Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-205/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(004)- 2016/2013 saylı qətnaməsindən Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxx” İKB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxxxx” İKB-nin 3 saylı filialı ilə Cavabdeh Oktay oğlu arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 07/07(İ) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 206327 ABŞ dolları əsas borc, 59525 ABŞ dolları faiz borcu və gecikdirməyə görə xx.xx.2013-cü il tarixədək hesablanmış 1900 ABŞ dolları cərimə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Oktay oğlundan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(004)- 2016/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehapelyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 240 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Nəsimi rayonu, 28 may küçəsi, 36 saylı evin 34 saylı mənzili iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş cədvəlinə əsasən hər ay banka 4173,77 manat ödəmişdir. Bir neçə il ödəniş etdikdən sonra maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. Banka cəmi 300000 ABŞ dolları ödəniş etməyinə baxmayaraq bank tərəfindən həmin məbləğin 93673 ABŞ dolları əsas borc kimi silinmiş, 200000 dollardan çox məbləği faiz və dəbbə pulu kimi silmişdir. 300000 ABŞ dollarından çox ödəniş etməsinə baxmayaraq çarəsizlikdən onunla bank arasında razılıq əldə edilmiş, xx.xx.2012-ci il tarixli aktla könüllü olaraq ona məxsus olan xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Nəsimi rayonu, 28 may küçəsi 36 saylı evin 34 saylı mənzili qalan qalıq borca hesablanması üçün banka təhvil vermiş və həmin mənzil borcla əvəzlənməsi üçün bank tərəfindən təhvil alınmışdır. Məhz xx.xx.2012-ci il tarixdə onunla bank arasında öhdəlik münasibətlərinə son qoyulmuş və bank əməkdaşları onu bir daha axtarmamışlar. Lakin bu razılaşmadan bir ildən çox vaxt keçdikdən sonra ondan xəbərsiz olaraq hazırkı iddia ilə məhkəməyə müraciət olunmuş və iddialarında qəsdən işin obyektiv araşdırılmaması üçün obyektiv halları, xüsusən də kredit müqaviləsinin ipoteka ilə təminatlı olmasına, ipoteka predmetini borcun əvəzi olaraq əldə etmələrinə dair yazılı sənədləri və halları məhkəməyə bildirməmişlər. Məhkəmə isə 300000 ABŞ dolları məbləğində kreditin təminatsız təqdim olunması məsələsində lazımi həssas araşdırma aparmamışdır. Bank qarşısında xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir (ödəniş və ipoteka predmetinin banka təhvil verilməsi yolu ilə). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsni xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxxxx” İKB ASC-nin adı dəyişdirilərək “xxxxxxxxx” ASC olmuşdur. Bu səbəbdən də iddiaçının adı “xxxxxxxxx” ASC kimi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə yaşayış sahəsinin alınmasına görə 240 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi xx.xx.2007-ci il tarixdə bağlanmış 07/07 (i) saylı “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh Oktay oğlu tərəfindən ünvan 1, məznil 34 və 34a ünvanında yerləşən mənzillər ipoteka ilə yüklü edilmişdir. Bank iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini bildirərək borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi apelyasiya şikayətində qeyd edilənlərdən ibarətdir. İş materiallarında olan “xxxxxx” İKB-nin X11 edilməsi Departemintinin mütəxəssisləri X9, X10 və Cavabdeh Oktay oğlu tərəfindən xx.xx.2012-ci il tarixdə “xxxxxx” İKB-nin rəsmi blankında tərtib edilmiş aktın surətində qeyd olunur ki, həqiqətən xx.xx.2012-ci il tarixdə Cavabdeh Oktay oğluna məxsus olan ünvan 1, mənzil 34 ünvanında yerləşən 43,75 kv.m sahəsi olan 2 otaqlı mənzili kredit borcunu ödəyə bilmədiyi üçün təhvil verdi. Mənzildə pul və digər qiymətli əşyalar yoxdur. Mənzilin satılıb borcun ödənilməsinə etiraz etmirəm. Aktı və mənzilin alqı-satqı müqaviləsini imzalayan şəxslərin bankın işçiləri olubolmamasının müəyyən edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən həmin şəxslərin “xxxxxx” İKB ASC-nin işçiləri olub olmamasının müəyyən edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavabdeh olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli **********0 saylı məktuba əlavə edilmiş arayışda qeyd olunur ki, nazirliyin “Mərkəzləşdirilmiş elektron İnformasiya Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən müraciətdə adları qeyd olunmuş sığortaolunanlar, X4 (SSN: **********650) 2010-2014-cü illər, X1 (SSN: **********119) 2007-2017-ci illər fərdi şəxsi hesablarına əmək fəaliyyətli olduqları sığortaedən “xxxxxxxxx” ASC (xxxxxx” X6 ASC) (SUN: **********4) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) və “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda xeyrlərinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli xxxx/2020 saylı məktuba əlavə edilmiş cədvəldən müəyyən edilir ki, X10 xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək, X5 isə xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər “xxxxxx” İKB ASC-də çalışmışlar. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 13 saylı Notariat Ofisindən göndərilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh Oktay oğlunu etibarnamə əsasında təmsil edən X5 ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil 65000 manata X3 satılmışdır. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş “X13”nun məlumat bazasından çıxarışdan görünür ki, Cavabdeh Oktay oğlu “xxxxxx” İKB ASC-dən 300000 ABŞ dolları məbləğində kredit almış, onun alınmamış faiz məbləği borcu 60447.73 ABŞ dolları təşkil edir. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçı istinad etdiyi halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, mənzilin təhvil verilməsinə dair xx.xx.2012-ci il tarixli aktda adları qeyd edilən X9 və X10, həmçinin mənzilin alqı-satqısına dair xx.xx.2012-ci il tarixli müqaviləni satıcı qismində imzalamış X5 həmin tarixlərdə (aktın və alqı-satqı müqaviləsinin imzalandığı) iddiaçı bankın işçiləri olmuşlar. Həmçinin iddiaçı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilən məlumatda cavabdehin 60447.73 ABŞ dolları faiz borcu olduğu qeyd edilmişdir. Qeyd olunanlardan da görünür ki, iddiaçı bank təminatlı kredit verdiyi halda öz işçiləri vasitəsilə cavabdehlə aralarında olan razılıq əsasında ipoteka predmeti olan mənzili yenə cavabdeh tərəfindən bankın işçisinə verilən etibarnamə əsasında satmışdır. Hansı ki, qanunvericiliyə və müqavilədən irəli gələn öhdəliklərə əsasən cavabdeh tərəfindən borc məbləği ödənilmədiyi təqdirdə iddiaçı borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququna malik olmuşdur. Ekspert rəyinə əsasən cavabdehin bank qarşısında xx.xx.2013-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) 205.868,10 ABŞ dolları əsas, 59.244,10 ABŞ dolları faiz borcu qaldığı qeyd edilsə də belə hazırkı halda işin hallarına əsasən iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Lakin iddiaçı işin faktiki halları barədə məhkəməni ətraflı məlumatlandırmamış və əsassız olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi isə əsassız nəticəyə gəlmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayəti vermək üçün 15 manat dövlət rüsumu ödəmiş, ekspertiza tədqiqatının dəyəri isə 145 manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən həmin məbləğlər iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(004)- 2016/2013 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı “xxxxxxxxx” ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi 15 (on beş) manat tutularaq Cavabdeh Oktay oğluna ödənilsin. İddiaçı “xxxxxxxxx” ASC-dən 145 manat tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-205/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-205/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver