Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2036/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişi, miras əmlak) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 saylı 20 oktyabr 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli CC0361914U/11A nömrəli “ishehlak kredit müqaviləsinə” əsasən, Bank Borcalana 24 ay müddətinə qaytarmaq şərtilə illik 28 faiz ödənilməklə 1.850 manat məbləğində kredit vermişdir.
2. İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, CA0035115U/12A nömrəli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən, Bank Kredit alana “Chevrolet Aveo-minik” markalı avtomobilin 60 ay müddətinə qaytarmaq şərtilə illik 28 faiz ödənilməklə 9840 manat məbləğində kredit vermişdir.
3. X8 xx.xx.2012-ci ildə ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 717 nömrəsi ilə qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Sabunçu Rayon Notariat Kontoruna xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubundan görünür ki, sabiq polis əməkdaşı X4 ölümü ilə əlaqədar “Məhkəmə və Hüquq-Mühafizə orqanlar işçilərinin Dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikasının Qanuna əsasən 13.800 manat sığorta ödənişi verilməsi üçün X5 şəhadətnamə verilməsini xahiş olunub.
5. Qanun üzrə X5 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 4 nömrəli dövlət Notariat Kontorunun Böyük dövlət notariusu X3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X4 vərəsəsi, ünvan 1 ünvanında yaşayan atası-Cavabdeh miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubuna əsasən 13.800 manat Sığorta məbləğindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixli,CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1.179,46 manat əsas, 275,06 manat faiz, 64,22 manat cərimə borcu, xx.xx.2012-ci il tarixli CA0035115U/12A nömrəli müqaviləyə əsasən 9.613,72 manat əsas, 129,87 manat faiz borcu olmaqla, cəmi 11.262,33 manat borcun və 124 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsinini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, X8 ilə İddiaçı ASC arasında bağlanmış 05 sentyabr 2011-ci il tarixli, CC0361914U/11A nömrəli müqaviləyə əsasən 1850 manat və 11 aprel 2012-ci il tarixli CA0035115U/12A nömrəli müqavilələrə əsasən bank ona ümumilikdə 9.840 manat məbləğində kredit vermişdir. Hazırda məhrum X4 Banka ümumi olaraq 11.262,33 manat borcu vardır. X8 5 iyul 2012-ci il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum X4 qanuni vərəsəsidir. X8 tərəfindən vərəsəsinə qalan miras əmlak AR Dövlət Sığorta Şirkətinin xx.xx.2012-ci il tarixli, xx-xx/1250 nömrəli məktubuna əsasən 13.800 manat sığorta məbləğindən ibarətdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmişdir. Borcluya dəfələrlə rəsmi olaraq müraciət edilsə də, heç bir ödəmə həyata keçirilməmişdir. Borclu dəfələrlə əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 319.6, 449.4, 739.1, 739.2 və 1306.1-ci maddələrinə; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1 və 39.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli Plenum Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 nömrəli, 20 oktyabr 2023-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta ödənişi miras aktivi hesab edilə bilməz və bu ödənişi nəzərə alaraq həmin ödənişin həcmi çərçivəsində miras qoyanın borclarının sığorta ödənişini alan şəxsdən tutulması yolverilməzdir. Tələbin əsaslandığı müqavilədən də görünür ki, həmin tələb üzrə iddia müddəti ötmüşdür və əgər məhkəmə onun iştirakını təmin etsə idi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verəcəkdi. Bildirmişdir ki, X8 onun oğludur. X2 ilə İddiaçı ASC arasında bağlanmış 5 sentyabr 2011-ci il tarixli, CC0361914U/11A nömrəli və 11 aprel 2012-ci il tarixli CA0035115U/12A nömrəli müqavilələrə əsasən bank onun oğluna ümumilikdə 9.840 manat məbləğlərində kredit vermişdir. İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, CA0035115U/12A nömrəli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən, Chevrolet Aveo-minik markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Oğlu polis əməkdaşı olmuş və o vəzifəsinin icrası zamanı Chevrolet Aveo-minik markalı avtomobillə yol nəlqiyyat hadisəsində xx.xx.2012-ci ildə ölmüşdür. Bundan sonra Bank əməkdaşları həmin avtomobilin sığortasını alaraq oğlunun borcunu bağlamış, ondan bir dəfə də olsun həmin borcun ödənilməsini tələb etməmişlər. Oğlu polis əməkdaşı olduğuna və vəzifəsinin icrası zamanı öldüyünə görə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 2012-ciildə ona oğlunun vərəsəsi kimi ölümü ilə əlaqədar “Məhkəmə və Hüquq-Mühafizə orqanlar işçilərinin Dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikasının Qanuna əsasən 13.800 manat sığorta ödənişi verilmişdir. Həmin tarixdən bu vaxta qədər İddiaçı ASC tərəfindən ondan heç bir məbləğdə pul tələb edilməmişdir. Hal-hazırda isə həmin pulun ondan tələb edilməsi tam əsassızdır. Belə ki, X2nun ölümü ilə əlaqədar ona dəymiş zərərin əvəzi kimi sığorta haqqı ödənilmişdir ki, bu haqq miras qoyanın aktivi hesab edilə bilməz. Çünki bu sığorta haqqı ilə yalnız dəymiş zərərin aradan qaldırılması nəzərdə tutulur ki, bu halda heç bir aktivdən söhbət gedə bilməz. Qanunvericilikdə sığorta ödənişinin sığortalının vərəsələrinə verilməsini nəzərdə tutulması həmin ödənişin miras aktivi kimi qiymətləndirilməsi demək deyildir. Bundan əlavə isə hətta o, oğlunun vərəsəsi kimi onun öhdəliklərini daşısa belə bu yalnız o deməkdir ki, oğlunun hüquq və vəzifələri ona keçirsə onun da bu iddiaya dair etiraz etmək və iddia müddətini tətbiq edilməsini tələb etmək hüququ vardır. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, CA0035115U/12A nömrəli avtomobil krediti və girov/ipoteka müqaviləsinə əsasən, Bank Kredit alana 60 ay müddətinə qaytarmaq şərt ilə illik 28 faiz ödənilməklə 9840 manat məbləğində kredit vermişdir. Yəni həmin müqavilənin son icra müddəti 11 aprel 2017-ci il hesab edilir. Bu isə o deməkdir ki, müqavilənin son icra müddətindən yəni 11 aprel 2017-ci ildən 11 aprel 2023-cü ilədək 6 il müddət keçmiş, bununla da iddiaçı qanunla nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsivəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, alınan sığorta polis əməkdaşı kimi aldığı həyat sığortası hesab edilir. Hesab edir ki, bu sığorta ödənişi miras aktivi kimi qəbul edilməməlidir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı da var. Yəni ki, sığorta o vaxt miras aktivi kimi qəbul edilir ki, əşyanı qəbul etdiyi təqdirdə bu miras aktivi hesab edilsin. Bu zaman şəxsin miras passivini də ödəmək vəzifəsi yaranardı. Hesab edir ki, 13800 manat məbləğində sığorta haqqı miras aktivi deyil. Bundan başqa, elektron formada məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. İşin hallarından da görünür ki, müqavilənin müddəti 2017-ci ildə bitib, iddia ən geci 2020-ci ildə verilə bilərdi. Vərəsəlik haqqında şəhadətnamədə qeyd edilir ki, miras əmlak yalnız 13800 manata aiddir. Avtomobil 2000 manat məbləğində qiymətləndirilmişdir, avtomobil qəza törədilən andan iddiaçıdadır. İddiaçı avtomobili nə faktiki, nə də rəsmi qəbul etmək marağında olmayıbdır. Avtomobil iddiaçıya təhvil-təslim olunmuşdur.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin inzibati sığortası haqqında” Qanuna görə, ödənişi almaq hüququ olan şəxs ya sığorta olunan, ya da qanun üzrə vərəsəsidir. Qarşı tərəfin atası da bunu qəbul etdiyi üçün aktiv miras hesab edilir. Bundan başqa, borclu öldükdən sonra atası Cavabdeh onun öhdəlikləri üzrə vərəsə kimi məsuliyyət daşıyır, qanun üzrə vərəsə kimi tanınır. İddia müddəti ilə bağlı qeyd etmişdir ki, bank qarşı tərəfi dəfələrlə xəbərdarlıq etmişdir ki, “sizi borcu ödəmədiyiniz üçün məhkəməyə verəcəyik”. Avtomobil hal-hazırda bankın cərimə meydançasındadır. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı razılığa gəlinmişdir. Artıq maşın satılmış və məbləğ ödənilmişdir, ona görə də iddianın həmin hissəsi onların marağından çıxıb.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Həmçinin nəzərə alnmalıdır ki, Bakı Apellyasiya Mülki Kollegiyasının 5 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 saylı 20 oktyabr 2023-ci il tarixli qətnaməsi qismən – “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin digər hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 22.928-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. 23.926.1-ci maddəsinə əsasən sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür. 24.1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 25.1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 26.1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun
27.2.1.3-cü maddəsinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri sığortaolunan sayılırlar. 28.4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əmək haqqı məbləğində sığorta edilir. 29.5(a)-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən 100 faiz sığorta ödənişi verilir.
“Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun
30.1.1.1-ci maddəsində sığorta sığortalının və ya sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi müəyyən edilmişdir. 31.1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür 32.1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur.
33.“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AzərbaycanRespublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə, on bir min manat məbləğində birdəfəlik ödəmə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
34.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 37.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 39.İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 28% dərəcəsi ilə 1.850 manat məbləğində, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə 60 ay müddətinə illik 28% dərəcəsi ilə 9.840 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında həmçinin xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, “Chevrolet Aveominik” markalı avtomobil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə borc alan üçün kredit versə də, sonuncu ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 1.179,46 manat əsas borc, 275,06 manat faiz borcu və 64,22 manat cərimə borcu; xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 9.613,72 manat əsas borc və 129,87 manat faiz borcu olmaqla, cəmi 11.262,33 manat borcu yaranmışdır.
40. Müqavilə tərəfi olmuş X8 xx.xx.2012-ci ildə yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Onun ölümü ilə əlaqədar “Məhkəmə və hüquq-mühafizə orqanlar işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta məbləğinin 100%-i həddində sığorta ödənişi hesablanmış, xx.xx.2012-ci ildə vəfat etmiş X4 vərəsəsi olan cavabdehə 13.800 manat məbləğində sığorta ödənişi ilə əlaqədar qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
41. Bakı Apellyasiya Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 saylı 20 oktyabr 2023-ci il tarixli qətnaməsi qismən – “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.
42. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
43. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
44. İddianın təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, cavabdeh vərəsəsi olduğu X4 ölümü ilə əlaqədar 13.800 manat məbləğində sığorta ödənişindən ibarət miras əmlakı qəbul etmiş, ona bu barədə Bakı şəhəri 4 nömrəli dövlət Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələrinə əsasən yaranmış kredit borcunun borc verənə qaytarmaq üzrə vəzifəsi vərəsəlik qaydasında ölmüş şəxsin vərəsəsi olan cavabdehə keçmiş və o da iddiaçının qarşısında öhdəliyin icrasına görə aldığı miras həcmində məsuliyyət daşıyır.
45. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən sığortaolunan 5 illik əməkhaqqı məbləğinin 100% həddində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmuş (vəfat etmiş) əməkdaşların birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni məhkəmə və ya hüquq mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.
46. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
47. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
48. Sığortaolunan 5 illik əmək haqqı məbləğinin 100% həddində birdəfəlik ödəmə isə məhkəmə və ya hüquq mühafizə orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Bu söğorta ödənişi əməkdaşların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 13.800 manat məbləğində sığorta ödənişi, barəsində cavabdehin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə tərtib edilməsinə baxmayaraq, miras əmlak sayıla bilməz. Müəyyən edilmiş bu hal da həmin məbləği qəbul etmiş cavabdehin miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilməsini, onun miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşımasını istisna edir. Belə ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh ipoteka müqaviləsinin predmeti olan “Chevrolet Aveo minik” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili də miras əmlak olaraq qəbul etməmiş, avtomobil yol-nəqliyyat hadisəsi baş verdikdən sonra bankın sahibliyində qalmış, hazırda isə üçüncü şəxsə özgəninkiləşdirilmişdir. Bu hallar tərəflər tərəfindən mübahisələndirilmir.
51. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir.
52. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində iddia müddətinin tətbiqi barədə xahişi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
54. İddia müddətinin tətbiqinə dair yuxarıda sadalanan mülki qanunvericiliyin normalarından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.
55. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv edilməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan iddia müddətinin tətbiqindən imtina edilməlidir.
56. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 57.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3363/2023 nömrəli, 20 oktyabr 2023-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova