Məhkəmə qərarları › İş №2(103)-2032/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2032/2020

06.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2032/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1670/19 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli 2(005)-l315/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay l60 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha xx xxxxxx 2005ci ildə daxil olmuşdur. Birgə nikahdan xx xxxx 2006-cı il təvəllüdlü X4 adlı övladı anadan olmuşdur. Bir müddət yaşadıqdan sonra ailədə xasiyyətiləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikah münasibətlərinə xitam verilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdeh, övladının saxlanması üçün hər ay 50 (əlli) manat aliment tutulub ona verilməsi barədə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində qətnamə qəbul edilmişdir. Lakin bu məbləğ ilə övladını saxlamaq çox çətindir. Uşağın saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Uşağın saxlanılması, normal şəraitdə böyüdülməsi xeyli maddi xərc tələb edir İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli 2(005)-l315/2010 saylı qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, yalnız iddiaçının izahatları əsas götürülmüş, onun zəruri vəsaitə malik olmasını araşdırmamış, onun ikinci dəfə nikaha daxil olaraq həmin nikahdan iki uşağının olduğunu, onun işləməməsini, başqa gəlirinin olmaması məhkəmə tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tələblərinə zidd olaraq belə bir qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şiayətini müdafiə edərək təmin olunasını xahiş dən cavabdehin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan n Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli 2(005)l315/2010 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdeh İddiaçı sabit pul məbləğində ödəməyə borcludur. Kollegiya qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrin görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. X6 BMT Konvensiyasının 18-ci maddəsində bildirilir ki, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. X3 2 saylı prinsipi onu ehtiva edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 8 saylı prinsip müddəa isə onu göstərir ki, uşaq bütün şəraitdə ilkin yardım alanlar arasında olmalıdır. Həmin Qanunun 13-cü maddəsinə və «X6» BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyası, qanunlar və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqlarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanun normalarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin artırılması, tərəflərin birgə nikahından xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh ikinci dəfə ailə qurması, onun İddiaçılə birgə nikahdan olan uşağın saxlanması üçün maddi yardım göstərmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2019-cu ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki, 160 manat sabit pul məbləğində alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Odur ki, kollegiya uşağın qanunla qorunan hüquqlarının pozulmaması üçün məhkəmə tərəfindən müəyyən edilmiş sabit pul məbləğində alimentin azaldılmasına dair apellyasiya şikayətinin təmin edilməsini əsassız hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar