Məhkəmə qərarları › İş №2(103)-2003/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2003/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2003/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2003/2023 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri 07 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X10 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 2(001)-884/2022 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə 07 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 X3 mülkiyyətində olan Chevrolet Cruze minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə etibarnaməsi olmadan idarə edərkən törətdiyi və təqsirli bilindiyi inzibati xəta nəticəsində əvvəlcə özündən irəlidə, onun avtomobilindən isə arxada hərəkətdə olan X1 idarə etdiyi Ford Focus markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, toqquşmadan yaranan zərbənin təsirindən İddiaçı məxsus avtomobili vurmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin mart ayında təzə aldığı 2020ci il buraxılışlı, X17 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil seriya AD774546 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. O, xx.xx.2021-ci il tarixdə saat 07:40-da həmin avtomobili Bakı şəhəri Heydər Əliyev prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh2 mülkiyyətində olan Chevrolet Cruze minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən Cavabdeh1 yol şəraitinə uyğun olaraq lazımi ara məsafəsi saxlamadığı üçün əvvəlcə özündən irəlidə, onun avtomobilindən isə arxada hərəkətdə olan X1 idarə etdiyi Ford Focus markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan yaranan zərbənin təsirindən sonuncu avtomobil onun avtomobili ilə toqquşmuş və avtomobilinə ciddi zərər dəymişdir. Hadisə barədə səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə məlumat verilmişdir. Bakı şəhəri DYPİ Yol Patrul Xidməti Baş inspektoru polis kapitanı X12 TP4738892 saylı inzibati tənbeh vermə haqqında qərarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-03 nömrəli qərarı ilə təsdiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası uzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs Cavabdeh1dır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərin həcmi Kia Motors MMC-nin servis mərkəzi tərəfindən müəyyənləşdirilmiş və həmin servis mərkəzinin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği 5622,70 manat məbləğində qiymətləndirilmiş ehtiyat hissələrinə və xidmət haqqına endirim tətbiq olunmaqla, yekun zərər məbləği 4765 manat təşkil etmişdir. Cavabdeh1 mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti iki avtomobilə zərər dəydiyi üçün həmin zərər məbləğinin 2774,66 manat hissəsini ona ödəmiş, zərərin 1990,34 manat hissəsi isə ödənilməmişdir. Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyindən həmin avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 da ona vurulmuş zərərin əvəzinin ödənilməmiş qalan hissəsinə görə mülki məsuliyyət daşıyır. Ona vurulan maddi ziyan cavabdehlər tərəfindən ona ödənildikdən sonra o, təmirdən sonra qalan nəliyyat vasitəsinin ehtiyat hissələrini əvəzsiz olaraq cavabdehlərə verməyə hazırdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə saat 07:40-da Bakı şəhəri Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan 2020-ci il buraxılışlı, X17 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh2 və Cavabdeh1 1990,34 manatın və dövlət rüsumuna görə 40 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2022 nömrəli 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 1836,34 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1876,34 manat İddiaçı xeyrinə tutulması, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməçəsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3, 1114.1-ci maddələri, və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qimən ləğv edilməsi, iddia tələbinin tam təmin olunması, cavabdehlərin hər ikisindən iddia ərizəsində göstərilmiş məbləğdə ziyanın və dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş etmişdir.

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkan qərəzli olmuş, iddia tələbini yalnız zərərvuran maşının mülkiyyətçisinə münasibətdə təmin etmiş va delikt törədən Cavabdeh1 zərərin əvəzinin ödəmək vəzifəsindən qanunsuz azad etmişdir. Halbuki Cavabdeh1 vurduğu zərərə görə məsuliyyət daşıması Mülki Məcəllənin normaları ilə müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-nin Servis mərkəzi avtonəqliyyat vasitəsinə dəymiş zərəri qiymətləndirmiş və endirim məbləği tətbiq olunmaqla 4765 manat müəyyən edilmişdir. Eyni zamanda zərərvuran şəxsin mülki məsuliyyətini icbari qaydada sığorta edən "xxxx" ASC həmin zərər məbləğini ağlabatan hesab etmiş və müvafiq məbləğlə razılaşmışdır. Birinci instansiya məhkəməsi isə ona dəymiş real zərərin ödənilməsini təmin etməmişdir.

8. Qətnamədən, həmçinin, Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilərək vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarə etdiyi avtomobili faktiki olaraq etibarnamə üzrə almışdır. İnzibati xəta törədərkən etibarnamənin müddəti bitməsinə baxmayaraq onun faktiki sahibliyində olmuşdur. MM-nin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin mülkiyyətçisi hər hansı formada cavabdeh ola bilməz. Məhkəmədə vurulmuş zərərə görə Cavabdeh2 yox cavabdeh kimi onun üzərinə qoyulmalı idi. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində vurulmuş zərərin məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini asas sübut kimi qiymətləndırmişdir. Həmin rəydə göstərilir ki, nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Ona görə də sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı keçirilmir. Buradan aydin olur ki, zərər vurulmuş avtomobillər ekspertizaya təqdim olunan zaman artıq təmir edilmiş vəziyyətdə olublar və ona görə də konkret olaraq zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Ekspert təmir-bərpa xərcini müəyyən edərkən yalnız Kia Motors tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsaslanmışdır. Yəni, ekspert həqiqətən qüsur aktında göstərilənlərin mövcud olub-olmamasını müəyyən edə bilməyib. Belə olan halda ekspertin rəyini sübut kimi qəbul etmək yolverilməzdir. Bundan əlavə, məhkəmə qüsur aktında göstərilənlərin təmir-bərpası üçün zərərçəkmiş şəxs tərəfindən həqiqətəndə həmin avtoservisə 5622.70 manat pulu ödayib-ödəməməsini müəyyən etmək üçün ödənilmiş məbləğin kassa-madaxil qəbzini tələb etməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışı zamanı iddiaçı özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin veridiyi apellyasiya şikayətinə isə qismən etiraz edərək, onun qismən təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi-vəkili hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının veridiyi apellyasiya şikayətinə isə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. 13 İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

19. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

27. Belə ki, iş materiallarında olan AD N 774546 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2020-ci il buraxılışlı X17 minik markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

28. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə sığortaçı Azsığorta ASC ilə sığortalı X11 arasında ** TX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomobilin icbari sığorta növü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan müqavilə bağlanmışdır.

29. X1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Heydər Əliyev prospektində arxadan gələn Chevrolet markalı avtomobil onun avtonəqliyyat vasitəsini vurduğundan o da qarşıdakı Kia markalı avtomaşına dəymiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

30. İddiaçı Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə saat 07:40 radələrində Heydər Əliyev prospektində hərəkətdə olarkən arxadan gələn Chevrolet markalı avtomaşın Ford markalı avtomaşını vurduğundan həmin maşın arxadan onun maşınına dəymişdir.

31. Cavabdeh1 Bakı şəhəri BPİ-in DYPİ-də verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə saat 07:40 radələrində Heydər Əliyev prospekti ilə sol zolaqla hərəkət edərkən qarşısında onunla eyni zolaqda hərəkət edən maşın qəfildən maşını saxladığı üçün qaz pedalından ayağını çəkib tormozlama əməliyyatını yerinə yetirdiyi zaman qarşıdakı ağ maşın ilə toqquşmuşdur.

32. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, mülkiyyətçisi X4 olan ** TX *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı nəqliyyat vasitəsi ilə, hadisə baş verdiyi an avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh1 yol nəqliyyat hadisəsi törətmişdir.

33. KİA Motors AZ MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, X17 markalı ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin baxış zamanı ehtiyat hissələrinin dəyərinin 3845 manat, xidmət haqqı dəyərinin 920 manat, 18% ƏDV görə 857,70 manat hesablanmaqla vurulmuş ziyanın məbləğinin cəmi 5622,70 manat olması müəyyən edilmişdir.

34. Azsığorta ASC-nin xx.xx.2021-ci il tarixli CML-3833/2021-AKT4493/21 saylı sığorta aktından müəyyən olunur ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Azsığorta ASC-də xx.xx.2021-ci il tarixli PAZ********** saylı şəhadətnamə əsasında sığorlanan **-TX-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə **-ZN-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobilin toqquşması nəticəsində sonuncuya hesablanmış sığorta ödənişi 2774,69 manat təşkil edir.

35. Paşa Bank ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Azsığorta ASC tərəfindən İddiaçı bank hesabına 2774,69 manat köçürülmüşdür.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4380-8/1552 saylı rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssis tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Rəydən daha sonra müəyyən olunur ki, nəzəri hesablama yolu ilə Kia Motors tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı Kia Rio XLine markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4611 manat müəyyən edilir.

37. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçıya məxsus avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği ekspert rəyi ilə müəyyən olunmuşdur.

38. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. Ekspertiza rəyi ilə razılaşmamaq üçün əsaslar müəyyən edilməmişdir və belə olan təqdirdə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi düzgün olaraq ekspertiza rəyi ilə müəyyən edilmiş məbləği əsas götürmüşdür.

40. Kollegiya iddianın vurulmuş ziyanın hər iki cavabdehdən tutulması hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsini əsassız hesab edirək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Belə ki, AD N 590840 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2011-ci il buraxılışlı Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir.

42. Bakı şəhəri BPİ-in DYPİ-nin inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 07:40-da Heydər Əliyev prospekti ərazisində Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarını pozması, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat cərimə edilmişdir.

43. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-46/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanmışdır.

44. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-554/2022 saylı qərarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Cavabdeh1 barəsində olan xx.xx.2022-ci il tarixli 3(007)-46/2022 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

45. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 X3 mülkiyyətində olan Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə etibarnaməsi olmadan idarə edərkən törətdiyi və təqsirli bilindiyi inzibati xəta nəticəsində iddiaçıya maddi ziyan vurmuşdur.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə edilən mövqelərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki halda məsuliyyət hər iki cavabdehin üzərinə qoyulmalıdır.

47. Belə ki, işdən müəyyən olunur ki, yol nəqliyyat hadisəsini törədən Chevrolet Cruze minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 olmuş və sonuncu həmin nəqliyyat vasitəsinə faktiki olaraq sahiblik edən şəxs olmuşdur.

48. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, vurulmuş ziyana görə hər iki cavabdeh məsuliyyət daşıdığından, vurulmuş ziyanın məbləği və ekspertiza xərci hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-884/2022 saylı iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi vurulmuş ziyanın və ekspertiza xərcinin Cavabdeh1 tutulmaması hissəsində ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1836,34 manat, dövlət rüsumuna görə 40 manat olmaqla cəmi 1876,34 (bir min səkkiz yüz otuz altı manat otuz dörd qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X7, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətləri ilə bağlı ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar