Məhkəmə qərarları › İş №2(103)-202/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-202/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X2 və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəmə müraciət edərək, kredit müqaviləsinə xitam verilməklə, cavabdehlər Cavabdeh1, X1 və “xxxx” MMC-dən mütərək qaydada əsas kredit borcu üzrə 2.631.615 manat, faiz borcu üzrə 728.038 manat və gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 239.115 manat, cəmi 3.598.768 manat kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüumu və 20 manat xidmət haqqı), ümumilikdə 3.598.828 manatın tutulması, ipoteka predmeti olan cavabdeh X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə, ipoteka predmeti olan Cavabdeh1 məxsus “BMW X5” minik markalı, **-XB-*** qeydiyyat nişanı olanı avtomobilə, cavabdeh “xxxx” MMC-nin anbarında olan və girov qoyulmuş 1.212.597,85 manat və 1.406.010 manat məbləğində mal qalıqlarına tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ümumilikdə 3.598.828 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Həyat” filialı ilə “xxxx” MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101- 28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən ona illik 17% olmaqla 3.416.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə müddəti 36 ay müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və X3 yuxarıda qeyd olunan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onlarla bank arasında 30.05.2013-cü il tarixli, 101-HFS-28432/2 və 04.06.2013-cü il tarixli, 101- HFS-28432/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit xəttini təminatı olaraq X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış evi 05.07.2014-cü il tarixli, 101-HFİ-28432/1 nömrəli ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Eyni zamanda, kredit xəttinin təminatı olaraq Cavabdeh1 məxsus BMW X5” minik markalı avtomobili 04 iyun 2013-cü il tarixli, 101- 28432/AİP/001 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Bundan əlavə, kredit xəttinin təminatı olaraq, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101-28432/GM/2 və 29 dekabr 2013-cü il tarixli, 101- 28432/GM/3 saylı girov müqavilələrinə əsasən şirkətin anbarında olan 1.212.597,85 manat və 1.406.010 manat məbləğlərində mal qalıqları girov qoyulmuşdur. Kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün 15.04.2016-cı il tarixə əsas kredit borc üzrə 2.631,615 manat, faiz borcu üzrə 728.038 manat və gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 239.115 manat, cəmi 3.598.768 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında münaibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq göndərilmişdir. Bundan sonra da qeyd olunan kredit xətti müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və “xxxx” MMC-dən birgə qaydada əsas kredit borcu üzrə 2.631.615 manat, faiz borcu üzrə 728.038 manat və gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 239.115 manat, cəmi 3.598.768 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüumu və 20 manat xidmət haqqı), ümumilikdə 3.598.828 manatın tutulması, ipoteka predmeti olan cavabdeh X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə, ipoteka predmeti olan Cavabdeh1 məxsus “BMW X5” minik markalı, **-XB- *** qeydiyyat nişanı olanı avtomobilə, cavabdeh “xxxx” MMC-nin anbarında olan və 26.12.2013cü il tarixli akt əsasında girov qoyulmuş 1.406.010 manat və 1.212.597,85 manat məbləğində mal qalıqlarına tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ümumilikdə 3.598.828 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi “tutmanın X6 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh1 və X1 müştərək qaydada 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsi üzrə 2.631.615 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz, 50.000 (əlli min) manat məbləğində cərimə, cəmi 3.331.272,57 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-ya ödənilməsi, tutmanın 04.06.2013-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “BMW X5” minik markalı, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə, “xxxx” MMC tərəfindən girovla yüklü edilmiş 1.212.597,85 manat və 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sihayıda göstərilən) mal qalığına yönəldilməsi, ipoteka və girov predmetinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 220 manat məbləğində pul vəsaitinin 120 manat hissəsinin Cavabdeh1, 90 manat hissəsinin “xxxx” MMC-dən, 10 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir (sədrlik edən: Fuad Abdıyev). Qətnamədən iddiaçı və Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 131/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün olmayaraq iddia üzrə tələb olunan ipoteka predmeti X8 məxsus Bakı şəh., Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi tələbini təmin etməmişdir. Qeyd edilən əmlak "İddiaçı"ASC-ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2013cü il tarixli 101-28432/KX/2 saylı kredit xətti müqaviləsi üzrə öhdəliyin təminatı kimi 05 iyul 2013-cü il tarixli 101-HFİ-28432\1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəmənin 2(001)-131/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsinin şərh hissəsində X8 məxsus Bakı şəh., Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə dair "xxxx" MMC-nin 28 saylı 03 oktyabr 2017-ci il tarixli qiymətləndirmə rəyi öz əksini tapmışdır. Həmçinin qətnamədə ipoteka predmetinə yönəldilmənin təmin olunmaması ilə bağlı heç bir əsas qeyd olunmayıb. Mülki iş üzrə məhkəmə prosesi zamanı girovla bağlı mübahisələr müzakirə olunmamışdır. Bundan əlavə məhkəmə faiz məbləğini qismən təmin etmiş, hesablanmış dəbbə pulu üzrə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər borcludan ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçiin məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Müqavilədə faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması MM-in 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə borclunun iddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, borclunun il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, borclunun iddiaçıya olan borcu xeyli azalmış olardı. Məhkəmə isə qeyd edilənləri nəzərə almamış, qanunla nəzərdə tutulmuş imperativ normaların pozulması yolu isə hesablanmış borc məbləğinin həm də cavabdehdən tutulmasına səbəb olmuşdur. Qətnamə cavabdehə hələ də rəsmi qaydada təqdim edilməmişdir. Cavabdehin vəkili yalnız 03.10.2019-cu il tarixində işlə tanış məlumat əldə etmişdir. Buna görə də, cavabdeh tərəfindən şikayət müddəti ötürülməyib, buna görə də, şikayətə müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə əlavə edilməli deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdehə isə Qətnamə rəsmi qaydada verilməmişdir. Bu barədə apellyasiya şikayətində məlumat verilmişdi və bu fakt məhkəməyə məlum idi. Beləliklə, qətnamə əgər cavabdehə verilməmişdirsə, cavabdeh üçün müddətin axımı, ümumiyyətlə, başlaya bilməzdi. Başlamamış müddət isə buraxılmış hesab oluna bilməz. Cavabdeh müddəti buraxmış olmadığı üçün məhkəməyə bununla əlaqədar ərizə təqdim etməli deyil. Bununla əlaqədar, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” qərarında (“Qərar”) aşağıdakılar qeyd edilir: Qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməvə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötiirməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. "Azərbaycan Respublikasının məhkəmələrində kargiizarlığın aparılmasına dair” təlimatın 236-cı bəndinə əsasən, məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu bəndinə görə, sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Azərbaycan Respublikasının “Poçt rabitəsi” qaydalarının 17-19-cu bəndlərinə əsasən, müştəriyə qəbz verilməklə qəbul olunan sifarişli, qiyməti bəyan olunmuş məktub və banderollar, sifarişli poçt kartları, bağlamalar, pul baratları və teleqramlar qeydiyyatlı poçt göndərişləri adlanır. Qeydiyyatlı poçt göndərişləri xəbərnamə ilə (poçtla, teleqramla) qəbul oluna bilər. Vətəndaşların evlərinə ünvanlanmış, ünvan sahibinə verilməsi haqqında xəbərnamə (poçtla, teleqramla) ilə qəbul olunan sifarişli, qiyməti bəyan olunmuş məktub və poçt kartları "Şəxsən verilməli" qeydi ilə qəbul oluna bilər. Belə poçt göndərişləri ünvan sahibinə şəxsən və ya onun etibarnaməsi əsasında bildirişlə F8 kitabında və xəbərnamədə imza etdirməklə başqa şəxsə verilir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi K.Məmmədli şikayəti müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC “xxxx” MMC-yə illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 01.07.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3.416.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı və kreditə görə hesablanacaq faizləri, habelə geciməyə yol verdiyi təqdirdə yaranmış cərimə borcunu ödəməyi barədə öhdəlik götürmüşdür; İddiaçı ASC-nin ödəniş qəbzlərinə əsasən İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə 3.416.000 manat məbləğində pul vəsaiti verilmişdir; İddiaçı ASC-nin 15.04.2016-cı il tarixli maliyyə arayışına əsasən “xxxx” MMC-nin 04.06.2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit xətti müqaviləsi üzrə 15.04.2016-cı il tarixə İddiaçı ASC-yə 2.631.615 manat məbləğində əsas, 728.038 manat məbləğində faiz, 239,115 manat məbləğində cərimə, ümumilikdə 3.598.768 manat məbləğində borcu yaranmışdır; İddiaçı ASC ilə zamin X3 arasında bağlanmış 04.06.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin X3 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit alan “xxxx” MMC tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə həmin müqavilə üzrə yaranmış öhdəliklərin icra etməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 30.05.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit alan “xxxx” tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə həmin müqavilə üzrə yaranmış öhdəlikləri icra etməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; İddiaçı” ASC tərəfindən “xxxx” MMC-yə, Cavabdeh1 və X2 ünvanlanmış bildirişxəbərdarlığın surətinə əsasən bu şəxslərə yaranmış borc məbləği barədə məlumat verilməklə həmin borcun ödənilməsi tələb edilmiş, əks halda müqaviləyə vitam verilməsi və həmin borcun müştərək qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; Nəqliyyat vasitəsinin AC seriyalı, 001646 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən " BMW X5" minik markalı (buraxılış ili - 2007, rəngi - ağ), **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur; İddiaçı ASC-nin “Həyat” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2013-cü il tarixli, 101-28432/AİP/001 saylı ipoteka müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz G55” (ban WDAFE81070LZ74594, buraxılış ili – 2008-ci il) minik markalı və “BMW X5” (ban WDB4632701X177220, buraxılış ili - 2008) minik markalı avtomobilləri İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir; “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 088751 nömrəli, 10.06.2013-cü il tarixli çıxarışa əsasən Cavabdeh1 məxsus “Mercedes G 55” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı və “BMW X5” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, ipoteka saxlayan İddiaçı ASC-nın Həyat filialıdır; İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə ünvanlanmış ərizəsinə əsasən İddiaçı ASC-nin müraciətinə əsasən Cavabdeh1 ünvanlanmış 21.12.2015-ci il tarixli bildiriş həmin orqan tərəfindən dövlət qeydiyyatına alınmışdır; İddiaçı ASC-nin Həyat filialı ilə “xxxx” MMC arasında bağlanmış 101- 28432/GM/2 saylı 04.06.2013-cü il tarixli girov müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq “xxxx” MMCyə məxsus dəyəri 1.212.597,85 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı banka girov qoyulmuşdur. Girov qoyulmuş əşyalar “xxxx” MMC-nin anbarında saxlanılır; İddiaçı ASC-nin Həyat filialı ilə “xxxx” MMC arasında bağlanmış 101- 28432/GM/3 saylı, 29.12.2013-cü il tarixli girov müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq “xxxx” MMCyə məxsus dəyəri 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı banka girov qoyulmuşdur. Girov qoyulmuş əşyalar “xxxx” MMC-nin anbarında saxlanılır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24467 nömrəli, 30 iyun 2017-ci il tarixli rəyinə əsasən “xxxx” MMC-nin 04 iyun 2013-cü il tarixli, 101- 28432/KX/2 saylı kredit müqaviləsi üzrə 04.06.2016-cı il tarixə İddiaçı ASC-yə 2.655.879,22 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə “xxxx” MMC-nin direktoru X7 arasında bağlanmış 04 iyun 2013-cü il tarixli kredut xətti müqaviləsinin 5.3-cü bəndinə əsasən cərimə borcu müqavilə bitdikdən sonra hesablanır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12577 nömrəli, 25 aprel 2019-cu il tarixli rəyinə əsasən “xxxx” MMC-nin 04 iyun 2013-cü il tarixli, 101- 28432/KX/2saylı kredit müqaviləsi üzrə 04.06.2016-cı il tarixə İddiaçı ASC-yə 2.655.879,22 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə «xxxx” MMC-nin direktoru X7 arasında bağlanmış04 iyun 2013-cü il tarixli kredut xətti müqaviləsinin 5.3-cü bəndinə əsasən cərimə borcu müqavilə bitdikdən sonra hesablanır; “xxxx” MMC-nin 28 saylı 03 oktyabr 2017-ci il tarixli qiymətləndirilməsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 60.000 (altmış min) manat təşkil edir; Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə illik 17% dərəcəsi ilə faiz ödəmək şərti ilə 01 iyul 2016-cı il tarixədək qaytarmaq şərti ilə 3.416.000 manat məbləğində kredit verilmişdir. “xxxx” MMC“ İddiaçı” ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 3.416.000 ABŞ dolları məbləğində pulu almış və həmin məbləği müəyyən edilmiş məbləğdə və müddətlərdə qaytarmağı, həmin məbləğə hesablanmış faiz, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin “xxxx” MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC “xxxx” MMC-yə və zaminlərə pretenziya qaydasında müraciət edərək, yaranmış borc məbləği barədə məlumat vermiş və borcun qısa müddət ərzində ödənilməsini tələb etmişdir, eyni zamanda borc ödənilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hazırda İddiaçı ASC cavabdehlərdən 2.631.615 manat məbləğində əsas, 728.038 manat məbləğində faiz, 239.115 manat məbləğində cərimə, cəmi 3.598.768 manat məbləğində kredit borcunun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə keçirilmiş ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş hər iki ekspert rəyindən 04.06.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 04.06.2016-cı il tarixinə 2.655.879,22 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh “xxxx” MMC 04.06.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də cavabdeh “xxxx” MMCnin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən “xxxx” MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Kollegiya kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbinin əsas borcun tutulması hissəsində tam (ekspert tərəfindən müəyyən edilmiş əsas borc məbləği, iddia üzrə tələb edilən əsas borc məbləğindən də artıqdır, lakin məhkəmə iddia üzrə irəli sürülmüş tələbdə göstərilmiş məbləği əsas götürür), faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 2.631.615 manat məbləğində əsas və 649.657,57 manat məbləğində faiz borcunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, qeyd olunan eskpert rəyinin qeyri mötəbərliyini təsdiq edən hər hansı bir hal iş materiallarında aşkar edilmədiyindən həmin rəyə istinad edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu (cərimə) haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 239.115 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləğinin endirilərək 50.000 manat məbləğində müəyyən edilməsi, həmin məbləğin cavabdeh “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya zaminliklə bağlı qeyd edir ki, iddia tələbinin zaminliklə bağlı hissədə təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X3 zamin kimi borcalan “xxxx” MMC-nin iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqavilələrində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, kredit müqaviləsi üzrə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu məbləğlərinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Çünki, iş materiallarına əsasən, İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və X3 arasında ayrıayrılıqda müvafiq olaraq bağlanmış 30.05.2013-cü il və 04.06.2013-cü il tarixli zaminlik müqavilələrinə görə zaminlər borcalan “xxxx” MMC-nin kredit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar (30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir; Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Həmin Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir; Həmin Məcəllənin 298-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 300.0.6-cı maddəsinə əsasən dövriyyədəki malların girovu girovun növlərinə aid edilmişdir; 306.1-ci maddəsinə əsasən dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir, bu şərtlə ki, onların ümumi dəyəri girov müqaviləsində göstərilən dəyərindən aşağı düşməsin. Girov qoyulmuş dövriyyədəki malların dəyərinin azalmasına, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girovla təmin edilmiş öhdəliyin icra edilmiş hissəsinə mütənasib surətdə yol verilir; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 30.12.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 04.06.2013-cü il nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan “BMW X5” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı” ASC qarşısında ipoteka ilə yüklü etmişdir, eyni zamanda 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq “xxxx” MMC İddiaçı ASC ilə aralarında bağlanmış 04.06.2013-cü il tarixli girov müqaviləsinə əsasən 1.212.597,85 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı və 29.12.2013-cü il tarixli girov müqaviləsinə əsasən 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığını İddiaçı ASC-yə girov qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş “BMW X5” minik markalı, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə, habelə girov qoyulmuş 1.212.597,85 manat və 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sihayıda göstərilən) mal qalığına yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi həyata keçirilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edir. Belə ki, qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edildiyindən, ipoteka və girov müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu “xxxx” MMC tərəfindən lazımınca icra edilmədiyindən tutmanın ipotekaya qoyulmuş “BMW X5” minik markalı, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə, habelə girov qoyulmuş 1.212.597,85 manat və 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sihayıda göstərilən) mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehdən faizlər hər ilin sonund tutulmalı olduğu halda, hər ay tutulmuşdur ki, bu da Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, borcun hesablanması ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və ekspert rəyində borcun, eləcə də faiz borcunun hesablanması ilə bağlı hər hansı pozuntu aşkar edilməmişdir. Eyni zamanda, cavabdeh həmin ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Bu səbəbdən də, cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlili də əsassızdır. İddiaçı isə apellyasiya şikayətində X8 məxsus Bakı şəh., Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., 2-ci sıra, 3 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi tələbinin təmin etməməməsi halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi raypn Məhkəməsinin 2(001)-131/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərardadı (i.v. 118) ilə iddia tələbi “tutmanın X6 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və cavabdehin Cavabdeh1 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar