŞ dolları cərimə borcu hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı rayon məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin 1083,70 ABŞ dolları cərimə borcu hissəsində mübahisləndirmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini ödəməlidir. Həmin Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi əsas borc 1898.93 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1083,70 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək və həmin dəbbə pulunu azaldaraq 180 ABŞ dolları müəyyən etməkdə haqlı olduğundan iddiaçının apellyaya şikayətinin həmin dəlili əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, iddiaçı qətnaməni yalnız 1083,70 ABŞ dolları cərimə borcu hissəsində mübahisələndirdiyindən, həmin məbləğ də (Mərkəzi Bankın xx xxxx 2021-ci il tarixli məzənnəsinə əsasən manat) manat təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3182/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1998/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1998/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver