Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-203/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e 2(010)-157/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh arasında “yaşayış binasının yaşayış sahəsinin alqısatqısına dair” xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Hazırda İddiaçı iddia edir ki, cavabdehlə bağladığı müqavilə üzrə ona satılmalı olan mənzilin ölçüsü (186.9 m2) ilə çıxarışda qeyd edilmiş, ona faktiki olaraq satılan mənzilin ölçüsü (150.2 m2) arasında 36.7 m2 fərq olduğundan o, bu mənzilə görə 110100 manat daha artıq məbləğdə pul ödəmişdir. Bu əsasla iddiaçı həmin pulu Cavabdeh MTK-dan tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh MTK-dan öz xeyrinə 110100 manat məbləğində pul və 400.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli, 1 girişli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin alınması barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 186.9 m2 olmuşdur. MTK tərəfindən verilmiş qəbzlərdən göründüyü kimi mənzilə görə 561000 manat məbləğində pul ödənilmişdir. Mənzilin dəyəri 1 m2 üçün təxminən 3000 manat olmuşdur. xx.xx.2020-ci il tarixdə mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Çıxarışda isə mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilədən fərqli olaraq 150.2 m2 kimi qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh MTK iddiaçıya nəzərdə tutulduğundan az, yəni 36.7 m2 az mənzil sahəsini təqdim etmişdir. Beləliklə, Cavabdeh MTK-ya artıq ödənilmiş pul məbləği 110.100 manat (36.7x3000) təşkil edir. Dəfələrlə cavabdehə artıq ödənilmiş pul məbləğinin qaytarılmasına dair şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin bir faydası olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək, iddiaçıya olan borcunu qaytarmaqdan imtina edir. Cavabdehin yerləşdiyi ünvana pulun ödənilməsinə dair xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin cavabdeh yenə də heç bir reaksiya verməyərək məktubu cavablandırmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi–yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallarına vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri–0.3; şüşəbənd və lociyalar–0.5; eyvanlar (verandalar)–1.0 azalma əmsallarına vurulmaqla hesablanır. Göründüyü kimi bu sahədə mövcud olan qanunvericilik norması da eyvanın hesablanmasının xüsusi qaydasını müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən qanunvericiliyin bu tələbi də pozulmuşdur. Əgər Cavabdeh MTK eyvan sahəsi, arakəsmələr altındakı sahə, şaxta və beton kolonları mənzilin ümumi sahəsinə əlavə edəcəkdisə, bu barədə aralarında bağlanmış müqavilədə birbaşa qeyd olunmalı idi. Lakin müqavilədə hər hansı istisna mövcud deyil. İddiaçı cavabdehlə müqavilə bağlayarkən orada göstərilən mənzilin sahəsinin 150.2 m2 qeyd olunduğuna inanıb həmin sahənin də pulunu cavabdehə ödəmişdir. Əgər cavabdeh mənzilin sahəsində iddiaçını aldadıbsa, ona artıq ödənilmiş pul məbləğini geri qaytarmalıdır. İddia ərizəsi təmin edilərsə, ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh MTK-dan iddiaçının xeyrinə 110100 manat məbləğində borc və 400.1 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-157/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilə hər nə qədər “yaşayış binasının yaşayış sahəsinin alqı-satqısına dair” müqavilə adlandırılsa da, iş üzrə tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, müqavilədən görünür ki, müqavilə üzrə “İcraçı” (Cavabdeh MTK) müqavilə üzrə “Sifarişçi”yə (İddiaçı Məhiyəddin qızı) hələ tikintisi başa çatmamış mənzili “satmağı” öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə mənzilə görə ödənilməli olan pulun tikinti başa çatdırıldıqdan sonra dəqiqləşdiriləcəyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqavilə alqısatqı yox, məhz podrat müqaviləsi olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi əsas məsələ cavabdeh tərəfindən ona təhvil verilməli olan mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi (186.9 m2) ilə mənzilin dövlət qeydiyyatını aparan orqan tərəfindən çıxarışda müəyyən edilmiş sahəsi (150.2 m2) arasında fərq olması ilə bağlıdır. İş materiallarında olan müvafiq müqavilə və çıxarışdan görünür ki, həqiqətən də mənzilin sahəsinin bu iki sənəddəki ölçüləri arasında iddiaçının iddia etdiyi kimi fərq mövcuddur. Bununla belə tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki: “Yaşayış sahəsinin ümumi sahəsi və ödəniləcək məbləğ tikinti başa çatdırıldıqdan sonra faktiki sahəyə görə dəqiqləşdiriləcək”. Göründüyü kimi müqavilədə yaşayış sahəsinin “ümumi sahəsi” və “faktiki sahəsi” anlayışlarından istifadə edilmiş, yekunda həm ümumi sahənin, həm də ödəniləcək məbləğin tikinti başa çatdırıldıqdan sonra faktiki sahəyə uyğun olaraq dəqiqləşdiriləcəyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş yazılı çıxışdan belə görünür ki, Cavabdeh MTK mənzilin faktiki ölçüsünü müəyyən edərkən divarlar və arakəsmələr arasındakı sahələrin ölçülərini də nəzərə almışdır. Eyni zamanda, mənzilin sahəsi hesablanarkən balkonun sahəsinə azaltma əmsalı tətbiq edilməmişdir. Belə görünür ki, müqavilə və çıxarışdakı sahə fərqi də elə bu hesablama fərqlərindən qaynaqlanmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə mənzilin faktiki ölçüsünün Cavabdeh MTK tərəfindən hesablandığı qaydada hesablanmasını istisna etmir. Əksinə, müqavilədə mənzilin ümumi sahəsinin 186.9 m2 olduğu göstərilsə də, faktiki sahənin tikinti başa çatdıqdan sonra dəqiqləşdiriləcəyi və ümumi sahənin faktiki sahəyə uyğunlaşdırılacağı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan ekspert rəyindən görünür ki, mənzilin azaltma əmsalları tətbiq olunmadan faktiki ölçüsü 164.6 m2 təşkil edir. Lakin ekspert mənzilin ümumi sahəsini hesablayarkən faktiki olaraq 29.4 m2 sahəsi olan balkona münasibətdə 0.3 azaltma əmsalı tətbiq etmiş, bununla da balkonun faktiki sahəsini 20.6 m2 azaldaraq, 8.8 m2 müəyyən etmişdir. Eyni zamanda, ekspert tərəfindən mənzilin ümumi sahəsi müəyyən edilərkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamışdır. Belə görünür ki, daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən də mənzilin ümumi sahəsi hesablanarkən müvafiq azaltma əmsalı tətbiq edilərək və ara divarlar arasındakı məsafə nəzərə alınmadan hesablama aparılmışdır. Məhkəmə qeyd etmişdir ki, həm ekspert, həm də daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən mənzilin ümumi sahəsinin bu qaydada hesablanması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3-cü bəndinin tələblərindən irəli gəlmişdir. Məhkəmə hesab etmişdir ki, həm daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan, həm də ekspert mənzilin ümumi sahəsini müəyyən edərkən qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə riayət etməkdə haqlı olmuşdur. Ona görə ki, mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı bu tələblərə riayət etmək onların vəzifəsi olmuşdur. Lakin sifarişçi ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzili (mənzilin yerləşdiyi yaşayış binasını) tikən iş üzrə Cavabdeh MTK-nın sifariş əsasında tikəcəyi mənzilin ümumi sahəsini müəyyən edərkən bu tələblərə riayət etmək kimi bir vəzifəsi olmamışdır. Ona görə ki, Cavabdeh MTK podratçı kimi bu mənzili sifarişçi İddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun tikmək vəzifəsi daşımışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə mənzilin ümumi sahəsinin tikinti başa çatdıqdan sonra faktiki sahəyə uyğun dəqiqləşdiriləcəyi müəyyən edilmişdir. Belə görünür ki, Cavabdeh MTK mənzilin ümumi sahəsini hesablayarkən heç bir əmsal tətbiq etməmiş, ara divarların ölçülərini isə nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin mənzilin ümumi sahəsini bu cür hesablaması müqavilə azadlığı prinsipindən irəli gəlir və qanunla qadağan edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsinin birinci bəndinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə onu da qeyd edir ki, həmin maddənin ikinci bəndində müqavilənin onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməsi müəyyən edilmişdir. Lakin məhkəmə yuxarıda da qeyd edildiyi kimi “balkonun ümumi sahəsini hesablayarkən azaltma əmsalı tətbiq etmək”, yaxud “mənzilin ümumi sahəsini bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablamaq” kimi tələbləri bu iş üzrə müqavilə tərəfləri üçün məcburi qayda (imperativ norma) kimi qiymətləndirmir. Məhkəmənin qənaətinə görə bu tələblərin təkcə qanunvericilikdəki ifadə edilmə tərzinə nəzər salınması ilə belə bu nəticəyə gəlmək mümkündür. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları adlanır. Bu maddənin ilk üç bəndi yaşayış binalarında mənzillərin ümumi sahəsinin hesablanması qaydasını göstərir və bu qaydalar “müəyyən edilir”, “hesablanır” və “aid edilmir” sözləri ilə ifadə edilir. Son iki bənd isə yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər və mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyünü müəyyən edir və bu qaydalar “az olmamalıdır” imperativ tələbi ilə ifadə edilir. Məhkəmə hesab etmişdir ki, hündürlüklə bağlı bu tələblər birbaşa inşaat norma və qaydaları ilə əlaqədar olduğundan bu tələblərə riayət edilməsinin imperativ şəkildə müəyyən edilməsi tikinti obyektinin təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəlir. Tikinti obyektinin ümumi sahəsinin hesablanma qaydası ilə bağlı tələblər isə bu obyektlərin sahəsinin vahid hesablanma qaydasını müəyyən etməklə dövlət qeydiyyatı zamanı sahələrin hesablanması ilə bağlı pərakəndəliyin qarşısını almaq, vahid qayda və əmsallar tətbiq etmək yolu ilə müvafiq hesablamalarda qeyri-obyektivliyi minimuma endirmək zərurətindən irəli gəlir. Məhz bu baxımdan məhkəmə bu qaydaları nə tikinti obyektini tikənlər, nə də bu tikintini sifariş edənlər üçün yox, yalnız vəzifəsi bu hesablamaları aparmaq olan orqanlar üçün imperativ tələb kimi qiymətləndirir. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh MTK İddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzilin ümumi sahəsini hesablamış, bu zaman mənzilin sahəsinin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş hansısa imperativ tələblərə riayət etmək vəzifəsi olmamışdır. Cavabdeh MTK-nın bu tələblərə riayət etmədən mənzilə görə daha artıq məbləğdə pul alması ilə əsaslandırılmış hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.2, 178.8, 390.1, 390.5, 752.1, 752.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Deməli, Qaydalara riayət etmək vəzifəsi həm də hazırki iş üzrə müqavilə tərəflərindən biri olan "xxxx" MTK-ya da aiddir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” Konstitusiyaya görə mərkəzi icra hakimiyyəti orqanı aktı olmaqla digər qanunvericilik normaları ilə də ziddiyyət təşkil etmir. Digər tərəfdən əgər Cavabdeh MTK müqavilənin 1.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsinin 186.90 kv metr (brut) olması barədə öhdəlik götürmüşdüsə, o zaman üzərinə düşən öhdəliyi yerinə yetirməli və həmin sahəni də iddiaçıya təhvil verməli idi. Cavabdeh MTK-nın ara divarlarının ölçülərinin nəzərə alınmasını isə görmək mümkün deyil. Tərəflər arasındakı münasibətlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Göründüyü kimi, mübahisəli mənzilin ümumi sahəsi hesablanarkən əmsalın tətbiq edilməsi Cavabdeh MTK nın birbaşa vəzifəsidir. Lakin, birinci instansiya məhkəməsi qeyd edilən faktı nəzərə almamışdır. Məhkəmə qətnaməsində bir neçə yerdə (bənd 15, 17, 19, 23) tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə istinad edilərək qeyd etmişdir ki, yaşayış sahəsinin ümumi sahəsi və ödəniləcək məbləğ tikinti başa çatdırıldıqdan sonra faktiki sahəyə görə dəqiqləşdiriləcək. Maraqlıdır ki, tikinti şirkəti Cavabdeh MTK tikinti başa çatdıqdan sonra da nə mənzilin ümumi sahəsini, nə də ödəniləcək məbləği dəqiqləşdirməmiş və sahənin az olması fərqinə görə yaranmış borcu iddiaçıya qaytarmamışdır. Lakin məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, guya faktiki sahəyə görə dəqiqləşdirmə aparılmışdır. Daha sonra, qətnamədə qeyd edilir ki, cavabdehin mənzilin ümumi sahəsini bu cür hesablaması müqavilə azadlığı prinsipindən irəli gəlir və qanunla qadağan edilməmişdir (bənd 24, səhifə 8, abzas 2). Müqavilə azadlığı prinsipi müqavilə tərəflərinə bərabər şəkildə tətbiq edilməlidir. Cavabdeh MTK-nın müqavilə azadlığı prinsipindən sui istifadə etməsi yolverilməzdir. Çünki müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nə mənzilin ümumi sahəsi, nə də faktiki sahəsi üzrə olan ölçünü iddiaçıya təhvil verməmişdir. Bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Hətta, azaltma əmsalı tətbiq edilsəydi belə, yenə də cavabdeh iddiaçıya yaranmış fərqi ödəməli idi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci və 59.3-cü maddələrində fikrin “müəyyən edilir”, “hesablanır” və “aid edilmir” kimi qeyd edilməsi Cavabdeh MTK-ya İddiaçı müqavilədə qeyd edilməyən ölçüdə sahənin təqdim edilməsi səlahiyyətini vermir. Həmçinin, Məcəllənin 59.1-ci, 59.2-ci və 59.3-cü maddələrində fikrin “müəyyən edilməlidir”, “hesablanmalıdır” və “aid edilməməlidir” kimi qeyd edilməməsi o demək deyil ki, Cavabdeh MTK qanunvericiliyin qeyd edilən normalarına riayət etməyə bilər. Bununla yanaşı ekspert tərəfindən mənzilin ümumi sahəsi müəyyən edilərkən mənzilin bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmamışdırsa, onda məhkəmə ən azından öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edərək bu sahəni dəqiq müəyyən edə bilərdi. Çünki tərəflər arasındakı müqavilənin 1.1-ci bəndinə əsasən yaşayış sahəsinin ümumi sahəsi 186,90 kv metr (brut) olmalı idi. Brutto mənzilin ümumi platformasının, divarların, şaxtaların, balkonun, dəhlizin hamısı daxil çöldən-çölə hesablama üsuludur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
419. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh (“İcraçı”) və İddiaçı (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 42 nömrəli “yaşayış binasının yaşayış sahəsinin alğı-satqısına” dair müqavilədən görünür ki, bu müqaviləyə əsasən İcraçı tərəfindən ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli, bir girişli yaşayış binasının, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 186.9 m2 (Brut) olan üçotaqlı yaşayış sahəsini Sifarişçiyə satmağı öz öhdəsinə götürür. Yaşayış sahəsinin ümumi sahəsi və ödəniləcək məbləğ tikinti başa çatdırıldıqdan sonra faktiki sahəyə görə dəqiqləşdiriləcək. (Müq. 1.1 bəndi) Müqavilənin 1.2 bəndinə əsasən yaşayış sahəsinin dəyərinin ödənişi hissələr üzrə olduqda yerdə qalan məbləğ tərəfin qarşılıqlı razılığı əsasında tutulmuş ödəniş qrafikinə əsasən hər ay həyata keçirilir. Tutulmuş qrafik üzrə ödənişdə gecikmələr olduqda sifarişçi icraçıya əlavə olaraq hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0.1 % həcmində penya ödəyir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 04/11 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 189.9 m2dən ibarət olan 3 otaqlı, 4 saylı mənzilin pay haqqını tam ödəmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4, ev 17, mənzil 14 (yeni qaydalarla: AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, X4, 17, M13, m4) ünvanında yerləşən, ümumi sahəsi 150.2 m2 təşkil edən mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MTK-ya İddiaçı vurduğu zərər barədə məlumat verilmiş, zərərin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6362 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4ndə inşa edilmiş 17 saylı evin 4 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) faktiki sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) 164.6 m2 təşkil etdiyi müəyyən olunmuş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 7 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən təqdim olunmuş Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 144 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Bununla yanaşı apellyasiya baxışı zamanı Bakı şəhəri, Yasamal rayonu, X4, ev 17, mənzil 4 ünvanında yerləşən mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq ümumi (brutto) sahəsi neçə kvadrat metr olması müəyyən edilməsi məqsədi ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4011 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4ndə inşa edilmiş 17 saylı evin 4 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq, eləcə də divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi (brutto) sahəsinin 186,9 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Rəydən həmçinin görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4nde inşa edilmiş 17 saylı evin 4 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 164,6 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin ekspert mənzilə baxış keçirmədən rəy verdiyindən apellyasiya baxışı zamanı mülki iş üzrə mənzilə baxış keçirməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Mənzilə baxış keçirilməklə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4011 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4ndə inşa edilmiş 17 saylı evin 4 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) sərhədləri ölçünün divarların bayır (çöl) tərəfindən hesablanaraq, eləcə də divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi (brutto) sahəsinin 186,9 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Rəydən həmçinin görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4nde inşa edilmiş 17 saylı evin 4 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 164,6 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi baxışı zamanı, eləcə də apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizaları nəticələri ilə Bakı şəhəri, Yasamal rayonu, X4ndə inşa edilmiş 17 saylı evin 4 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) faktiki sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) 164.6 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Bununla belə birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə mənzilin faktiki ölçüsünün Cavabdeh MTK tərəfindən hesablandığı qaydada hesablanmasını istisna etmir. Əksinə, müqavilədə mənzilin ümumi sahəsinin 186.9 kv.metr olduğu göstərilsə də, faktiki sahənin tikinti başa çatdıqdan sonra dəqiqləşdiriləcəyi və ümumi sahənin faktiki sahəyə uyğunlaşdırılacağı müəyyən edilmişdir. Halbuki işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi (186.9 m2) ilə mənzilin dövlət qeydiyyatını aparan orqan tərəfindən çıxarışda müəyyən edilmiş sahəsi (150.2 m2) arasında fərq mövcuddur. Cavabdeh tərəf də iddiaya etirazında iddiaçının aldığı çıxarışda ümumi sahə 150.20 kv.metr göstərilməsinə baxmayaraq ona ümumi sahə 186.9 kv.metr olan mənzilin satılmasını razılaşdırılmasını göstərmişdir. Məhkəmə iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək tərəflər arasında bağlanmış müqavilədə “brutto” anlayışının qeyd edilməklə onun müqavilənin standart şərti kimi bir parçasına çevrilib-çevrilməməsi məsələsi aydınlaşdırılmalı olmasını zəruri sayır. Belə ki, Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Yəni bu o deməkdir ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Qanunvericiliyin normalarından da göründüyü kimi əgər bir müqavilədə qarşı tərəf üçün onun müstəqil şəkildə başa düşməsi çətin olan, qeyri-müəyyən ifadələr mövcuddursa və həmin tərəfin sözügedən ifadələrin gerçək mənası daha aydın təsvir olunsa idi, müqaviləni başqa şərtlərlə bağlamaq və ya ümumiyyətlə, bağlamamaq ehtimalları varsa, bu cür şərtlər və ifadələrin müqavilənin ayrılmaz parçasına və bunun nəticəsi olaraq standart şərtinə çevrilməsi yolverilməzdir. Hazırki iş üzrə tərəflər arasında bağlanılan müqaviləyə, iş üzrə tərtib olunmuş ekspert rəyinə və işin digər hallarına baxdıqda müəyyən edilir ki, “brutto sahə” anlayışı Azərbaycan Respublikasının ərazisində mövcud olan tikinti normalarında və ya digər qanunvericilik aktlarında rast gəlinməyən bir məfhumdur və ümumişlək olmayan ifadədir. Bu cür ifadənin nəinki adi vətəndaşlar arasında, hətta hüquqi biliyə malik şəxslər üçün belə aydın olmaması ehtimalı kifayət qədər yüksək olmaqla bərabər tərəflər arasındakı münasibətlərə olduqca təsir edəcək bir halı – müqavilə əsasında alıcıya təhvil veriləcək mənzilin ölçüsünü ehtiva edən anlayış olaraq təsvir edilmiş, həmin ifadənin yanında isə sadəcə “ümumi sahə” birləşməsi qeyd edilərək ümumi sahəyə nəyin daxil olması öz əksini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, qanunvericiliklə təsbit olunan müqavilənin standart şərtlərinə dair müəyyənlik prinsipi qeyd edilən anlayışla əhatə olunmadığından və qeyri-müəyyənlik yaratdığından, həmin şərti müqaviləyə daxil edən tərəfin, yəni hazırki iş üzrə cavabdeh MTK-nın ziyanına təfsir olunmalıdır. Bununla da kollegiya belə nəticəyə gəlir ki, cavabdeh MTK-nın müqavilədə təhvil veriləcək mənzilin ölçüsünü təsvir edərkən istifadə etdiyi ifadə müqavilənin standart şərti kimi nəzərdən keçirilməli, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən icra edilməməsi kimi qiymətləndirilərək məhz həmin şərt üzrə qeyd edilən mənzilin ölçüsü ilə təhvil verilən mənzilin ölçüsü arasındakı fərq hesablanaraq iddiaçıya ödənilməlidir. Bu da cavabdehin qeyd edilənlərlə bağlı iddia tələbinin dəlillərinə olan etirazının əsassız hesab olunduğunu deməyə əsas verir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X4ndə inşa edilmiş 17 saylı evin 4 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 17, M13, m4) sahəsi faktiki olaraq 164.6 m2 təşkil etmiş, tərəflər arasında bağlanmış müqavilədə 186.9 m2, mənzilin dövlət qeydiyyatını aparan orqan tərəfindən çıxarışda isə 150.2 m2 göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin Tikinti və Şəhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Göründüyü kimi birinci instansiya məhkəməsi mənzilin faktiki sahəsinin tikinti başa çatdıqdan sonra dəqiqləşdiriləcəyi və ümumi sahənin faktiki sahəyə uyğunlaşdırılacağını qeyd etsə də tikinti yekunlaşmış, mənzil iddiaçıya təhvil verilmiş, eyni zamanda mənzilə dair mənzilin dövlət qeydiyyatını aparan orqan tərəfindən çıxarış verilmişdir. Lakin çıxarışda mənzilin sahəsi 150,2 kv.m qeyd edilmişdir. Halbuki, müqavilədə 186,9 kv.m göstərilmiş və ekspert rəyinə əsasən isə faktiki sahəsinin (azaltma əmsalları tətbiq olunmadan) 164.6 m2 təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada mənzil təhvil verilmədiyindən, iddiaçı müqavilə üzrə artıq ödədiyi pul tələbi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə tərəflər arasında bağlanmış müqavilədə, çıxarış da eləcə də mənzilin faktiki sahəsində fərqlər olmasını müəyyən etsə də formal əsaslara görə iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi mahiyyəti etibarı ilə əsaslı olsa da cavabdehdən tutulmalı olan vəsait hissəsində tələb qismən əsaslı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə 186.9 m2 müəyyən edilmiş və iddiaçı tərəfindən həmin sahəyə uyğun olaraq 561000 manat vəsait ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı mənzilin faktiki sahəsinin 164.6 m2 olması müəyyən edilmişdir. Belə olan halda da yaranmış (186.9-164.6=22.3) 22.3 m2 sahəyə görə artıq ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan vəsaitin məbləğinə münasibətdə həmçinin qeyd edir ki, cavabdehdən tutulmalı vəsait - 186.9 m2 sahə üçün iddiaçı 561000 manat ödənildiyindən mənzilin bir kvadrat metri üçün ödənilmiş vəsait, yəni (561000manat:186.9m2=3001manat) 3001 manat yaranmış fərqə vurulmaqla (3001 manat x 22.3m2 =66922.3 manat) 66922,3 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilərək, mənzilə görə artıq ödənilmiş 66922,3 manat vəsait Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 400.10 manat dövlət rüsumunun 290.77 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 109.33 manat iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərci qismində cəmi məbləğ 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e 2(010)-157/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X4, ev 17, mənzil 14 (yeni qaydalarla: AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, X4, 17, M13, m4) ünvanında yerləşən mənzilə görə İddiaçı tərəfindən artıq ödənilmiş 66922,3 manat (altmış altı min doqquz yüz iyirmi iki manat, otuz qəpik) vəsait Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 400.10 manat dövlət rüsumunun 290.77 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, 109.33 manat iddiaçının özünə aid edilsin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Ekspertiza xərci qismində cəmi məbləğ 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov