Məhkəmə qərarları › İş №2(103)-2019/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2019/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2019/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “icarə müqaviləsinin ləğv edilməsi və sair””) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi və pul” tələbinə (iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə) dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraicət edərək, Cavabdeh MMC ilə imzalanmış xx.xx.2022-ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən son 6 ay üçün ödənilməli olan 27.900 manat məbləğində vəsaitin, həmçinin cavabdehin əmlakı təhvil verdiyi günədək hər ay üçün 4.650 manat məbləğində vəsaitin, həmçinin öhdəliyin icra olunmasını gecikdirdiyinə görə illik 5% məbləğində vəsaitin hesablanaraq ona ödənilməsi, iddianın məhkəməyə təqdim edilməsinə görə 132 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh har ay icarə üçün ona 4.650 manat məbləğində vəsait ödəməlidir. Hazırki gündə cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra olunmur və aprel, may və iyun ayları üzrə son 3 ayın icarə haqqı ona ödənilməyib. Müqavilə üzrə yaranan borc 13.950 manat təşkil edir. Digər tərəfdən, cavabdeh bu günədək icarə obyektindən istifadə etməyə davam edir. Hazırki iş üzrə məhkəmə qərarının qəbul olunması müəyyən müddət tələb edir, həmçinin qərarın qəbul olunduqdan sonra cavabdeh qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə apellyasiya və kassasiya şikayətləri vermək hüququna malikdir. Bu müddət ərzində cavabdehin onun mülkiyyətində olan əmlakdan haqq ödəmədən istifadə etməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, cavabdehin əmlakını ona təhvil verəcəyi son tarixədək icarə haqqının ondan alınmasını tələb etmək hüququna malikdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aynur Abdullayeva) ilə iddia tələbləri qismən təmin edilmiş, xx.xx.2022ci il tarixli 3M-1432 reyestr nömrəli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh MMCdən 27.900 (iyirmi yeddi min doqquz yüz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarına əlavə olunmuş xx.xx.2023cü il tarixli İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Egehan Keskingil arasında bağlanmış barışıq razılaşmanın imzalandığı tarixə əsasən cavabdehin iddiaçıya borcunun 27900 manat müəyyən edildiyinə əsaslanmışdır. Lakin məhkəmədə cavabdeh bu barışıq sazişinin imzalanmasını hansı əsasla desə də Azərbaycan dilində fikirlərini düzgün ifadə edə bilməmişdir. Cavabdeh tərcüməçinin onun fikirlərini məhkəməyə düzgün çatdıra bilməməsindən də narazı qalmışdır. Cavabdehin iddiaçıya 3 ayın icarə haqqını ödəməmişdir və bunu biznesdə müəyyən çətinlikləri ilə əlaqələndirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanladığı bildirişdə 3 ayın icarə haqqını ödəməsini, ödəmədikdə isə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Həmin bildirişin cavabdehə çatdırıldığı vaxtdan yəni iyulun sonunda cavabdeh həmin ünvanda fəaliyyətini faktiki olaraq dayandırmışdır. Həmçinin iddiaçı icarə haqqının 3 aylıq ödənmədiyini bildirdiyi vaxtdan yəni artıq avqustun 1-i tarixindən su kartını təhvil almış və buna görə də cavabdehin artıq həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsi qeyrimümkün olmuşdur. Bundan başqa cavabdehin həmin obyektdə təmir işlərinə xərclədiyi pul və 1200 manat dəyərində alınmış çilçıraq bu günə qədər iddiaçı tərəfindən cavabdehə qaytarılmamışdır. Cavabdeh MMC-nin direktoru Egehan Keskingilin məhkəmə prosesi zamanı çatdırmaq istədiyi bu məsələlər demək olar ki, araşdırılmamış və məhkəmə tərəfindən buna münasibət bildirilməmişdir. Cavabdehin hüquqlarını məhdudlaşdıran və onun xarici vətəndaş olmasından istifadə edərək bir barışıq sazişinin bağlanması, artıq 3 aylıq icarə haqqına görə olan borcun 13950 manat deyil, 6 aylıq hesablanaraq 27900 manat olmasına gətirib çıxarmışdır. Bu isə iddiaçının əsassız şəkildə cavabdehdən əlavə olaraq 3 ay əlavə olaraq icarə haqqını tələb etməsi onun əsassız varlanması deməkdir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən sonrakı avqust, sentyabr və oktyabr aylarında cavabdeh fəaliyyət göstərməmiş, özünəməxsus əmlakların isə oradan çıxarılmasına iddiaçı cavabdehin borcunu ödədikdən sonra götürə biləcəyini bildirmişdir. Qeyd edildiyi kimi cavabdeh aprel, may və iyun ayları üçün ödəniş etməmiş və iyul ayı da daxil olmaqla onun 4 aya görə 18600 manat borcu vardır və həmin məbləği yaxın vaxtlarda qaytaracağını iddiaçıya bildirmişdir. Lakin iddiaçının cavabdehdən əlavə olaraq avqust və sentyabr aylarına görə də icarə haqqı ödənişini tələb etməsi əsassız varlanmasından başqa bir şey deyildir. Odur ki, qətnamənin “pul tələbi” hissəsində ləğv edilməsi və Cavabdeh MMC-dən İddiaçı yalnız aprel, may, iyun və iyul aylarına görə icarə haqqının hər aya görə 4650 manat olmaqla, ümumilikdə 18600 manat pul vəsaitinin alınıb verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, Cavabdeh MMC qeyri-yaşayış sahəsindən artıq istifadə etmədiyi və gəlir əldə etməsi üçün artıq heç bir şəraitin olmamasını nəzərə alaraq hansı səbəbdən əlavə olaraq sonuncu iki ay üçün yəni avqust və sentyabr ayları üçün icarə haqqını ödəməli olması sübuta yetirilmədiyindən məhkəmə iddianın “pul tələbi” hissəsində əsassız olaraq 27900 manat məbləğində təmin etmişdir. Həmçinin bildirdi ki, cavabdehə məxsus 1200 manat dəyərində çilçıraq da həmin qeyriyaşayış sahəsində qalmışdır. Ən azından əvəzləşirmə qaydasında həmin məbləğ cavabdehdən tutulmalı məbləğdən çıxılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

9. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 45 saylı evin, 9 saylı mənzilini icarəçiyə icarə verir. İcarə müqaviləsi xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixdə qüvvədədir. Aylıq icarə haqqı 4.650 manat təşkil edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0,09593 ha torpaq sahəsində yerləşən 48 nömrəli binanın 1-ci mərtəbəsində 87,5 kv.metr ümumi, 87.5 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 2191 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh MMC son 3 ayın icarə haqqını ödəmədiyindən, 5 iş günü ərzində müqavilə öhdəlikləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

12. xx.xx.2023-cü il tarixli İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Egehan Keskingil arasında bağlanmış barışıq razılaşmasından görünür ki, razılaşmanın imzalandığı tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 27.900 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

28. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

30. Hazırkı halda cavabdeh apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilən – pul tələbi hissəsində münahisələndirdiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən, cavabdehdən tutulan pul məbləğinin 9300 manat hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin aprel ayından etibarən iddiaçıya icarə haqqını ödəməmişdir, sonuncunun ümumilikdə 6 ay üçün borcu 27.900 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə icarə obyekti cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir.

33. Həmçinin xx.xx.2023-cü il tarixli İddiaçı ilə Cavabdeh MMC-nin direktoru Egehan Keskingil arasında bağlanmış barışıq razılaşmasından görünür ki, razılaşmanın imzalandığı tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 27.900 manat təşkil edir.

34. Hazırda cavabdeh apellyasiya şikayətində - iddiaçı tərəfindən göndərilmiş bildirişin cavabdehə çatdırıldığı vaxtdan yəni 2023-cü ilin iyul ayının sonunda cavabdehin həmin ünvanda fəaliyyətinin faktiki olaraq dayandırılmasını qeyd etsə də cavabdeh tərəf 2023-cü ilin iyul ayından sonrakı dövr ərzində, yəni icarə obyektinin iddiaçıya təhvil verildiyi 05 oktyabr 2023-cü il tarixə qədər fəaliyyətinin dayandırılması barədə mötəbər sübutlar təqdim etməmişdir.

35. Eyni zamanda, mülki iş materialları ilə müəyyən edilmişdir ki, icarə obyekti xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmişdir ki, cavabdeh həmin tarixdən əvvəl icarə obyektinin təhvil verilməsini sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində - barışıq sazişinin hansı əsasla bağlanmasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamasını bildirsə də, istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmiş, yəni həmin barışıq sazişin hansı əsasla imzalanması barədə dəlillər irəli sürməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında adıçəkilən barışıq sazişi bağlandıqdan keçən müddət ərzində cavabdehin həmin sazişə hər hansı etirazı olmamış və bağlanmış barışıq sazişi tərəflər arasında olan münasibətləri özündə əks etmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2023-cü ilin aprel ayından icarə haqqını ödəməməsi və əmlakı xx.xx.2023-cü ildə təhvil verməsi tərəflərin izahatları və mülki iş materialları ilə müəyyən edildiyindən və 2023-cü ilin aprel ayından oktyabr ayınadək olan müddət ümumilikdə 6 ay təşkil etdiyindən, iddia tələbinin hər ay üçün 4.650 manat olmaqla, 6 ay müddəti üçün 27.900 manat məbləğində təmin edilməsi barədə rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında cavabdehə məxsus 1200 manat dəyərində çilçırağın həmin qeyri-yaşayış sahəsində qalması ilə bağlı onun dəyərinin cavabdehdən tutulan məbləğdən çıxılması barədə qeyd etdikləri üzrə bildirir ki, bu, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla belə, cavabdehə təmir xərci və çilçıraqla bağlı ümumi qaydada müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

39. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəldiyindən, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməldir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar