Məhkəmə qərarları › İş №2(103)-2013/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2013/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2013/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2250/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı- cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 21 fevral 2018-ci il tarixli 18-038 nömrəli “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın” və Y-131 saylı 10 aprel 2018-ci il tarixli hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2250/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən qəbul olunmuş 21.02.2018-ci il tarixli 18-038 №-li «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və Y-131 saylı 10 aprel 2018-ci il tarixli “Hərracın nəticələri haqqında protokol” etibarsız hesab edilmiş, İddiaçı məxsus “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılarkən ilkin satış qiyməti 33.000 (otuz üç min) manat müəyyən edilmişdir. Üçüncü şəxs "xxxx" ASC həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Səraf-N” MMC-nin qiymətləndirilməsindən 3 ilə yaxın vaxt keçmişdir, hazırkı qiymətləndirmə zamanı avtomobil ekspertizaya təqdim edilməyib, ekspert həmin əmlaka baxış keçirmədən, onda olan qüsurları, o cümlədən 3 il ərzində aşınmaya məruz qalaraq avtombilin qiymətinin aşağı düşməsini nəzərə almadan həmin avtomobillə eyni markadan və əla vəziyyətdə olan avtomobilin bazar qiymətinə əsaslanaraq rəy vermişdir. Bundan baqa hazırda avtomobilin mülkiyyətçisi olan şəxs işə cəlb edilməyib, iddiaçının pasport qeydiyyatında olduğu yerdə yaşamamasına görə hərrac barədə bildirişlərin ona çatmamasında hərrac təşkilatı məsuliyyət daşımır. Həmçinin MAPS arayışından məlum lur ki, iddiaçı elə həmin ünvanda pasport qeydiyyatındadır. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi N.Abdullayeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 01.07.2019-cu il tarixdə 136-19 №-li "xxxx" MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» Hesabatın surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli 2(009)-3460/2016 saylı icra sənədinin icrası məqsədi ilə Səbail rayon İcra Şöbəsinin 23614 saylı 28.12.2017-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı məxsus “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil 25.000 manata qiymətləndirilmiş və bu barədə Səraf-N MMC tərəfindən 21.02.2018-ci il tarixdə 18-038 №li “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. Y-131 nömrəli 10 aprel 2018-ci il tarixli “Hərracın nəticələr haqqında” protokolun surətindən görünür ki, “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil 25.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış və 25.300 manata X1. "xxxx" MMC-nin 17.11.2021-ci il tarixli ƏEM/N 54- 1058/21 saylı ekspert rəyində “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin 2018-ci ilin fevral ayı bazar dəyərinin 35.000 manat, likvid dəyərinin isə 33.000 manat olduğu göstərilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs "xxxx" ASCnin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir. Hazırıkı halda hazırkı iddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, ...hərrac icra icraatı çərçivəsində deyil, ipoteka predmetlərinə münasibətdə keçirildiyindən, əmlakın ilkin satış qiyməti onun likvid dəyəri ilə müəyyən edilməlidir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Səbail Rayon Məhkəməsinin qəbul edildiyi 17.11.2017-ci il tarixdə məhkəmə təcrübəsində hərraca çıxarılan əmlakların satış qiymətinin likvid qiyməti ilə deyil, bazar qiyməti ilə müəyyən edilməsinə dair oturuşmuş məhkəmə praktikası mövcud olmuşdur. Bundan başqa üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, ekspertiza keçirilən vaxt həmin avtomobil ekspert-mütəxəssislər tərəfindən tədqiq edilməmişdir. Başqa sözlə, həmin rəydə eyni markalı, buraxılış ili eyni olan əla (yaxşı) vəziyyətdə olan avtomobillərə münasibətdə rəy verilmişdir. Bununla bağlı apellyatorun həmin dəlili ilə razılaşaraq Kollegiya qeyd edir ki, "xxxx" MMC-nin 17.11.2021-ci il tarixli ƏEM/N 54- 1058/21 saylı ekspert rəyində “Kia Sorento” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi müəyyən edilmir, (ümumiyyətlə, həmin qiymətləndirici şirkətə avtomobilin özü təqdim edilməmiş, onlar arayışı ümumi məlumatlar əsasında vermişlər) mübahisəli avtomobillə eyni markadan olan hər hansı əla vəziyyətdə olan avtomobilin bazar qiyməti göstərilmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən 21.02.2018-ci il tarixdə 18-038 №-li “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ından görünür ki, mübahisəli avtomobil qiymətləndirməyə təqdim edilən zaman təkərləri qismən yararlı, buferlər cızılmış vəziyyətdə, qapılarının cızılmış olduğu, mühərrikini işlətməyin mümkün olmadığı, avtomobilin ümumi vəziyyətinin təmirə ehtiyacının olduğu qeyd edilmişdir. Belə olan halda, göstərilənləri nəzərə alan kollegiya hesab edir ki, yuxarıda qeyd olunan qüsurlara malik mübahisəli avtomobilin həmin vəziyyətdə "xxxx" MMC tərəfindən 25.000 manata qiymətləndirilməsi ağlabatan olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, oturuşmuş məhkəmə təcrübəsinə görə açıq hərraca çıxarılmış əmlakın qiymətinin aşağı və ya yuxarı olması hərracın nəticələrinin etibarsız sayılması üçün əsas deyil. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Bundan başqa, birinci instansiya məhkəməsi daha bir prosessual pozuntuya yol verərək, açıq hərracın keçirilməsindən sonra mübahisəli avtomobili qanuni əsaslarla, alqısatqı müqavilələrinə əsasən əldə etmiş şəxsləri işə cəlb etməmiş və onların hüquqlarının pozulması ilə nəticələnən mübahisələndirilən qətnaməni qəbul etmişdir. MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbi həmin avtomobili hərracdan əldə etmiş şəxslər işə baxılmasına, həm də cavabdeh qismində cəlb edilmədən, həmin iddia tələbi əsaslı olmuş olsa belə təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, eləcə də qətnamə ilə onların hüquq və vəzifələrinə toxunan üçüncü şəxslər işə cəlb edilmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş üçüncü şəxsin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-2250/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar