Məhkəmə qərarları › İş №2(103)-2016/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2016/2023

13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2016/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddiasına və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: “alimentin miqdarının dəyişdirilməsi”) hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilkin iddia tələbinə, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4524/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə İddiaçı xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2007-ci il tarixdə X7, xx.xx.2012-ci il tarixdə X5 doğulmuşdur.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-256/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların İddiaçı yanında saxlanmaları, Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

3. Bundan sonra Cavabdeh ilə X4 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2021-ci il tarixdə X6 doğulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, VVADQ şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun yanında saxlanmaları, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda uşaqlardan birinin 15, digərinin 10 yaşı var. Həmin qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Uşaqlar böyüdükcə məsrəflərin qarşılamaq çətinləşir. Uşaqların bütün qayğıları ilə o məşğul olur, cavabdeh isə öz növbəsində onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək üçün yardım etmir, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti də vaxtı-vaxtında ödəmir, müəyyən məbləğ borc da yığılıb qalmışdır.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılmaqla, hər uşağa görə 100 manat, ümumilikdə iki uşağa görə 200 manat miqdarında ondan aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə çalışmış, lakin hal-hazırda heç bir yerdə işləmir və heç bir digər gəliri yoxdur. Onun ailə həyatı o qədər dəyişib ki, əvvəlki miqdarda təyin olunmuş alimenti ödəyəndə kirayə qalmır, ailəli deyil və yeni övladı da yox idi. Yeni ailə həyatından Nuray adlı bir azyaşlı qızları vardır. İki uşağa təyin edilmiş 320 manat təyin edilən alimenti ödəməkdə çətinlik çəkir, yaşlı anasının yaşa görə aldığı təqaüddən başqa maddi dəstəyi yoxdur. Yaşlı ananın təqaüddən nəvələrinə ayırdığı vəsaitə görə dərmanlarını vaxtı-vaxtında ala bilmir, səhhəti günügündən pisləşir, kirayə pulunu və kommunal pullarını ödəməkdə çətinlik çəkir. Yeni ailəsinə hər ay 80 manata qədər maddi yardım göstərir, yaşının çox olması ilə əlaqədar əmək bazarındakı cari tələbatı ödəyə bilmir. Hal-hazırda kirayədə yaşlı anası, həyat yoldaşı və az yaşlı qızı ilə qalır. Adında heç bir daşınar və daşınmaz əmlak yoxdur, yeganə gəlir mənbəyi anasının yaşa görə aldığı təqaüddür. Cavabdehin ondan fərqli olaraq yaşaması üçün şəxsi evi, öz adına olan avtomobili belə mövcuddur. Onun hal-hazırda durumu acınacaqlı vəziyyətdədir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4524/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. İlkin iddia tələbi üzrə İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, alimentin məbləğinin azaldılması uşağın mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatını daha aşağı səviyyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşağın üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

11. Məhkəmə öz mövqeyini "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələrinə, Ailə Məcəlləsinin 55.1, 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi vəziyyətinin dəyişməsi qanunvericiliklə təsbit olunur. Belə ki, yaşayış minimumunun ildən ilə dəyişməsi qiymətlərin artması ilə əlaqədardır. Yaşayış minimumunun artırılması da o məqsədlə həyata keçirilir ki, qiymət artımı uşaqların saxlanmasına təsir etməsin. Demək ki, əgər aliment miqdarı yaşayış minimumu həddində deyilsə, deməli o, əlavə xərc çəkərək uşağın minimum səviyyədə saxlanmasını təmin etməlidir. Amma onun da imkanı yoxdur. Yaşayış minimumunun dəyişməsi onun maddi vəziyyətinidə dəyişikliyin olması deməkdir və bu hamıya bəlli olan faktdır. Bunun üçün xüsusi sübuta və biliklərə ehtiyac yoxdur.

14. Qarşılıqlı iddia üzrə iddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsidən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırlmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki, uşaqlar böyüyür və onların ehtiyacları da artır. Böyük oğlu 10-cu sinifdə oxuyur, hazırlıqlara gedir. Ödənilən aliment bir oğlunun hazırlıqlarına xərclənir, başqa heç nəyə çatmır. Cavabdeh işləmədiyini bildirsə də, hazırda işləyir. Şəxsi sürücü olaraq çalışır. Özünün şəxsi avtomobili də var. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, özü hazırda üç yerdə işləyir, ikisi rəsmi, biri qeyri-rəsmi iş yeridir. Rəsmi iş yerlərindən ümumilikdə 800 manat məbləğində əmək haqqı alır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə etdi və əlavə olaraq bildirdi ki bildirdi ki, uşaqlar əvvəllər yanıma gəlirdilər, aylarla qalırdılar. Lakin qarşı tərəf uşaqların onunla qalmaq istəklərini görərək sonradan icazə vermədi. Onun hazırda 770 manat aliment borcu var. Qarşı tərəf onu icra şöbəsinə şikayət edib. Maşınını satdı, 1.500 manat yığılmış borcunu ödədi. Sentyabr ayına kimi hər şey yaxşı idi, lakin həmin aydan işsizdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, biznesmen sürücüsü işləyirdi. Həmin biznesmen müflis oldu və Rusiyaya getdi. Şəxsi avtomobili yoxdur, sürücülük hüququ məhdudlaşdırılıb. Hazırda iki uşüğa görə maksimum 250 manat aliment ödəyə bilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı: - Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırki işdə həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin olunmadığından və apellyasiya şilkayətlərində qətnamə iş üzrə həm ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnaməsinin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən məhkəmə tərəfindən alimentin tutulması ilə bağlı qətnamə qəbul olunduqdan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yenidən nikaha daxil olmuş və bir uşağı dünyaya gəlmişdir.

27. Bununla belə, onun maddi vəziyyətinin yaxşılığa doğru dəyişməsi iş materialları ilə təsdiq olunmur.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh yenidən nikaha daxil olması, həmin nikahdan uşağının dünyaya gəlməsi, hazırda işsiz olması əvvəlki nikahdan olan uşaqların saxlanılması üçün tutulan alimentin azaldılması üçün əsas ola bilməz.

29. Belə ki, alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatını daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşaqların üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmasın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4524/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar