Məhkəmə qərarları › İş №2(103)-2027/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2027/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2027/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X11nun Cavabdeh qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh və onun nümayəndəsi (anası) X4 iştirakı ilə, İddiaçı X11nun Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)- 26/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı X11 (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı 8.500 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə həmin məbləği qəbul edərək, xx.xx.2022-ci il tarixindən etibarən hər ay 700 manat olmaqla 12 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bununla yanaşı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı 20.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə həmin məbləği qəbul edərək, xx.xx.2022-ci il tarixdən etibarən hər ay 1.660 manat olmaqla 12 ay ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X11 Cavabdeh qarşı iddia və iddianın həcminin azaldılması barədə ərizələrlə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2018-ci ilin əvvəlindən tanıyır. Bir müddət sonra cavabdeh ondan şəxsi problemlərinin həll edilməsi üçün birinci dəfə xx.xx.2022-ci il tarixdə hər ay 700 manat ödənilməsi şərti ilə 8.500 manat və ikinci dəfə xx.xx.2022-ci il tarixdə hər ay 1.660 manat ödənilməsi şərti ilə 20.000 manat, cəmi 28.500 manat məbləğində pulu borc almışdır. Tərəflər arasında bağlanmış razılaşmaya əsasən cavabdeh almış olduğu pulu götürdüyü tarixdən etibarən yuxarıda göstərilmiş ödənişləri etməklə 12 ay müddətində qaytarmalı idi. Lakin, razılaşmaya əməl etməyən cavabdeh, hər ay qaytarmalı olduğu məbləğləri ödəməməklə razılaşmanın şərtlərini pozmuşdur. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür.

4. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)- 26/2024 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir.

5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(094)-26/2024 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-26/2024 saylı qərardadı ilə ərizə təmin edilərək qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.

6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)- 26/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 28.500 manat pul vəsaitinin alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir (hakim X12).

7. Məhkəmə iddianı təmin edərkən bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş üzrə borcun verilməsinə dair tərəflərin razılaşdırılmış iradə ifadəsi olduğundan, tərəflər arasında bağlanmış borc kimi pulun verilməsinə dair əqd etibarlıdır və iddiaçı həmin əqd əsasında verilmiş pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 385ci, 442-ci, 448-ci, 739-740-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıya məxsus RTK MMC-nin Bakı şəhərinin Z.Bünyadov prospektində yerləşən İnşaat mallarının satışı mağazasında 2018-ci ildən 2022-ci il tarixədək satıcı işləmişdir. O, təzyiq altında formal olaraq, işdən çıxarılma hədəsi altında məsələ aydınlaşanadək 8.500 manat müqaviləyə imza atmışdır. Onun aylıq əmək haqqı 1.000 manat olduğu halda, o necə 1.600 manat qaytarmaq şərti ilə borc götürə bilərdi?! O, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ölkə ərazisindən xaricdə olmuşdur. Ona heç bir borc pul verilməmişdir ki, onun da həmin pulu qaytarmaq öhdəliyi yaranmış olsun. Ondan tələb edilən pulun heç bir manatını belə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) X6 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, onun oğlu həqiqətən 2022-ci ilin noyabr ayında iddiaçıdan 8.500 manat məbləğində borc götürmüşdür. Lakin sonradan dekabr ayında borcun götürülməsi ilə razı deyilllər. Bununla bağlı sənədə oğlu imza atsa da, o sənədi imzalayarkən oxumamış və nəyə imza atmasından məlumatsız olmuşdur. Bununla bağlı bağlanmış əqdlərin etibarsız sayılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı X11 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; əvvəlki redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; əvvəlki redaksiyada 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; əvvəlki redaksiyada 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı 8.500 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixindən etibarən hər ay 700 manat olmaqla 12 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə yenidən müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı 20.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh isə həmin məbləği xx.xx.2022-ci il tarixindən hər ay 1.660 manat olmaqla 12 ay ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür. Hazırda da iddiaçı həmin müqavilələr üzrə cavabdehin ümumilikdə 28.500 manat məbləğində borcunun olduğunu iddia edərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir.

23. Cavabdeh apellyasiya şikayətində iddiaçıya borcunun olmadığını, həqiqətdə həmin pulun bir manatını belə almadığını qeyd etsə də, işə apellyasiya icraatında baxılarkən cavabdeh tərəf ilk müqavilə üzrə 8.500 manat məbləğində borcun iddiaçıdan alındığını qəbul etmiş, lakin sonradan aralarında bağlanmış müqavilə üzrə 20.000 manat məbləğində borcun iddiaçı tərəfindən ona verilmədiyini vurğulamışdır.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

25. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

27. Bu baxımdan iddiaçı cavabdehə 28.500 manat məbləğində pulu borc verməsini sübut etməli idi. İddiaçı da öz mövqeyinə uyğun olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında bağlanmış yazılı müqavilələr təqdim edir. Cavabdeh ilk olaraq bunu qəbul etməsə də, apellyasiya ixraatında iddiaçının ona 8.500 manat məbləğində pulu borc verdiyini qəbul etmişdir. Bu da öz növbəsində iddiaçını qeyd edilən halı sübutetmə yükündən azad edir. Başqa sözlə, iddia üzrə tələb edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi işdə olan sübutlarla yanaşı, cavabdehin özünün etirafı ilə də öz təsdiqini tapır. Lakin cavabdeh nəinki bu məbləğin qaytarılmasını təsdiq edən sübutları təqdim etmir, hətta ümumiyyətlə bu məbləğin qaytarıldığını bildirmir.

28. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, cavabdeh həmin hissədə iddianı qəbul etməyərək iddiaçı ilə aralarında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini, bu müqaviləni bağlamağa məcbur edildiyini bildirir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində iştirak etməməsini və bu halın apellyasiya şikayətinin dəlilləri qismində göstərilməsini nəzərə alaraq, ayrıca icraat çərçivəsində mübahisələndirdiyi bu əqdlərin etibarsızlığı ilə bağlı sübutların təqdim edilməsini cavabdehə təklif etmiş, hətta bununla bağlı işə baxılması da təxirə salınmışdır. Lakin nəticə etibarı ilə cavabdeh bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Həm bu halın, həm də cavabdehin ziddiyətli mövqeyinin hüquqi nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri də əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində borcun olmadığı mövqeyindən çıxış etsə də, apellyasiya icraatı zamanı ilk müqavilə üzrə borcun mövcudluğunu qəbul etmiş, lakin buna baxmayaraq ayrıca icraat qaydasında iddiaçı ilə bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Hər bir halda, apellyasiya şikayətində işdən çıxması hədəsi altında xx.xx.2022-ci il tarixli müqaviləni bağlamağa məcbur edildiyi, həmin pulun bir manatını belə götürmədiyi mövqeyindən çıxış edən cavabdeh apellyasiya icraatında əksini etiraf etməməlidir.

29. Bununla belə, məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini əsas götürüb, cavabdeh tərəfin izahatını, habelə digər sübutları müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas (xüsusilə də yalan əqd olması və ya məcburetmə qaydasında bağlanması) müəyyən edilmədi. Həmin borc müqavilələrinə əsasən iddiaçı cavabdehə ümumilikdə 28.500 manat məbləğində pulu (8.500 + 20.000 manat) borc vermiş və bununla da həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almış, lakin bu məbləğin xx.xx.2023-cü il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürsə də, bugünədək qaytarmamış, bununla da həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, həmin müqaviləsinin şərtlərini pozmuşdur. Buna görə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış 28.500 manat məbləğində borcu iddiaçıya ödəməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 8.500 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20.000 manat, cəmi 28.500 manat məbləğində pul tutmaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(094)-26/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar