Məhkəmə qərarları › İş №2(103)-2052/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2052/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2052/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(001)-54/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən küçəsində yerləşən 322 saylı fərdi yaşayış evi Cavabdeh (bundan sonra cavabdeh) sahiblik və istifadəsindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir.

2. İddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsi ilə sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş qərarlarla (“Dəymiş ziyanın bərpasına dair” Tələbnamə) ümumilkdə 8.299,06 manat məbləğində maddi zərər hesablanmışdır. Qeyd edilən aktlar iddiaçının nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktlarda cavabdehin aktı imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1061 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

4. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən qazpaylayacasına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: qış ayları üçün ayda (1,2 m3 + 1,4 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 1476 m3 , yay ayları üçün ayda (1,2 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 972 m3 , itirilmiş qazın həcmi: 2019-cu ilin sentyabr – dekabr aylarında tərtib edilmiş 4 akt üzrə: 2 qış ayı x 1476 m3 + 2 yay ayı x 972 m3 = 4896 m3 , 2020-ci ildə tərtib edilmiş 4 akt üzrə: 2 qış ayı x 1476 m3 + 1 yay ayı x 972 m3 = 3924 m3 , 2021-ci ildə tərtib edilmiş 3 akt üzrə: 2 qış ayı x 1476 m3 + 1 yay ayı x 972 m3 = 3924 m3 , 2022-ci ilin 01 may tarixinə qədər tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1476 m3 = 2.952 m3 , iddiaçıya dəymiş ziyanın məbləği 2019-cu il üzrə 2.200 x 0,10 + 2.696 x 0,20=759,20 manat; 2020-ci il üzrə 2.200 x 0,10 +1.724 x 0,20=564,80 manat; 2021-ci il üzrə 2.200 x 0,10 +1.724 x 0,20=564,80 manat; 2022-ci il üzrə 1.200 x 0,12 +1.300 x 0,20 + 452 x 0,25 =517 manat olmaqla ümumilikdə 2.405,80 manat müəyyən edilə və abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 2.405,80 manat müəyyən edilə bilər.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 8.299,06 manat məbləğində zərərin və 103 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8.402,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 54/2025 saylı qətnaməsi ilə iddia rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddia tələbi təmin edilmədiyindən, 65 manat məbləğində ekspertiza xərcinin İddiaçındən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X2 hesabına ödənilməsi qət edilmişdir. (hakim X6)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktların surətlərində “mənzildə abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkarlandı” kimi qeyd edilsə də, iddiaçı cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini, eyni zamanda cavabdehin yaşadığı evə dair hesablanmış 8299.06 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1061 nömrəli, 01 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı tərəfindən tərtib edilmiş 15 aktdan 2 akt, yəni xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2023- cü il tarixli ******* nömrəli aktlar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikdən sonra, yəni həmin Qanuna 13.8-1-ci maddə əlavə edildikdən və həmin maddənin qüvvəyə mindiyi tarixdən sonra tərtib edilmişdir.

9. Nəticədə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə əsaslansa da, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmədiyindən, cavabdeh tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları, cavabdehin qazın talanmasında təqsirli olması barədə müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvədə olan qərarı mövcud olmadığından, bununla da iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci, 119.1-ci, 124.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, 13.8-1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3-5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Birliyin ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddianı vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İddia tələbinin əsasını cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktının aşkarlanması təşkil etdiyi halda birinci instansiya məhkəməsinin sayğacın işlək vəziyyətdə saxlaması və s. aidiyyəti olmayan məsələlərin tənzimlənməsinə dair maddi hüquq normasına istinad etməsi yolverilməzdir, maddi hüquq normasının düzgün tətbiq edilməməsinin aşkar nümunəsidir. Cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə iddia ərizəsinə etiraz bildirmiş, nə debitor borca etiraz etmiş, nə də ki ona dair Aktın tərtib edilməsini mübahisələndirmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; hazırki redaksiyada 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur.

26. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə iddiaçının əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə etməsi əsası ilə cavabdeh barəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 15 akt tərtib edilmiş və həmin aktlar üzrə qəbul edilmiş qərarlarla (“Dəymiş ziyanın bərpasına dair” Tələbnamə) ümumilkdə 8.299,06 manat məbləğində maddi zərər hesablanmışdır. Hazırda da iddiaçı həmin aktlara, habelə bu aktlar əsasında qəbul edilmiş qərarlara və abonentin (cavabehin) saldo məlumatlarına əsaslanaraq, cavabdehin ona bu məbləğdə maddi zərər vurduğunu iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, tərəflərindən sayğaca hər hansı kənar müdaxilənin edilmədiyini və sayğacdan kənar hər hansı xətdən istifadə etmədiklərini bildirərək, iddianın rədd edilməsini xahiş edir (cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində işə baxılan zaman mövqeyi).

28. Məhkəmə kollegiyası mübahisələndirilən sonuncu iki aktın xx.xx.2022-ci il tarixdən sonra (xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı) tərtib edildiyini nəzərə alıb, ilk növbədə bu aktlarla bağlı vurğulayır ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin iddiaçıdan (istehlakçıdan) tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb cavabdehin (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

29. Lakin iddiaçı tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, təbii qazın verilməsi dayandırılmamış, həmin vaxt aktların bir nüsxəsi nə cavabdehə nə də ki, aidiyyəti orqana təqdim edilməmişdir. Buna baxmayaraq, bu aktlar və onların əsasında hesablanmış zərər məbləği cavabdehin abonent hesabına daxil edilmişdir. Bununla belə, cavabdehin hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etməsi isə bu prosedura riayət edilməsi anlamına gəlmir və vurulmuş zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi üçün əsas yaratmır. Belə ki, bunun üçün cavabdehin qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməlidir. Lakin belə bir halın mövcudluğu müəyyən edilmir. Qeyd edilənlər mövcud vəziyyətdə iddiaçının həmin aktlar üzrə cavabdehdən hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Belə olan halda, aşkar edilmiş pozuntuların təsdiqi olaraq təqdim edilmiş fotoşəkillərin tədqiqinə də hər hansı hüquqi zərurət qalmır.

30. Məhkəmə kollegiyası iddianın xx.xx.2019-cu il – xx.xx.2022-ci il tarixləri əhatə edən digər 13 aktla bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və cavabdehin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, habelə eyni zamanda cavabdehin yaşadığı ev üzrə borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutların iddiaçı tərəfindən təqdim edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edir.

31. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı bundan əvvəl eyni tələblə cavabdehə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və tərtib edilmiş bir neçə, o cümlədən xx.xx.2019-cu il tarixli akt üzrə cavabdehdən vurulmuş zərərin tutulmasını tələb etmişdir. Həmin iş üzrə aparılmış araşdırma zamanı məhkəmə tərəfindən keçirilmiş yerində müayinə nəticəsində cavabdehin istifadə və sahibliyində olan hazırki fərdi yaşayış evində yaşayışın olduğu və təbii qazdan qanunsuz istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, yerində müayinə zamanı həmin evin arxa hissəsində qaz xəttinə quraşdırılmış qara rəngli rezin boru vasitəsi ilə evə təbii qazın ötürüldüyü, qaz xəttinə qanunsuz qoşulma yerinin biri birinə məftillə bağlanmış taxtalarla hasara alındığı aşkar edilmişdir. Nəticədə məhkəmə cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 221 gün ərzində fasiləsiz şəkildə təbii qazdan qanunsuz olaraq istifadə etməsi qənaətinə gəlmiş və xx.xx.2019-cu il tarixli, 2(001)-7512/2019 saylı qətnamə ilə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 649,86 manat məbləğində pul tutmuşdur. Həmin qətnamə apellyasiya qaydasında iddiaçı tərəfindən mübahisləndirilsə də (apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5284/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir), cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla da cavabdeh hüquqi nəticə etibarı ilə təbii qazdan sayğacdan kənar istifadə etdiyini qəbul etmişdir.

32. Həmin dövrün abonent saldosu məlumatlarına əsasən isə daimi əsaslarla yaşamasına baxmayaraq, təbii qazdan istifadəyə görə cavabdeh tərəfindən bu məqsədlər üçün hər hansı məbləğdə ödəniş aparılmamışdır. Bu hal həmin ünvan üzrə təbii qazdan sayğacdan kənar, yəni qanunsuz çəkilmiş xətt vasitəsi ilə istifadə edildiyini bir daha təsdiq edir.

33. Hazırda isə iddiaçı cavabdehin həmin dövrdən sonra da təbii qazdan sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə istifadə etdiyini iddia edir və əvvəlki tarixlərin davamı olaraq zərər məbləğini xx.xx.2019-cu il (əvvəlki işdə sonuncu akt 2019-cu ilin iyul ayında tərtib edilmişdir) tarixdən başlayaraq tələb edir. Başqa sözlə, iddiaçı qeyd edilən qətnamə ilə zərər tutulmasına baxmayaraq, cavabdehin bundan nəticə çıxartmadığını və qanunsuz fəaliyyətini bir gün olsun belə dayandırmayaraq, təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etdiyini iddia edir. Cavabdehin abonet saldosuna əsasən 2019-cu ilin sentyabr – 2020-ci ilin iyul ayları ərzində ümumiyyətlə təbii qazdan istifadə edilməmiş, o cümlədən bu məqsədlər üçün hər hansı ödəniş aparılmamışdır. Lakin həmin dövr ərzində bu fərdi yaşayış evində yaşayışın olmadığını təsdiq edən hər hansı sübut mövcud deyil. 2020-ci ilin avqust ayından etibarən isə təbii qazdan istifadə ilə bağlı hər ay ödənişlər edilmiş (2020-ci ilin noyabr, 2021-ci ilin iyul, oktyabr, dekabr və 2022-ci ilin mart ayı istisna olmaqla), lakin bu ödənişlər hər ay əsasən 10 və 20 manat məbləğində olmuş, yalnız 3 ay üzrə 30 manat, bir ay üzrə də 40 manat təşkil etmişdir. Buna baxmayaraq, 2022-ci ilin fevral ayında 200,63 manat, 2023-cü ilin yanvar, fevral və mart aylarında isə müvafiq olaraq 414,22 manat, 225,44 manat və 235,64 manat olmuşdur. Halbuki, həmin dövrlərdə ay ərzində belə yüksək dəyərdə təbii qazdan istifadə edilməsinin səbəbləri məlum deyil. Eyni zamanda, bu ödənişlərdən sonra və ya əvvəl hər ay 10-20 manat ödənişin edilməsi, bu ödənişlərin əvvəlcədən sonrakı ayları da əhatə etməsini istisna edir.

34. Məhkəmə kollegiyası 30-32-ci bəndlərdə göstərilənləri, habelə yüksək məbləğdə ödənişlərin (xüsusilə də 2023-cü ilin ilk üç qış ayı ərzində) hər hansı başqa səbəblərinin müəyyən edilmədiyini nəzərə alıb, birmənalı şəkildə belə qənaətə gəlir ki, 32-ci bənddə göstərilən yüksək məbləğdə ödənişlər məhz real vəziyyəti, yəni həmin aylar üzrə real olaraq istifadə edilən təbii qazın həcmini əks etdirir, 10, 20 və 30 manat ödənişlər isə həmin aylar ərzində istifadə edilmiş təbii qazın real həcminin müəyyən bir hissəsinin ödənişidir, bu aylar üzrə daha artıq həcmdə təbii qazdan istifadə edilmiş və bu istifadə sayğacdan kənar qoşulmuş xətt vasitəsi ilə həyata keçirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/1061 nömrəli ekspert rəyində göstərilənlər də iddianın rədd edilməsi üçün əsas ola bilməz. O hal da nəzərə alınmalıdır ki, ekspert tədqiqatı 2024-cü ildə aparılmış, qanunsuz qoşulma ilə bağlı aktlar isə 2019-2022-ci illəri əhatə edir. Başqa sözlə, ekspert tədqiqatı sonuncu aktın tərtib edildiyi vaxtdan təxminən iki il sonra aparılmışdır ki, həmin dövr ərzində də bu hüquqazidd əməlin fəsadlarının tam olaraq aradan qaldırılması mümkün olmuşdur. Digər tərəfdən yuxarıda qeyd edilən və tərəflər arasında yaranmış ilk məhkəmə mübahisəsi zamanı yerində müayinə nəticəsində müəyyən edilmiş qanunsuz qoşulma belə qənaətə gəlməyə imkan verir ki, bu prosesi (qanunsuz qoşulmanı) qeyd edilən ekspert tədqiqatı ilə müəyyən etmək mümkün düyil.

35. Bununla belə, məhkəmə kollegiyası iddia edilən bütün (xx.xx.2019-cu il – xx.xx.2022-ci il) dövr ərzində cavabdeh tərəfindən təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilmiş və bunun nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının bu sahə üzrə ixtisaslaşdığını nəzərə alıb, onun mütəxəssisləri (əməkdaşları) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş göstəriciləri (qış ayları üçün ayda (1,2 m3 + 1,4 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 1476 m3 , yay ayları üçün ayda (1,2 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 972 m3), o cümlədən itirilmiş qazın həcmini və buna uyğun olaraq iddiaçıya vurulmuş zərərin məbləğinin hesablanma qaydasını məqbul hesab edib, bu baxımdan həmin rəyi vurulmuş zərərin məbləğinin müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, həmin rəydə aparılmış hesablama əsas götürülməlidir.

37. Eyni zamanda, məhkəmə kollegiyası 2020-ci il üzrə ümumilikdə 4 aktın tərtib edildiyini, rəydə də 4 akta istinad edildiyini nəzərə alıb, nəticə etibarı ilə bu il üzrə hesablamanın 3 akt üzrə aparılmasını texniki səhv kimi qəbul edir və bu il üzrə hesablamanın məhz 4 akt üzrə aparılmalı olduğunu vurğulayır.

38. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktlar və onların əsasında qəbul edilmiş qərarlarla vurulmuş zərər məbləği 90 gün üzrə hesablanmış, lakin rəydə 1 ay kimi götürülmüşdür. Bu səbəbdən həmin aktların hər birinin əhatə etdiyi müddət nəzərə alınmalı və bu aktların hər biri üzrə hesablama 1 deyil, 3 qış ayı üzrə aparılmalıdır.

39. Bu qaydada aparılmış hesablama nəticəsində həmin ünvan üzrə itirilmiş qazın həcmi 2019-cu ilin sentyabr – dekabr aylarını əhatə edən 4 akt üzrə: 2 qış ayı x 1476 m3 + 2 yay ayı x 972 m3 = 4.896 m3 , 2020-ci ilin yanvar – aprel aylarını əhatə edən 4 akt üzrə: 2 qış ayı x 1476 m3 + 2 yay ayı x 972 m3 = 4.896 m3 , 2020-ci ilin dekabr – 2021-ci ilin aprel aylarını əhatə edən 3 akt üzrə: 4 qış ayı x 1476 m3 + 1 yay ayı x 972 m3 = 6.876 m3 , 2021-ci ilin dekabr – 2022-ci ilin mart aylarını əhatə edən 2 akt üzrə: 4 qış ayı x 1476 m3 = 5.904 m3 , ümumi həcmi (4.896 m3 + 4.896 m3 + 6.876 m3 + 5.904 m3) 22.572 m3 təşkil etmiş olur. Bu baxımdan həmin ünvan üzrə iddiaçıya 2019-cu il üzrə 2.200 x 0,10 + 2.696 x 0,20=759,20 manat, 2020-ci il üzrə 2.200 x 0,10 + 2.696 x 0,20=759,20 manat, 2021-ci il üzrə 2.200 x 0,10 +4.676 x 0,20=1.155,20 manat, 2022-ci il üzrə 1.200 x 0,12 +1.300 x 0,20 + 3.404 x 0,25 =1.255 manat olmaqla ümumilikdə 3.928,60 manat məbləğində maddi zərərin vurulduğu müəyyən edilir.

40. Eyni zamanda, məhkəmə kollegiyası abonentin saldo məlumatlarına istinadən qeyd edir ki, aktların əhatə etdiyi bir sıra aylar üzrə cavabdeh tərəfindən ödənişlər də aparılmışdır. Müəyyən edilmiş 3.928,60 manat da nəticə etibarı ilə aktların əhatə etdiyi dövr ərzində istifadə edildiyi təbii qazın dəyərini təşkil etdiyindən həmin aylar üzrə aparılmış ödənişlər (20 + 20 + 40 + 30 + 10 + 200,63 = 320,63) bu məbləğdən silinməli (3.928,60 – 320,63 = 3.607,97), qalan 3.607,97 manat vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan (8.299,06 – 3.607,97 = 4.691,09) 4.691,09 manat isə əsassız olaraq hesablanmış zərər məbləği kimi qiymətləndirilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş aktların əhatə etdiyi dövr üzrə cavabdeh tərəfindən təbii qazdan qanunsuz qoşulma (xətt) vasitəsi ilə istifadə edilməsi nəticəsində iddiaçıya ümumilikdə 3.607,97 manat məbləğində zərər vurulmuşdur. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi olaraq 3.607,97 manat məbləğində pul, habelə bu məbləğə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 56,80 manat hissəsinin əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

42. Ekspert tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun 32,50 manat hissəsi iddiaçıdan, 32,50 manat hissəsi isə cavabdehdən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

43. Məhkəmə kollegiyası vurğulayır ki, saxlanılan və silinən məbləğ 5.000 manatdan az olduğundan tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-54/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş zərərin əvəzi olaraq 3.607,97 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun 56,80 manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pulun 32,5 manat hissəsi İddiaçındən, 32,5 manat hissəsi isə Cavabdeh alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar