Məhkəmə qərarları › İş №2(103)-2006/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2006/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2006/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1046/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 1991-ci il tarixdə SSRİ X5 rayonun Xudat şəhər Əmanət kassasında qoyulan 20 min rubl əmanətinə görə 1500 manat birdəfəlik verilməli kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1046/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-1046/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən (xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş) verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı növbəti dəfə qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-1046/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən (xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş) verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-1046/2024 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsindəki 20 min (iyirmi min) rubl əmanətə görə 1500 manat birdəfəlik kompensasiya pulunun verilməsi barədə Cavabdeh ASC-yə qarşi iddia tələbini, «Azərbaycan Respublikasi Prezidentinin 14 mart 2012- ci il tarixli, 602 saylı fərmanın tələblərinə əsasən «birdəfəlik ödəmənin verilməsi «tələbi kimi qəbul edilməsi, məhkəmələrin “elektron məhkəmə “informasiya sisteminə keçməsi ilə əlaqədar məlumatın olmaması və savadsız olmağı nəzərə alınmaqla (əvvəlki qaydada Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş Apellyasiya şikayətimin qəbul edilməməsini nəzərə alaraq) buraxılmış müddət bərpa edilməklə, həmin mülki işə mahiyyəti üzrə baxılmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1046/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, o hüquqi savadsızlığından bunları vaxtında edə bilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1046/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Hazırki iş üzrə iş materiallarından görünür ki, məhkəmənin 03 may 2024-cü il tarixli, 2(006)-1046/2024 saylı qətnaməsi iddiaçının iddia ərizəsində qeyd edilən ünvanına xx.xx.2024-cü il tarixdə xəbərnaməli məktubla göndərilmiş və xx.xx.2024-cü il tarixdə qəbzə imza atılmaqla qətnamə rəsmi qaydada əldə edilmişdir. Bundan sonra iddiaçı tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti ilk dəfə xx.xx.2024-cü il tarixdə verilsə də, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verilməməsi səbəbindən geri qaytarılmış, həmin qərardad xx.xx.2024-cü il tarixdə qəbzə imza atmaqla iddiaçı tərəfindən təhvil alınmışdır. Bundan sonra üzərindən 5 ay keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə növbəti apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilsə də, bu dəfə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə müddət pozuntusuna yol verildiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti və «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının qətnamədən verdiyi ilkin apellyasiya şikayəti məhkəmə tərəfindən qaytarılmasına və bundan xəbərdar olmasına baxmayaraq sonuncu həmin dövrdə qərardadın və ya qətnamənin yenidən mübahisələndirilməsi istiqamətində prosessual hərəkət etməmiş, 5 ay keçdikdən sonra qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Sonuncu müddəti ötürməsində üzrlü hal kimi hüquqi savadsızlığı ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Odur ki, yuxarıda sadalanan normaları rəhbər tutaraq kollegiya hesab edir ki, ərizəçinin istinad etdiyi dəlillər müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1046/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar