Məhkəmə qərarları › İş №2(103)-2005/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2005/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2005/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5930/2021 saylı, 23 noyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 20470 (iyirmi min dörd yüz yetmiş) ABŞ dollarının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5930/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək ondan iddiaçının xeyrinə ümumilikdə 20.000 (iyirmi min) manatın tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ilə arasında bağlanmış 21 yanvar 2016-cı il tarixli borcun etirafı müqaviləsinə əsasən, 11 oktyabr 2018-ci il tarixli İcra qeydində də qeyd edilmişdir ki, "Cavabdeh 01 noyabr 2015-ci il müddət üçün vaxtında ödənilməmiş 26000 (iyirmi altı min) manat tutulsun; Bundan əlavə təklif edirəm ki, borcludan tələbkar tərəfindən ödənilmiş 10 manat 00 (on manat sıfır) qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26010 manat 00 (iyirmi altı min on manat sıfır qəpik) pul tutulsun". Baki şəhəri 3 saylı notariat kontorunun notariusu icra qeydi apardığı zaman, Cavabdeh İddiaçı 26.000 A B Ş dolları borc aldığı zaman A B Ş dollarının məzənnəsinin 1,05 manat olduğunu nəzərə almışdır. Həmin müqaviləyə əsaslanan icra qeydinə əsasən S.Rövşən hər ay borcundan 150 manat tələb olunan hesaba ödəmiş və 2 dəfə də müxtəlif vaxtlarda ümumilikdə 3000 (üç min) manat vəsaiti tələbkara ödəmişdir. İddiaçı məhkəməyə cavabdehə qarşı pul tələbi barədə iddia qaldırdığı vaxtdan icraçı icranı dayandırmışdır. Bütün bunlara əsaslanaraq, hazırda Cavabdeh İddiaçı cəmi 20.000 (iyirmi) manat borcu qalmışdır. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən, cavabdehin iddiaçıya 20.000 manat borcunun olduğunu nəzərə almalı idi. Cavabdeh İddiaçı 26.000 ABŞ dolları borc aldığı zaman ABŞ dollarının məzənnəsinin 1,05 manat olmuş və Bakı şəhəri 3 saylı notariat kontorunun notariusu icra qeydində də bu səbəbdən borc manatla göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil2 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində iddiaçının məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılmasına etiraz etmədiyini, hazırki şikayət işin süni uzadılması məqsədi daşıdığını və qətnamənin qüvvədə qalmasını istədiyini göstərmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında 26000 ABŞ dolları məbləğində borcun etirafı müqaviləsi bağlanmışdır. Cavabdeh borcu etiraf etmiş, həmçinin müxtəlif tarixlərdə, sonuncu dəfə isə 31.08.2021-ci il tarixdə borca ödəniş etmişdir. Hazırda iddiaçı cavabdehin borca 6000 manat ödəniş etdiyini bildirərək 20470 ABŞ dolları məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddia müddəti tətbiq olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki, tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmışdır və cavabdeh 01.02.2016-cı il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu tam qaytarmamış, öhdəliyini pozmuşdur. Lakin cavabdeh borca müntəzəm olaraq ödəniş etmiş, sonuncu ödəniş isə 31.08.2021-ci il tarixdə olmuşdur. Göründüyü kimi iş üzrə iddia müddəti keçməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tətbiq edilənhüquq: Mülki Məcəllə: 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. Çünki, faktiki hallar Mülki Məcəllənin 882-c maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. İkincisi, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyrimüəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici(MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. Üçüncüsü, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh etiraf etdiyi borcundan 20000(iyirmi min) manat qaldığını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən məbləğdə deyil daha az məbləğdə borcunun qaldığını bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında 21 yanvar 2016-cı il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış və cavabdeh iddiaçıya 26000(iyirmi altı min) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş və məhz həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Düzdür, işdən bəlli oldu ki, 11.10.2018-ci ildə 26000(iyirmi altı min) manata dair notarius tərəfindən icra qeydi verilmiş, lakin icra qeydində göstərilən məbləğ tam ödənilmədiyindən geri qaytarılmışdır. Buna görə də, iddiaçı hazırki iddia ilə 26000(iyirmi altı min) ABŞ dollarından qalan 20470(iyirmi min dörd yüz yetmiş) ABŞ dollarını tələb etmişdir. Cavabdeh iddiaçıya cəmi 20.000 (iyirmi min) manat borcu qaldığını, çünki, 26.000 ABŞ dolları borc aldığı zaman ABŞ dollarının məzənnəsinin 1,05 manat olduğunu və notarius icra qeydində də bu səbəbdən borcun manatla göstərdiyini göstərsə də onun mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, hazırki tələbin faktiki əsası qeyd olunan mövcud borcun etirafı haqqında mücərrəd müqavilə olmuşdur. Borc alan zaman ABŞ dollarının məzənnəsinin aşağı yaxud yüksək olmasının hazırki iddianın əsaslılığına heç bir təsiri ola bilməz. Çünki, müqavilədə etiraf etdiyi borcun ABŞ dolları ilə deyil, manata uyğun məzənnə ilə göstərilməsini həmin vaxt iddiaçı ilə razılaşdıra bilərdi, ancaq razılaşdırmamışdır. Ona görə də bu dəlillər inandırıcı və ağlabatan deyildir. Başqa sözlə şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bunu etmək istəməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər, yalnız şikayət xatirinə və öhdəliklərini yerinə yetirməkdən yayınmaq məqsədilə söylənilmişdir. Bundan əlavə, cavabdeh nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, “borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəası, cavabdehin az məbləğdə olsa da müqavilədə göstərilən borcdan mütəmadi olaraq son üç il də daxil olmaqla ödəniş etməsini də ehtiva edir. Bu faktlar da iddia müddətinin axımını kəsmişdir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəz ərdətutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5930/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar