Məhkəmə qərarları › İş №2(103)-2053/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2053/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2053/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1496/2020 saylı qətnaməsindən Cavabdeh2 Mütəllim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mütəllim oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh1, Cavabdeh2 Mütəllim oğlundan, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 6410,69 manat məbləğində kredit borcu, 914,85 manat məbləğində faiz borcu və 1269,29 manat cərimə olmaqla, ümumilikdə cəmi 8594,83 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 009L**********83 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrəödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət İmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1589.31 manat ödəmiş, onun 410.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 191 gün üçün hesablanmış faiz borcu 914.85 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 191 gün üçün hesablanmış cərimə 1269.29 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən, yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1496/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mütəllim oğlundan, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 009R**********1 saylı kredit razılaşması üzrə 6410.69 (altı min dörd yüz on manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu, 914.85 (doqquz yüz on dörd manatsəksən beş qəpik) manat məbləğində faiz borcu və 641 (altı yüz qırx bir) manat məbləğində cərimə borcunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 Mütəllim oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin əsas borc üzrə 5410,69 manat, faiz borcunun isə 914,85 manat, cəmi 6325,54 manat hesablanmaqla, artıq hesablanmış 1000 manat borcun və 641 manat cərimə borcunun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə prosesi zamanı iddia tələbi üzrə bankdan götürülmüş əsas borc və ödənilmiş məbləğləri hesablanmasını müəyyən etmək məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilib rəy alınması məqsədi ilə cavabdehin vəsatətini təmin etməmiş və bununla da, onun banka olan borcunu dəqiqləşdirmədən qərar qəbul etmişdir. Halbuki, cavabdeh banka olan borcunun 3000 manata qədərini ödəyib. İş üzrə İddiaçı QSC-yə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mütəllim oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin borclu Cavabdeh2 Mütəllim oğluna aid borcun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-1496/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, 009L**********83 saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 Mütəllim oğluna illik 28 faiz olmaq, 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 009R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfinən Cavabdeh2 Mütəllim oğluna aylıq 2.1667 faiz olmaq, 24 ay müddətinə 8000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan ödəniş planından görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2019-cu il tarixdən başlayıb, hər ay 433 manat, sonuncu ay 429.91 manat ödəməklə xx.xx.2021-ci il tarixdə bitirməli olmasını göstərən ödəniş qrafikiərtib edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 Mütəllim oğlunun İddiaçı QSC-yə 6410.69 manat məbləğində kredit borcu, 914.85 manat məbləğində faiz borcu və 1269.29 manat cərimə olmaqla, cəmi 8594.83 manat məbləğində borcu vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Mütəllim oğlu arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcalan Cavabdeh2 Mütəllim oğlunun məsuliyyətini öz üzərlərinə götürdüklərindən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun kredit borcunun şişirdilməsi, 3000 manata kimi etdiyi ödənişin nəzərə alınmaması, ekspertiza keçirilməsi ilə əlaqədar vəsatətinin təmin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birincisi ekspertiza keçirilməsi ilə bağlı iş materiallarında vəsatət mövcud deyildir. İkincisi hesabdan çıxarışdan görünür ki, cavabdehin 3000 manata yaxın etdiyi ödənişlər nəzərə alınmışdır. Üçüncüsü cavabdeh borcun şişirdilməsi və işdə olan maliyyə sənədlərini şübhə altına alan mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya cavabdehin 641 manat cərimə borcunun silinməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Qanunverici cərimə borcunun silinməsi deyil, tənasübsüz surətdə çox olan cərimənin azaldılmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu düzgün olaraq azaldılmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin Cavabdeh2 Mütəllim oğluna aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin Cavabdeh2 Mütəllim oğluna aid hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Mütəllim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)- 1496/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar