Məhkəmə qərarları › İş №2(103)-2033/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2033/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2033/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (Bakı şəhəri 6 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: X4 müqavilənin etibarsız hesab edilməsi; borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(011)-5119/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “X4 müqavilə”yə əsasən, ikinci tərəf birinci tərəfə 424.854 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş, həmin məbləği xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmaq şərtilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir.

2. Cinayət işi materiallarında olan 27 yanvar 2017-ci il tarixli İddiaçı şahid qismində dindirmə protokolunda göstərmişdir ki, “o, 2012-ci ilin iyun ayında Cavabdehla söhbət zamanı Anarın ona birgə işləmək, təsərrüfat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bidirmişdir. Söhbət zamanı o, Anarın 150.000 manat verdiyi təqdirdə aylıq 5.000 manat qazanc verəcəyi barəsində razılaşmışlar. Bundan sonra 2013-cü ilin iyun ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 150.000 manat pul verdi, hər ay Anarın aylıq faizini verirdi, o 2012-ci ilin iyun ayından başlayaraq 2016-cı ilin mart ayına kimi Anara ümumilikdə 282.000 manat faiz vermişdir. 2016-cı ilin mart ayından sonra işləri yaxşı getmədiyindən aralarında narazılıq yarandı, Anar da onun verməli olduğu faizləri cəmləyib sonda 476.000 ABŞ dolları verməli olduğunu bildirdi. 2016-cı ilin oktyabr ayında o, Anar tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığı üçün ürəyində, təzyiqində narahatçılıq yaranmış, buna görə də o, Anarla görüşə bilməmişdir. Səhhəti ilə əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməmiş, evdə müalicə almışdır. Həmin ərəfələrdə xx.xx.2016-cı il tarixdə qardaşı Zamin Anarla görüşmüş və əlyazma yazıb Anarla razılaşmışdır.”

3. Cinayət işi materiallarında olan Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokolunda İddiaçı şahid qismində verdiyi ifadələr ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, üzləşdirmə zamanı o, 2012-ci ilin iyun ayında Anarla birgə işləmək, təsərrüfat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bildirmişdir. Daha sonra verdiyi ifadələrində o göstərmişdir ki, 2012-ci ilin iyun ayından 2015-ci ilin iyul ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 476.000 ABŞ dolları pul vermiş, o hər ay Anara qazanc vermişdir. Beləliklə o Anara ümumilikdə 147.500 manat qazanc vermişdir. Sonradan özünün başqa şəxsi problemləri olduğundan o Anara qazanc və götürdüyü pulu verə bilmədi, Anardan aldığı pulu şəxsi məsrəflərinə xərclədi və buna görə aralarında narazılıq yarandı. Etiraf etmişdir ki, sadəcə olaraq Anar pulu qaytarmayacağı təqdirdə onun barəsində şikayət edib, onu tutduracağını bildirmişdir. Ona görə də məcbur olub Anarı sakitləşdirmk üçün əlyazma yazıb Anara vermişdir.

4. 01 fevral 2017-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi barədə” protokolunda İddiaçı öz ifadəsində bildirmişdir ki, “Cavabdeh 2002-ci ildən etibarən tanıyır, 2012-ci ildə Cavabdeh ilə birgə işlədiyini təklif etmişdir, o da razılaşmışdır. 2012-ci ilin iyun ayından 2015-ci ilin yanvar ayına kimi Cavabdeh hissə-hissə ona 476.000 ABŞ dolları mbələğində pul vermişdir, o da hər ay Cavabdeh qazanc verirdi. O İddiaçı ümumilikdə 147.500 manat qazanc vermişdir, qalan pulları isə şəxsi ehtiyaclarına sərf etmişdir. 2013-cü ilin ortalarından başlayaraq İddiaçı başqa problemləri yaranmışdır, ona görə də İddiaçı götürdüyü pulu və qazancı verə bilməmişdir. 2016cı ilin yay aylarında Cavabdeh ondan pulunu tələb etmişdir. İddiaçı isə pul əvəzi olaraq anbarda qalan 44.000 manatlıq bolt-qayka məhsulunu ona vermişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh tərəfindən heç bir təzyiqlərə məruz qalmamışdır. Sadəcə olaraq Cavabdeh onun onun pulunu qaytarmayacağı təqdirdə İddiaçı barəsində şikayət edəcəyini bildirdiyi üçün qardaşı Zamin əlyazma yazmışdır, İddiaçı isə həmin əlyazmadakıları təsdiq edir. Cavabdeh ilə 356.000 ABŞ dollarının qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər və istintaq orqanından həmin pulun hissə-hissə qaytaırlmasına şərait yaradılmasını xahiş edir.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında Bakı şəhəri 6 saylı Notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və reyestrdə 3M-1425 nömrə ilə qeydə alınmış “X4 müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı ondan aldığı 424.854 ABŞ dolları, mənəvi zərərə görə 42.485 ABŞ dolları və ödənilmiş 1085 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, 24 iyul 2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontorunda Cavabdeh ilə arasında "X4" müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, onun birinci tərəfə yəni Cavabdeh guya ki, 424.854 ABŞ dolları məbləğində borcu vardır. Müqavilənin 3.1-ci bəndində isə qeyd olunur ki, bu müqavilədə göstərilən borcu 24 iyul 2022-ci il tarixədək hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. 24 iyul 2017-ci il tarixdə bağlanmış müqavilə görünüş üçün, yəni yaranmış vəziyyətdən sui-istifadə və pis niyyətlə bağlanmış müqavilədir. Bağlanmış müqavilə onun əsl iradə ifadəsini əks etdirmir. Müqavilədə göstərilənlərin əksinə cavabdeh ilə təqribən 2002-2003-ci illərdə tanış olmuş, həmin illərdə o, tikinti və kənd təsərrüfatı mallarının satışı ilə məşğul olmuş, həmçinin Çin Respublikasından ölkəyə satış məqsədi üçün kənd təsərrüfatı malları gətirmişdir. Cavabdeh isə Qaradağ rayonunda yerləşən sement zavodunda işləyirdi və ondan mütəmadi mal alırdı. Zaman ötdükcə münasibətləri daha da yaxşılaşdı və ikisi birgə qərara gəldilər ki, gördüyü işi genişləndirələr şərik işləsinlər. Buna görə də Anar ona təqribən 2011-ci ilin yay aylarında 80.000 manat, iki ay sonra isə 80.000 manat məbləğində dövriyyə üçün pul vermiş, bir neçə il ərzində təqribən cavabdehə 300.000 manata yaxın xeyir və əsas pulunu qaytarmışdır. Lakin, 2015-ci il tarixdə üzləşdikləri iki devalvasiya prosesindən sonra xeyli pul vəsaitinin itirilməsi ilə üzləşmişlər. Çəkdikləri maddi ziyanlara baxmayaraq, sonradan cavabdeh ona verdiyi pulu (yəni 160.000 manatı) yenidən dollarla geri qaytarmağını tələb etmiş, verməyəcəyi halda, onu həbs etdirəcəyini bildirmişdir. Cavabdeh ona verdiyi 160.000 manat 2011-ci ildə təqribən 200.000 dollar təşkil etsə də, 2017-ci il tarixdə 200.000 dollar vəsait 340.000 manat təşkil edirdi. Lakin, onun bu tələbi ilə razılaşmamışdır. Amma, cavabdehin tələb etdiyi pulu geri qaytarmadığı üçün Xətai RPİ-nə şikayət etmiş və sifarişli olaraq onu həbs etdirmişdir. Lakin sonradan ona, ailə üzvlərinə və valideynlərinə edilmiş təzyiqlərdən sonra, razı olmuşdur ki, istənilən sənədə imza etsin bu iş bitsin və azadlığa qovuşsun. Bununla da 24 iyul 2017-ci il tarixdə cavabdehlə aralarında Bakı şəhərində yerləşən 6 saylı notariat ofisində borc müqaviləsi imzalanmış, müqavilə latın dilində yazıldığı üçün və həmin dildə yazıb oxuya bilmədiyini bildirsə də, məcburən kiril hərfləri ilə "müqavilənin şərtləri ilə tanış oldum" sözlərini qeyd etmişdir. Həmçinin sözügedən müqavilədə adını və soyadını kiril hərflərlə yazmışdır. Cavabdehə qaytardığı 160.000 manatdan sonra, əlavə olaraq cavabdeh ona hədə-qorxı gəldiyi üçün həbsdən azad edildikdən sonra, təqribən 100.000 manata yaxın pulu ona geri qaytarmış, bunu öz imzası ilə təsdiq edən yazılar da var. Qeyd olunan müqaviləyə imza ona hədə-qorxu və məcburiyyət qarşısında çəkdirilmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətlər işin mübahisəsiz halıdır və “X4” xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən İddiaçı ona bu müqavilə ilə 424.854 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və etiraf etmiş, müqavilədə göstərilən məbləği xx.xx.2022-ci il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, hazıradək “X4” xx.xx.2017-ci il tarixli Müqavilənin şərtləri icra edilməmiş və pul vəsaiti qaytarılmamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 dekabr 2022-ci il tarixli 2(011)-5119/2022 qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 424.854 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 1012.25 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə ilkin iddiaya münasibətdə belə nəticəyə gəlmişdir ki, İddiaçı barəsində Cavabdeh şikayəti üzrə cinayət işi başlanılsa da, onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri tətbiq edilsə də, bu hal öz-özlüyündə şəxsi əqdi bağlamağa məcbur etmə (zorakılıq və ya hədələmə) kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı tərəfindən barəsində cinayət işi aparıldığı müddət ərzində ona qarşı zorakı hərəkətlər, hədələmə və ya cinayət işinin düzgün aparılmadığına dair hər hansı bir şikayətlər edilməmişdir. Digər tərəfdən, İddiaçı cinayət işinin araşdırması zamanı verdiyi ziddiyyətli ifadə və izahatlarını nəzərə alaraq məhkəmə, onun Cavabdeh 424.854 ABŞ dollar məbləğində borcunun olmadığına dair dəlilini həqiqətə uyğun olmayan dəlil kimi qiymətləndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “X4 müqavilə”nin etibarlılığını şübhə altına alan halların mövcudluğu sübuta yetirilməmişdir.

11. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “X4 müqavilə” bağlanılmışdır. Lakin İddiaçı Cavabdeh tərəfindən ona ödənilmiş 424.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair üzərinə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini icra etməmişdir. Belə olan halda Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

12. Məhkəmə iddiaya 42.485 ABŞ dolları manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində belə qənaətə gəlmişdir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 337.1, 337.4, 339.4, 385.1, 390.1, 442, 372, 373.2, 377.2, 375.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2-ci maddələrinə və N.Əsədovanın şikayəti üzrə ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunan hissədə rədd edilərək, təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh müqavilənin bağlanması üçün ona təzyiq göstərmiş, müqavilənin bağlanmasına məcbur etmişdir. Cavabdehin müqaviləni imzalamasa barəsində aparılan cinayət işini uzadacağı, ailəsini və yaxınlarını öldürəcəyi ilə hədələməsi məcburetmə kimi qiymətləndirilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud X4 mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

23. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

24. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

27. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

28. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə ilkin iddia tələbinə və qarşılıqlı iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Tərəflər arasında X4 xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehə 424854 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və xx.xx.2022-ci il tarixə qədər həmin borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

38. Hazırda iddiaçı həmin müqaviləni təzyiq və məcburetmə nəticəsində bağladığını iddia edərək mübahisələndirmiş və etibarsız hesab edilməsini tələb etmişdir.

39. X4 müqavilənin bağlanması ilə həmin ana qədər tərəflər arasında olan mübahisəli hallar aradan qalxmış olur və bu müqaviləyə qədər borcla bağlı tərəflər arasında olan mübahisəli halların araşdırılması zərurəti yoxdur. Həmçinin müqavilə xeyrinə bağlanmış şəxsin həmin borcun olmasını sübuta yetirmək öhdəliyi aradan qalxmış olur.

40. Kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında X4 müqavilə bağlandıqdan əvvəlki münasibətlərin hazırda araşdırılması zərurəti yoxdur.

41. İddiaçı hazırda müqaviləni mübahisələndirərək, etibarsızlığını tələb etmişdir.

42. Kollegiya qeyd edir ki, iddianın dəlillərindən asılı olmayaraq hazırki iddianın qaldırıldığı vaxta artıq onun məhkəmə müdafiəsi hüququ mövcud olmamışdır.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

44. Göründüyü kimi, həm əhəmiyyətsiz, həm də mübahisə edilən (etibarsız) əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Mübahisə edilən (etibarsız) əqdlərdə həmin müddətin axımı iddiaçının həmin halları bildiyi və ya bilməli olduğu gündən başlayır.

45. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır.

46. Hazırkı işdə iddiaçı müqaviləni, məcburetmə və təzyiq nəticəsində bağladığını iddia edərək, mübahisələndirir, belə olan halda müqavilə 2017-ci il tarixdə bağlandığı üçün həmin müqaviləni həmin vaxtdan bir il ərzində mübahisələndirmək hüququ olmuşdur, iddiaçı isə hazırki ərizə ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.

48. Qarşılıqlı iddianın təmin edilmiş hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir.

49. İddiaçı müqavilə ilə borcunu etiraf etmiş və xx.xx.2022-ci il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və borcunu qaytarmamışdır. Belə olan halda Cavabdeh haqlı olaraq müqaviləyə əsasən göstərilən borc məbləğini tələb etmiş, məhkəmə də haqlı olaraq həmin pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qənaətinə gəlmişdir.

50. Qarşılıqlı iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə icra müddəti xx.xx.2022ci il tarixində bitdiyindən, qarşılıqlı iddia üzrə iddaçı müqavilə üzrə borcun ödənilməsi tələbi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmədən müraciət etmişdir.

51. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, apelyasiya şikayətinin dəlilləri əsassızdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5119/2022 saylı iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar