Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2013/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2013/2024 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 29 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 09392063 saylı alqısatqı müqaviləsinə əsasən qiyməti 713,94 manat olan Samsung Galaxy A33 markalı telefonu və qiyməti 273,04 manat olan Blackview A55 markalı telefonu ayda 81,99 manat ödəmək şərti ilə 12 ay müddətinə almışdır.
2. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 09392065 saylı alqısatqı müqaviləsinə əsasən qiyməti 373,98 manat olan Amazfit GTS2 GOLD saatını ayda 62,33 manat ödəmək şərti ilə 6 ay müddətinə almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 09392063 saylı və xx.xx.2022-ci il tarixli, 09392065 saylı müqavilələrə əsasən İMEİ KODU **********05786 Samsung Galaxy A33 markalı telefon, İMEİ KODU **********59841 Blackview A55 markalı telefon və Amazfit GTS2 saat alımış və nəticədə 1335 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1033.88 manat (12 ay x 81.99 manat + 50 manat ilkin ödəniş) İMEİ KODU **********05786 SAMSUNG GALAXY A33 markalı telefon, İMEİ KODU **********59841 BLACKVİEW A55 markalı telefon üçün ümumilikdə, 992 manat olmaqla ondan, 901.88 manat ödənilməmiş hissə, güzəşt olunaraq 90.12 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 373.98 manat (6 ay x 62.33 manat + 0 manat ilkin ödəniş) AMAZFİT GTS2 SAAT üçün ümumilikdə, 343 manat olmaqla ondan, 311.58 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31.42 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 194.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və 22.!2.2022ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Qeyd edilənlərə əsasən 22.,12.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********05786 SAMSUNG GALAXY A33 markalı telefon, İMEİ KODU **********59841 BLACK VİEW A55 markalı telefon üçün 901,88 manat ödənilməmiş hissə, 90.12 manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən AMAZFİT GTS2 SAAT üçün 311.58 manat ödənilməmiş hissə, 31.42 manat cərimənin, ümumilikdə 1335 manat borcun və 33.35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ərizənin təmin edilməsi, Cavabdeh iki müqaviləyə əsasən 1213,46 manat əsas borc və 121,54 manat cərimə borcu olmaqla, cəmi 1335 manat məbləğində borcun və ödənilmiş 33,35 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448, 567, 600.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1 ci maddələsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, əqdin bağlanması üçün iradə ifadəsinin əks olunması zəruridir. Lakin hazırda iddiaçının istinad etdiyi nisyə alqı-satqı müqavilələri üzrə cavabdeh heç bir müqavilə imzalamamışdır. Bu isə özlüyündə artıq məhkəmənin qiymət verdiyi əqdlərin etibarsız olmasına dəlalət edir. Cavabdeh tərəfindən heç bir alqısatqı müqaviləsi imzalanmadığı halda iddiaçı təşkilat hansı üsulla cavabdehin adına rəsmiləşdirdiyi müqavilə üzrə pulun tutulması tələbinə dair məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan, cavabdehə sadələşmiş icraat qaydada ərizə barədə məlumat vermədən işə baxmış, nəticədə etibarsız əqd əetibarlı əqd kimi yanaşmış, bununla da cavabdehin hüquqlarını kobud şəkildə pozmuş, mövcud saxtakarlığa bilməyərək də olsa göz yummuşdur. Göründüyü kimi, öhdəliyin əmələ gəlməsi üçün əsas müqavilədir. Lakin hazırda tərəflər arasında heç bir müqavilə imzalanmamışdır. İddiaçı təşkilat cavabdehin bacısı ilə əlbir olmaqla cavabdehin xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə etməklə iddiaçının istinad etdiyi alqısatqı müqavilələri bağlamış və pulu ala bilmədikdə isə cavabdehi məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsi isə cavabdehə lazımi qaydada məlumat vermədən və onun iddiaya etiraz vermək, daha sonra isə məhkəmə iclasında iştirak etmək hüququnu pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, hazırda tərəflər arasında bağlandığı iddia edilən müqavilələr etibarsızdır. Belə ki,cavabdehin qeyd edilən müqavilənin bağlanmasında iradə ifadəsi olmamış, o, müqaviləni imzalamamış, müqaviləni cavabdehin bacısı onun adından xəbəri olmadan imzalamışdır. Bununla bağlı iddiaçı təşkilatda səs yazıları da mövcuddur ki, bunları məhkəməyə təqdim etməkdən yayınır. Yuxarıda da qeyd etdiyi kimi cavabdeh istinad edilən müqavilələri imzalamadığından onun cavabdehdən hazırkı pul məbləğlərini tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Əgər cavabdehin məhkəmə barədə məlumatı olsaydı onda işin iddia icraatına keçirilməsini tələb edə və müvafiq xəttşünaslıq ekspertizasının keçirilməsi yolu ilə imzasının saxtalaşdırılmasını müəyyən etdirə və hazırkı pul məbləğinin ondan tutulmaması barədə qətnamə qəbul edilməsinə nail ola bilərdi. Hazırki prosessual hüquq nomasından göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən hansı halların müəyyən edildiyini, onların iş üzrə hansı əhəmmiyyətinin olmasını tam olaraq sübutlarla birlikdə qiymətləndirməlidir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi sübutlara qiymət verməklə, cavabdehin mövqeyini isə araşdırmadan iddianı təmin etməklə tamamilə əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, işə ədalətli qaydada baxılarsa cavabdehin qeyd edilən müqavilələri imzalamadığı və məhsulları əldə etmədiyi keçiriləcək müvafiq ekspertiza nəticəsində müəyyən edilə bilər. Bu səbəblə hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında deyil, şifahi icraat qaydasında məhkəmə araşdırması aparılmaqla baxılmasını zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş müqavilələrdəki imzanın cavabdehə məxsus olmamasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət vardır və bu hal yalnız müvafiq məhkəmə araşdırması aparılmaqla və tərəflər dinlənilməklə təmin edilə bilər. Bu səbəbdən məhkəmə kollegiyasından işə şifahi icraat qaydasında baxılması barədə vəsatətinin təmin edilməklə işə şifahi icraat qaydasında onun iştirakı təmin edilməklə baxılmasını, həmçinin iddiaçı təşkilatda olan səs yazılarının əldə edilməsi barədə iddiaçı təşkilata sorğu verilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394- 1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında şifahi qaydada baxılmasını məqsədəmüvafiq hesab etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə müvafiq qərardad qəbul etməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apelyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri araşdırmaq məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 09392063 saylı alqı-satqı, bildiriş, əlavə (iş materiallarında 5-8-ci səhifələr) və xx.xx.2022-ci il tarixli 09392065 saylı alqı-satqı, bildiriş, əlavə (iş materiallarında 9-12-ci səhifələr) müqavilələrindəki imza və ya hər hansı qeydin Cavabdeh tərəfindən icra olunub-olunmadığı barədə ekspert qarşısında sual qoyulmuşdur.
30. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ....41525 nömrəli 26 aprel 2024-cü il tarixli ekspert rəyində yuxarıda göstərilmiş sənədlərdəki ima və qeydlərin Cavabdeh tərəfindən icra olunduğu göstərilmişdir.
31. Kollegiya bildirir ki, hazırkı mübahisədə iddiaçı ilə bağlanmış müqavilələrdəki və həmin müqavilələrin tərkib hissəsi olan digər sənədlərdəki imzanın cavabdehə məxsus olmadığını sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh bu dəlillərin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb və dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh bu dəlillərini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə cavabdeh istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Belə ki, cavabdehin izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
32. Əksinə, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən iddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrində və onun tərkib hissəsi olan sənədlərdəki “Cavabdeh” yazılarının və imzaların Cavabdeh özü tərəfindən icra olunduğu təsbit olunmuşdur.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiası əsaslı olduğundan təmin edilməlidir.
35. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
36. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 09392063 saylı və xx.xx.2022-ci il tarixli, 09392065 saylı müqavilələrdən və xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilələr İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2022-ci il tarixli 09392063 saylı müqaviləyə əsasən 901,88 manat əsas borc, 90,12 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 09392065 saylı müqaviləyə əsasən 311,58 manat əsas borc, 31,42 manat cərimə borcu olmaqla, X4 İddiaçınə cəmi 1335 manat məbləğində borcu mövcuddur.
37. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır.
38. Kollegiya apelyatorun məhkəmə iclası barədə məlumatlandırılmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi işə tərəflərin iştirakı olmadan sadələşdirilmiş icraat formasında baxılması mümkün hesab edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Buna görə də kollegiya bu dəlili əsassız hesab edir.
39. Qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
40. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6789/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova