Məhkəmə qərarları › İş №2(103)-2037/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2037/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2037/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli 3M-254 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı (borc verən) Cavabdeh (borc alan) 10000 manat məbləğində borc pul verməyi, sonuncu isə xx.xx.2022-ci il tarixədək bu məbləği borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 10000 məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 26 saylı notariat ofisi xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Müqaviləyə görə o, 10000 məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanılmış kredit (borc) müqaviləsi bağlanan zamanı notariat hərəkətlərinin aparılması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmuş, lakin iddiaçının bildirdiyinin əskinə olaraq müqavilənin şərtləri ilə bağlı tərəflərin bu müqaviləni formal olaraq bağlaması, yəni tərəflər arasında fərqli qaydada hesablaşma qaydası cavabdehin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmış, məhkəmə araşdırması zamanı bunun təsdiq edən əsaslarlar müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı həqiqətən pulu cavabdehə verdiyini sübuta yetirməli, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Cavabdehin iddiaçıya məxsus şirkətdə işləməsi borcun tərkib hissəsi olması tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsində nəzərdə tutulmasa da, tərəflər arasında bu formada razılığa gəlinməsi məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunduğuna görə cavabdehin iddiaçıya məxsus şirkətdə bağlı belə bir borc müqaviləsini imzaladığı, iradə ifadəsinə zidd əqdi bağlamasa belə, məhkəmə üçün bu müqavilənin pərdələnmiş olduğu nəticəsinə gəlinməsinə kifayətdir. Məhkəmə iclasında iştirak edən şahidlərin verdiyi ifadələr bu faktı təsdiq edir. Görünüdüyü kimi, iddiaçının cavabdeh ilə birlikdə həmin müəssisədə işləyən digər işçilərlə eyni məzmunlu müqavilələr bağlaması və bunu öz işləmə prinsipi kimi tətbiq etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin əsas prinsiplərindən biri kimi müəyyən edilmiş əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipinə zidd olduğu üçün bu müqavilə üzrə onu bağlayan tərəflərin hüquq və vəzifələrinin yaranmasından danışmaq mümkün deyildir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 339.2, 739.1, 742.1, 743.1, 743.2-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.5, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3395/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərn icrası üçün heç bir ödəniş etməmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsində hakim tərəfindən işə qərəzli olaraq yanaşılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, işə qəbul olunan zaman iddiaçı ilə pul söhbəti olmamışdır. Hazırda orada işləmir, şirkət bağlanmışdır. İddiaçı şərtlərini bildirdi ki, müqavilə onun dediyi kimi bağlanmalıdır. 19 nəfər işçi idilər, onlar iddiaçıya inandılar. Onlara 1 illik müqavilə olduğunu bildirmişdir. İddiaçı rayon məhkəməsində iştirak etməyib, indi də iştirak etmir. Başqa bir iş yoldaşının da apellyasiya instasiyasında mülki işi olub və icraata xitam verilib. Rayon məhkəməsində dinlənilən şahidlər onun vəziyyətində olan şahidlərdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.3 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli 3M-254 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.

21. Qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində yalnız o hala istinad etmişdir ki, cavabdehlə aralarında yazılı müqavilə bağlanmışdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Şahbala oğlunun işçisi olmuş, işə qəbulun şərtlərindən biri qeyd edilən müqavilənin bağlanması olmuş, ona görə aralarında belə bir borc müqaviləsi imzalanmışdır. İddiaçı ona borc pul verməmişdir. İddiaçı bütün işçiləri ilə bu cür borc müqaviləsi bağlamış və hazırda iddiaçı müxtəlif məhkəmələrdə öz işçilərinə qarşı eyni əsasla borc müqaviləsi üzrə pulun tutulmasına dair iddia tələbi irəli sürmüşdür.

22. İşə birinci instansiya məhkəməsində baxılması zamanı şahid qismində ifadə verən X5 cavabdehin iş yoldaşı olduğunu, iddiaçının şirkətin rəhbəri olduğunu, eyni müqavilənin onunla da bağlandığını, lakin heç birinin pul almadığını bildirmişdir. Həmçinin şahid qismində ifadə verən X3 cavabdehlə bir şirkətdə işlədiyini, iddiaçının isə şirkətin direktoru olduğunu və onun hamı ilə formal müqavilə bağlayıb iş prinsipinin belə olmasını söylədiyini, eyni müqavilənin onunla da bağlanıldığını bildirmişdir.

23. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının tərəf olduğu digər mülki işlər üzrə məhkəmə aktlarından görünür ki, İddiaçı digər şəxslərlə də 2021-ci ildə kredit müqavilələri bağlamış və onlara qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə kollegiyası iişə baxan birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq qeyd edir ki, hazırki kredit müqaviləsi yalan əqddir. Hazırda cavabdeh və iş üzrə ifadə vermiş şahidlər də bildirir ki, iddiaçının iş prinsipi belə olduğundan onlar belə bir müqavilə bağlamağa razılaşmışlar.

25. Qeyd edilməlidir ki, iddiaçı tərəf nə birinci instansiya, nə də apellyasiya instansiyasında məhkəmə iclaslarında iştirak etməmişdir. Hətta, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən iddiaçının təqdim etdiyi kredit müqaviləsinin yalan əqd olmasının təsbit edilməsinə baxmayaraq, iddiaçı apellyasiya şikayətində cavabdehin etirazları və şahidlərin bildirdiklərinə münasibət bildirməmiş, etirazını bildirməmiş, yalnız əqdə əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. 26 Tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiqi ilə bağlı qanunvericiliyin tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi əmək qanunvericiliyinə əsasən yolverilməzdir.

27. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3395/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar