Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2001/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1428/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin evini təmir etməsi nəticəsində iddiaçıya vuruduğu ziyanın dəyəri olaraq 5000 manat və vəkilə ödənilmiş xidmət haqqı olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2 ildən artıqdır ki, iddiaçının yaşadığı Bakı şəhəri Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60-cı mənzilin üzərində yerləşən 63 saylı mənzili almış və orada əsaslı təmir işləri aparır. Təmir işləri aparılarkən iddiaçıya məlum olmayan səbəblərdən onun mənzilinin sanitar qovşağına və mənzilin digər sahələrinə ciddi ziyan dəymişdir. İddiaçı cavabdehə və polis orqanına dəfələrlə dəymiş ziyanın aradan qaldırılması üçün müraciət etmişdir. Lakin cavabdeh tərəfindən mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1428/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2574 (iki min beş yüz yetmiş dörd) manat məbləğində maddi zərər, 103 (yüz üç) manat vəkil xərci tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 26 (iyirmi altı) manatı Cavabdeh, 24 (iyirmi dörd) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin vəkili Vəkil1 verdiyi apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini, yeni qətnamə çıxaralmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə 17.05.2021-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında suallar qoyulmuş, 09.09.2021-ci il tarixində də guya iş üzrə 10/2961 nömrəli ekspertiza “keçirilmişdir”. Lakin ekspertlərin cavablarından və 09.09.2021-ci il tarixli ekspertiza rəyindən də açıq və aydın şəkildə məlumdur ki, əslində həmin tarixdə cavabdehə məxsus mənzilin qapısının bağlı olması səbəbindən hər hansı birekspertiza baş tutmamışdır. Belə ki, 2021 il 12 iyul tarixli Yasamal rayonun məhkəməsindən adına göndərilmiş məktuba əsasən (əlavə olunur), 3 sentyabr saat 14.00 yerli baxış təyin edilib məndən həmin vaxt mənzilimdə olmağım xahiş edilmişdir. Ailə üzvləri vaxtında mənzilimə gəlmiş, lakin baxış üçün heç kim gəlməmişdir. Məktubda əlaqə üçün telefon nömrəsi də göstərilməmişdir. Bundan sonra ekspertiza başqa tarixə salınmış, lakin heç bir baxış barədə cavabdehə məlumat verilməmişdir. Buna görə, 9 sentyabr tarixli rəy şübhəlidir. Ümumiyyətlə, Cavabdeh artıq uzun müddətdir ki, AzərbaycanRespublikasının hüdudlarından kənarda yaşamaqdadır. Belə olduğu halda 09 sentyabr 2021-ci il tarixində ekspertizanın keçirilməsi qeyri-mümkündür. Sözü gedən mülki işin ədalətli həllinə yönələn bəzi sualların ekspert tərəfindən cavablandırılmaması da həmin tarixdə məhkəmə tikinti-texniki ekspertizasının keçirilmədiyinin bariz nümunəsidir. Belə ki, cavabdehə məxsus yaşayış mənzilinin yanından keçən MTK-ya məxsus ümumi köməkçi su və kanalizasiya borularının texniki şərtləri ilə tanış olunubolunmadığı, əgər tanış olunubsa texniki şərtin niyə ekspertiza rəyinə əlavə olunmadığı, su və kanalizasiya borularına hansı texniki cihazlarla baxış keçirildiyi və iddiaçıya məxsus 60 saylı mənzilə konkret olaraq hansı borudan suyun axdığı kimisuallar ekspert tərəfindən cavablandırılmamışdır və bu hal Yasamal Rayon Məhkəməsi tərəfindən də gözardı edilərək müvafiq qətnamə qəbul edilmişdir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Cavabdeh məhkəmə prosesləri barədə məlumatlandırılmamışdır. İş materiallarında da cavabdehin məhkəmə prosesləri barədə məlumatlandırılmış cavabdehin məhkəmə prosesləri barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur və ola da bilməz. Məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, həmin maddə cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı vəyeri haqqındalazımi qaydada xəbərdar edilməsi”ilə şərtləndirir. İndiki halda isə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasından söhbət gedə bilməz və iş materiallarında da bun adair sübut yoxdur. Beləliklə birinci instansiya məhkəməsi, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmışdır. Bununla da, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olmasını nəzərdə tutan təməl prinsiplər pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2001/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli 10/2961 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 60 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 63 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 60 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma və 63 saylı mənzildə aparılmış təmir işləri nəticəsində yarandığını, eləcə də "xxxx" MTKnın əməkdaşları və Yasamal RPİ-nin 26-cı polis sahə rəisi tərəfindən, 15 noyabr 2020-ci il tarixində tərtib etdiyi aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 63 saylı mənzildən su axıdıldığı, həmçinin aparılmış təmir işləri nəticəsində 60 saylı mənzilin yaşayış otaqları, hamama, ayaqyolu, dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirəcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2574 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq və ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə mənzilə dəymiş zərərə görə 2574 manat məbləğində pul vəsaiti tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətlərinə ümumlikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş materiallarında göründüyü kimi, məhkəmə cavabdehin məhkəməyə məlum olan sonuncu ünvanına və ona məxsus mobil nömrələrə “sms” xəbərdarlıq göndərməklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırmışdır. Həmçinin cavabdeh məhkəmənin sonuncu iclasında öz müdafiəçisi vasitəsi ilə təmsil olnmuşdur. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh mülki iş üzrə keçirilmiş ekspert rəyini mübahisələndirsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 5000 manat və vəkilə ödənilmiş xidmət haqqı olaraq 200 məbləğində pulun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə cavabdehdən 2574 (iki min beş yüz yetmiş dörd) manat məbləğində maddi zərər, 103 (yüz üç) manat vəkil xərcinin tutulmasını qət etmişdir. Hazırda cavabdeh iddia tələbinin təmin edilən hissəsini mübahisələndir. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1428/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1428/2021 saylı işi üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2001/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2001/2022
23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver