Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2021/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8612/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC (bundan sonra “iddiaçı”) ilə Paşayev İmran Əhmədağa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Paşayev İmran Əhmədağa oğluna 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Paşayev İmran Əhmədağa oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz və gecikməyə yol verdiyi halda hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Paşayev İmran Əhmədağa oğlu xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbi ilə ölmüşdür. Bundan sonra onun arvadı Cavabdeh (bundan sonra cavabdeh) 35 saylı notariat ofisinə müraciət edərək, ərinin vəfat etdiyini, ondan miras olaraq bir ədəd ** FD *** dövlət qeydiyyat nişanlı, “BMW” minik markalı avtomobilin qaldığını, ondan başqa X7 və X2 onun vərəsəsi olduğunu bildirmiş və göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onların birgə nikahından doğulmuş X10 və X6 onlara düşən miras paydan cavabdehin (analarının) xeyrinə imtina etmişdilər. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh mərhum Paşayev İmran Əhmədağa oğlundan miras qalan əmlakdan tam hissədə pay almış, mərhumun miras əmlakı “BMW 728” minik markalı, ** FD *** markalı dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət olmuşdur. Cavabdehin Paşayev İmran Əhmədağa oğlunun vərəsəsi olması nəzərə alınmaqla, iddiaçı tərəfindən ona bildiriş göndərilərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Paşayev İmran Əhmədağa oğlunun borcunun yarandığı bildirilmiş və borcun 7 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, borc məbləği bundan sonra da ödənilməmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə 7.274,64 manat məbləğində əsas borc yaranmışdır. "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən cavabdehə miras qalmış nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixə bazar dəyəri 1.700 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 7.274,64 manat məbləğində əsas borcun, ödənilmiş 92,75 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
4. Bundan sonra Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, həmin krediti yoldaşı sağ olan vaxt, yəni 2019-cu il tarixdə götürmüşdür. Ailə daxili soyuq münasibət olduğuna görə heç bir məbləğlə maraqlanmamış və ümumi bank borcundan məlumatı olmamışdır. Yoldaşı ölən günə kimi kredit borcuna görə 304 manat məbləğ maaş kartından tutulmuşdur və sonuncu tutulan məbləğ 2021-ci ilin fevral ayına təsadüf edir. Müqavilə üzrə kredit borcu 5.136 manat təşkil edir. Yoldaşı krediti götürən gündən öldüyü günə kimi 4.864 manat kartından pul tutulmuş və ümumi məbləğin, yəni 10.000 manatın 4.864 manatı ödənilmişdir. Ölüm kağızı təqdim etdiyi günə qədər də maaşından pul tutulurdu. Bank bu halda faizi dayandırmalı olduğu təqdirdə faizin hesablanmasına davam etmişdir. O, 5.139 manat əsas borca heç bir etirazı yoxdur və ödəməyə hazırdır. Aylıq gəliri 777 manat təşkil edir. Digər banklara ümumilikdə 458 manat ödəniş edir. İddia ərizəsində bankın qeyd etdiyi vərəsəlik üzrə alqı-satqı etdiyi maşın 2.600 manata dəmirmetallom əvəzi olaraq satılmış və mərhumun borclarına xərclənmişdir. Mərhumun iş yerindən dəfn pulu olaraq aldığı 6.600 manat məbləğ ilə iş yoldaşı Şəmşirə olan borcunu ödəmişdir. Mərhum ölən zaman heç bir işindən xəbəri olmamışdır. Bütün bunları nəzərə alaraq mərhumun banka olan borcunun 7.274,63 manat təşkil etməsinə baxmayaraq, onun ödəyə biləcəyi məbləğ 5.139 manatdır. Bundan əlavə, o, dövlət rüsumlarından boyun qaçırmır və ödəniş etməyə hazırdır. Bütün bunları nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8612/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********70 saylı Kredit müqaviləsinə əsasən 2.600 manat əsas borc olmaqla, ümumilikdə 2.600 manat pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun 32,46 manat hissəsinin və 0.40 manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumunun 60,29 manat hissəsinin iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim X8)
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Paşayev İmran Əhmədağa oğlu kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Lakin sonuncu vəfat etdiyindən hazırkı iş üzrə Cavabdeh onun qanun üzrə vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Nə qədər ki, hazırkı mülki iş üzrə cavabdeh qanun üzrə vərəsə olaraq tanınmışdır, bununla o, Paşayev İmran Əhmədağa oğlunun miras qoyduğu öhdəlikləri də qəbul etmiş sayılır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh qəbul etdiyi miras əmlakın həcmində iddiaçının qarşısında məsuliyyət daşıyır. Lakin məhkəmə o halı qeyd etmişdir ki, cavabdeh iddia tələbini qiymətləndirmə aktında qeyd olunan avtomobilin dəyəri həcmində - 1.700 manat qəbul etdiyini qeyd etsə də, məhkəməyə təqdim etdiyi ərizədə həmin avtomobilin 2.600 manata satıldığını bildirmişdir. Odur ki, məhkəmə iddianın həmin hissədə təmin edilməsini qanuni hesab etmişdir.
7. Məhkəmə həmçinin iddianın 92,75 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş rüsumun 32,46 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 60,29 manat iddiaçının özünə aid edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448.1-ci, 739.1-ci, 1151-ci, 1306.1-cı, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 7.274,64 manat borcun və ödənilmiş 92,75 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Belə ki, Cavabdeh miras əmlakı, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakı tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Hazırki işdə isə cavabdeh qəbul etdiyi miras əmlakının borc məbləğindən az olmasını sübuta yetirməli idi. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamışdır. Eyni zamanda, məhkəmə Mülki Məcəllənin 1307-ci maddəsini nəzərə almamışdır. Bu isə mülki və mülki-prosessual qanunvericiliyin kobud pozulmasıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, mərhum ərinin ölümündən sonra onun iş yerindən son haqq-hesab olaraq 6.600 manat məbləğində pul verilmişdir. Həm bu, həm də miras qalmış avtomobilin pulunu mərhum ərinin borclarına xərcləmişdir. O, iddiaçının kredit götürməsindən və kredit borcunun nəyə xərclənilməsindən məlumatsız olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunduğundan və iddianın mahiyyətinə görə qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılması mümkün olmadığından, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisəni tənzimləyən hüquq normalarını düzgün tədbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.
22. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub hazırki işin halları baxımından qeyd edir ki, Paşayev İmran Əhmədağa oğlu xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Onun ölümündən sonra məhz cavabdeh ondan miras qalmış əmlakdan tam hissədə pay almış, habelə son haqq-hesab olaraq onun iş yerindən ödənilən 6.600 manat məbləğində pulu qəbul etmişdir. Bu səbəbdən cavabdeh iddia üzrə tələb edilən kredit borcunu ödəməyə borcludur. Belə ki, cavabdeh mirası (əmlakı) qəbul etmiş vərəsə kimi onun əmlak hüquqlarını əldə etmiş və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdir. Bu baxımdan da cavabdeh hazırda onun kreditoru qismində çıxış edən iddiaçı "xxxx" ASC-nin mənafelərini (yaranmış borcun ödənilməsini) təmin etməlidir.
23. Məhkəmə kollegiyası iddia üzrə tələb edilən məbləğə istinadən qeyd edir ki, cavabdeh vərəsə olaraq mərhum ərinin kredit müqaviləsi ilə bağlı yaranmış kredit borcu üzrə məsuliyyət daşıyır və həmin borcu miras payına mütənasib surətdə tam ödəməyə, habelə buna zərurət yarandıqda borcun mirasdan çox olduğunu sübut etməyə borcludur.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mərhum ərindən “BMW 728” minik markalı, ** FD *** markalı dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin miras qaldığını, təqdim etdiyi qiymətləndirmə hesabatına əsasən həmin avtomobilin 1.700 manat dəyərinin olduğunu bildirsə də, iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda qeyd edilən avtomobili 2.600 manata dəmir-metallom kimi satdığını, mərhum ərinin iş yerindən 6.600 manat məbləğində son haqq-hesab aldığını qeyd etmiş, eyni zamanda kredit borcu üzrə 5.139 manat ödəniş etməyə razı olduğunu bildirmişdir. Lakin həm miras qalmış avtomobilin satışından əldə etdiyi 2.600 manat, həm də son haqq-hesab olaraq qəbul etdiyi 6.600 manat məbləğində pulun mərhumun borcları üzrə ödənildiyini vurğulasa da, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
25. Bununla belə, cavabdehin iddiaya qarşı etirazında öz əksini tapmış etirafı artıq 5.139 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını mümkün edir. Ümumiyyətlə etirazda əldə edilmiş kimi göstərilən vəsaitin ümumi məbləği (2.600 + 6.600 = 9.200 manat) isə birmənalı şəkildə miras aktivinin həcmini təşkil edir və məbləğ etibarı ilə cavabdehin miras qoyanın kreditoru olan iddiaçı qarşısında məhz iddia edilən borc məbləği həddində məsuliyyətini yaradır.
26. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün qiymət verməyərək, sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək, habelə cavabdehin etirazında göstərdiklərini, o cümlədən etirafedici məqamları nəzərə almayaraq, Mülki Məcəllənin bu sahəni tənzimləyən müddəalarını düzgün tətbiq etməmişdir. Nəticədə səhv olaraq iddia üzrə borc öhdəliyini qarşılayacaq miras aktivinin yalnız “BMW 728” minik markalı, ** FD *** markalı dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyəri həcmində olması qənaətinə gəlmişdir. Qeyd edilənlər öz növbəsində qətnamənin ləğv edilməsini və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7.274,64 manat məbləğində pulun tam həcmdə cavabdehdən tutulmasını şərtləndirir.
27. Məhkəmə kollegiyası iddia edilən məbləğlə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit məbləği illik 20% dərəcəsi ilə verilmişdir və buna uyğun olaraq yaranmış öhdəliyə əsasən əsas kredit borcunun qaytarılması ilə yanaşı, bu məbləğə hesablanmış faiz borcu da ödənilməli idi. Ötən dövr ərzində də həmin müqavilə üzrə ümumilikdə aparılmış 5.173,41 manat ödənişin 2.725,36 manat hissəsi məhz mövcud olan əsas borcdan, 2.448,05 manat hissəsi isə yaranmış (hesablanmış) faiz borcundan silinmişdir. Bu hal iş materiallarında olan muhasibat sənədləri ilə öz təsdiqini tapır. Paşayev İmran Əhmədağa oğlunun ölüm tarixinə faiz borcunun olmaması və bu tarixdən sonra qalıq qalmış əsas kredit borcuna faiz borcunun hesablanmaması da nəzərə alınmaqla, onun həqiqətən də (10.000 – 2.725,36 = 7.274,64) iddia üzrə tələb edilən, yəni 7.274,64 manat məbləğində əsas borcu yaranmış olur.
28. Məhkəmə kollegiyası iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasına münasibətdə qeyd edir ki, cavabdeh iddia ərizəsinə etirazda iddia tələbini həmin hissədə də qəbul etmiş və ödənilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyini və iddianın tam təmin edilməməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsi üzrə 7.274,64 manat məbləğində əsas borc, 92,75 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
30. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməyən və mübahisə predmetini təşkil edən hisssəsinin qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan (7.274,64 – 2.600 = 4.674,64) qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8612/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********70 saylı kredit müqaviləsi üzrə 7.274,64 (yeddi min iki yüz yetmiş dörd manat, altmış dörd qəpik) manat məbləğində əsas borc, 92,75 (doxsan iki manat, yetmiş beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.