Məhkəmə qərarları › İş №2(103)-2041/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2041/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2041/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4228/2023 nömrəli 08 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 324645-CNS- 40904 nömrəli “Borcun restrukturizasiyasına dair müqaviləyə” əsasən bank tərəfindən cavabdehə illik 15% olmaqla, 59 ay müddətinə 12.425,69 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2023-cü il tarixli pretenziya ilə yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, 3 iş günü ərzində kredit borcunun tam olaraq ödənilməsini təmin etmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 324645-CNS-40904 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 12425,69 manat məbləğində əsas borc, 803,05 manat məbləğində faiz borcu, 484,50 manat məbləğində cərimə, ümumilikdə isə 13713,24 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 131,14 manat dövlət rüsumunun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 324645-CNS-40904 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 324645-1- 23193 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 12425,69 manat məbləğində borcu illik 15 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 13713,24 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

5. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 12.425,69 manat əsas, 803.05 manat faiz, 484.50 manat cərimə, cəmi 13.713,24 manat borcu vardır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6767 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları və 324645- CNS40904 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh xx.xx.2023-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 13.233,34 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 12.425,67 manat; faiz borcu üzrə 807.67 manat.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 dekabr 2023-cü il tarixli 2(008)-4228/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, Cavabdeh 12.425,67 manat əsas borc, 807.67 manat faiz borcu, 48.45 manat cərimə olmaqla, cəmi 13.281,79 manat məbləğində pul vəsaiti və 129.84 manat məbləğində dövlət rüsumunun ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli 324645-CNS-40904 nömrəli “Borcun restrukturizasiyasına dair müqavilə” üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələbi üzrə 12.425,67 manat əsas borc, 807.67 manat faiz borcu cavabdehdən ASC-nin xeyrinə tutulmalıdır.

9. Məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə 12.425,67 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 484.50 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 462.1, 743.1, 465.1, 466, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək təkrar ekspertiza təyin edilməklə, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi əsaslandırılmamışdır. Ekspert borcun restrukturizasiyasının düzgün aparılmamasına əhəmiyyət verməmişdir. Borcun restrukturizasiyasına qədər təxminən bir il müddətində banka ödənişlər edilməsinə baxmayaraq əsas məbləğ azaldılmamışdır. Eyni zamanda məhkəmə iddia tələbindən kənara çıxaraq faiz borcuna münasibətdə tələb edilən məbləğdən artıq hesablamışdır. Əsas məbləğ və faiz borcu düzgün hesablanmadığına görə qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi appellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh məlumat (ərizə) ünvanlayaraq, səhhətində yaranan problemlə bağlı prosesdə üzrlü səbəbdən iştirak edə bilmədiyini, mümkün olsa prosesin təxirə salınmasını, əks halda prosesin onun iştirakı olmadan keçirilməsini, iddiasının təmin edilməsini və əsas məbləğin düzgün təyin edilməsini və faiz borcunun tamamilə silinməsini xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Mülki Məcəllə

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə cavabdehin apellyasiya şikayəti həddində əsas və faiz borcuna aid hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

30. Cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunu mübahisələndirmiş və göstərmişdir ki, Borcun restrukturizasiyasına qədər təxminən bir il müddətində banka ödənişlər edilməsinə baxmayaraq əsas məbləğ azaldılmamışdır.

31. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Borcun restrukturizasiyasına dair” müqavilə bağlanmış və müqavilənin təyinatı kimi “xx.xx.2021-ci il tarixli 324645-1-23193 (nağd kredit) müqaviləsi üzrə borcun ödənilməsi” göstərilmişdir.

32. Belə olan halda cavabdehin borcun restrukturizasiyasına qədər ödənişlər etməsinə baxmayaraq əsas məbləğin azaldılmaması barədə dəililləri əsassız hesab edilir, belə ki, artıq bu müqavilə bağlanmaqla əvvəlki müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqavilə əsasında yeni öhdəliklər yaranmışdır.

33. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, sonuncu müqavilə tərəflər arasında eyni predmet üzrə daha əvvəllər bağlanmış müqavilə(lər) üzrə öhdəliklərə novasiya nəticəsində xitam vermişdir. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

34. Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməlidir.

35. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

36. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

37. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

38. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

39. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

40. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

41. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

42. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

43. Göründüyü kimi bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu (xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli pretenziya) göndərilmiş və banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməsini tələb olunmuşdur. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.

44. xx.xx.2023-cü il tarixli Pretenziyada xx.xx.2023-cü il tarixə cavabdehin 12425,69 manat əsas, 430,28 manat faiz və 112,5 manat cərimə olmaqla cəmi 12968,47 manat borcun yarandığı göstərilmişdir.

45. Göründüyü kimi bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.

46. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.

47. Kollegiya qeyd edir ki, bank tərəfindən verilmiş xəbərdarlıq məktubuna əsasən cavabdehin xx.xx.2023-cü il tarixə 430,28 manat faiz borcu olmuşdur.

48. Ona görə də Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu müvafiq olaraq 430,28 manat müəyyən edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4228/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin. Tərəflər arasında bağlanmış krediti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalı olan faiz borcu 430,28 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar