Məhkəmə qərarları › İş №2(103)-2031/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2031/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2031/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Səyyad Abbasovun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6300/2024 nömrəli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Kredit verən İddiaçı ASC ilə kredit alan Müzadil Hacıyevin arasında xx.xx.2016-cı il tarixli 18-xx-xx-059725 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən 1.844 manat kredit verilib. Kredit 60 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 29 faiz müəyyən edilib. 2.Kredit alan xx.xx.2018-ci ildə ölüb. Cavabdeh2 kredit alanın arvadı, Cavabdeh1 isə kredit alanın övladıdır. 3.Kredit alandan daşınmaz əşya - Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev № 6da yerləşən 109 №-li mənzil miras qalıb. Cavabdehlər mirası qəbul edib. Notarius bu barədə xx.xx.2019-cu il tarixli 2V-159 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2024-cü ildə verilib. İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 328,28 manat, gecikdirilmiş vaxt üçün faiz borcu kimi 46,87 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. 5.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, iddia müddəti keçib. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci intansiya məhkəməsində icraat zamanı cavabdehlər borcu etiraf edib, iddia müddətinin tətbiqini xahiş etməyiblər, məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edib. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Səyyad Abbasov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Cavabdehlər miras qalmış mənzili qəbul etdiklərinə görə, miras qoyanın borcunu ödəməlidirlər. Lakin cavabdehlərə qarşı hazırkı tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddəti keçib. Belə ki, kreditalan xx.xx.2018-ci ildə ölüb, vərəsəlik şəhadətnaməsi xx.xx.2019-cu ildə verilib, kreditin qaytarılması müddəti xx.xx.2021-ci ildə bitib, iddia isə bu tarixdən 3 il 14 gün sonra – xx.xx.2024-cü ildə verilib. 10.Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə veriblər. Həmin ərizəni Cavabdeh2 xx.xx.2024-cü ildə (iş v. 71), Cavabdeh1 isə xx.xx.2024-cü ildə verib (iş v. 135). Bu ərizələrdə cavabdehlər borca münasibətdə “...uzun vaxt ötmüşdür. Ona görə xahiş edirəm bu iddia ərizəsi etibarsız sayılsın” qeyd ediblər. Belə məzmunulu ərizə mahiyyətcə iddia müddətinin tətbiqi barədə ərizə sayılır. 11.Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti keçdiyindən, cavabdehlər isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edib. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6300/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar