Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2050/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: borcun etirafı, borcun ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh xx.xx.2021-ci il tarixdə yazdığı əlyazısında (iltizamda) İddiaçı1 22 200 manat borc pul aldığını və 2022-ci ilin fevral ayının axrınadək qaytaracağını bildirmişdir.
2. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, material üzrə izahatı alınmış Cavabdeh İddiaçı1 borc olaraq 22 200 manat məbləğində pul aldığını, bu pulu balıqçılıq təsərrüfatı üçün aldığını, su probleminə görə balıqların tələf olduğunu, ona külli miqdarda ziyan dəydiyini, ona görə də borcu qaytara bilmədiyini, aldığı borcdan imtina etmədiyini, pulu düzəldib yavaş-yavaş qaytaracağına söz verdiyini, sözü gedən 22 200 manat məbləğində pulu onlardan borc olaraq aldığını, heç bir tikinti materialı söz vermədiyini bildirmişdir.
3. İddiaçı2 tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun hesabına Vəkil hüquqi yardımına görə 200 manat pul ödənilmişdir.
4. İddiaçı1 Vəkil etibarnamə vermək üçün 17,25 manat ödəniş etmişdir.
5. İddiaçı2 Vəkil etibarnamə vermək üçün 17,25 manat ödəniş etmişdir.
6. İddiaçı2 tərəfindən Nərimanov Rayon Məhkəməsinin hesabına 179,50 manat və 17,95 manat məbləğində rüsumlar ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən maddi zərərə görə 24 420 manat, mənəvi zərərə görə 5000 manat, məhkəmə xərclərinə görə 265,50 manat, iddia ərizəsini məhkəməyə verilməsinə görə 179,5 manat, müvəqqəti təminat tədbirinə görə 17,95 manat olamqla cəmi 29 882,50 manat məbləğində pulun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, cavabdehlə qohumluq əlaqəri vardır. 2021-ci ilin may ayının 03-də cavabdeh, İddiaçı1 zəng edərək 15-20 günlüyə 1 000 000 Rus pulu istəmişdir. Cavabdehə pulunun olduğunu, lakin yaxın 10-15 günə İddiaçı2 üçün Abşeron rayonunun Saray qəsəbəsində ev tikməyə başlayacağını, bu səbəblə də ona istədiyi pulu verə bilməyəcəyini demişdir. Cavabdeh isə Bakı şəhərində çoxlu tanışları olduğunu, əli haraya desə çatdığını, istədiyi pul ona verilərsə, İddiaçı2 üçün nəzərdə tutulan evin tikintisinə başlayanda həmin pulun əvəzində lazım olan bütün tikinti materiallarını özünün dost və tanışlarından alıb verəcəyini, evin tikintisi ilə bağlı heç bir problemin olmayacağını bildirmişdir. Cavabdehin dediklərini səmimi qəbul edərək, tam inanmışlar və deyilən şərtlə, yəni istədiyi pulu borc kimi yox, İddiaçı2 üçün evin tikintisinə başlayanda pulun əvəzinə lazım olan bütün tikinti materialları alıb verəcəyi şərti ilə pul verməyə razılaşmışlar. Cavabdeh zəng edib 1 000 000 Rus pulu istəyəndə həmin vaxt İddiaçı2 anası Solmaz Qurbanova ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış səhəsində olan evdə olmuşlar. İddiaçı1 Solmaz Qurbanovaya zəng edərək oğlu İddiaçı2 vasitəsilə Cavabdeh 1 000 000 rus pulu verməyi tapşırmışdır. Ondan sonra İddiaçı2 atası İddiaçı1 tapşırığına əsasən Abşeron rayonunun Saray qəsəbəsində tikmək istədiyi evə görə saxladıqları 1 000 000 rus pulunu Azərbaycan manatına dəyişərək, cəmi 22 200 manat məbləğində pulu xx.xx.2021-ci ildə Cavabdeh dediyi kimi ona çatdırılması üçün tam şəkildə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Fərid” marketdə həmin marketin sahibinə vermişdir ki, cavabdehə çatdırsın. Pulu "Fərid” marketin sahibinə verən zaman da, Cavabdeh zəng edib həmin marketdə olduğunu və pulu dediyi adama verdiyini bildirmiş, market sahibi yanında Cavabdehla danışıb pulu qəbul etdiyini demişdir. Market sahibi sonra həmin pulu tam şəkildə Cavabdeh çatdırmışdır. Bütün bu faktları Cavabdeh Abşeron rayon polis İdarəsində X4 və Binəqədi rayon polis idarəsində X13a izahatlar verən zaman tam şəkildə təsdiq etmişdir. 22 200 manat pulu cavabdehə verəndən 15 gün sonra Abşeron rayonu, Saray qəsəbəsində planlaşdırdıqları evi tikməyə başlamışlar. Evin tikintisinə başlayandan sonra cavabdehə zənglər edərək lazım olan tikinti materiallarını göndərməyi demişlər. Lakin cavabdeh dediklərinin heç birinə əməl etməmiş, dediyi tikinti materiallarını alıb göndərmək əvəzinə qaçıb gizlənməyə başlamış və telefon zənglərinə cavab verməmişdir. Vəziyyəti belə görəndə İddiaçı1 Rusiyada olan işlərini yarımçıq qoyub verdiyi 22 200 manat məbləğində pulu cavabdehdən almaq üçün çıxıb Bakı şəhərinə gəlmişdir. Ondan sonra dəfələrlə həyat yoldaşı Solmaz Qurbanova, baldızı və digər qohumları ilə Cavabdeh Binəqədi rayonu, Novxanı qəsəbəsi, Adil Eyyubov küçəsində yerləşən evinə getmiş, cavabdeh və ailəsi ilə görüşərək ona verdikləri pulun qaytarılmasını xahiş və tələb etmişlər. Cavabdeh isə hər dəfə qısa vaxtda aldığı 22 200 manat pulu tam şəkildə qaytaracağını desə də, dediklərinin heç birinə əməl etməmiş, aldığı 22 200 manat məbləğində pulu qaytarmağa hər cür imkanı olmasına baxmayaraq indiyə kimi aldığı pulu qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Hər dəfə pulu tələb etdikdə, aldadır, ələ keçirdiyi və mənimsədiyi 22 200 manat pulu qaytarmaqdan qəsdən boyun qaçırır. İddiaçı1 həyat yoldaşı Solmaz Qurbanova ilə birgə Cavabdehla xx.xx.2021-ci tarixdə görüşən zaman o, qəbz yazıb verərək aldığı 22 200 manat məbləğində pulu 2022-ci ilin fevral ayında tam şəkildə qaytaracağını verdiyi qəbzdə qeyd etmişdir. Lakin ondan sonra da indiyə kimi cavabdeh ələ keçirib mənimsədiyi 22 200 manat məbləğində pulu qaytarmamışdır. Vəziyyəti belə görəndən sonra İddiaçı1 Cavabdeh inam və etibarından sui-istifadə edib aldadaraq, dələduzluq edib 22 200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi barədə 2022-ci ilin iyul ayında Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsasında Abşeron rayon Polis İdarəsində X4 tərəfindən araşdırma aparılmağa başlanmış, araşdırma zamanı cavabdeh həqiqətən 22 200 manat məbləğində pul aldığını tam etiraf etmiş və qısa vaxtda pulu qaytarmaq barədə X4ə və onlara söz versə də dediyinə əməl etməmişdir. X4 araşdırma nəticəsində hadisənin Abşeron rayonu ərazisində deyil, Nərimanov rayonu ərazisində törədildiyini əsas götürürərək toplanmış materialları aidiyyatı üzrə Nərimanov rayon Polis İdarəsinə göndərmişdir. Toplanmış materiallar Nərimanov rayon Polis İdarəsinə daxil olandan sonra araşdırılması üçün 16-cı polis bölməsinə göndərilmiş və təhqiqatçı Rəşad Əhmədov tərəfindən araşdırma davam etdirilmişdir. Araşdırma zamanı "Fərid” marketin Binəqədi rayonu ərazisində yerləşməsi müəyyən edildiyinə görə toplanmış materiallar araşdırmanın davam etdirilməsi və qanunamüvafıq tədbirlərin görülməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi rayon Polis İdarəsi də, hadisənin 5-ci bölmənin ərazisində baş verməsini nəzərə alıb toplanmış materialları araşdırmanın aparılması üçün 5-ci polis bölməsinə göndərmişdir. Toplanmış materiallar 5-ci polis bölməsinə daxil olandan sonra xx.xx.2022ci il tarixdə X12in icraatına verilmişdir. X12 isə heç bir iş görmədən xx.xx.2022-ci il tarixdə sadəcə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” tam qanunsuz və əsassız bir qərar qəbul etmiş, məsələnin mülki xarakterli olmasını və mülki qaydada məhkəməyə müraciət etməsini qərarında qeyd etmişdir. Həmin qərarla razılaşmadıqlarına görə onun ləğv edilməsi üçün Binəqədi rayon prokuroruna şikayət etmişlər. Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərarla X12in xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və təkrar araşdırmaya göndərilmişdir. Təhqiqat materialları xx.xx.2022-ci il tarixdən Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə daxil olmuşdur. xx.xx.2022-ci ildən etibarən toplanmış materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Nicat Nayibovun icraatına verilmişdir. X13 29.1l.2022-ci ildə İddiaçı2 və Cavabdeh çağırıb izahatlarını almışdır. Cavabdeh izahat verən zaman hər şeyi ərizədə qeyd etdiyi kimi olduğunu tam etiraf etmiş və qısa vaxtda aldığı 22 200 manat məbləğində pulu tam şəkildə qaytaracağına söz vermişdir. Lakin indiyə kimi Cavabdeh 22 200 manat puldan bir manat da olsa qaytarmamış və qaytarmaq istəmir. Mənimsədiyi 22 200 manat məbləğində pulu hər cür imkanı olmasına baxmayaraq qaytarmaqdan boyun qaçırır. Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Nicat Nayibov xx.xx.2022-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmiş, məsələnin mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməyi qəbul etdiyi qərarda göstərmişdir. Həmin qərar uzun müddət gizlədilmişdir. Etdiyi şikayətlər əsasında X13un qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar Binəqədi rayon prokurorunun müavini Ramin Nağdəliyev tərəfindən xx.xx.2023-cü ildə ləğv edilmiş və əlavə araşdırmanın aparılması üçün X13a qaytarılmışdır. X13 isə yenə heç bir araşdırma aparmadan toplanmış materiallar üzrə xx.xx.2023-cü ildə "cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərar qəbul etmiş və mülki qaydada məhkəməyə müracət etməyi bildirmişdir. Ona görə də, başqa çıxış yolu olmadığına görə mülki qaydada məhkəməyə müraciət edirlər. Cavabdeh inam və etibardan sui-isfadə edərək, onları aldadaraq 22 200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi ilə bağlı onlara qarşı etdiyi qanunsuz hərəkətlər üzündən neçə aylardır ki, polis idarələrinə və bölmələrinə ayaq döyməkdən yorulmuşlar. Aldadıb 22 200 manat məbləğində pulu ələ keçirib mənimsəməsi və həmin pulu qaytarmaqdan qəsdən boyun qaçırması mənəvi cəhətdən ailəlikcə böyük sarsıntalara məruz qoymuşdur. Cavabdeh isə öz kefindədir, heç bir şey olmamış kimi əlini-qolunu sallayıb öz işində və gücündədir. Hər dəfə zəng edib və ya evinə gedib pulu istəyəndə isə şantaj edir, hədələyir və meydan oxuyaraq açıq-aşkar deyir ki, aldığı 22 200 manat pulu qaytarmayacaq. Cavabdeh onlara maddi zərərlə bərabər, eyni zamanda ən azından 5000 manat məbləğində mənəvi zərər də vurmuşdur. Bu mənəvi zərərin də ödənilməsini istəyirlər. Cavabdehə xx.xx.2021-ci ildə verdikləri 22 200 manat məbləğində pulu xx.xx.2021-ci ildən başlayaraq indiyə kimi, yəni xx.xx.2023cü ilə kimi dəfələrlə tələb etməklərinə baxmayaraq qaytarmamış və qaytarmaqdan qəsdən boyun qaçırır. Cavabdehdən 22 200 manat məbləğindəki puldan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən tutulub bizə ödənilməli olan 22 200 manat pulun illik məbləğinin 5%-i, yəni xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi olan dövr üçün faizlər tutulub ödənilməlidir. Cavabdeh 22 200 manat pulu qaytarmağı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi, yəni 2 il, başqa sözlə 24 ay gecikdirmişdir. Üzərinə götürdüyü öhdəliyin şərtlərini kobud şəkildə pozub 24 ay müddətində qaytarmamış, 24 ay gecikdirdiyinə görə əlavə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5% miqdarını təşkil edən 2220 manat pul (22200 manat x 5% = 1110 manat: 12 ay = 92.50 manat (aylıq faiz) x 24 ay (öhdəliyin icra olunmadığı müddət) = 2220 manat) tutulub onlara ödənilməlidir. Müvəqqəti təminat tədbirinə görə isə 17,95 manat ödənilmişdir. 9 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 200 manat pul ödənilmişdir. Vəkilə etibarnamələr verməyə görə cəmi 34,50 manat məbləğində notariusa pul ödənilmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlər Kadastrı və Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə verilən vəkil sorğusuna görə 31 manat məbləğində pul ödənilmişdir.
9. Cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə iddia ərizəsinə qarşı etiraz ünvanlayaraq etirazında aşağıdakıları göstərmişdir: “...Guya 1 000 000 rus rublunu, yəni 22 200 manat məbləğində borcu İddiaçı2 üçün Abşeron rayonu Saray qəsəbəsində ev tikmək üçün almışdır. Bu tamamilə yalandır, o tikinti fəaliyyəti ilə məşğul olmur, iddiaçılarla İddiaçı2 üçün ev tikmək barədə heç bir razılığı olmamışdır. O, Xaçmaz rayonunda balıq yetişdirmə müəssisəsində çalışmış və bununla bağlı iş qurmaq üçün İddiaçı1 qohum kimi borc pul götürmüşdür. İddiaçı1 özü sonradan onunla birlikdə balıq yetişdirmə fəaliyyəti göstərməyi təklif etmiş, verdiyi pulu balığa yatırmağı demişdir. Qohum kimi onunla razılaşmış və götürdüyü pulla balıq almış, bu barədə də Sabirə məlumat vermişdir. Sabir balıqları yetişdirib satmağı, əldə olunan gəliri isə bölməyi təklif etmiş, onunla razılaşmışdır. Bir müddət Xaçmaz rayonunda balıqlara qulluq etdikdən sonra balıq gölündən oğurluqlar olmuş, bununla bağlı polis orqanına şikayətlə müraciət etmiş, polis şöbəsində iki oğurluq faktına görə cinayət işi başlanılmışdır. Hazırda da bununla bağlı araşdırma aparılır. Balıq işinin alınmadığını görən iddiaçı isə birdən-birə pulunun hamısını geri qaytarmağı tələb edir. Halbuki, balıq işini yenidən normaya salır və yəqin ki, yaxın vaxtlarda ondan gəlir əldə olunacaqdır. Gəlir əldə olunduqda isə mütəmadi olaraq İddiaçı1 gəlirdən haqq ödəyəcəkdir. İddia tələbinin hüquqi əsası işin faktiki hallarına uyğun deyil, bir-biri ilə uzlaşmır”.
10. Məhkəmənin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, İddiaçı2 onun bacısının əridir. xx.xx.2021-ci il tarixdə Cavabdeh 22 200 manat pul verilmişdir, cavabdeh isə evin təmirində yardım edəcəkdi. Pulu “Fərid” martketin sahibinə onun yanında vermişdir ki, cavabdehə versin.
11. Birinci instansiya məhkəməsinin 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 22 200 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatının tutulub İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
12.1. Tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh İddiaçı1 ******* rus rublu borc pul istəmiş və sonuncu həmin məbləği manat məzənnəsi ilə oğlu, yəni digər İddiaçı2 vasitəsi ilə 22200 manat pulu cavabdehə göndərmişdir. Cavabdeh götürdüyü pulun əvəzində iddiaçıların təmir etdiyi evin tikinti materiallarını verəcəyini vəd etsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 12.2. Cavabdeh İddiaçı1 22200 manat borc pul almağına və 2022-ci ilin fevral ayının axrınadək qaytaracağına dair xx.xx.2021-ci il tarixdə yazılı iltizam vermiş, bununla da borcunu etiraf etmişdir. 12.3. İddia İddiaçı2 münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdeh pulu İddiaçı1 istəmiş və pulu sonuncu vermişdir. Digər İddiaçı2 isə atasına məxsus pulu, yəni İddiaçı1 pulunu cavabdehə çatdırmışdır. Göründüyü kimi İddiaçı2 cavabdehdən pul tələb etmək hüququ yaranmamışdır. 12.4. İddia tələbi 22 200 manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı1 tərəfindən Cavabdeh 22 200 manat məbləğində pulun verilməsi həm cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla, həmçinin cavabdehin yazdığı xx.xx.2021-ci il tarixli iltizamla öz təsdiqini tapır və sübuta yetirilir. 12.5. İddia tələbi əldən çıxmış fayda qismində 2220 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasını iddia ərizəsində və məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. 12.6. Hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun və etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat dövlət rüsumunun, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat pulun, həmçinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.7-ci, 448.1-ci, 882.1-ci, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.4-cü, 119.1-ci, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarlarına istinad etmişdir.
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, yazdığı iltizamın mahiyyətini yanlış şərh etdiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
15. İddiaçı1 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh ərizə ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi (vəkili) isə onun prosesin yekunlaşmasını uzatmaq istədiyini, şikayətin əsassız olduğunu bildirmişlər.
17. İşin halları, cavabdehin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
28. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi qismən təmin edilsə də, qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Yuxarıda qeyd olunduğu kimi İddiaçı1, cavabdehə 22 200 manat (1 000 000 rus rublu) borc verdiyini, lakin cavabdehin borcu qaytarmadığını irəli sürür; cavabdeh isə iddia tələbinə etirazında İddiaçı1 borc aldığını inkar etməməklə yanaşı, sonradan həmin pul məbləğini İddiaçı1 razılığı ilə şərikli biznesə yönəltdiyini, lakin işlərin alınmaması səbəbindən pulu qaytara bilmədiyini, sözügedən biznesdən gəlir əldə olunduğu zaman pulu qaytaracağını bildirməklə iddiaya etiraz edir.
42. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh, həm xx.xx.2021-ci il tarixdə yazdığı əlyazısında (iltizamda), həm də Binəqədi RPİ-nin İŞ-də verdiyi izahatlarında İddiaçı1 22 200 manat borc pul aldığını və 2022-ci ilin fevral ayının axrınadək qaytaracağını bildirmişdir.
43. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı1 tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin borcun şərikli biznes fəaliyyətinə yönəldilibyönəldilmədiyi və həmin fəaliyyətdən əldə olunacaq gəlir hesabına ödənilməli olubolmadığı məsələsinə qiymət verilməlidir.
44. Cavabdeh iddiaya etiraz olaraq irəli sürdüyü həmin halı mötəbər və biridigərini tamamlayan sübutlarla təsdiq edə bilməmişdir və işdəki sübutlar, ağlabatan mühakimə əsasında onun İddiaçı1 borclu olduğu qənaətinə gəlməyə imkan verir.
45. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti işin hallarına tam şəkildə uyğundur və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin dürüst olmadığının təzahürüdür.
46. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
48. Oxşar mövqe X10 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
49. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı iş üzrə 03 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə