Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2008/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(004)-3078/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 8875,20 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında 27.10.2017-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən "Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab açmağı və Hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən "Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X3 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə cəmi 20432,12 manat məbləğində texniki overdrafta yol verilmiş, həmin overdraft məbləğindən cəmi 11556,92 manat məbləğində qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günki günə cavabdehin iddiaçı qarşısında 8875,20 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(004)- 3078/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 8875,20 manat borc və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə bağlanmış müqavilə əsasında o, ancaq verilmiş plastik kartdan istifadə etmiş, heç vaxt banka kredit ayrılması ilə bağlı müraciət etməmişdir. Müqavilənin 1.2-ci maddəsinə əsasən ASC tərəfindən ona hər hansı kreditin ayrılması və ya köçürülməsindən məlumatı olmamış, bank tərəfindən də bu barədə heç bir məlumat verilməmişdir. Onun iddia ərizəsində qeyd edilən vəsaitlərdən məlumatı olmamış, hətta 11556,92 manatı da ümumiyyətlə o, ödəməmişdir. Məhkəmə tərəfindən overdraftın hansı səbəblərdən yaranması aydınlaşdırılmamışdır. O, bankdan və hər hansı xaker hücumdan şübhələnir, təqdim edilmiş hesabdan çıxarış üzrə qeyd olunan ödənişlər və onların təyinatı ona məlum deyil, həmin kartla o, heç vaxt xaricə ödəniş etməmişdir. Ekspertiza rəyi ilə razı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 27.10.2017-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən "Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab açmağı və Hesab üzrə plastik kart(lar) vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.9-cu bəndinə əsasən hesab üzrə texniki overdraft yarandığı halda “Borcalan” “Borcverən” qarşısında yaranmış borcu ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda “Borcalan” “Borcverən” qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30% məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda “Borcverən” “Borcalanı” xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya “Borcalana” kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu “Borcverən” tərəfindən “Borcalana” məxsus olan bank hesabından, o cümlədən digər valyutadakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komissiyon haqları tutulmaq şərti ilə akseptsiz qaydada silinə bilər. 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh plastik kart üzrə banka ümumi 8875,20 manat borcu vardır. İş materiallarında olan 19.03.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 iş günü müddətində ödəniş etməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 04.08.2021-ci il tarixli 9/4431 nömrəli rəyinə əsasən, 27 oktyabr 2017-ci il tarixli, ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla 29 mart 2021-ci il tarixinə Cavabdeh "xxxx" ASC-nə olan borcu 8875,20 manat müəyyən edilmişdir (20432,12-11556,92=8875,20 manat). Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Hesabdan çıxarışdan, həmçinin keçirilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, cavabdehin 8875,20 manat borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə apelyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3078/2021 saylı iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2008/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2008/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver