Məhkəmə qərarları › İş №2(103)-2/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2/2025

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2/2025 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh2 Mirəli oğlu və Bakı Şəhəri * saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2018-ci il tarixli qətnamədən cavabdeh cavabdeh2 Mirəli oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə bağlanmış və Bakı Şəhəri * saylı Notariat Ofisi tərəfindən həmin tarixdə rəsmiləşdirilərək, 3M-873 nömrə altında reyestrdə qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh cavabdeh2 əsassız şikayəti əsasında iddiaçıya guya cavabdeh2 məxsus 790.647 manat məbləğində pulun guya onun tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsinə görə ona qanunsuz ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı, ittihamın tam əsassız olmasını sübuta yetirsə də, ona bildirilmişdir ki, həmin məbləğ ödənilməsə, o azadlığa buraxılmayacaq. İddiaçı da məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəmək qərarına gəlmişdir. Həmin məbləğ iddiaçının qohumları tərəfindən tam şəkildə cavabdeh2 ödənilsə də, sonuncu ondan daha çox pul almaq üçün şikayətlərini geri götürməmiş, dəfələrlə telefonla danışaraq şikayətinin olmaması haqqında ərizə yazmasını, həbsdən çıxandan sonra aralarında olan pul haqq-hesabını təzədən müzakirə edərək kimin kimə borclu olmasını dəqiqləşdirməyi təklif etməsinə baxmayaraq, cavabdeh2 isə aralarında olan haqq-hesaba aydınlıq gətirənə qədər onunla formal borc müqaviləsi bağlamağı və məhz bundan sonra şikayətinin olmamasını məhkəməyə bildirəcəyini şərt kimi irəli sürmüş, məcbur qalıb bununla razılaşmışdır. ##.##.2017-ci il tarixdə iddiaçı azadlığa çıxmış, təxminən 1 aya yaxın müddət ərzində müalicə almış və ##.##.2017-ci il tarixdə, iddiaçı, yuxarıda qeyd edilən və cavabdeh2 tərəfindən ona guya 980.000 ABŞ dolları məbləğində pulun ##.##.2018-ci il tarixədək qaytarılması şərti ilə borc verilməsi haqqında uydurma “Kredit müqaviləsini” cavabdeh2la bağlamışdır. Əslində isə cavabdeh2 tərəfindən iddiaçıya hər hansı məbləğdə borc verilməmişdir. Müqavilənin uydurma xarakter daşıması həmçinin onunla da, təsdiq edilir ki, bir şəxs tərəfindən dələduzluğa məruz qalan insanın həmin şəxsə 980.000 ABŞ dolları məbləğində borc verməsi inandırıcı deyil. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, qeyd edilən müqavilə etibarsız hesab edilməlidir. b) cavabdehlərin iddia tələbinə dair münasibətləri haqqında məlumat

3. Cavabdeh cavabdeh2 vəkili (nümayəndəsi) vəkil1 iddia tələbinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia tələbi heç bir sübuta əsaslanmır. İddiaçı, qeyd edilən “Kredit müqaviləsinin” cavabdeh cavabdeh2 tərəfindən ona təsir etməsi nəticəsində bağlandığını bildirsə də, təsirin nədə ifadə edilməsini açıqlamır. Nəzərə alınmalıdır ki, həmin müqavilə Notariat Ofisində bağlanmışdır və bu zaman təsirin edilməsi mümkün ola bilməzdir. Müqavilə etibarlıdır və müqavilə, onda əks olunmuş niyyətlə bağlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir.

4. Digər cavabdeh * saylı Notariat Ofisi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə almış Rayon Məhkəməsi işə Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2018-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən müəyyən edilir ki, (hazırki iş üzrə iddiaçı) İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (hazırki iş üzrə cavabdeh) cavabdeh2 və başqaları zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışlar. Həmin cinayət işinə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə İddiaçı müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmdən cavabdeh2 və başqalarının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri əsasında cinayət işinə baxılması zamanı apellyatorlar məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizələrlə müraciət edərək, İddiaçı qohumlarının onlara dəymiş maddi zərəri tam olaraq ödədiklərini, bu səbəbdən ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Bakı Apellyasiya Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti azaldılmış və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə bağlanmış “Kredit müqaviləsində” qeyd edilən borc məbləği cavabdeh2 tərəfindən iddiaçıya faktiki olaraq verilməmiş, müqavilə, onun tərəfləri olan şəxslər arasında real borc münasibətini deyil, əvvəlki maliyyə münasibətlərinin aydınlaşdırılması başa çatanadək təminat xarakterli razılaşmanı əks etdirmişdir. Buna görə də, müqavilə etibarsız hesab edilməlidir. d) yuxarı instansiya məhkəmələri tərəfindən hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktları haqqında məlumat

7. Cavabdeh cavabdeh2 həmin qətnamədən verdiyi və əsasları onun vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2018-ci il tarixli qətnamə (iş № *(103)-12267/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

8. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır. Rayon Məhkəməsi işin hallarını və tərəflər arasında yaranmış hüquq münasibətlərini düzgün müəyyən etmiş, onlara qanuni və əsaslı hüquqi qiymət vermişdir.

9. Cavabdeh cavabdeh2 həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qərarla (iş № *(102)-4496/2019) qərarla kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.

10. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsalndırmışdır ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri (hazırki iş üzrə iddiaçı) İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (hazırki iş üzrə cavabdeh) Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2016-cı il tarixli hökmü və Bakı Apellyasiya Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarixli qərarını əsas götürüb hazırkı mülki iş üzrə yuxarıda qeyd edilən nəticəyə gəlsələr də apellyasiya instansiyası məhkəməsinin həmin qərarı sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Cinayət işinə apellyasiya qaydasında yenidən baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2018-ci il tarixdə qəbul etdiyi qərarı (İş № *(103)-1601/2018) ilə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməklə, barəsində axtarış elan edilmiş, tutulub həbsə alınanadək isə iş üzrə icraat dayandırılmışdır. İddiaçı İddiaçı barəsində Cinayət Məcəlləsinin “Külli miqdarda ziyan vurmaqla dələduzluq” adlı 178.3.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işi hazırda Bakı Apellyasiya Məhkəmənin Cinayət Kollegiyasının icraatındadır. Həmin cinayət işinin hallarından və İddiaçı qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, əgər ittiham sübuta yetərsə və iş üzrə İddiaçı barəsində ittiham hökmü qəbul edilərsə, hökm hazırki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə qərarına təsir göstərə bilər. Buna görə də, həmin cinayət işi üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minməyəcən hazırkı mülki mübahisəni həll etmək mümkün deyil. e) yeni apellyasiya icraatı haqqında məlumat

11. Hazırkı mülki işə yuxarıda qeyd edilən səbəbə görə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – məhkəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən qərarında göstərilənləri nəzərə alaraq iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraatı iddiaçı İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır.

12. İddiaçı hazırda da axtarışdadır və cinayət işi üzrə icraat həmin səbəbdən dayandırılmışdır.

13. Ötən müddət ərzində mülki iş üzrə icraat da dayandırılmış qalmışdır.

14. Məhkəməyə daxil olmuş məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına getmiş, həmin dövlətin vətəndaşlığını qəbul etmiş, bununla əlaqədar cinayət işi üzrə yekun məhkəmə aktının qəbul edilməsi uzun müddət ərzində mümkün olmamışdır.

15. Göstərilənləri, habelə hazırkı mülki iş üzrə icraatın qeyri-müəyyən müddət ərzində dayandırılmış vəziyyətdə saxlanılmasını tərəflərin hüquqi vəziyyətinin davamlı qeyrimüəyyən qalmasına səbəb olmasını nəzərə almış Məhkəmə işə, işdə olan sübutlar əsasında baxmaq qərarına gəlmiş və iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla iş üzrə icraatı öz təşəbbüsü ilə təzələmişdir.

16. İşdə olan sübutlar və iş üzrə tərəflərin məhkəmələrə verdikləri şifahi və yazılı məlumatlar əsasında işə baxan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia isə təmin edilməməlidir.

17. Belə ki, iş üzrə tərəflər yeni apellyasiya baxışı iclaslarında iştirak etməsələr, iş üzrə yazılı mülahizələrini Məhkəməyə təqdim etməsələr də işdə olan sənədlərdən görünür ki, iddiaçının cavabdeh cavabdeh2 və başqalarının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsi, iddiaçının barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi, Bakı Apellyasiya Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2017-ci il tarixli qərarı ilə ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzasının müddətinin azaldılması və iddiaçının məhkəmə iclas zalından həbsdən azad edilməsi, bundan təxminən 1 ay sonra, yəni ##.##.2017-ci il tarixdə, “borcalan” olaraq iddiaçı ilə “borcverən” olaraq cavabdeh2 arasında 980.000 ABŞ dolları məbləğində pulun ##.##.2018-ci il tarixədək qaytarılması şərti ilə borc verilməsi haqqında “Kredit müqaviləsinin” bağlanması işin mübahisəsiz halını təşkil edir.

18. Müqavilədə “borcalan” kimi qeyd edilmiş iddiaçı bildirir ki, o, ##.##.2017-ci il tarixdə azadlığa çıxmış, təxminən 1 aya yaxın müddət ərzində müalicə almış və ##.##.2017ci il tarixdə, o, cavabdeh2 tərəfindən ona guya 980.000 ABŞ dolları məbləğində pulun ##.##.2018-ci il tarixədək qaytarılması şərti ilə borc verilməsi haqqında “Kredit müqaviləsini” cavabdeh2la bağlamışdır. Əslində isə cavabdeh2 tərəfindən ona hər hansı məbləğdə borc verilməmişdir. Müqavilənin uydurma xarakter daşıması həmçinin onunla da, təsdiq edilir ki, bir şəxs tərəfindən dələduzluğa məruz qalan insanın həmin şəxsə 980.000 ABŞ dolları məbləğində borc verməsi inandırıcı deyil. Göstərilənlərə əsasən həmin müqavilə etibarsız hesab edilməlidir.

19. Cavabdeh cavabdeh2 iddia tələbinə qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, iddia tələbi heç bir sübuta əsaslanmır. İddiaçı, qeyd edilən “Kredit müqaviləsinin” cavabdehin (cavabdeh2) tərəfindən ona təsir etməsi nəticəsində bağlandığını bildirsə də, təsirin nədə ifadə edilməsini açıqlamır. Nəzərə alınmalıdır ki, həmin müqavilə Notariat Ofisində bağlanmışdır və bu zaman təsirin edilməsi mümkün ola bilməzdir. Müqavilə etibarlıdır və müqavilə, onda əks olunmuş niyyətlə bağlanmışdır. Buna görə də iddia əsassız hesab edilməlidir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsi iddianı təmin edərkən əsasən belə nəticəyə gəlmişdir ki, qeyd edilən “Kredit müqaviləsi” tərəflər arasında real borc münasibətini rəsmiləşdirmək məqsədilə bağlanmamış, həmin müqavilə iddiaçı barəsində aparılan cinayət təqibi ilə əlaqədar formal xarakter daşımış, müqavilədə göstərilən 980.000 ABŞ dolları məbləğində pul vəsaiti isə iddiaçıya faktiki verilməmişdir.

21. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmır. Çünki həmin nəticə iş üzrə araşdırılmış sübutların məcmusundan deyil, əsasən iddiaçının izahatından və ehtimal xarakterli mülahizələrdən irəli gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

22. Hazırkı iş üzrə iddiaçı müqavilənin yalnız formal xarakter daşıdığını, cavabdeh cavabdeh2 faktiki olaraq pul almadığını və müqavilənin cinayət işi üzrə razılaşmanın tərkib hissəsi olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər, kifayət qədər və qanunla yol verilən sübutlar təqdim etməmişdir.

23. İddiaçının bu kimi izahatı digər sübutlarla təsdiq olunmadığı halda, özlüyündə müqavilənin etibarsız hesab olunması üçün kifayət edən sübut sayıla bilməz. Məhkəmə hər bir sübutu onun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və digər sübutlarla qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməlidir (MPM; maddə 88.). Rayon Məhkəməsi isə bu tələbə riayət etməmiş, iddiaçının izahatına üstünlük verməklə yanaşı, həmin izahatı təsdiq edən obyektiv sübutların mövcudluğunu müəyyən etməmiş, cavabdehin etirazlarını və iş üzrə digər sübutları isə qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Nəticədə sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi təmin edilməmişdir.

24. Bundan başqa, Rayon Məhkəməsi tərəflər arasında əvvəllər mövcud olmuş cinayət-hüquqi münasibətləri mübahisəli müqavilənin etibarsızlığı üçün həlledici əsas kimi qiymətləndirmişdir. Halbuki tərəflər arasında cinayət təqibinin aparılması və ya əvvəllər mübahisəli münasibətlərin mövcud olması özlüyündə sonradan bağlanmış mülki-hüquqi müqavilənin etibarsızlığı barədə nəticəyə gəlmək üçün hüquqi əsas təşkil etmir. Əqdin etibarsızlığı yalnız Mülki Məcəllədə nəzərdə tutulmuş əsasların mövcudluğu sübuta yetirildiyi halda müəyyən edilə bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün tərəflərin qarşılıqlı və bir-birini tamamlayan iradə ifadələri tələb olunur (maddə 324.2.).

26. İddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2017-ci il tarixdə notariat qaydasında bağlanmış “Kredit müqaviləsinın” etibarsız hesab edilməsi yalnız qanunda birbaşa nəzərdə tutulmuş əsasların mövcudluğu sübuta yetirildiyi halda mümkündür.

27. Əqdin etibarsızlığı yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda müəyyən edilə bilər (Mülki Məcəllə; maddə 337.1.). İddiaçı həmin müqavilənin etibarsızlığını onun formal xarakter daşıması, kredit məbləğinin faktiki verilməməsi və müqavilənin cinayət işi ilə bağlı razılaşmanın tərkib hissəsi olması ilə əsaslandırsa da həmin halların heç biri iş üzrə araşdırılmış sübutların məcmusu ilə təsdiq olunmur. Bu səbəbdən, müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337.1-ci maddəsinin tətbiqini şərtləndirən hüquqi faktlar müəyyən edilmir.

28. İddiaçı faktiki olaraq müqavilənin yalnız görünüş naminə bağlandığını bildirməklə Mülki Məcəllənin 340.1-ci maddəsində nəzərdə tutulmuş uydurma əqd institutuna istinad etmişdir. Həmin normaya əsasən əqdin uydurma hesab edilməsi üçün müqavilə bağlandığı anda hər iki tərəfin ümumi iradəsinin hüquqi nəticə yaratmamağa yönəlməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə cavabdehin belə iradəyə malik olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. İddiaçının sonradan verdiyi izahat həmin nəticəyə gəlmək üçün kifayət etmir.

29. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd yalan əqd hesab olunur.

30. Hazırkı iş üzrə iddiaçı müqavilənin cinayət işi ilə bağlı razılaşma məqsədi ilə bağlandığını göstərsə də, müqavilənin hansı konkret hüquqi münasibəti pərdələdiyini, həmin münasibətin məzmununu və tərəflərin həqiqi iradəsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda həmin normanın tətbiqi üçün də hüquqi əsas müəyyən edilmir.

31. Mülki Məcəllənin 339-cu maddəsində nəzərdə tutulmuş aldatma, zorakılıq, hədə, nümayəndənin pis niyyətli razılığı və ya şəxsin ağır vəziyyətindən istifadə olunması halları da iş materialları ilə təsdiq edilmir. İddiaçı müqaviləni bağlayarkən iradəsinin sərbəst formalaşmadığını göstərsə də, həmin halı təsdiq edən obyektiv sübutlar təqdim etməmişdir. Bu baxımdan Mülki Məcəllənin 339-cu maddəsinin tətbiqi üçün də hüquqi əsaslar mövcud deyildir.

32. Məhkəmə nəzərə alır ki, mübahisəli müqavilə notariat qaydasında təsdiq edilmiş mülki-hüquqi əqddir. Belə müqavilə mütləq etibarlı hesab edilməsə də, onun etibarsızlığı barədə nəticəyə yalnız qanunda nəzərdə tutulmuş əsaslar tam və mötəbər sübutlarla təsdiq edildikdən sonra gəlmək mümkündür. Hazırkı iş üzrə isə həmin əsasların mövcudluğu müəyyən edilməmişdir.

33. Beləliklə, iş üzrə araşdırılmış sübutlar iddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış “Kredit müqaviləsinin” Mülki Məcəllənin 337, 339 və 340-cı maddələrində nəzərdə tutulmuş əsaslarla etibarsız hesab edilməsinə imkan vermir. Rayon Məhkəməsi əks nəticəyə gələrkən müqavilənin etibarsızlığı üçün zəruri olan hüquqi faktların mövcudluğunu tam və hərtərəfli araşdırmamış, nəticədə maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına düzgün tətbiq etməmişdir.

34. Buna görə də, Məhkəmə, cavabdeh apellyasiya şikayətinin Rayon Məhkəməsi tərəfindən işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, sübutları düzgün qiymətləndirilməməsi barədə dəlillərini əsaslı hesab edir.

35. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər iş materialları ilə təsdiq olunduğundan, Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir.

36. Bunlarla yanaşı Məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər müqavilədə nəzərdə tutulmuş borc məbləği borcalana verilməyibsə bu hal kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas kimi çıxış edə bilməz. Bu halın mövcudluğu kredit müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsas ola bilər. f) apellyasiya baxışının nəticəsi

37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızıdır. Rayon Məhkəməsinin iddianın təmin edilməsi haqqında nəticəsi səhvdir və işin hallarına, habelə iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla formal mülahizə xarakteri daşımırlar. Qeyd edilən halların mövcudluğu isə MPM-in 385.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir.

38. Buna görə də, Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları isə onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

39. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər cavabdeh2 Mirəli oğlu və Bakı Şəhəri * saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. İddiaçı İddiaçı İsa hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar