Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) X1 və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 10/1-də yerləşən 17 saylı mənzilinin sanitar qovşağındakı kanalizasiya qapağının və unitazın layihə üzrə cavabdeh tərəfindən öz yerinə qaytarılması, cavabdeh tərəfindən qanunsuz aparılmış əlavə tikinti işlərinin sökülməsi və ya bunlarla bağlı 1.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 17 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı 2003-cü ildən mənzildə yaşayır və mənzildə heç bir dəyişiklik, layihədən kənar təmir işləri aparmamışdır. Lakin 2003-cü ildə birinci mərtəbədə yerləşən kafenin sahibi mərhum qonşusu (cavabdehin atası) Eldar Ömərov tərəfindən aparılan təmir işləri zamanı iddiaçının mənzilinə gələn su-kanalizasiya boru xətti sındırılmış, nəticədə iddiaçı 2 ay ərzində sanitar qovşağından istifadə edə bilməmişlər. Eyni zamanda onun mənzili ilə yanaşı, yuxarı mərtəbələrdəki dörd mənzilin su borularının üstündən kərpiclə divar hörərək həmin boruları nəzarətdə saxlamağa, lazım gəldikdə təmir-bərpa işlərini aparmağa maneçilik törətmişdir. Uzun illər ərzində həmin su boruları sıradan çıxaraq suyun birinci mərtəbədə yerləşən kafeyə damçılamasına səbəb olmuşdur. Bu isə onunla Eldar Ömərov arasında mübahisələrə səbəb olmuşdur. Belə ki, Eldar Ömərov suyun ona məxsus mənzildən axdığını bildirmiş, bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş və həmin idarədən gəlib araşdırma aparılan zaman kərpic tikilinin altındakı su borularından biri, yəni üçüncü mərtəbədən gələn su borusu onun mənzilinin yerləşdiyi ikinci mərtəbədə sınaraq, əvvəlcə onun mənzilinin döşəməsinin altına, oradan da birinci mərtəbəyə su sızması aşkar edilmişdir. Buna görə də həmin tikili qanunsuz hesab edilərək sökülmüşdür. Eldar Ömərov öldükdən bir müddət sonra mərhumun övladı – iş üzrə cavabdeh iddiaçıya müraciət edərək qeyd edilən problemlərin öz vəsaiti hesabına aradan qaldırmaq istədiyini bildirmiş və iddiaçının razılığı əsasında iddiaçının mənzilində yerləşən sanitar qovşağındakı kanalizasiya qapağını və unitazın yerini dəyişdirmişdir. İddiaçının mənzilində işləyən ustalar təmir işlərini keyfiyyətsiz aparmışlar. İddiaçı, sanitar qovşağından istifadə etdiyi vaxt bu dəyişiklik nəzərə çarpmışdır. Belə ki, kanalizasiya qapağı vannanın altında yerləşərək suyun oradan axmasını təmin edirdi. Lakin indiki vəziyyətdə qapaq hamamın ortasında qapıya yaxın olduğundan hamamda su kranını açan kimi su mənzilin döşəməsinə tökülür. Buna görə də mənzilin döşəməsi çürüməyə məruz qalmışdır. Həmçinin hamam otağından istifadə edən zaman kafelin üzərində su yığılıb qaldığından sürüşkənlik yaranır ki, bu da həyat üçün təhlükəlidir. Bundan əlavə qapının ağzındakı taxtanın üzərinin kafellə örtülməsi hamam otağının qarşının bağlanmasını mümkünsüz hesab edir. Ayaqyolunda isə unitazın yeri dəyişdirildiyindən halhazırda istifadə etməsi qeyri-mümkün olmuşdur. Belə ki, layihədən kənarda yerləşən unitaz istifadə olunduqca tərpənir və narahatçılıq yaradır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona məxsus olan mənzilinin sanitar qovşağındakı kanalizasiya qapağının və unitazın layihə üzrə cavabdeh tərəfindən öz yerinə qaytarılmalı, cavabdeh tərəfindən qanunsuz aparılmış əlavə tikinti işlərinin sökülməlidir. Tələbi bu qaydada təmin edilə bilmədiyi halda onda cavabdehdən onun xeyrinə 1.000 manat məbləğində pul tutulmalıdır ki, iddiaçı, mənzilində cavabdeh tərəfindən yaradılmış problemləri aradan qaldıra bilsin. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mənzilə dəymiş zərərin həcmini və mənzilin hamam tualetində görülmüş təmir-bərpa işlərinin texniki normalara uyğun aparılıb-aparılmamasını müəyyən etmək üçün ekspertiza keçirilməli idi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) M.Quliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa və əsaslarına uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh özünə məxsus kafenin görünüşü yaxşı olsun deyə onun mənzilinə aid boruları dəyişmişdir. Bunu keyfiyyətsiz həyata keçirmiş və bundan sonra mənzilinə zərər dəymiş, su sızmışdır. Ona mənzilindən kafeyə su sızdığı deyilmiş, əslində isə su yuxarıdan axırdı. Cavabdeh təmiri etməsini qoymamış, özü edərkən isə kafenin görünüşü yaxşı olsun deyə boruların istiqamətini dəyişmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, iddiaçının mənzilindən onlara məxsus kafeyə su axdığı üçün o, iddiaçıya boruların təmir edilməsini təklif etmiş və təmir xərclərinin iddiaçıya aid olmayacağını bildirmişdir. İddiaçı buna razılıq vermiş və o, öz vəsaiti hesabına lazım olan avadanlıqları almış və təmir işlərini bu sahə üzrə ustalara gördürmüşdür. Bu zaman nə unitazın, nə də ki, boruların yeri dəyişilməmişdir. Təmirdən sonra suyun axması dayanmışdır. Lakin sonradan su yenidən axmağa başlamışdır. O hesab edir ki, iddiaçı bu yaxınlarda sanitar qovşağında özü nə isə təmir etmiş və bu səbəbdən də su yenidən axmağa başlamışdır. O hesab edir ki, onun hərəkətləri nəticəsində iddiaçıya heç bir ziyan dəyməmişdr. İddiaçının əsas məqsədi əsassız pul əldə etməkdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh onun mənzilində yerləşən sanitar qovşağındakı kanalizasiya qapağını və unitazın yerini dəyişmiş, bu yerdəyişmə nəticəsində mənzilinə su sızmış və ona maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən normaları nəzərə alan Məhkəmə hesab edir ki, mübahisənin həlli üçün iddiaçı cavabdehin onun hüququnun pozulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməlini və həmin əməl nəticəsində bilavasitə ona zərər dəyməsini sübut etməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının dediklərindən müəyyən edilir ki, tərəflər arasında mübahisə sanitar qovşağındakı kanalizasiya qapağının və unitazın yerinin dəyişdirilməsi nəticəsində yaranmışdır. Əvvəlki vəziyyətin bərpasını tələb edən iddiaçı ilk əvvəl sübut etməlidir ki, yerdəyişmə həqiqətən də olmuşdur. Öz növbəsində, cavabdeh bildirir ki, kanalizasiya qapağını və unitazın yerini dəyişməmişdir. Lakin iddiaçı kanalizasiya qapağının və unitazın əvvəlki vəziyyəti ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, binanın layihə sənədləri də iş materiallarında mövcud olmadığı üçün hər hansı bir dəyişikliyin baş verdiyini apelyasiya baxışı zamanı müəyyən etmək mümkün olmamış, həmçinin, Məhkəmənin tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadı da bu əsasa görə icra edilmədən geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza mərkəzi tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, binanın layihə sənədləri təqdim olunmadığı üçün rəy verilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçının mənzilində müəyyən təmir işləri görməsi işin mübahisəsiz təsdiq olunmuş haldır. Lakin mənzilə suyun axmasının və nəticədə maddi ziyan dəyməsinin təmir işlərinin keyfiyyətsiz görülməsi nəticəsində baş verməsi halı da təsdiq olunmur. Çünki iddiaçı suyun axmasını işlərin keyfiyyətsiz görülməsi ilə deyil, məhz yerdəyişmə ilə əlaqələndirir, buna görə də vurulmuş ziyan tələbi ilə yanaşı həmçinin əvvəlki vəziyyətin bərpasını da tələb edir. Yerdəyişmənin baş verməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı cavabdeh tərəfindən birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlikdir) törətdiyini sübuta yetirə bilməmişdir. Tərəfin sübut edə bilmədiyi halları məhkəmə mövcud olmamış kimi rədd edir və belə qənaətə gəlir ki, cavabdehin mülki hüquqi məsuliyyətinin yaranmasının qanuni əsası yoxdur. MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-202/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-202/2020
05.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver