Məhkəmə qərarları › İş №2(103)-2042/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2042/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2042/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-571/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli 1 nömrəli yarma protokolundan görünür ki, İddiaçı məxsus 8 yaşlı, yerli cinsli, qara rəngli ana camış həmin tarixdə özəl baytar həkimi Xələfov Adəm tərəfindən yarılmış, 220 volt elektrik xəttinin qırılıb yerə düşməsi nəticəsində heyvanın tələf olması müəyyən edilmişdir.

2. Kürdəmir rayon Xəlsə kəndində özəl baytar həkimi Xələfov Adəm, Qocalı bələdiyyə sədri Abbasov Qalib, Kürdəmir elektrik şəbəkəsinin mühəndisi Nuriyev Asif, heyvan sahibi İddiaçı, qonşular Balayev Rasim və Məmmədov Rövşənin iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə İddiaçı məxsus 1 baş camışda yarma aparılmışdır. Elektrik cərəyanı vurması nəticəsində öldüyü təsbit edilmişdir. Kürdəmir elektrik şəbəkəsinin mühəndisi Nuriyev Asif aktı imzalamaqdan imtina etmişdir.

3. Kürdəmir rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə etdiyi müraciət üzrə araşdırma aparılmış, toplanmış materialda inzibati xətanın tərkibinin olmaması məlum olmuşdur. Odur ki, aidiyyəti üzrə rayon elektrik şəbəkəsinə və ya mülki iddia qaydasında Kürdəmir rayon Məhkəməsinə müraciət etmək tövsiyə edilmişdir.

4. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 220 nömrəli arayışından görünür ki, Məmmədov X1 qeydiyyatda olmaqla orada yaşayır və 4 nəfər ailə üzvü vardır.

5. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Qocalı kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 370 nömrəli arayışından görünür ki, Xəlsə kəndində xx.xx.2024-cü il tarixdə elektrik xətti qırılıb yerə düşərək 1 baş camış heyvanının ölməsinə səbəb olmuşdur. Ölən camış Xəlsə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı məxsusdur.

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Heyvandarlığın təşkili və monitorinqi şöbəsi, Heyvandarlığın inkişafı və damazlıq işlərinin təşkili sektorunun baş məsləhətçisi Əbülfəz Qafarov tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, regionlar üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərindən alınan məlumatlara əsasən, heyvan bazarlarında yaşından asılı olaraq 1 baş orta köklük dərəcəsində olan doğar camışın ortalama bazar qiyməti 2.200-2.500 manat arasında dəyişir.

7. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi elektrik verilişi xətləri "xxxx" ASC-nin balansındadır. Hadisə İddiaçı məxsus iribuynuzlu heyvanın nəzarətsiz qalaraq elektrik dirəklərinə zərər vurması nəticəsində baş vermişdir.

8. "xxxx" MMC-nin (Bərdə bazarı) xx.xx.2024-cü il tarixli, 80 nömrəli arayışından görünür ki, qeyd olunan xüsusiyyətlərə malik ana camışın orta bazar qiyməti 2.200- 2.500 manat civarında təşkil edir.

9. İş materiallarına, həmçinin, fotoşəkillər əlavə edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurduğu maddi ziyana görə 3.000 (üç min) manat pulun iddiaçının nəfinə tutulması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Kürdəmir rayonunda örüş sahəsindən iddiaçının həyətinə gələn bir baş ana camış qırılaraq yerə düşmüş elektrik məftilinə ilişmiş və dərhal yerindəcə ölmüşdür. İddiaçı insidentlə bağlı təcili olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmət Mərkəzinə zəng vuraraq məlumat vermiş, təxirəsalınmaz hərəkətlərlə ölmüş heyvanın yarılmasını təşkil etmişdir. Belə ki, heyvan özəl aqronom və hal şahidlərinin iştirakı ilə yarılmışdır. Yarılmanın nəticəsi olaraq bir daha müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 1 baş ana camış yüksək gərginlikli elektrik cərəyanının təsiri nəticəsində ölmüşdür. Daha sonra bu barədə ayrıca akt da tərtib olunmuşdur. Cavabdeh mülkiyyətçi "xxxx" ASC-nin səhlənkarlığı, nəzarətsizliyi və ehtiyatsızlığı ucbatından iddiaçıya bazar qiymətlərinə uyğun olaraq 2.800-3.000 manat məbləğində maddi ziyan – real zərər dəymişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-571/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 2.350 (iki min üç yüz əlli) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi, qalan hissənin İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 386.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasının 1.2.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 10.17, 10.18.1, 10.18.2, 10.18.8ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi kənd sakinləri R.Balayev, R.Məmmədov, özəl baytar A.Xələfov və Qocah bələdiyyə sədri Q.Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Lakin məhkəmə tərəfindən müvafiq aktın həqiqiliyini müəyyən etmək məqsədilə həmin şəxslərin şahid qismində işə cəlb edilməsini təmin etməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin tələf olunmuş malqaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasının 1.2.1-ci bəndinə əsasən elektrik və istilik qurğuları, quruluşları və şəbəkələri, onların təhlükəsiz istismarını, həmçinin müəssisənin işçilərinin təhlükəsiz iş şəraitini təmin edən texniki saz vəziyyətdə olmalıdırlar.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 10.17-ci bəndinə görə, enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerji təchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Maddi 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda cavabdeh qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdiyindən, iddia təmin edilməyən hissədə mübahisələndirilmədiyindən, qətnamə yalnız apellyasiya şikayəti həddində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-571/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

40. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

41. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan elektrik enerjisi xəttinin səbəb olduğu ziyanın əvəzini ödəmək vəzifəsi həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanı yüksək olan cavabdehin üzərinə qoyulmalı, vurulmuş zərərə görə məhz o, məsuliyyət daşımalıdır.

42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, cavabdehin sahibliyində olan yüksək təhlükə mənbəyinin iddiaçıya ziyan vurması iş materialları (yarma protokolu, akt, arayışlar və s.) ilə öz təsdiqini tapmışdır. Kürdəmir rayon Xəlsə kəndində özəl baytar həkimi Xələfov Adəm, Qocalı bələdiyyə sədri Abbasov Qalib, Kürdəmir elektrik şəbəkəsinin mühəndisi Nuriyev Asif, heyvan sahibi İddiaçı, qonşular Balayev Rasim və Məmmədov Rövşənin iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə İddiaçı məxsus 1 baş camışda yarma aparılmışdır. Elektrik cərəyanı vurması nəticəsində öldüyü təsbit edilmişdir. Cavabdeh apellyasiya şikayətinin əsaslarını təşkil edən dəlillər ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

44. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tələbinin əsasını sübut edə bilməmişdir.

46. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və birinci instansiya məhkəməsənin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellayasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin.

50. Beləliklə, kollegiya bildirir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-571/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-571/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar