Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2013/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı (hazırda ləğv prosesində olan) “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2013-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Həsənov Emil oğlunun, Cavabdeh1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 17.02.2011-ci il tarixdə bağlanmış 501 №-li “Kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.087,72 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 309,79 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 403,60 ABŞ dollarının, qətnamə icra ediləcəyi tarix üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdeh R.Əhmədovadan müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış 17.02.2011-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 3.200 ABŞ dolları məbləğində pulu borca götürmüşdür. Cavabdeh R.Əhmədova isə qeyd edilən “Kredit müqaviləsi” üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bununla Bağlı olaraq Bank ilə cavabdehlər arasında 17.02.2011-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Bunlara baxmayaraq iş üzrə cavabdehlər qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, “Kredit müqaviləsi” və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş qrafiki” üzrə Banka aybaay və hissə-hissə ödənilməli olan borcları ödəməmişlər. Nəticədə cavabdehlərin iddiaçı Banka iddia ərizəsində qeyd edilən məbləğdə borcları yaranmışdır. Bank xəbərdarlıq məktubu ilə cavabdehlərə müraciət etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.10.2013-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə Rayon Məhkəməsində baxılan zaman onun iştirakı təmin olunmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, məhkəmə iclasında iştirakı Rayon Məhkəməsi tərəfindən təmin olunmadığı üçün o, Rayon Məhkəməsinə sübutlar təqdim etmək və vəsatətlər vermək imkanından məhrum olmuşdur. Hesab edir ki, hazırki iş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı və ekspert rəyi əsasında qərar qəbul edilməlidir. Digər Cavabdeh3 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası cavabdeh (zamin) Cavabdeh3 münasibətdə də təmin edilsə də, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verilmişdir. Məhkəmə bildirir ki, Cavabdeh1 digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər cavabdeh R.Əhmədovanın nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin zaminliyə aid hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 17.02.2011-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 3.200 ABŞ dolları məbləğində pulu borca götürmüşdür. “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, Cavabdeh1 üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti müqavilə və müqavilənin ayrılmaz hissəsi olan “Ödəniş qrafiki” üzrə Banka aybaay və hissə-hissə ödəyəcək. İşin hallarından və apellyasiya şikayətinin məzmundan görünür ki, Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka aybaay və hissəhissə ödənilməli olan borcunu ödəməmişdir. Bank tərəfindən təqdim edilmiş 24.07.2013-cü il tarixli “Maliyyə arayışından” görünür ki, Cavabdeh1 Banka ödənilməmiş 1.087,72 ABŞ dolları məbləğində əsas kredit borcu, 309,79 ABŞ dolları məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu, 403,60 ABŞ dolları məbləğində cərimə borcu var. İşdə olan məktublardan görünür ki, Bank borcun ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə Cavabdeh1 Banka borcunun olmadığı ümumiyyətlə iddia etməməşdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan Cavabdeh1 icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Bankın xeyrinə tutulmalı olan pul vəsaitinin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh1 dəlillərindən biri də borcun məbləğinin düzgün hesablanmaması ilə bağlıdır. Cavabdeh1 bildirir ki, işə Rayon Məhkəməsində baxılan zaman ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmədiyi üçün sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Odur ki, apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Cavabdeh1 bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, mülki iş materiallarından görünür ki, işin məhkəmə iclasında baxılması 10.10.2013-cü il tarix saat 10:00-a təyin olunmuş və bununla bağlı xəbərdar edilməsinə dair Cavabdeh1 məhkəmə bildirişinin kötüyünü (iş v.32) imzalamışdır. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 həmin imzanın ona məxsus olduğunu təsdiq etdi. Məhkəmə işə Rayon Məhkəməsində baxılan zaman Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmamasına və bununla bağlı sübutlar təqdim etmək imakanından məhrum olmasına dair apellyasiay şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, hazırda ekspertizanın təyin olunması barədə vəsatətinin təmin olunması MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Çünki yeni bu kimi rəy artqı yeni sübut hesab ediləcək. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 borcun məbləğinin səhv hesablandığını bildirsə də, bu xüsusatı təsdiq edə və müəyyən edilmiş borcun məbləğini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya mütəxəssisin verdiyi hesablamanı) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2013-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2013/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2013/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver