Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2036/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cаvаbdеh Оrucоvа Yеtər İsrаfil qızının iştirаkı ilə Оrucоvа Qızbəs İsrаfil qızının Оrucоvа Yеtər İsrаfil qızına qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Оrucоvа Qızbəs İsrаfil qızı Оrucоvа Yеtər İsrаfil qızınа qаrşı iddiа ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə mürаciət еdərək, bacısı olan cavabdehin 2006-cı ildə ona ehtiyacı səbəbilə Xırdalan qəsəbəsində aldığı evi 6000 manata satmaq istədiyini bildirdiyini, evi onun almasını təklif etdiyini, Xırdalan qəsəbəsi uzaq olduğundan əvvəl imtina etdiyini, lakin cavabdeh təkidindən sonra evi almağa razılaşdığını, cavabdehə öz evlərində ailə üzvlərinin yanında 6000 mаnаt pulu verdiyini və evi onun adına necə rəsmiləşdirəcəklərini soruşduğunu, cavabdehin “biz bacıyıq, notariusda gedib bağışlama yolu ilə evi sənin adına keçirərəm” dediyini, notariusa getdiklərini, notariusda onlara evi bağışlamaq üçün şəxsiyyət vəsiqəsinin kifayət etmədiyinin, həqiqətən bacı olmalarını təsdiq etmək üçün doğum haqqında şəhadətnamənin də tələb olunduğunun deyildiyini, bir neçə gündən sonra cavabdehin zəng еdib doğum haqqında şəhadətnaməsini itirdiyini, şəhаdətnаməni bərpa edib sоnrа notariusa gedəcəklərini söylədiyini, cavabdehə evin pulunu verən zaman, cаvаbdеhin də mənzilin qeydiyyat vəsiqəsini ona verdiyini, evi görmədən aldığını, cavabdeh isə evin təmirli və şəraitli olduğunu bildirdiyini, lakin sоnrаdаn evə baxdıqda evin çox kiçik, təmirsiz, kommunal şəraitsiz olduğunu gördüyünü, аrtıq evin pulunu verdiyindən bacısına heç nə demədiyini, еvi təmir etdirdiyini, qaz, su, kanalizasiya хətti çəkdirdiyini, plastik pəncərə və dəmir qapı qoydurduğunu, bu işlərə ümumilikdə 3000 manat xərc çəkdiyini, cavabdehdən evi nə vaxt adına keçirəcəyi barədə soruşanda onun özünü incimiş kimi göstərərək “biz bacıyıq, nə üçün narahatsan” dediyini, mənzili təmir etdirdikdən sonra qızının ailəsi ilə orada yaşadıqlarını, qızı, yoldaşı və iki körpə uşağı darısqal evdə çətinlik çəkdiyindən, ev alıb оrаdаn köçdüklərini, boş qalmaması üçün kürəkəninin оrаnı müvəqqəti yаşаmаsı üçün öz dоstunun аtаsınа vеrdiyini, təxminən 2018-ci ilin dekabr ayının əvvəlində cavabdehin evə gələrək оrаdа qalan həmin şəxsə evin onun olmasını dediyini və onun oradan çıxmasını tələb etdiyini, beləliklə cavabdehin onun etibarından sui-istifadə edərək ona 6000 manata tamamamilə yaşayışa yararsız 11.0 kv.m sаhəsi olan kiçik bir ev satdığının məlum olduğunu, еvin təmirinə 3000 manat xərci çıxdığını, 9000 manat pulu illik 12%-lə banka qoysaydı 13 il ərzində 12 960 manat gəlir əldə edə biləcəyini, cavabdehin əməli nəticəsində əmlakından və gəlirindən məhrum olduğunu irəli sürmüş, buna görə də cаvаbdеhdən əsas borcuna görə 6000 manat, evin təmirinə, qaz, su, kanalizasiya xətlərinin çəkilməsinə görə 3000 manat, əldən çıxmış gəlirə görə 12 960 manat olmaqla cəmi 21 960 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Оrucоvа Yеtər İsrаfil qızındаn Оrucоvа Qızbəs İsrаfil qızının хеyrinə еvə görə ödədiyi 6000 (altı min) mаnаtın və еvə çəkdiyi xərclərə görə 3000 (üç min) mаnаtın, yəni cəmi 9000 (dоqquz min) mаnаtın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini, iddianı təsdiq edən heç bir sübut olmadığı halda məhkəmənin yalnız iddiaçının bildirdiklərinə və ona yaxın şəxslərin şahid qismində verdikləri ifadələrə əsaslanmaqla qanunsuz qətnamə çıxardığı, şahidlərin ifadələri arasındakı ziddiyətə əhəmiyyət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehapellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etmiş, iddiaçı isə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini göstərməklə prosesin təxirə salınmasını xahiş etmişdir. İşin halları, prosesin təxirə salınmasını xahiş edən iddiaçının qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alınaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da o, qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, bu xahiş yalnız qətnamənin iddianın qismən təmin edilən hissəsinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Cavabdehin izahatını dinləyərək, habelə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə tərəflər arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mülki qanunvericiliyə uyğunluğuna qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; həmin Məcəllənin 389.1-ci maddəsinə görə isə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçı, cavabdehin ona evini satmağı vəd edərək ondan 6000 manat aldığını, lakin sonradan müvafiq müqavilənin bağlanmadığını iddia etdiyindən, kollegiyanın qənaətinə görə,onun tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; lakin bunun üçün də o, ilk növbədə həmin halı sübuta yetirməlidir. Çünkü iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbin qanuni əsası müqavilə hüququndan yaranmamışdır və o, cavabdehlə arasında mövcudluğunu iddia etdiyi şifahi əqdə istinadən müvafiq tələb irəli sürmək hüququna malik deyildir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehə onun evini satın almaq üçün pul vermiş olduğunu, sonradan isə həmin evi təmir etdirdiyini, yəni cavabdehin onun hesabına əsassız şəkildə varlandığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi zaman əsas götürdüyü şahid ifadələri ilə bağlı kollegiya qeyd edir ki, həmin ifadələr ziddiyyətli və bir-birini tamamlamamaqla, müvafiq nəticəyə gəlmək üçün yetərli deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1657/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Оrucоvа Yеtər İsrаfil qızındаn Оrucоvа Qızbəs İsrаfil qızının хеyrinə еvə görə ödədiyi 6000 (altı min) mаnаt və еvə çəkdiyi xərclərə görə 3000 (üç min) mаnаt olmaqla cəmi 9000 (dоqquz min) mаnаtın tutulması” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2036/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2036/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver