Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2044/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2(002)-48/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 fevral 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 18 faiz dərəcəsi ilə, 15000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 krediti 48 ay müddətinə hər ay 440.62 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 17 faiz dərəcəsi ilə, 8000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı Əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 krediti 48 ay müddətinə hər ay 230.84 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür. Zamin kreditor qarşısında borc alanla birgə məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh2 10 fevral 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 10300.20 manat əsas borc üzrə, 1205.42 manat faiz borcu, cəmi 11505.62 manat borcu mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh2 14 sentyabr 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 6474.51 manat əsas borc üzrə, 708.33 manat faiz borcu, cəmi 7182.84 manat borcu mövcuddur. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 10300.20 (on min üç yüz manat iyirmi qəpik) manat əsas, 1205.42 (min iki yüz beş manat qırx iki qəpik) manat faiz, cəmi 11505.62 (on bir min beş yüz beş manat altmış iki qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6474.51 (altı min dörd yüz yetmiş dörd manat əlli bir qəpik) manat əsas, 708.33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat faiz, cəmi 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 146.47 (yüz qırx altı manat qırx yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 (on beş min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 10300.20 (on min üç yüz manat iyirmi qəpik) manat, faiz borcu 1205.42 (min iki yüz beş manat qırx iki qəpik) manat təşkil edir. Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 8000 (səkkiz min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1099986/30165 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zaminlər, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 6474.51 (altı min dörd yüz yetmiş dörd manat əlli bir qəpik) manat, faiz borcu 708.33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat, cəmi 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 11505.62 (on bir min beş yüz beş manat altmış iki qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2(002)- 48/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 10300.20 manat məbləğində əsas borc və 906.66 manat məbləğində faiz borcu olmaqla, cəmi 11206.86 manat məbləğində borc, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 6474.51 manat məbləğində əsas borc və 540.48 manat məbləğində faiz borcu olmaqla, cəmi 7014.99 manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi olaraq birinci müqavilə üzrə tələbin ödənilmiş hissəsinə uyğun olan 123,62 manat Cavabdeh2, ikinci müqavilə üzrə tələbin təmin edilmiş hissəsinə uyğun olan 90,14 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun 1,40 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 250 manat məsrəfin 10 manat hissəsi İddiaçı ASC-dən, 240 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə ödənilmiş 175.09 manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi 29.03 manat hissəsinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı ASC-ə geri qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, borcluya ünvanlanmış pretenziya məktubunda müqavilənin birtərəfli qaydada xitamı nəzərdə tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd etmişdir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Məhkəmə qeyd edilən halları, eləcə də cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyi də nəzərə alınmaqla iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə əsas borc olaraq 10300.20 manat, faiz borcu olaraq 906.66 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə əsas borc olaraq 6474.51 manat, faiz borcu olaraq 540.48 manat həddində iddia tələbi Cavabdeh2 qarşı qismən təmin edilməlidir. Cavabdeh1 münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi üzrə birgə məsuliyyət daşyan zamin qismində çıxış etdiyindən, yalnız həmin müqavilə üzrə yuxarıda təmin edilən həddə Cavabdeh2lə birgə məsuliyyət daşıyır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. . Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, tamamilə iddiaçının xeyrinə bir qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi məbləğ həddən artıq şişirdilmiş və məhkəmə bu mübahisəni araşdırarkən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məqbul sayaraq iş üzrə ekspertiza təyin etsə də, müstəqil ekspert də iddiaçının təqdim etdiyi sənədlərə əsasən iddia tələbinə uyğun rəy hazırlayaraq göndərmişdir. Məhkəmə qətnaməni qəbul edərkən ekspert rəyinə əsaslansa da, həm məhkəmə qətnaməsi, həm də ekspert rəyi ilə razı deyil. Halbuki birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmalı idi. Qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan məbləği vaxtında ödəməməsinin əsas səbəbi ailəvi bir sıra problemlərin və xəstəliklərin baş verməsi olmuşdur. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd edilən xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onların zərəri ilə nəticələnəcək bir qətnamə qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi olduqca zəruridir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2044/2024 saylı, 07 aprel 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 3-16-16/2-9/2484/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin – iddia tələbinin təmin edilən, yəni borcun hesablanması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 15000 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 8000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin kreditləri 48 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə iddiaçı müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh2 isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Eyni zamanda, ikinci kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən tələb olunan məbləğin vaxtında ödənilməməsinin əsası kimi ailəvi bir sıra problemlərin və xəstəliklərin baş verməsini qeyd etsə də, Məhkəmə Kollegiyası bildirir ki, həmin hallar cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Belə olan halda müəyyən edilir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən kredit müqavilələri üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla da birinci instansiya məhkəməsi iddia tələbi mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa Cavabdeh2 apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi məbləğ həddən artıq şişirdilmiş və məhkəmə bu mübahisəni araşdırarkən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məqbul sayaraq iş üzrə ekspertiza təyin etsə də, müstəqil ekspert də iddiaçının təqdim etdiyi sənədlərə əsasən iddia tələbinə uyğun rəy hazırlayaraq göndərmişdir. Məhkəmə qətnaməni qəbul edərkən ekspert rəyinə əsaslansa da, həm məhkəmə qətnaməsi, həm də ekspert rəyi ilə razı deyil. Hesab edir ki, hazırkı iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi olduqca zəruridir. Bununla bağlı olaraq Məhkəmə Kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən iddiaçı tərəfindən ona qeyd edilən müqavilələrə dair müxtəlif tarixlərdə pretenziya məktubları göndərilmişdir. Belə ki, İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehin 10 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka 576.53 manat məbləğini təşkil edən əsas və 295.60 manat məbləğini təşkil edən faiz borcu mövcuddur. Ödənişi həyata keçirilməyən borc məbləğini təşkil edən vəsaitə illik 18 faiz hesablanmaqdadır. 5 iş günü ərzində ödənişi həyata keçirilməyən 872.13 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin edilsin. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi tərəfindən təmin edilmədiyi təqdirdə Bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 10300.20 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehin 14 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Banka 715.58 manat məbləğini təşkil edən əsas və 462.62 manat məbləğini təşkil edən faiz borcu mövcuddur. Ödənişi həyata keçirilməyən borc məbləğini təşkil edən vəsaitə illik 17 faiz hesablanmaqdadır. 5 iş günü ərzində ödənişi həyata keçirilməyən 1178.20 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin edilsin. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi tərəfindən təmin edilmədiyi təqdirdə Bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 6474.51 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Birinci instansiya məhkəməsi də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə, ekspert qarşısında həmçinin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixli və xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli pretenziya məktubu tarixinə yaranmış əsas borc və faiz borcu nə qədər təşkil etməsi kimi suallar qoyulmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8120 nömrəli ekspert rəyindən isə görünür ki, ekspert hər iki müqavilə üzrə borcu yalnız xx.xx.2024-cü il tarixli pretenziya məktubu tarixinə müəyyən etmişdir. Halbuki xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə cavabdehə xx.xx.2024-cü il tarixli deyil, xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara əhəmiyyət verməyərək, ekspert rəyində natamamlığa diqqət yetirməyərək onu mötəbər sübut kimi qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən, xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə cavabdehə xx.xx.2023cü il tarixli pretenziya məktubu göndəridiyi xx.xx.2023-cü il tarixə deyil, ekspertiza tərəfindən səhvən xx.xx.2024-cü il tarixə hesablanmış borcun məbləğinə istinad etmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətindən də görünür ki, o, borcun məbləğini mübahisələndirmişdir. Belə olan halda xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləğinə dair şübhələr mövcud olduğundan, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş eskpert rəyi natamam olduğundan ümumlikdə isə borcun məbləğinin müəyyən edilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır”. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Belə olan halda apellyasiya baxışı zamanı iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixində borcun hesablanması işin obyektiv həlli baxımından zəruri olduğundan apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Kollegiyaya təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2484 saylı, 25 iyun 2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 10.750,11 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) - əsas borc üzrə - 10.312,68 manat, faiz borcu üzrə - 437,43 manat Göründüyü kimi apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq cavabdehin xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borc üzrə 10.312,68 manat və faiz borcu üzrə 437,43 manat olması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyləri şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı rəylərə istinad edilməli deyil. Belə ki, həmin rəylərdə iddia tələbində qeyd olunan müqavilələr əsas borca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün olsa da, faiz məbləğləri hissəsində rəylər ümumiyətlə nəzərə alınmamalıdır. Çünki, İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda onun 10 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka 295.60 manat məbləğini təşkil edən faiz borcu, borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda isə onun 14 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Banka 462.62 manat məbləğini təşkil edən faiz borcu mövcud olmasını qeyd etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, faiz məbləğləri iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda göstərilən məbləğlər hissəsində müəyyən edilməlidir. Başqa sözlə, iddiaçı pretenziya tarixinə olan müddətə cavabdehin həmin məbləğlərdə faiz borcunun olması ilə razılaşıb. Buna görə də faiz məbləği iddia tələbində və məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğlərlə deyil, pretenziya məktubunda göstərilən məbləğlər həddində müəyyən olunmalıdır və mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, onun maddi vəziyyətinin pisləşməsi iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e- 2(002)-48/2025 nömrəli qətnaməsi - xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə və 14 sentyabr 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu hissəsində dəyişdirilsin. 10 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz 295.60 manat, 14 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz 462.62 manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə