Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2007/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2007/2025 (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı qızı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4997/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan ƏİNin səlahiyyətlərini icra edən Q.Əlinasib, Lerik rayon HSBX İdarəsinin Epizoodik tədbirlər şöbəsinin müdiri A.Helman, Lerik rayon Göydərə kəndi üzrə özəl baytar həkimi R.Rövşən, Lerik rayon Göydərə kənd sakini Ş.Elman və Lerik rayon Göydərə kənd sakini-heyvan sahibi S.Şəmsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Lerik rayon Göydərə kənd sakini İddiaçı müraciətinə əsasən onun şəxsi təsərrüfatında olan 2 baş ölmüş iribuynuzlu heyvanlarını müayinə edərkən həmin iribuynuzlu heyvanların Göydərə ərazisindən keçən yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə inəyin üstünə düşməsi nəticəsində 1 heyvanın təxminən 300 kq diri çəkidə olan erkək, digər 1 heyvanın təxminən 400 kq diri çəkidə olan inəyin ölməsi məlum olmuşdur.
2. Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilən 25 sentyabr 2024-cü il tarixli, 5-65-20/2- 63/2024 nömrəli arayışdan görünür ki, İddiaçı ərazinin Göydərə kəndində yaşayır.
3. Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilən 25 sentyabr 2024-cü il tarixli, 5-65-20/2- 62/2024 nömrəli arayışdan görünür ki, İddiaçı 02 saylı təsərrüfatbaşına uçot kitabının 92-ci səhifəsində 185 nömrə ilə qeydə alınmış və şəxsi təsərrüfatında 8 baş iribuynuzlu heyvan vardır. 23 sentyabr 2024-cü il tarixdə Göydərə kəndinin ərazisindən keçən yüksək gərginli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində İddiaçı şəxsi təsərrüfatından olan 2 baş iribuynuzlu heyvanını elektrik cərəyanı vuraraq tələf olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş ziyanın 4700 manat və ödənilmiş 67 manat dövlət rüsumunun, cəmi 4767 manat pulun alınıb ona verilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Lerik rayonunun Göydərə kəndində yaşayır. 23 sentyabr 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatında olan iribuynuzlu heyvanları Lerik rayonu Göydərə kəndinin örüş sahəsinə buraxmışdır. Həmin gün təqribən 15 radələrində kənd sakinləri ona bildirmişlər ki, iribuynuzlu heyvanlarından biri elektrik vurması nəticəsində tələf olmuşdur. İddiaçı və digər kənd sakinləri hadisə yerinə çatana kimi və elektrik cərəyanının dayandırılması üçün müraciət edənə kimi digər heyvanı da elektrik cərəyanı vuraraq tələf olmuşdur. Həmin heyvanlardan birinin diri çəkisi 300 kq (erkək), digərinin çəkisi 400 kq (dişi) təşkil edirdi. Bu səbəbdən kənd sakinləri və ƏİN-in iştirakı, həmçinin baytarlıq idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin hadisə ilə bağlı fotoşəkillər və videoçəkiliş aparılmışdır. Sözügedən ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-in Lerik rayon filialına müraciət etsə də, ziyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, ərizəyə əlavə etdiyi Lerik rayon HSBX İdarəsinin Epizodik tədbirlər şöbəsinin müdirinində imzaladığı aktla və ƏİN-i və kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş aktla müəyyən olmuşdur ki, iddiaçıya məxsus iki baş iribuynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşlar. Həmçinin, ƏİN-si və kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan da görünür ki, iddiaçıya məxsus iki baş iri buynuzlu inək 23 sentyabr 2024-cü tarixdə Lerik rayon Göydərə kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olmuşlar. İddiaçıya məxsus iki baş iribuynuzlu heyvanların cavabdehin təqsiri üzündən ona görə tələf olmuşlar ki, elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtı-vaxtında nəzarət olunmamışdır. Həmçinin, elektrik xətləri yerlə çəkilmiş olsa belə, onda həmin xətlər ətrafdakılara təhlükə yaratmadan çəkilməlidirlər. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində iddiaçıya ziyan dəymişdir. Belə olan halda iddiaçıya məxsus heyvanların tələf olmasına yaranmış səbəb elektrik xəttinin qırılıb yerə düşməsi ilə sübuta yetirilir. Hazırda cavabdehin təqsiri üzündən iddiaçıya 4700 manat ziyan dəymişdir.
6. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən 21 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də bugünkü günə kələ ətinin 1 kq 15 manat, düyə ətinin 1 kq isə 12 manat təşkil edir.
7. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin yaxınlığından keçən Lerik rayonu, Göydərə kəndində yerləşən elektrik dirəkləri və xətlərinin "xxxx" ASCnin balansında olub-olmamasına dair məlumatın təqdim edilməsi ilə bağlı 2(006)- 4997/2024 nömrəli məhkəmə işi üzrə 05 noyabr 2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan fərdi yaşayış evi 1960- 1970-ci illərdə istismara verilmiş 10.000 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4997/2024 nömrəli 26 dekabr 2024-cü il qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyanın əvəzi kimi 4.650 manat məbləğində pul vəsaiti və ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iş üzrə İddiaçı məxsus iki baş iribuynuzlu heyvanın cavabdehə məxsus elektrik naqillərinin qırılması nəticəsində tələf olması və nəticədə, iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır (əksi cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir). Məhkəmə qeyd edilən halı nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, tələf olan heyvanlardan erkək olanın təmiz çəkisi 300 kq, dişi olanın təmiz çəkisi isə 400 kq-dır. Bugünki günə kələ ətinin qiyməti 1 kq 15 manat, düyə ətinin qiyməti isə 1 kq 12 manat təşkil edir. İddiaçıya hər iki heyvanın da tələf olması nəticəsində iddiaçıya ümumilikdə 4.650 manat məbləğində maddi ziyan dəymişdir (erkək heyvanın təmiz çəkisi 300 kq : 2 = 150 kq x 15 = 2.250 manat; dişi heyvanın təmiz çəkisi 400 kq : 2 = 200 kq x 12 = 2.400 manat).
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qeyd edilən çəkinin bir kiloqramının qiymətinin hesablanma qaydası heyvanın ümumi çəkisinin yarısı ilə müəyyən edilir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1, Mülki Prosessual Məcəllənin 14.2, 88, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh ASC apellyasiya şikayəti verərək, onun qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin sübut qismində qəbul etdiyi özəl baytar R.Rəhimov, kənd sakinləri Ə.Quliyev, H.Abdullayev, E.Şükürov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktlar hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb aparılmaması, heyvanların yarılması və laboratariyada araşdırılması üçün daxili orqanalarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi halları təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq xx.xx.2024-cü il tarixli yarma protokollarını təqdim etdi.
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1108.1. Ərafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
33. Kollegiya hesab edir ki, yüksək gərginli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində İddiaçı şəxsi təsərrüfatından olan 2 baş iribuynuzlu heyvanını elektrik cərəyanı vuraraq tələf olması ilə ona maddi zərər dəyməsi, cavabdehin hərəkətsizliyi nəticəsində baş vermişdir.
34. Belə ki, 1960-1970-ci illərdə istismara verilmiş 10.000 kV-luq elektrik verilişi xəttinin sazlığına cavabdeh olan şəxs məhz "xxxx" ASC-dir.
35. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
36. Cavabdeh zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməmiş, ümumiyyətlə buna dair hər hansı dəlil təqdim etməmişdir.
37. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus iki baş iribuynuzlu heyvanın cavabdehə məxsus elektrik naqillərinin qırılması nəticəsində tələf olması və nəticədə, iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmışdır (əksi cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir).
38. Elektrik naqilinin qırılması nəticəsində iddiaçıya maddi zərər dəyməsi halı cavabdeh tərəfindən apellyasiya icraatında mübahisələndirilməmişdir.
39. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi xx.xx.2024-cü il tarixli Aktı tərtib edən şəxslərin onun həqiqiliyini müəyyən etmək məqsədilə şahid qismində işə cəlb edilməsini qeyd etmişdir.
40. Kollegiya hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsassızdır. Belə ki, aktın mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.
41. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma protokolu və ya baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıbaparılmaması və digər bu kimi hərəkətlərin icrasını təsdiqləyən hər hansı bir sənədin təqdim edilməməsidir.
42. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan Ərazi İcra nümayəndəsinin səlahiyyətlərini icra edən Q.Əlinasib, Lerik rayon HSBX İdarəsinin Epizoodik tədbirlər şöbəsinin müdiri A.Helman, Lerik rayon Göydərə kəndi üzrə özəl baytar həkimi R.Rövşən, Lerik rayon Göydərə kənd sakini Ş.Elman və Lerik rayon Göydərə kənd sakini-heyvan sahibi S.Şəmsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Lerik rayon Göydərə kənd sakini İddiaçı müraciətinə əsasən onun şəxsi təsərrüfatında olan 2 baş ölmüş iribuynuzlu heyvanlarını müayinə edərkən həmin iribuynuzlu heyvanların Göydərə ərazisindən keçən yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə inəyin üstünə düşməsi nəticəsində 1 heyvanın təxminən 300 kq diri çəkidə olan erkək, digər 1 heyvanın təxminən 400 kq diri çəkidə olan inəyin ölməsi məlum olmuşdur.
43. Bundan əlavə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən 2 ədəd yarma protokolları təqdim edilmişdir.
44. Protokollardan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Lerik rayonu, Göydərə kəndində həmin tarixdə ölmüş inəklərin yarılması həkim Rövşən Rəhimov tərəfindən aparılmışdır.
45. Müəyyən olunur ki, cəsədin vəziyyəti şişmiş, dərisi yanmışdır, görünən selikli qişalar qırmızı və qanlı ləkələr mövcuddur. Hər iki protokolda “Pat.Anatomiki diaqnoz”da elektrik vurması öz əksini tamışdır.
46. Hər iki protokol Lerik HSBX həkim Z.Hüseynov, özəl baytar həkim R.Rəhimov, heyvan sahibi İddiaçı, qonşu E.Şükürov və Ərazi icra nümayəndəsi Ə.Quliyev tərəfindən imzalanmış və təsdiq edilmişdir.
47. Cavabdehin nümayəndəsi protokolların məhkəmə iclasından sonra tərtib olunduğunu bildirsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
48. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, şikayətdə qeyd edilən hallar isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
50. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayəti əsassızdır.
51. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4997/2024 nömrəli iş üzrə 26 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.