Məhkəmə qərarları › İş №2(103)-202/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-202/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (MİLAN-A” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: pulun tutulması) X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (MİLAN-A” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-52/2023 nömrəli, 15.02. 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Abşeron rayonu, Aşağı Gözdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.502,1 kv.m olan əmlak kompleksi kimi müəssisə və sahəsi 1 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır.

2. İcarə verən Cavabdeh2 ilə icarəçi "xxxx" MMC arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cəfərov X15 rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.502,1 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2027-ci il tarixədək "xxxx" MMC-yə icarəyə vermişdir.

3. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 133 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin təsisçilərin xx.xx.2021-ci tarixdə keçirilmiş Ümumi Yığıncağının iclasını protokoluna əsasən onların cəmiyyətin inkişafı və idarəçiliyinə qoyduqları xərclər çıxıldıqdan sonra nizamnamə kapitallarındakı paylarına uyğun olaraq "xxxx" MMC-nin təsisçilərinə: X6 91.295,86 manat, X22 60.863,91 manat, Cavabdeh2 91.295,86 manat məbləğində dividend ödənişi olunmuşdur.

4. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı 2016-cı ilin iyun ayında Cavabdeh1 adından rəsmi işlərdə adı qeyd olunan yaxın qohumu Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-ni təsis etdiklərini, cəmiyyətin fəaliyyət göstərəcəyi obyektin həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin və üzərində yerləşən istehsalat obyektinin olmasının tərəflərindən razılaşdırıldığını, lakin həmin istehsalat obyektinin istifadəyə tam yararsız olduğundan (bu barədə müvafiq video çəkilişlər və fotoşəkillər vardır) obyektin tamamilə yenidən qurulmasının və genişləndirilməsinin hər iki təsisçi (eyni zamanda Cavabdeh1) tərəfindən razılaşdırılmaqla qərara alındığını, bu məqsədlə aralarında olan anlaşmaya əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən onlara 1.100.508 ABŞ dolları məbləğində pulun verildiyini, pulların ondan Cavabdeh1 şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq etdiyini, qeyd olunan pulların Cavabdeh1 hissə-hissə olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək təhvil verildiyini, lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə Cavabdeh1 müvafiq hesabat tələb etməyinə baxmayaraq, həmin hesabatın ona təqdim edilmədiyini, istehsalat obyektinin yenidən qurulması və genişləndirilməsi üçün xərclənmiş pulların hesabatının 3 gün ərzində ona təqdim edilməsini tələb etdiyini bildirmiş, əks halda müvafiq olaraq hüquq mühafizə orqanlarına müraciətlər edəcəyi barədə xəbərdarlıq etmişdir.

5. "xxxx" MMC-nin həmtəsisçisi X12 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış müraciətə əsasən İddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, yazdıqlarının heç bir əsası yoxdur. Belə ki, onunla birgə işə başladıqdan sonra dəfələrlə törətdiyi qanunsuz əməlləriin aşkar olunması üçün zavodda auditor yoxlaması keçirilməsini tələb etmiş, bu məqsədlə ayrı-ayrı vaxtlarda tərəfindən auditorlar göndərilmişdir. Lakin onun da daxil olduğu İlqar Əsədovun dəstəsi həmin auditorların zavoda daxil olmasına icazə verməmiş, onları qovmuşlar. Bu barədə videoçəkilişlər də vardır. İddiaçı tərəfindən ona verilmiş 1.100.508 ABŞ dollarına (1.870.863 manat) gəldikdə isə bildirmişdir ki, həmin məbləğin 1.042.000 manatı (942.000 manat şəxsən ona, 100.000 manat isə mühasib Maisə təqdim olunmuşdur) ona məxsusdur. Eyni vaxtda İddiaçı tərəfindən qoyulmuş 850.000 manat pul və onun tərəfindən verilmiş 1.042 000 manat pul müvafiq sənədləşmə aparılmaqla "xxxx" MMC-yə mədaxil olunmuşdur. Bundan sonra o, həmin məbləğdə pulu ayrı-ayrı vaxtlarda ondan qəbul edərək, zavodda nəzərdə tutulmuş əlavə təmir-tikinti işlərinə xərcləmiş və bu barədə onu məlumatlandırmışdır. Aldığı pulların təyinatı üzrə xərclənməsi barədə hesabat tərəfindən əvvəllər mühasib işləmiş Mətləb Piriyev və hazırda mühasib işləyən Maisə təqdim olunmuş, o, bu barədə mühasibatlıqda müvafiq sənədləşmə aparmışdır. Bundan əlavə, qarşılıqlı razılaşmalarına əsasən xx.xx.2021-ci il tarixdə zavodda mütəxəssislər Əbülfət Ələkbərov və Şaiq Babaxanov tərəfindən daxili audit keçirilib xərclərin tərtib edilmiş rəydə əks olunmasına baxmayaraq, həmin rəy tərəfindən heç bir əsas olmadan qəbul olunmamışdır. Zavodun yararsız halda olması barədə fikirlər də tam əsassızdır və onunla təkzib olunur ki, zavod deyildiyi kimi yararsız olsaydı, onu girov qoymaqla bankdan 3.719.167,78 manat məbləğində kredit ala və həmin vəsaiti özünə məxsus digər istehsalat sahələrinə qoya bilməzdi. Onun hüquq-mühafizə orqanlarına müraciət etməyinə də hər hansı əsas yoxdur. Belə ki, qanunsuz əməlləri barədə müraciətləri hazırda hüquqmühafizə orqanlarından biri olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılır və araşdırma zamanı təyin olunacaq audit yoxlaması ilə zavoda qoyulmuş vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi dəqiq müəyyən olunacaqdır.

6. Nizami Rayon İcra hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 2022-ci il 05 yanvar tarixdə keçirilmiş iclasının 01 saylı protokolundan çıxarışa əsasən həmin tarixdə qəbul edilmiş qərarla X13 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 manat məbləğində pulun və 2.589 (1.726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin iyun ayında cavabdehlərdən biri olan Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-ni təsis etmişdir. Cəmiyyətin fəaliyyət göstərəcəyi obyekt həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən 1.502,1 kv.m olan istehsalat obyekti (zavod) olması tərəflərindən razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi hər iki təsisçi tərəfdən razılaşdırılaraq qərara alınmışdır. Bu məqsədlə cavabdehlərlə olan anlaşmalarına əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün onun tərəfindən cavabdehlərə 1.100.508 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh2 zavodun yenidən tikintisi üçün pulları onun yaxın qohumu olan Cavabdeh1 verilməsini bildirmişdir. Pulların ondan cavabdehlərin şəxsən özü tərəfindən götürülməsini şəxsi imzaları da təsdiq edir. Yəni bu barədə cavabdehlərin imzaları ilə təsdiq olunmuş siyahı əlyazma da vardır. Qeyd olunan pullar onlara hissə-hissə olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək təhvil verilmişdir. Lakin qeyd olunan pulların xərclənməsi ilə bağlı bu günədək dəfələrlə cavabdehlərdən müvafiq hesabat tələb etməyinə baxmayaraq onlar həmin hesabatı ona təqdim etməmişdir. Onda cavabdehlərin pulları öz şəxsi ehtiyaclarına ödənilməsinə dair əsaslı dəlillər var. Çünki istehsalat obyektinə xərclənən pullar oraya çəkilən real xərcdən qat-qat çoxdur. Bu barədə cavabdehlərə müraciətlər olunmuş, lakin onlar öz etirazları ilə pulu ödəmək və bu barədə hesabat verməkdən imtina etmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki qanunvericiliynə əsasən cavabdehlərlə aralarında tapşırıq müqavilə münasibətləri olmuş və o, cavabdehlərə 1.100.508 ABŞ dolları məbləğində pulu vermişdir. Cavabdeh isə aralarında olan razılaşmanın və qanunvericiliyin tələblərini pozaraq nə görülmüş işlər barədə ona hesabat vermir, nə də artıq aldığı pulları ona qaytarmır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Eləcə də hesab edir ki, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun məbləği və vəkilə ödənilmiş pul da tutulmalıdır.

9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdirlər ki, İddiaçı xx.xx.2017-ci il tarixinədək "xxxx" MMC-nin təsisçisi olmuşdur. İddiaçı öz payını xx.xx.2017-ci il tarixində X1. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. İddiaçı dedikləri doğru olsa idi, o, öz payını xx.xx.2017-ci il tarixində X3 onlara qarşı məhkəmədə iddia qaldırardı. Əslində İddiaçı formal olaraq "xxxx" MMC-də təsisçi olmuşdur. İddia ərizəsində qeyd edilən pulun da ona heç bir aidiyyəti yoxdur. Həmin pulun 1.042 000 manatı Cavabdeh1 tərəfindən (bu faktı "xxxx" MMC-nin direktoru Abdulla Hüseynovun səs yazısı və İddiaçı məhkəməyə təqdim etmiş olduğu sənəddə Ramiz verən pul qeydinin olması da təsdiq edir), 850.000 manatı isə Əsədov İlqar tərəfindən "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. İddiaçı Əsədov İlqarın yaxını olduğundan sənədləşmə formal olaraq onun adına aparılmışdır. xx.xx.2017-ci il tarixində isə İddiaçı "xxxx" MMC-dəki payını Əsədov İlqarın göstərişi əsasında X1. Əsədov İlqarın təşkilatçılığı ilə bir qrup şəxs onların küllü miqdarda əmlaklarını mənimsəmişdir. Əsədov İlqarın və digərlərinin qanunsuz əməlləri hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Bundan əlavə, iddia ərizəsində "xxxx" MMC-nin əmlaklarının ümumi dəyərinin 7.324.942,50 manat olduğu qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi 1.100.508 ABŞ dolları məbləğində pul istehsalat obyektinin qurulmasına xərclənməsə idi, onda "xxxx" MMC-nin əmlaklarının ümumi dəyəri 7.324.942,50 manat təşkil etməzdi. Həmçinin, dividendin ödənilməsi üçün "xxxx" MMC-nin direktoru tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, 133 nömrəli məktubda iddia ərizəsində qeyd edilənlərin həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmədiyindən, həmçinin iddia müddəti keçdiyindən də iddia tələbindən imtina olunmalıdır. Hazırkı vəziyyətdə də iddiaçı qanun ilə müəyyən olunmuş iddia müddətini əldən vermişdir və bu səbəbdən də Mülki Məcəllənin 375-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddiadan iddia müddətinin keçməsi səbəbindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-52/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara istehsalat obyektinin yenidən tikilməsi üçün verdiyi 1.100.508 ABŞ dolları pulun, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 manat məbləğində pulun və 2.589 (1.726 manat iddia üçün ödənilən rüsum + 863 manat MTT üçün ödənilən rüsum) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X23)

11. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün cavabdehlərə verdiyi pul məbləğinin həcminə dair məhkəməyə mötəbər hesab olunacaq sübutlar təqdim etməsə də, cavabdeh tərəf müvafiq hissədə belə təyinatda pulun iddiaçı tərəfindən verildiyini qəbul və etiraf edir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı hüquq münasibətləri və hazırda irəli sürülən tələb üzrə müəyyən edilmiş işin faktiki halları tapşırıq müqaviləsinin təsiri altına düşmür. Məhkəmə təqdim edilmiş sübutlara (üzərində “Abdulla və Ramizin danışığı” qeydli və zavodun videogörüntüləri və fotoşəkilləri olan iki ədəd disk, şahid ifadələri) münasibətdə qeyd etmişdir ki, onların əsaslı olub-olmaması məhkəmənin aşağıda gəldiyi nəticəyə təsir etmir. Nəzərə alınmalıdır ki, İddiaçı ilə Cavabdeh2 cəmiyyət yaradılarkən onun təsisçiləri olmuşlar. İddiaçı sonradan, xx.xx.2017-ci il tarixdə öz payını X2, cəmiyyətin hazırkı təsisçiləri X10, Cavabdeh2 və X17r. Bu qeyd olunanlar işin mübahisəsiz halıdır. Tərəflər öz izahatları ilə bunu inkar etmirlər. İddiaçı tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan alğısatqı müqaviləsi bağlayaraq cəmiyyətdə ona məxsus olan pay hissəsini satmışdır. Alıcı şəxs həmin payın (əmlakın) dəyərini hazırki iddiaçıya ödəməklə satılan payı (əmlak hissəsini) qəbul etmiş və sonrakı hərəkətləri edərək əmlakı mülkiyyət hüququ üzrə adına qeydiyyata aldırmışdır. Bununla aydın olur ki, iddiaçı satdığı payın (əmlak hissəsinin) mövcud vəziyyətini, maliyyə risklərini, satışın ona hansı mənfəət gətirəcəyini, gəlirlərini qiymətləndirərək, müəyyən olunmuş və razılaşdırılmış məbləğə öz payını satmışdır. Hansı ki, bu satış həyata keçirilərkən artıq iddiaçının iddia etdiyi kimi, obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün müvafiq vəsait ayırmış, işlər görülmüşdür. İddiaçı bunu bildiyi halda da alqı-satqı əməliyyatını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, bu alqı-satqı məhz xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Həmin dövrdən ötən müddətdə iddiaçı həmin müqaviləni hər hansı əsasla mübahisələndirməmiş, yanıldığını ifadə etməmiş, eləcə də cavabdehlərə qarşı hazırda baxılan tələb üzrə məsələləri də mübahisələndirməmişdir. Nəticədə, iddiaçı öz payını razılaşdığı, onu qane etdiyi məbləğə satdığından və cavabdehlər tərəfindən iddia tələbində göstərilən qaydada iddiaçıya maddi ziyan vurulması halı müəyyən edilmədiyindən məhkəmə hesab etmişdirdir ki, iddia tələbinin əsası yoxdur və bu səbəbdən iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından iddiaçı hazırkı iddia üzrə 3 illik iddia müddətini ötürməmişdir. Hazırki mübahisə üzrə on illik iddia müddəti əsas götürülməlidir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddia üzrə iddia müddətinin ötürülməsinə dair dəlilləri əsassızdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 93.2-ci, 324.1-ci, 373.1-ci, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq işin faktiki hallarına istinad edərək qeyd etmişdir ki, onun tərəfindən cavabdehlərə pulun verilməsi ilə bağlı mötəbər sübutların təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi əsassızdır. Belə ki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyi kimi həmin pulların cavabdehlər tərəfindən alınmasını cavabdehlər özü etiraf edir. Bundan başqa isə məhkəməyə təqdim olunmuş yazılı sənədlər də (xx.xx.2022-i il tarixli xəbərdarlıq məktubu və eyni tarixli müraciət) pulların həcminə dair kifayət qədər mötəbər sübutlardır. Bundan başqa isə pulların cavabdehə verilməsinə dair o, məhkəməyə qeydlər kitabçasını təqdim etmişdir. Həmin qeydlər kitabçasında cavabdeh 1.100.508 ABŞ dolları məbləğində pulları xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək dövrdə hissə-hissə almasına dair imzalayaraq götürməsi tam təsdiq olunur. İşin faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarının tədqiqindən göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsinin təsiri altına düşür. Lakin, məhkəmə nəinki bu halı nəzərə almamışdır, hətta tərəflər arasında olan münasibətlərin hansı müqavilənin təsiri altına düşməsini də qətnamədə əsaslandırmamışdır. . Belə ki, məhkəmə qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, guya o, "xxxx" MMC-də olan payını həmin Cəmiyyətin fəaliyyət göstərəcəyi istehsalat sahəsinin tam işlək vəziyyətdə olmadığı müəyyən olunmazsa sata bilməzdi. Bu fikir nə heç bir qanunvericilik normasına, nə də məhkəmə təcrübəsinə uyğun gəlmir. Çünki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində əks olunmuş “müqavilələr azadlığı” prinsipini də nəzərə almamışdır. Belə ki, o, Cəmiyyətdə olan payını qanunvericiliyə zidd olmayan hallar nəzərə alınmaqla istədiyi şəxsə, istədiyi qiymətə, istədiyi şəkildə və sair hallarda sata bilər. Cəmiyyətə məxsus istehsalat obyektinin təmirindən, bərpasından, genişləndirilməsindən və ya əks hallardan asılı olmayaraq öz payını satmaq və ya barəsində digər əqdlər bağlamaq hüququ vardır. Bu hüquq nizamnamə və ya qanunvericilikdə nəzərdə tutulmuş (qanunvericiliyin və ya Cəmiyyətin mənafeyiziddinə) hallar istisna olmaqla məhdludlaşdırıla bilməz. Məhkəmənin qətnamədə “əsalandırdığı dəlillər” isə həmin hüquqları məhdudlaşdıran hal kimi qiymətldəndirilə bilməz. Cəmiyyətə məxsus istehsalat obyektinin tamamilə yararsız olması və orada sonralar görülmüş işlərin də effektiv olmaması və cavabdehlər tərəfindən quraşdırılmış avadanlıqların tamamilə dəyişdirilməsi məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid kimi dindirilmiş X14 ifadəsində əksini tapmışdır. Belə ki, şahid , X24 ifadəsində bildirmişdir ki:“... Lakin bir müddətdən sonra Türkiyəyə getməli olmuşdur və təxminən 1 il keçdikdən sonra Müşfiqabadda olan zavoda gəlmişdir. Qayıdıb gəldikdən sonra zavodda olan ləvazimatların heç birini görməmişdir. Bugünki gün zavodun yenidən qurulması üçün 3.000.000 ABŞ dollarından çox vəsait lazımdır...” Məhkəməyə təqdim olunmuş iki ədəd diskdəki videogörüntülər və fotoşəkillər də bunu təsdiq edir. Diskdəki görüntülər onun tərəfindən cavabdehə işlərin yerinə yetirilməsi və Cəmiyyətdəki nizamnamə kapitalındakı payın satılması ərəfəsində çəkilmişdir. Lakin, məhkəmə bu halların heç birini düzgün qiymətləndirməmişdir. Bundan əlavə, o, hazırkı iddia tələbini ümumi iddia müddəti ərzində məhkəmə qaydasında mübahisələndirməkdə sərbəstdir. Məhkəmənin özünün də qeyd etdiyi kimi hazırkı mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından göründüyü kimi, o, əvvəllər dəfələrlə cavabdehdən ona verilmiş pullara dair hesabat tələb etmiş və artıq ödənilmiş pulların geri ödənilməsi barədə tərəflər arasında mübahisələr olmuşdur. Bundan başqa o öz iddia tələbində müqavilə üzrə yanıldığına dair dəlil və əsas göstərməmişdir. Ona görə də məhkəmənin qətnamədə guya “iddiaçının müqavilə üzrə yanıldığına dair” əsas göstərməsi barədə qənaəti tam yanlışdır. Məhkəmə ona təqdim olunmuş sübutları və faktiki işin hallarını nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə təqdim edilmiş sübutları, fotoşəkilləri, sənədləri və fatiki halları nəzərə almadan iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Halbu ki, həmin sübutlar iddianı tam sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 olu apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2016-cı ilin iyun ayında cavabdehlərdən biri olan Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-ni təsis etmişdir. Cəmiyyətin fəaliyyət göstərəcəyi obyektin həmin vaxt Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi və üzərində yerləşən 1502,1 kv.m olan zavod olması tərəflərindən razılaşdırılmışdır. Lakin həmin istehsalat obyekti istifadəyə tam yararsız olduğundan obyektin tamamilə yenidən qurulması və genişləndirilməsi hər iki təsisçi tərəfdən razılaşdırılaraq qərara alınmışdır. Bu məqsədlə cavabdehlərlə olan anlaşmalarına əsasən istehsalat obyektinin tamamilə yenidən qurulması və genişləndirilməsi üçün iddiaçı tərəfindən 2016-cı ilin iyun ayından 2018-ci ilin iyun ayına qədər hissə-hissə 1.100.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Həmin vəsaitin Cavabdeh1 tərəfindən götürülməsi öz imzası ilə təsdiqlənir. Belə ki, iddiaçı tərəfindən 1.100.508 ABŞ dolları məbləğin verilməsi ilə bağlı kitabçada müvafiq qeyd öz əksini tapır. O, həmin kitabçanı birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə təqdim etmişdir, həm işə baxan hakim, həm də qarşı tərəfin vəkili həmin qeydlə tanış olmuşdur. Həmin kitabçada verilən pul vəsaitinin məbləği, Cavabdeh1 adı, tarix və imza qeyd edilmişdir. Cavabdeh2 və Cavabdeh1 əmi-qardaş oğludur. İddiaçı maliyyə dəstəyi göstərmiş, cavabdehlər isə tikinti-quraşdırma işlərinin gedişinə nəzarət etmişlər. Məhkəməyə müracitə etməmişdən əvvəl iki dəfə qarşı tərəfə xəbərdarlıq yollanılmışdır. Qarşı tərəf özü də yazılı müraciətində pulun onun tərəfindən götürülməsi faktını qəbul edir və heç bir mötəbər sübut olmadan məbləğin 1.042.000 manat hissəsinin ona məxsus olduğunu, qalan hissəni qaytardığını, bir hissəsi üzrə də müvafiq işlər görüldüyünü iddia edir. Lakin birinci instansiya məhkəməsində də işə baxılarkən qarşı tərəf bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində qarşı tərəfin dəvət etdiyi şahidlərin ümumiyyətlə işlə əlaqəsi yox idi, bir şahidin isə əlaqəsi olsa da, cavabdehin arqumentlərinə zidd izahat vermişdir. Əslində iddiaçı həmin zavoda müəyyən xərclər çəkildiyini inkar etmir, sadəcə bildirir ki, ən yaxşı halda həmin istehsalat obyektinə verilmiş məbləğin yarısından az pul xərclənibdir. Digər tərəfdən, cavabdehlər həmin zavoda bahalı transformator alındığını iddia etsələr də, həmin qurğu 5 gün istifadə olunduqdan sonra yanmışdır. Qarşı tərəf görülmüş işlərin hesabatını təqdim etmir. Həmin zavodu "xxxx"MMC-nin balansına keçirmək istəyərkən, notariat orqanı həmin zavodun qeyriyaşayış sahəsi olması və ərazisinin böyük olmasını əsas gətirərək 45.000-50.000 manat arasında vergisinin oldugunu bildirmişdir. Vəsait çox böyük olduğuna görə hər iki tərəfin həmin vəsaiti ödəməyə imkanları olmamışdır. Lakin sonradan Ramiz Mustafayev həmin əmlakın qiymətləndirilməsini keçirdərək, Sumqayıt Vergi İdarəsində sözügedən zavodun MMC-nin balansına qoyulmasına nail olmuşdur. İddiaçı "xxxx" MMC-nin təsisçilərindən biridir və pullar da qarşı tərəfə verildiyi üçün cavabdeh olaraq "xxxx" MMC göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir

18. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, onun və Cavabdeh2 nümayəndələri və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdilər ki, zavod "xxxx" MMC-nin balansında deyil, həmin zavodun Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən reyestrdən çıxarış var. Digər bir məsələ qarşı tərəf özü də etiraf edir ki, verilmiş məbləğ əsasında müvafiq işlər görülmüşdür, lakin buna baxmayaraq verilmiş məbləği tam həcmdə tələb edir. Əslində hazırki iş üzrə iddiaçı və cavabdeh formal xarakter daşıyır. Belə ki, əslində faktiki münasibətlər X30 Qəhrəmanov arasındadır, yəni onlar şərikli olaraq bir müəssisə yaradıb işlətməli idilər. Zavodun yenidənqurma işləri Cavabdeh1 həvalə olunmuşdur. Əslində qarşı tərəfin izahatında qeyd etdiyi kitabça "xxxx" MMC-nin “qara” mühasibatlığını əks etdirir. Orda da qeyd edilir ki, Ramizin verdiyi pullar. Əslində pullar "xxxx" MMC-nin kassasına qoyulub, orda da kassir iddiaçı olub, hər dəfə pullar götürülərkən orda müvafiq qeydiyyat aparılıb. İddiaçının nümayəndəsi həmin kitabçanı birinci instansiya məhkəməsində işə baxılarkən gətirsə də, həmin kitabçanın vərəqləri tikilmişdi və baxış keçirmək mümkün olmurdu. O, iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etmişdi, çünki iddiaçı tərəf 2017-ci ildə öz payını satmağına baxmayaraq bundan 5 il sonra zavodun yenidən qurulmasına xərclənən pullar barədə hesabatı tələb edir. Bundan əlavə, brinci instansiya məhkəməsinə görülmüş işlər barədə fotoşəkillər və video təqdim edilmişdir. Həmçinin iş materiallarında "xxxx" MMC-nin direktoru Abdullanın səs yazısı da var ki, bu da bir daha təsdiq edir ki, 1.042.000 manat məbləğində pul Ramiz Qəhəmanov tərəfindən verilmişdir. Bundan əlavə, zavodda görülmüş işlər barədə mütəxəssis rəyi də birinci instansiya məhkəməsinə təqdim edilməyinə baxmayaraq, həmin mütəxəssis rəyi məhkəmə baxış iclasında təqdim edildiyi üçün sübut kimi qəbul olunmadı. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

19. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş MİLAN-A” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır; 87.2-ci maddəsinə əsasən cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər; 90.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər; 90.5-ci maddəsinə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır; 93.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər; 93.2-ci maddəsinə cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş və nəticədə tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı 2016-cı ilin iyun - 2017-ci ilin iyun ayları üzrə dövr ərzində üçüncü şəxs MİLAN-A” MMC-nin təsisçisi olmuş, Cavabdeh2 isə (37,5 % pay) hazırda da X11 (37,5 % pay) və X25 (25% pay) ilə birlikdə bu cəmiyyətin təsisçisidir. Cavabdeh1 Cavabdeh2 qohumudur. Cavabdeh2 ilə həmin cəmiyyət arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1.502,1 kv.m olan əmlak kompleksi kimi müəssisəni xx.xx.2027-ci il tarixədək cəmiyyətə icarəyə vermişdir. Hazırda iddiaçı təsisçi olduğu dövrdə həmin cəmiyyətin (onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsinə, yəni fəaliyyətinə pul qoyulması ilə bağlı cavabdehlərlə razılıq əldə etdiyini və bunun nəticəsi olaraq həmin dövr ərzində cəmiyyətin (istehsalat obyektinin) fəaliyyətinə yatırılması məqsədi ilə Cavabdeh1 ümumilikdə 1.100.508 ABŞ dolları məbləğində pulun verildiyini, lakin dəfələrlə tələb etməsində baxmayaraq, ötən dövr ərzində həmin pulların xərclənməsi ilə bağlı ona hər hansı hesabatın verilmədiyini, istehsalat obyektinə bu məbləğdən xeyli az məbləğdə pul vəsaitinin xərcləndiyini, qalıq qalan məbləğin də ona qaytarılmadığını iddia edir və tərəfindən verilmiş pulun qaytarılmasını tələb edir.

29. Cavabdehlər iddianı qəbul etmir, iddiaçı tərəfindən qeyd edilən məqsədlər üçün 850.000 manat, onun tərəfindən isə 1.042,979 manat məbləğində pul verildiyini və həmin məbləğlərin "xxxx" MMC-nin kassasına mədaxil edildiyini və cəmiyyətin fəaliyyətinə sərf edildiyini, ümumiyyətlə iddia edilən pul vəsaitinin iddiaçıya deyil, onun qohumu və cəmiyyətdə olan təsis payının real sahibi olan İlqar adlı şəxsə məxsus olduğunu və reallıqda məhz onun tərəfindən verildiyini, cəmiyyətin əsas vəsaitlərinin bir neçə milyon olduğunu, bu məbləğin cəmiyyətin hazırki digər iki təsisçisinin digər iş üzrə Cavabdeh2 qarşı irəli sürdükləri iddianın tələbində əks olunduğunu, bununla da iddia edilən məbləğlərin cəmiyyətin fəaliyyətinə real olaraq yatırılmasının təsdiq olunduğunu bildirir.

30. Bununla belə, hər iki tərəf məbləğ fərqi ilə "xxxx" MMC-nin fəaliyyətinə (onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsinə) pul vəsaiti qoyduqlarını etiraf və təsdiq edir. Lakin bunun nəticəsi olaraq cəmiyyətin nizamnamə kapitalı artmamışdır. Bu məqsədlə qoyulmuş vəsaitin cəmiyyətə verilmiş borc məbləği kimi qiymətləndirilməsi üçün də hər hansı əsas yoxdur. Belə ki, onlarla cəmiyyət arasında hər hansı borc münasibətlərinin yaranması, o cümlədən yazılı borc müqaviləsinin bağlanması, verilmiş məbləğlərin qaytarılması müddətlərinin müəyyən edilməsi, ümumiyyətlə tərəflərin hər hansı birinin məhz bu münasibətlər üzrə pretenziya irəli sürməsi müəyyən edilmir. Tərəflər özləri də bu mövqedən çıxış etmir.

31. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmış və məhz bu münasibətlər çərçivəsində tərəflər gəlir əldə etmək, sonradan da qoyduqları vəsaitlərini götürmək şərti ilə cəmiyyətin fəaliyyətinə (onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsinə) pul yatırmışdılar.

32. Lakin iddiaçı 2017-ci ilin iyun ayında cəmiyyətin nizamnamə kapitalındakı payını alqı-satqı yolu ilə digər şəxsin (hazırki təsisçi X11) xeyrinə özgəninkiləşdirmişdir. Alıcı şəxs həmin payı onun dəyərini iddiaçıya ödəməklə qəbul etmiş və qeyd edilən dövrdən də təsisçi olmaqla bu payın sahibidir, o cümlədən payına uyğun cəmiyyətdən mənfəət alır. İşə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili (İİ cild, i.v. səhifə 86) özü də Qabil müəllimin (iddiaçının) özünün pay hissəsini 2017ci ildə satdığını, satdığı qiymətin onu qane etdiyini bildirmişdir. Bununla belə, payını alqısatqı yolu ilə özgəninkiləşdirən vaxt iddiaçı iddia etdiyi vəsaiti məbləğ və müddət etibarı ilə tam şəkildə artıq Cavabdeh1 təhvil vermiş, həmin vaxt cəmiyyətin fəaliyyəti, o cümlədən onun nəzdində olan istehsalat obyektinin (zavodun)) yenidən qurulması və genişlənməsi ilə bağlı görümüş işlərin real vəziyyəti barədə tam məlumatlı olmuş və bu baxımdan məhz həmin vaxt mövcud olan vəziyyəti, maliyyə risklərini, cəmiyyətin verə biləcək və alqısatqıdan əldə edəcək mənfəəti qiymətləndirərək öz payının alqı-satqı dəyərini müəyyən etmiş və həmin qiymətə satmışdır (alqı-satqı barədə məlumat və zəruri sənədlərin təqdim edilməsi dəfələrlə iddiaçıya təklif edilsə də, iddiaçı bununla bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir). Həmin vaxt da tərəflər arasında iddiaçı tərəfindən verilmiş vəsaitin təyinatı üzrə xərclənməməsi və ya natamam xərclənməsi barədə cavabdehlərin hər hansı birinə qarşı hər hansı tələb, habelə pretenziya irəli sürülməmişdir.

33. Məhkəmə kollegiyası iddia edilən pul vəsaitlərinin 2016-cı ilin iyin – 2018-ci ilin iyun ayları ərzində verilməsi barədə iddiaçının izahatı və mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bu mövqedən çıxış etsə də, təsisçilikdən çıxdıqdan sonra hər hansı məbləğdə pul vəsaiti verməsini sübuta yetirə bilmir, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən iddia ərizəsinin məzmununda, habelə iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda da iddia edilən məbləğin məhz xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, yəni təsisçi olduğu dövrdə verildiyi göstərilir. İddiaçı tərəfindən təqdim edilmiş və onun tərəfindən pul vəsaitinin Cavabdeh1 verilməsini təsdiq edən sübut kimi təqdim edilən müvafiq kitabdan çıxarışlardan da pul vəsaitlərinin məhz 2016-cı ilin iyun – 2017-ci ilin iyun ayları üzrə verilməsi və alınması müəyyən edilir (İ cild, i.v. səhifə 12-16). Bundan sonrakı dövrə aid həmin kitabdan digər çıxarışın üzərində isə “Ramiz verən pul” sözləri qeyd edilmişdir (İ cild, i.v. səhifə 17). Məhkəmə kollegiyası tərəfindən bu çıxarışların edildiyi kitabın özünün də məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, onun sahibi olan iddiaçı tərəf nəticə etibarı ilə kitabın özünü məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə kollegiyası iddiaçının nizamnamə kapitalında olan payını satdıqdan sonra müəssisənin fəaliyyəti ilə bağlı hər hansı məbləğdə pulun Cavabdeh1 verilməsi ilə bağlı iddiaçı tərəfin mövqeyini əsassız hesab edir. Qeyd edilənlər öz növbəsində iddiaçının iddiasının əsassız olduğunu təsdiq edir və onun iddiasının rədd edilməsini şərtləndirir.

34. Məhkəmə kollegiyasının iddianın əsassızlığı ilə bağlı mövqeyi iddiaçı tərəfindən iddia edilən və cavabdeh tərəfindən etiraf edilən pul vəsaitinin məbləği ilə bağlı araşdırmanın aparılmasına olan zərurəti aradan qaldırmış olur, eyni zamanda, iddiaya hüquqi nəticə etibarı ilə iddia müddətinin tətbiq edilməsini qeyri-mümkün edir.

35. Məhkəmə kollegiyası iddia ərizəsi və apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı ümumiyyətlə qeyd edir ki, iddiaçı cəmiyyətin fəaliyyətinə yatırmaq üçün pul vəsaitini Cavabdeh1 verdiyini iddia edir, bu halın təsdiqi olaraq müvafiq kitabdan çıxarışlar da təqdim edir. Lakin iddia etdiyi pul vəsaitini həmçinin, cəmiyyətin təsisçisi olan Cavabdeh2 da tələb edir. Halbuki, onun Cavabdeh2 hər hansı məbləğdə pul verdiyi həm müəyyən edilmir, həm də nəticə etibarı ilə iddiaçı özü də bu mövqedən çıxış etmir. Digər tərəfdən onun tərəfindən verilməsi iddia edilən pul vəsaitinin tam olaraq cəmiyyətin fəaliyyətinə qoyulmadığını bildirir və bununla da həmin vəsaitin hər hansı hissəsinin real olaraq qoyulduğunu dolayısı ilə etiraf edir. Lakin buna baxmayaraq verildiyini iddia etdiyi bütün məbləği tələb edir.

36. Eyni zamanda, iddiaçı cəmiyyətin nəzdində olan istehsalat obyektinin (zavodun) bərbad vəziyyətdə olduğunu, onun yenidən qurulması və genişlənməsi ilə bağlı pul vəsaitinin qoyulması barədə cavabdehlərlə razılığa gəldiyini və bu məqsədlə Cavabdeh1 verdiyi vəsaitdən dəfələrlə az məbləğ xərcləndiyini bildirir. Lakin onun bu mövqeyini təsdiq edən hər hansı sübut da mövcud deyil. Digər mülki iş üzrə cəmiyyətin digər iki təsisçisi olan X11 və X25 tərəfindən hazırki cavabdeh (təsisçisi) Cavabdeh2 qarşı qaldırılmış iddia da isə cəmiyyətin əsas vəsaitlərinin 7.324.942,50 manat olduğu göstərilir və bu onun təsisçilər arasında bölünməsi tələb edilir. Cəmiyyətin 2019-2020-ci illərlə bağlı fəaliyyətinin yoxlanması da onun gəlir verən müəssisə olduğunu təsdiq edir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli məktubunda isə 250.000 manata yaxın dividentin bölünməsi barədə məlumat öz əksini tapmışdır. Qeyd edilənlər, o cümlədən həmin iş üzrə iddia edilən ümumi dəyər iddiaçının hazırki iş üzrə mövqeyi ilə konkret olaraq ziddiyyət təşkil edir. Belə ki, pul vəsaitinin cəmiyyətin fəaliyyətinə qoyulmadığı bir halda, ümumi, o cümlədən maliyyə vəziyyəti bərbad kimi qiymətləndirilən bu cəmiyyətin 2022-ci ildə (həmin iş üzrə iddia qaldırılan tarix) belə bir dəyərə malik olması təbii ki, sual doğurur və nəticə etibarı ilə iddiaçının mövqeyinin bu baxımdan da əsassız olmasını təsdiq edir.

37. Maraqlısı ondan ibarətdir ki, iddiaçı iddia etdiyi vəsaitin cavabdehlər tərəfindən cəmiyyətin fəaliyyətinə qoyulmadığını iddia etsə də, onun tərəfindən bu məsələnin aydınlaşdırılması üçün cəmiyyətin özünə müraciət etməsi, bu müstəvidə onların arasında hər hansı mübahisənin yaranması müəyyən edilmir. Halbuki, cəmiyyətin mühasibat sənədlərində 2016-cı ilin iyun - 2017-ci ilin iyun ayları ərzində nəinki iddia edilən, hətta bütün digər məqsədlərlə cəmiyyətin kassasına mədaxil edilmiş vəsaitlər barədə məlumatlar əks edilmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar