Məhkəmə qərarları › İş №2(103)-2022/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2022/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2022/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə,Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)-2982/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA3748322A210 saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi məqsəd üçün 26 ay müddətinədək, 4000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh həmin vəsaiti xx.xx.2021-ci il tarixdə kassa məxaric orderinə əsasən götürmüşdür. Hazırda iddiaçı yaranmış borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2165.76 AZN əsas; 475.15 AZN faiz, cəmi 2640.91 AZN məbləğində vəsaitin və ödənilmiş 46.41 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2165.76 AZN əsas; 475.15 AZN faiz cəmi 2640.91 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)- 2982/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 2035 manat 39 qəpik; faiz borcu olaraq 363 manat 66 qəpik olmaqla, cəmi 2399 manat 05 qəpik və ödənilmiş 46 manat 41 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 104 (yüz dörd) manat məbləğində ekspert xərcinin Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 445, 448.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh məhkəmə müdafiəsinə dair konstitusion normaya tam şəkildə əməl etməmiş, şəxsin borcuna münasibətdə həddindən artıq dərəcədə faiz hesablayaraq onun hüquqlarını pozmuşdur. Belə ki, şəxs qeyd etdiyi kimi kredit məbləğinin bir qismini müqavilə ilə müəyyən olunmuş tarixlər ərzində hissə-hissə ödəmiş, bir müddətdən sonra isə ödəməkdə çətinlik çəkdiyindən şəxsin borcu yaranmışdır. Lakin iddiaçı tərəfindən müəyyən olunmuş faiz məbləği reallığı əks etdirmir, belə ki, iddiaçı bilə-bilə cavabdehin üzərinə həddindən artıq faiz məbləği hesablamışdır. Məhkəmə isə bu halı nəzərə almamışdır. Eyni zamanda, keçirilən yanlış ekspertiza nəticəsində hesablanan faiz məbləği də reallığı əks etdirməməklə cavabdehin üzərinə artıq ödəniş öhdəliyi qoyulmasına səbəb olmuşdur. Digər tərəfdən Cavabdeh sahibkar statusu daşıyan subyekt və sahibkar olaraq vergi ödəyicisidir. Buna görə də bu işin ümumi məhkəmələrə aidiyyəti qüvvədə olan mövcud qanunvericilik baxımından sadəcə olaraq mümkün deyildir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi isə cavabdehin vergi ödəyicisi olub-olmamasını, dolayısı ilə tərəflər arasında olan mübahisənin kommersiya mübahisəsi olmaqla iddia ərizəsinin də Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsində qeyd olunan tələblərə əməl olunaraq məhkəməyə göndərilib-göndərilmədiyini lazımi qaydada araşdırmamış, bu səbəbdən də aidiyyət qaydalarına əməl etməyərək öz yurisdiksiyasına aid olmayan işə baxmış və iş üzrə yekun qətnamə qəbul etmişdir. Bu da məhkəmə qətnaməsinin ləğv olunması üçün ən böyük əsasdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə ərizə göndərərək, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası tərəfindən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi xahiş edilmiş, apellyasiya şikayətinin məzmunundan isə görünür ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmiş, həmçinin birinci instansiya məhkəməsinin aidiyyat qaydalarına əməl etməməsi bildirilmişdir. Bundan başqa qətnamə iddiaçı tərəfindən - iddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilən hissəsi yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (köhnə redaksiya) Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA3748322A210 saylı kredit müqaviləsinə əsasən Cavabdeh şəxsi məqsəd üçün 36 ay müddətinədək, 4000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh həmin vəsaiti xx.xx.2021-ci il tarixdə kassa məxaric orderinə əsasən götürmüşdür. İş materiallarında olan xx.xx.2023 tarixli 15/3353 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2165.76 manat əsas, 475.15 manat faiz, cəmi 2640.91 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf müqavilədə olan imzanın aid olmamasını bildirməklə yanaşı qeyd etmişdir ki, hesablanmış faiz borcu şişirdilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi baxışı zamanı müvafiq ekspetiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-6-16/2-4/1434-9/6597 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 6/9/2021-ci il tarixli BİKA3748322A210 №-li kredit müqaviləsində "Borcalan” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuş, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2035,39 manat əsas və 363.66 manat faiz borcu müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsində “borcalan” qrafalarındakı imzaların cavabdehə məxsus olması ekspert rəyi ilə müəyyən edilmiş və cavabdeh apellyasiya şikayətində həmin halı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir Beləliklə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığı və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməklə iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına dair birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Hazırda cavabdeh tərəf apellyasiya şikayətində mülki işin aidiyyat qaydalarına riayət edilmədən məhkəməyə verildiyini bildirmiş, həmçinin birinci instansiya məhkəməsi baxışında olduğu kimi - faiz borcunun düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Hazırda isə tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə qiymət verildiyi zaman müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydalarını pozulmamışdır. Belə ki, cavabdeh tərəf hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, yəni, vergi ödəyicisi olmasını qeyd etsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin məzmunundan görünür ki, cavabdeh həmin kredit vəsaitini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əldə etməmişdir. Bununla da müəyyən edilir ki, hazırki mübahisəyə müvafiq kommersiya məhkəməsində deyil, məhz ümumi məhkəmədə baxılmalıdır. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2035,39 manat əsas və 363.66 manat faiz borcu təşkil edir. Həmin ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilməmiş, eyni zamanda bununla bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini təyin edilmiş ekspertizanın rəyinə uyğun olaraq müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi onun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2(006)- 2982/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar