Məhkəmə qərarları › İş №2(103)-2041/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2041/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2041/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X6» Bakı filialının cavabdehlər X5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «kredit borcu, ona hesablanmış faiz borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı «X6» Bakı filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-415/2024 saylı, 22 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. «X6» Bakı filialı ilə X5 arasında bağlanmış 09 iyul 2020-ci il tarixli 328 saylı kredit müqaviləsinə əsasən «X6» Bakı filialı X4 36 ay müddətinə, illik 19 % olmaqla 17.000 manat kredit vermişdir. Eyni tarixdə «X6» Bakı filialı ilə Cavabdeh3 arasında 515 saylı, Cavabdeh4 arasında 516 saylı və Cavabdeh1 arasında 517 saylı zaminlik müqaviləsi imzalanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı «X6» Bakı filialı cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcu və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 8.761.73 manat əsas borc, 190.56 manat faiz olmaqla, cəmi 8.952.29 manat və ödənilmiş 121.74 manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiada göstərilib ki, borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 26 sentyabr 2023-cü il tarixə banka kredit borcu üzrə 26.547,91 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 15.967,57 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-415/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin qismən təmin edilərək 6.716,06 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 91 manatının cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı «X6» Bakı filialının xeyrinə tutulması; 50 manat ekspertiza xərcinin cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, X5 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2020-ci il tarixli 515, 516, 517 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 kredit müqaviləsi üzrə X1 «X6» Bakı filialının qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. “X6” Bakı filialı kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə borc alana və zaminlərə xəbərdarlıq etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh3 apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, “X6”ın Bakı filialı ləğv edildiyi haqqında həmin bankın işçiləri tərəfindən şifahi məlumat almış, həmin məsələ ilə bağlı Mülki Məcəllənin 59.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsinin aydınlaşdırılması, cavabdehlərə qarşı məhkəmədə qaldırdığı iddia ərizəsinin əsaslı, qanuni olub-olmamasının müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinə sorğu göndərməsi barədə vəsatət verib. Lakin vəsatəti rədd edilmiş, bununla da işə tam, hərtərəfli, obyektiv baxılmalı olduğu haqlda biganə yanaşılmışdır. Bundan başqa, xx.xx.2020-xx.xx.2025-ci illərdə kreditin faizi üzrə yaranmış borc məbləğlərinin ləğvi, yaxud bu məbləğlərin aşağı salınması haqda qərar, sərəncam, göstərişlərin olub-olmaması, belə sənədlərin olduğu halda bankın həmin qərar və göstərişlərə riayət edib-etməməsi müəyyən edilməmişdir. Bununla da, iddiaçının tələbinin əsası olub-olmamasına da hüquqi qiymət verilməmişdir. Kreditə (17000 manata)tətbiq olunmuş illik 19% üzrə məbləğ 17000 manat məbləğin 65%-i (9547.91 manat) qədərdir. Bu fakt bankın öz hakim mövqeyindən sui istifadə etdiyinə sübutdur ki, məhkəmə bu fakta da əsassız olaraq hüquqi qiymət verməmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Qətnamədə istinad olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5965 saylı ekspert rəyinə görə X3 xx.xx.2023-cü il tarixinə bankın filialına 8800.70 manat məbləğində borcu qalmış, o cümlədən, əsas borcdan 8705.37 manat, gecikdirilən illik 5% ilə 84.64 manat olduğunu qeyd etmişdir. Daha sonra ekspert həmin rəydə iş materiallarındakı hesabdan çıxarışa istinad edərək iddiaçıya xx.xx.2023-cü il tarixində 6716.06 manat məbləğində borcun olduğunu, həmin kreditin illik 19% dərəcəsinə görə isə borcun olmadığı nəticəsinə gəlmişdir. Ekspert həmin rəyə bankın iş materiallarında olan maliyyə arayışına, kreditin və onun faizi üzrə ödənilmiş məbləğlərinin qeydiyyat uçotu sənədləri əsasında gəlmiş olsa da, həmin sənədlərin mötəbərliyini müəyyən etmək üçün məzmunlarını analiz təhlil etmədiyindən səhvə yol vermişdir. Belə ki, öz adından X3 bankdakı hesabına xx.xx.2023-cü il tarixinədək bir dəfə 625 manat, 4 dəfə olmaqla hər dəfədə 500 manat, cəmi 2625 manat iddiaçının hesabına pul ödəmişdir. Həmin ödənişlərə dair xəzinə mədaxil orderlərinin birini məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2024-cü il tarixdən əvvəlki məhkəmə iclasında məhkəməyə təqdim edib. İkinci xx.xx.2024-cü il tarixli mədaxil qəbzini apellyasiya şikayətinə əlavə edib poçtla məhkəməyə göndərmişdir. Məhkəmə isə bu faktı nəzərə almamışdır. Həmin ödəniş qəbzlərini də məhkəməyə təqdim edib. İş materiallarına da əlavə edilmişdir. Məhkəmə qətnaməsində çıxarılmış xx.xx.2024cü il tarixindən əvvəlki məhkəmə iclasında iddiaçının hesabına ödədiyi 500 manat pulun xəzinəyə ödəməyini nəinki nəzərə almamış, heç qalan 4 ödəniş sənədini bankdan tələb edib öz adından borclunun bankdakı hesabına ödədiyi pulun cəmi məbləğini müəyyən etməmişdir. Qalan ödəniş sənədinin birini- xx.xx.2024-cü il tarixli xəzinəyə mədaxil sənədinin surətini sübut olaraq apellyasiya şikayətinə əlavə edib. Bankın filialı ekspertə öz adından borclunun hesabına ödəmiş olduğu 2625 manat məbləğində pul vəsaiti barədə məlumat vermədiyindən, ekspertin ödəmiş olduğu məbləğdən məlumatı olmamışdır. Hazırki iş üzrə məhkəməyə də 500 manat pulun iddiaçının xəzinəsinə ödəməyi barədə məlumat versə də, materiallara əlavə edilmiş ödəniş sənədini unudulduğundan bu fakt nəzərdən qaçmışdır. Beləliklə, ödəmiş olduğu 2625 manatı məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş 6716.06 məbləğdən çıxsa 4091.06 manat məbləğ qalır. Bu hal isə onun hüquqlarının pozulmasının bariz nümunəsidir

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında iddiaçı «X6» Bakı filialının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Cavabdeh3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində qrip xəstəliyinə yoluxması səbəbindən hazırki məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının növbəti aya təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməmə səbəbini təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər X5, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın kredit borcuna aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından iddianın kredit borcuna aid təmin edilən hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia mübahisələndirilən hissədə haqlı sayılır.

18. Əvvəla cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği, növü, illik faiz dərəcəsi, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

19. Cavabdeh zamin olaraq iddiaçı ilə arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

20. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

21. Əvvəla, iddiaçı bankın Bakı filiialının ləğv edilməsi həqiqi olsa belə bu hal apellyasiya şikayəti verən cavabdehin bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina üçün əsas deyildir. Buna görə də, qeyd olunan məsələyə dair hansısa vəsatət verilməsinə də ehtiyac və zərurət olmamışdır. Bundan əlavə, xx.xx.2020xx.xx.2025-ci illərdə kreditin faizi üzrə yaranmış borc məbləğlərinin ləğvi, yaxud bu məbləğlərin aşağı salınması haqda qərar, sərəncam, göstərişlərin olub-olmaması, belə sənədlərin olduğu halda bankın həmin qərar və göstərişlərə riayət edib-etməməsinin müəyyən edilməməsi barədə dəlillər də özü-özlüyündə əsassız hesab edilir. Hətta bu cür hallar olmuş olsa idi, yəqin ki, iddiaçı ümumiyyətlə məhkəməyə müraciət etməzdi. Demək ki, cavabdeh öhdəliyinin icrasından yayınmaq üçün bu cür hüquqdan sui-istifadə xarakteri daşıyan dəlillərdən istifadə edir.

22. Birinci instansiya məhkəməsi tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən 2 dəfə istifadə etmişdir. Ekspertlər də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir. Birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi borc məbləğini deyil, sonuncu ekspertiza rəyi ilə müəyyən edilmiş borc məbləğini nəzərə alıb həmin hissədə iddianı qismən təmin etmişdir.

23. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspert tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər, hansı ki, birinci instansiya məhkəməsi də bu məqsədlə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəylər almışdır.

24. Belə ki, xx.xx.2024-cü il tarixli, 9/5965 saylı ekspert rəyində borcalanın xx.xx.2023-cü il tarixinə bankın filialına 8800.70 manat məbləğində borcu qaldığı, o cümlədən, əsas borcdan 8705.37 manat, faiz borcundan 10,69 manat, gecikdirilən illik 5% ilə 84.64 manat olduğu qeyd edilmiş, daha sonra rəydə işdə olan(i.v.78) hesabdan çıxarışa istinad edilərək xx.xx.2023-cü il tarixində 2000 manat ödəniş edildiyi nəzərə alınaraq 6716.06 manat əsas borcun qaldığı, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Cavabdeh öz adından X3 bankdakı hesabına xx.xx.2023-cü il tarixinədək bir dəfə 625 manat, 4 dəfə olmaqla hər dəfədə 500 manat, cəmi 2625 manat ödədiyini göstərsə də bu rəydə 2000 manatın ödənilməsi açıq-aşkar nəzərə alınıb. xx.xx.2023-cü il tarixinədək bir dəfə 625 manat ödənilməsi həqiqi olsa belə həmin məbləğin rəydə nəzərə alınmadığı təsdiq olunmur. Başqa sözlə, 625 manatın hansı tarixdə ödənildiyinə və həqiqətən ödənildiyinə dair işdə hansısa sübut mövcud deyil. xx.xx.2024-cü il tarixli mədaxil qəbzi isə həqiqətən apellyasiya şikayətinə əlavə edilib. Həmin məbləğin ödənilməsinə dair qəbz sonradan apellyasiya şikayətinə əlavə edildiyindən, eləcə də ekspertizaya təqdim edilməmişdirsə qətnamənin icrası zamanı nəzərə alınmalıdır.

25. Ekspert bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin borcun yenidən hesablanması üçün üçüncü dəfə hər hansı bir əsas və zərurət olmadağından yenidən ekspertiza keçirilməsinə də ehtiyac qalmır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylərin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Çünki təmin edilən borc müqavilə şərtlərinə uyğun və adekvat olmuşdur.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-415/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-415/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar