Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2049/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5623/23 saylı iş üzrə 27 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4561/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat məbləğində cavabdehdən aliment tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə uşaqlar yetkinlik yaşına çatana qədər hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5623/23 saylı iş üzrə 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4561/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdehdən hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin ediməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17; Ailə Məcəlləsinin 75, 76, 78, 112.1; "Uşaq Hüquqları Haqqında" Qanunun 13, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri 14, 77-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, normaya əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları olduğu halda məhkəmə bu tələbi pozaraq onun müvafiq dövlət qurumunda işaxtaran şəxs kimi qeydiyyatda olduğunu, iki məhkəmə qətnamələrinə əsasən 185.000 manat iddiaçının ona borclu olduğunu, maddi imkanının buna yol veribverməməsini nəzərə almayaraq ayrı-seçkiliyə yol vermişdir. Məhkəmə aliment miqdarını artırarkən aylıq qazancının olmamasını nəzərə almadan aliment miqdarını artıraraq alimentin yuxarı həddini müəyyən etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən alimentin məbləği hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, azyaşlı uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 190 manat müəyyən etmişdir.
15. Nəzərə alınmalıdır ki, cavabdehin gəlirlərinin az olması, eləcə də valideynlər arasında hər hansı borc öhdəliklərinin olması özü-özlüyündə alimentin azaldılmasına əsas vermir. Çünki, uşaqların yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə tutulan alimentin miqdarı uşaqlar üçün yaşayış minimumundan da aşağıdır.
16. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
19. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404- 406-cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 27 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.